Robinzon səltənətinin sakinləri - Oktay ŞAMİL

 

Srağagün anlamını tapıb arayıb-araşdıra bilmədiyim bir sözü beynimin hansı küncünə atmışamsa, tapa bilmirəm. Kaş qeyd edəydim - dedim, bu qədər çək-çevirə də ehtiyac qalmazdı. Hərdən anlamını bildiyim sözlər də yadıma düşmür... Yamanca unut-qan olmuşam.

Ha bağ, ha ev, ha beyin - elə bir fərqi yoxdu, səliqə-sahman gözləməlisən. Səliqəsizlik "sarsıntıdan-stresdəndi" - söyləyirlər. Mənim stresimin kökü-köməcəsi görünür, daha dərin qatlardadı. Bəlkə hələ iliyimə də işləyib.

Bu gün evdə təkəm. Arxasıüstə əllərimi çarpazlayıb, uzanıb pəncərəmin önündəki o tək çinarda 3 yarpağa göz qoyuram. Srağagündən bəri yeni boyalar gözümə dəyir. Qızılı rəngin qəhvəyi çaları, deyəsən, bir qədər çoxalıb.

Bir-birinə söykənək bu sacayaq yarpaqlardan biri artıq yoxdu. Srağagün axşamçağı qaratoyuq və qumruların dümələnə-dümələnə, məzələnə-məzələnə budaqdan-budağa hoppanıb gecələməyə yer axtardığı zaman yerindəydi.

Yaddaşıma güvənib yazmadığım o tək sözün itib-batmış bu yarpağa necə də bənzəri vardı. Düşüb, amma hara? Bəlkə batan gəmi imiş qərq olub o da, dənizin dibinə enib?! Ya bəlkə ayaqyalın addayıb keçdiyim o qayaların hardasa da üstündədi, sadəcə seçə bilmirəm?! Hər nəysə, dəli küləklərin vıyhavıyında dənizə enib qalxdığın zaman qaya dişləri hər şeyi unutdurur. Hətta öz doğmaca adını da...

Sarsıntıdan yaddaşın pozulduğunu mən ilk dəfə Tanyadan eşitmişəm. Orta yaşlı, qəhvəyi saçlı bu rus yəhudisi dostluq etdiyi Nataşayla birgə günəşli, sakit, qarlı qış günlərində də buraları unutmur. Mehrlərini "çimərlik" adlanan bu kiçik vadiyə, bir də çimərlikdəki sahibsiz itlərə salıblar. İnsanlardan riya gördüklərinə görədi bəlkə bu sahibsiz səfillərə dayəlik göstərirlər. İtlər də bunun əvəzini qaytarmağa çalışır sanki, "canlı-cinlidən" onları qoruyub hifz edirlər...

Belə götürəndə Tanyagilin prezident qvardiyasına bənzəyən etibarlı mühafizəsi vardı. Yad nəfəs, hənirti eşidəndə dərhal sərhəd zolağına cuman itlər hər kəsə öz yerini göstərirdi.

Bizim məskən salıb "yuva qurduğumuz" bu məkandan o tərəfə isə təxminən, 250-300 metrlikdə Alay adlı bir qaçqının eviydi. Sovet dönəmində bu ev dənizi müşahidə obyekti olub. Brakonyerləri izləyib, tapıb, nəfsi güc gələnləri ilim-ilim itirtdirib.

Gerçək müsəlman övladı olan Alay 17-18 il öncə öz el-obasından perik düşənlərdəndi. İki oğlu, həyat yoldaşı, anası mənim tanıdığım adi kənd adamlarından heç nəyi ilə fərqlənmir. Amma qatı dindar qadağaları, abır-həya, ədəb-ərkan qaydaları, davranışdakı  standartlar bunları heç cür şəhər mühitinə alışdıra bilmir. Müsəlmançılıqlarısa uzanıb məskən saldığımız qayalığa qədər gəlir.  Bu yerdə, burda oğlanlar qızla görünə bilməz. Görünsə Alayın pəhləvan cüssəli iki oğlu hazırdı. Başı eynən gürzə başı kimi sivri, baldır yoğunluqda qoluna gürzə tatuirovkası vurdurmuş kiçik oğlu ayaqlarını aralı basa-basa, gürzə kimi də fısıldayıb obyektə yaxınlaşır. Qızıxmış gürzə kimi başını qaldırıb obyektin düz gözünün içinə baxır və deyir: - Qaqulya, burda qızla gəzmək qadağandı. Görürsən yaxınlıqda ev var, ailə var, qadın, uşaq var. Görüşmək istəyirsiniz gedin ayrı yerə...

Bu sözlərdən sonra oğlanla qızın heç bir əlacı qalmır, özgə məkana üz tutmalı olurlar... Naməhrəm gözü o tərəflərə baxmamalıydı.

Söhbət açdığım itlər də elə Alayın öz qapısında doğub-törəyib-küçükləyib-artıb. İntəhası, sonradan baxımsız qalıb Tanya ilə Nataşaya ulaşıblar.

Mənimsə çilləli günlərim başlanıb. Başım, beynim, yaddaşım pırtlaşıb, əriş-arğaclarım dəyişik düşüb. Baxımsız bağ kimiyəm, uçulmuş dağ kimiyəm. İç dünyamın səliqə-sahmanı itib. Yaddaşımı alaq basıb, kol-kosluqdu. Beynimin təyin edə bilmədiyim bir küncündəsə adını bilmədiyim bir nəfər özünü asıb. Yəqin, belə yerdə deyiblər "evində ölməyəsən, a kasıb, balaların görüb çığrışar...".

Başımı götürüb yenə dənizə qaçmışam. Kölgəsində itlərin uzandığı qayalıqda qırçınlı dənizi göz dolusu seyr edirəm. Qəfildən ağlıma belə bir fikir gəldi. "Burdan Türkmənbaşı limanına kimi üzmək olarmı? Yaralı ayağımın sızıltısı bu fikri özgə səmtə yönəltdi. Ayağımla məşğul olmağa başladım.

Bala qağayı ikinci dəfə də naşılıq göstərib dənizə şığıdı, bu dəfə də dimdiyinə heç nə keçmədi. Görünür, ruzi dənizlərdə də daşdan çıxır.

Qayaların sərinliyinə sərələnmiş itlər qəfildən ayağa qalxıb götürüldü. İstər-istəməz çevrilib o səmtə baxmalı oldum. Gördüm Tanya! Adəti üzrə çiyninə aşırdığı çantası doludu. Əlində tutduğu torbada da hələ nələrisə var. İtlər it duyumuyla bunu hiss edib Alayın alaqapısına tərəf yüyrüşdü. İfadə caizsə, Tanya robinzonlar səltənətinin demək olar kraliçasıydı, "kartec" onu qarşılamağa yollanırdı.

Təbii, bu, rəsmi qarşılanma deyildi. Ülahəzrət öz təbəələrinin başını arabir sığallayır, məhəbbətini bildirməyi də unutmurdu.

Sonra balaca Belkanı (adları Tanya ilə Nataşa uydurmuşdu) qundaq uşağı kimi qucağına alıb dəniz vannasına apardı. Şampunla yuyundurandan sonra gətirib nənəsi Bobanın, anası Tyubanın yanına buraxdı. Yemək və yal dəstgahı adlanan bu uzun pleyada başa çatdıqdan sonra gedib əllərini dəniz suyu ilə yaxaladı. Şort və koftasını dəyişib çimərlik libasına keçdi. Əyin-başını düzəldəndən sonra ogünkü suiti əhvalatının geniş açımlı xəbərini çatdırmaq üçün qonşuluqdakı "külafirəngi"də özünə yer elədi.

Mən qadına hörmət əlaməti kimi qalxınıb salamını aldım, kefini soruşdum. İxtilatımız gözlədiyim kimi də suiti əhvalatı ilə başlandı.

Nataşa ilə Tanyanın uzağa üzməsini hər gün, demək olar görüb müşahidə edirdilər. Bir saatlıq, saat yarımlıq "dəniz gəzintisi" bunlara adiləşmişdi. Uzaqlara üzməyəndə əksinə, iynəsi gecikmiş narkotikə dönüb stress keçirirdilər. Bəzən iki-üç saat dənizdə qalırdılar. Gedib uzaqdakı neft-axtarış platformasının başına dolanandan sonra qayıdırlar. Bu isə 15-20 millik məsafə demək idi. Yəqin, suiti əhvalatı da oralarda baş vermişdi.

Tanya bir ara qadınlıq cazibəsini gerçəkdən itirmişdi. Nataşa ilə tutuşduranda bu açıq-aydın görünürdü. Sifətindəki qırışlar artıb-çoxalmışdı. Çəkdiyi makiyajlar, qoyduğu maskalar, vurduğu ənlik-kirşanlar belə üzündəki sarsıntıları apara bilməmişdi. Durna gözünə bənzəyən gözlərinin haləsində isə yəhudi cizgiləri ilə yanaşı öncəki illərin sarsıntılarını da sezmək olurdu.

Mən görüb-tanıdığım, rast gəldiyim bütün qadınları gənc, enerjili, gördüyüm ağaclarısa yaşıl görmək istəyirəm. Qüruba üz tutan qadınla payızına qədəm qoyan ağaclara gerçəkdən yazığım gəlirdi. Hər ikisi dərd gətirir, kədərli görünür. Tanya ilə Nataşanın qüruba üz tutan gəncliyi də kədərliydi. Ağaclar quruyanda kəsilib atılır, insanın qocalığı da gərəksizliyinə rəvacdı. Həyatın qəddarcasına söylədikləri, bax, bunlardı...

Bayaq özümə verdiyim sualı bu dəfə dönüb Tanyaya verirəm: - Sən burdan Türkmənbaşı limanına kimi üzə bilərsənmi?

Tanyanın ilıq, həlim, ovsunlayıcı səsi bu dəfə qətiləşib kəskinləşdi: - Dəniz suyunun temperaturu imkan versə, əlbəttə, üzərəm - dedi. Təkcə bədənimin soyumasından ehtiyatlanıram.

Mən Türkiyə sahilləri boyunca bir çox çimərliklərdə, həmçinin də Aralıq dənizinin Kipr sahilində, Baltik dənizi çimərliklərində haçansa çimmişəm. Qırx ildi də Xəzər sahillərindəyəm. Burdan Türkmənbaşıya olan məsafə birdən-birə mənə də qolay göründü. Fikrən Türkmənbaşı limanını dolanıb qayıdanda özümü gerçəkdən okean sularındakı kimi hiss etdim. Canıma okean təlatümləri gəlib doluşdu. Mən təlatümlü dalğaların arasıyla ləngərlənə-ləngərlənə üzdükcə üzümə çırpılan köpüklü suların xoş təmasını duyurdum. Ötüb keçən dalğaların nənni nəvazişi ovqatımı xeyli xoşhallandırırdı. Dönüb Tanyanın sifətinə baxdım, orada da ölçüyə gəlməyəcək ləngərli təlatümləri gördüm...

O, qadınlıq cazibəsi ilə sözlərini aram-aram tələffüz etdikcə lətif səsi okean sularının dərinliyindən gələn sərinliyi gətirirdi. Gerçəkdən bütün vücuduma sərinlik doluşurdu. Tanyanın səsinin sakit tərzi-təğəyyürü çəkib məni hətta dibsiz dərinliklərə aparmaq istəyirdi. Çox güman, o dərinliklərdə də məni qərq edəcəkdi.

Neçə dəqiqədi əhvalım qaydasındadı. Həyat eşqi  gənclik illərimdəki kimi eyzən sinəm altında qaynaşır, məni uzaq səfərlərə, yeni mənzillərə səsləyirdi.

Tanyanı qayğılandıran ən ümdə məsələ itlərin güllələnəcəyi ilə bağlı gəzən söz-söhbətlər idi. Alayın "sən mənə problemlər yaratmısan" deməsi onu həqiqətən üzüb incidirdi.

"İtləri yemləmək havaxtdan problemlər yaradıb?" - dedi. "Bunu hansı məntiqlə söyləyir görəsən?"

Tanya qəfildən çevrilib fikrini belə tamamladı: "Qadınına və heyvanlarına kəc baxan, onu əzən əzab-əziyyətlər verən ölkəni ancaq müsibətlər gözləyir!".

Gözlərini eyni bir nöqtəyə zilləyərək əzbərdən söylədiyi bu sətirləri elə bil "Bibliya"dan oxuyurdu. Soruşdum, "Bibliya"dandı? Dedi yox, bilmirəm! Amma sınaqlardan keçib gəlmiş kəlamdır. Mən susdum...

Alay itləri polisə  "quduz" kimi qələmə veribmiş deyəsən. Aradan xeyli ötüb keçsə də, sahil boyunca səllimi sakitlik sürsə də Tanya yenə üzülüb həyəcan keçirirdi. Doğrudan, itlər güllələnsə Nataşa ilə Tanyanın halı necə olacaqdı? Mən itlərdən yana dalaşan o cırqursaq Romanı hələ demirəm...

İnsanlar bu ölkənin hər tərəfində müdafiəsizdi. Evdə müdafiəsiz, işdə müdafiəsiz, gəlib-görüb-duyduqları, ürək qızdırdıqları bu yerdə - çimərlikdə müdafiəsiz, dənizin içində müdafiəsiz... Suitilərə yem olmayacaqlarına da zəmanət yoxdu.

- Yox, o, adam tutmaz! - dedi. İlk baxışda "yox, o, yalan danışmaz" şəklində anlaşıldı. Ana öz övladına sanki zəmanət verirdi.

Şıx çimərliyini bir neçə yerə bölüb, zəbt edib hasarlamışdılar. Güdükçülər qoyulmuşdu. Polis vardı. Ayağını bir balaca əyri basanda mərəkə qopurdu. Deyirdilər kasıb-kusubun lövbər saldığı bu bir tikə yeri də gələn yaya qədər hasarlayacaqlar. Sonra buraya pənah gətirmiş bu biçarələrin halı necə olacaqdı, Allah bilir...

İtlərsə hələlik kefində, keyfiyyətindəydi. İllah da Tuzik! Yedikcə hürür, yaxından ötən motorlu qayıqların arxasınca yüyürürdü... Bəzən "iqamətgaha" yaxın düşmək istəyən qarğalara, qağayılara da hücum çəkib, onları havada haqlamağa çalışırdı. Yayın quyruğu uzandığına gəlib-gedənlər hələlik əskilmirdi. Hərə öz qulpundan çıxan nələrisə bu itlərə peşkəş edirdi.

Qışda zavallılar həftələrlə ac qalmalı olurdu. Ya yaxındakı kəndə üz tuturdular. Kənddəkilər də it günündəydi deyə veriləsi heç nələri qalmamışdı.

Tanya deyir, Tuzikin o itlərə heç bir qohumluğu çatmır. Yeddi-səkkiz ay öncə dağdan enib gəlib. Gəlib Bobagilə ulaşandan sonra yerlənib-yataqlanıb. Görünür, o da bir çoxları kimi alfonsluq yolunu tutub. Niyə də tutmasın?!

İş o yerə çatıb hətta "Marik" dediyimiz o yəhudi də o əzəlki səliqə-sahmanlı düşərgəsinə həsrət qalıb. İtləriylə bərabər həpir-şüpürünü yığıb hasarın bu tayına atıblar. Bir vaxt əyləşib-əyləndiyi, uzanıb-dincəldiyi yerlər möhtəkir caynağındaydı.

Marikin nəzarətində üç itdi. Daha doğrusu, ürəyində üç itə o sığınacaq verib. Biri Şakaldı, Tuzikin qancıq məsələləri üzrə konkurenti! İkincisi, Pələngdi, Tuzikin Şakaldan qoparıb aldığı məşuqəsi! Üçüncüsü, taytaq Cekdi, aranı qatır, özü həmişə kənara çəkilir. Boyu balaca olduğuna bərkdə əli yoxdu. Tanya deyir, boyuna görə biz ona məşuqə tapa bilmirik. Marik dəfələrlə ayağının altına daş yığıb, bəlkə bəxti açıla, bir şey alınmayıb. Boyu imkan verməyib. Bacarmayıb.

Srağagün çimərliyə mən gələndə Tuziklə Boba gözə dəymədi. Azad sevgi mücahidləri görünür hippilərsayağı haralardasa sərələnib qalıb. Tyuba ilə Belkanısa bu aclar diyarında yuxu basır, halsız görünürdülər. Həmişə uşaq tövrü ilə üstümə yüyürən bu dərrakəli itlər indilik etina belə göstərmədilər. Yəqin, bilirdilər əliboş gəlmişəm.

Sahil boyu çəmbərlərə sırmaşan, növbə-növbə qayalığa dırmaşan dalğaların bir düjünü qaya başından aşıb Tyubagilin üstünə töküləndə itlər bildi iş tüstüdü. Odur ki, qaçmağa üz qoydular. Belkasa birləşmiş nəşriyyatın qabağında dayanıb gündəliyini güdən o zavallı yazıçı kimi talantını bütünlüklə işə salıb nəyisə qoparmağa çalışırdı. Gah başıma fırlanıb quyruq bulayır, gah da sədaqətini özgə cür göstərirdi. Hətta yerə yıxılıb o üz-bu üzə çevrilərək dil tökürdü. Mütləq nəyisə qoparmaq istəyirdi. Amma hanı?! Evdən tələsik çıxdığıma dördayaqlıları unutmuşdum.

Robinzonlar səltənətinin birinci ledisi Boba öz gözəlliyi ilə diqqəti daha çox çəkirdi. O da Kandaliza Rayts kimi qara doğulmuşdu. Amma mütənasib əli, ayaqları, bədən-baş-sifət quruluşu digərlərində demək olar yox idi. Tuzikin bu qədər ona vurğunluğunu mən ayrı cür izah edə bilmirəm.

Taledən əyninə olduqca da zərif kürk biçilmişdi. Kürkün üstünə nəzarətçi gözlərsə şölə saçırdı. Elə bil qara - kirli Tyubanı bu doğmamışdı, Belkanın nənəsi bu deyildi. Başındakı ağıl, dərrakə öz yerində, gözəllikdə də buna bənzəri tapılmazdı. İlahi qüdrətdən yaranmışdı elə bil. Bu gözəlliyə təkcə alnının ortasındakı abbası boyda yer xələl gətirirdi. Onun da döyüşkənlik nişanəsi olduğu hamıya əyan idi. Bilirdilər dava-dalaşlardan yadigardı. Odur ki, öz halalca ordeni kimi asılmışdı alnının tən ortasından.

İtlər vaxtı dəqiq bilirdi. "Ölçü-biçi"ləri, deyəsən, lap Qrinviç vaxtıylaydı. Tanyagilin gəlişini kirpik qırpmadan dayanıb alaqapıya tamaşa etməkləriylə bildirirdilər. Tanyagil gerçəkdən bir neçə dəqiqənin fərqilə alaqapıda görünürdü. Mən itlərin bu fəhminə heyrətimi gizlədə bilmirdim.

Bu da Tuzikgil! Axır ki, Boba ilə bu səhnədə göründülər. İtlər həm də ciddi sevdalar qoynundaydı. Tuzik bir an belə Bobanı gözdən qoymurdu. Ac olmasına baxmayaraq, canı-dildən seksə hazırlıq görürdü. Boba bu işin yarıtmaz uzanacağını və ümumiyyətlə bir şey alınmayacağını fövqəltəbii duyduğuna görə keçib qarşı tərəfdəki qumsallıqda uzandı. Tuzik də eyni ssenari ilə bir qədər aralıda uzanaraq gözlərini Bobaya zillədi. O, əldən düşmüş cavan şəxsiyyətini sındırmadan aramla nəfəs dərib ləhliyirdi.

Boba nə etsəydi, cəld hərəkətlə o da eyni hərəkətləri təqlid və təsdiq edirdi. Aşığın yanında balabançıydı sanki, dediklərini əlüstü möhürləyirdi. Ya da bombardir futbolçu Bobanın zərbələrini meymun çevikliyi ilə dəf edirdi. Mən bu boyda arvadbazı ömrümdə birinci dəfə görürdüm.

Eşq yolunda ölümünə belə hazır dayanmış bu gənc seksdən doya bilmirdi. Sən bundakı enerjiyə bax. "Dişini dəyişməkçün" arada qaçıb başqaları ilə də eşq macəraları yaşayırdı. Yəqin, Tuzik, Boba və yer üzünün bütün itləri dünyanın ən ali həzzinin seks olduğunu yaxşı bilirdi. Orqazm! Orqazm! Və yenə orqazm! Bu ləzzətin birini belə qaçırmırdılar. Seksdən sonra isə böyük fədakarlıqla təmizlik işlərinə girişirdilər. Tuzik bu işdə də centlmenlik göstərib Bobaya yardımçı dayanırdı.

İt işidi, bəzən Tuzikgil Şakalgilə hücum çəkirdi. Hərdən də əksinə olurdu. O tərəf- bu tərəfi hədəf seçirdi və beləcə, it gününü öz maraqları dairəsində başa vururdular.

İtlərin canlı klassiki Şakal günlərin bir günü Tuziklə üz-üzə gəlməli oldu, hətta kəllə-kəlləyə dayandı! Heç bir çıxış yolu qoymayan bu pəzəvəngin qocalıqdan görünür, xəbəri yoxmuş. Beynində-başında yenə əzəlki havaydı. Heç kəslə hesablaşmadan baş-başa gəlib kəllə-kəlləyə  dayanmaq bilirsiz nə deməkdi? Artıq bu "ölüm-dirim" işidi.

Şakal yekəpər və ağıllıdı. Ağlısa deyir, sən güclüsən, yenilməzsən! Heç kəsi sayma! (Guya Tuzikin klıkı-zadı yoxmuş). Odur ki, heç nəyə məhəl qoymadan dolanırdı bu çimərliyi. "Ağanəzərəm, belə gəzərəm!". Təlim görmüş davranışlarısa onun alinəsəbliyindən xəbər verirdi. Hər halda gözə belə görünürdü.

Şakal sərhəd zolağını (bəlkə həddi?) çoxdan aşıb keçmişdi. Pələnglə Cekin haraya yetəcəyi məsafə uzaqlarda qalırdı. Bura elə yerdi, elə məqamdı, fəhmlə ağıl artıq burda işləmir. Gücün heç bir əhəmiyyəti yoxdu, qüvvə gərəksizdi. Şakal qadağa zonası ilə irəliləyərək Romanın lövbər saldığı qalaqlanmış daşları da arxada buraxdı. Maneəsiz gəlib Tuzikin düz iki addımlığında dayandı. Bu isə İsrailin  Fələstinə təhdidi kimi görünən bir təhdid idi.

Tuzikgili belə bir fürsəti, deyəsən, çoxdan gözləyirmiş. Qaçırmadılar da! Tyuba, Boba, Belka hərəsi bir yandan Şakalı aldı, Tuziksə arxa tərəfdən düz belinin tirinə mindi. O ki var, didib-didişdirdilər, boğub-boğuşdurdular. Adamlar demişkən, əzişdirdilər! Şakal çarəsizlik içərisində heykəl kimi dayandı. Tam süquta uğradığını bildirərək təslimçilik bayrağı qaldırdı. O gündən də oynadığı bu oyunları uduzmuş hesab edildi. Tuziksə Bobaya qarşı ən kiçik iddialarından belə əl çəkməli oldu.

"Şakal indi qocalıb" - dedi Tanya, "Tuziklə konkurent deyil. Cavan ser qoca senyorun gözü qabağında istənilən oyunlardan çıxır".

Bütün bu olayları Tanya ürək ağrısı ilə danışırdı. Keçirdiyi sarsıntılara, aldığı stresə yəqin, bir stress də əlavə olunmuşdu.

Mən göz tutduqca dənizi seyr edirdim. Uzaqlarda, suların tən ortasında qara bir obyektin qəflətən yox olduğunu sezdim. Yadıma ogünkü suiti əhvalatı düşdü. Oraları bir xeyli izlədim. Hannan-hana qara obyekt üzə çıxdı. Gördüm qaşqaldaq! Bu vurhavurda o da öz işindəymiş.

Zaman və Məkan elə həddə dolmuşdu, elə hala gəlib düşmüşdü burda, bu bir parça yerdə adamlar adamları, itlər itləri görmək istəmirdi. Hamı təhdidlə danışırdı, təhdidlə hücuma keçirdi. Mariklə Romanın savaşı da elə bu qəbildən olmuşdu.

Əvvəlcə Romadan deyim. Bu adam görünüşcə "uçan hollandiyalı"dı. Başındakı həşiri isə onu Amerika işsizlərinə bənzədir. Ağackakandı! Amma doğrusunu söyləsək, daş qalağının üstündə əyləşib "qozu" danışır, nə danışdığını bilmir. Sözlər ağzından çoyuyub çıxır. Amma ürəyi yuxadı. İşsiz qalmasına baxmayaraq illər boyu bu itləri cibinin puluyla yedirib. "Fizik"di, amma onu "şizik" də adlandırmaq olar. Don Kixotdu! Gecə-gündüz yel dəyirmanı ilə vuruşur. Azərbaycanı və azərbaycanlıları sevmir. Hətta bu adlara allergiyası var. Görünür, babasındanqalma və ya nənəsindəngəlmə əcnəbi qanı əngəl yaradır.

Bu isə Marikin tərcümeyi-halıdı. Dağ yəhudisidi. Yəhudi kimi çevikdi, ehtiyatındadı. Hamının xarakterini öyrənib-bilir, belədə heç kəslə də işi yoxdu. Amma lazım gə-ləndə sancmağı da bacarır. Tanya onların it üstündə əlləşmə səhnəsini təsvir edərkən mən itlərlə insanlar arasında paralellər aparıb oxşar cəhətlərini tapmağa çalışırdım. Tanya dedi, görürsən, Tuzik də kişi cinsindəndi deyə xəyanət edir. Tez-tez Pələngin yanına qaçır. Özününkü qalıb, özgəsinin dalınca yüyürür.

Gözümün qabağına o dəqiqə Tuziklə Tanyanın ogünkü oynaşması gəldi. Tuzik Tanyanın əlinin altında xumarlanır, xumarlandıqca da xuliqanlıq edib "xryuşa"sını çıxarmışdı. Qarşısındakının qadın cinsindən olduğunu dəqiq bilirdi.

Buraya, bu məkana hər yandan təcrid olunmuşlar, biçarə tənhalar, imkansızlar, miskinləşmiş insanlar gəlirdi. İmkanlılar odu ey, o pullu yerlərdə, çimərliklərdəydi...

Buranı "çimərlik" adlandırmaq da olmur. Çünki gözdən iraq, bu bir ovuc baxımsız torpağın sakinləri dərdini dənizə danışanlardı. İçərilərində yeganə normalı mənəm. Məni də yəqin, öz "qəbil"lərindən saymır, yad bilirdilər.

"Günlər eyni rəngdədi" - dedi Tanya. (Bu, "qürub"dan gələn səs deyil bə nədi?!). "Səhərin gözü açılmamış axşam olur. Ay beləcə qurtarır. Yayın necə gəlib-keçdiyini bu il də duya bilmədim".

İlıq güney küləyi bu dəfə qatı quzeyə çevrilib sərtləşməyə başladı. Soyuqların düşəcəyi çox da uzaqda deyildi. Bayaqdan qayaların çəmbərini yalayıb aşan dalğaların səmti artıq dəyişilmişdi. Qağayılar təkəmseyrək, təsadüfdən-təsadüfə görünürdü. Günəşin istisi sozalmışdı. O üzdə, sahilin zəbt olunmuş torpaqlarında traktor və buldozerlər işləyirdi. Tozanaq göyə bülənd olurdu. Tanya bu dəfə Nataşanı gözləməyib ayağa qalxdı, "səfər" hazırlığına başladı.

Uşaqların söylədiyinə inansaq sırağagünkü tufanda "Gülyaz"la "Gülyanaq" bacıları (bu rəfiqələr boyca da həmin bacılara bənzəyirdi!) iki saat yarım o təlatümlərdə qalıblarmış.

İnsanlıq fəlsəfəsi ilə mülahizələr yürüdən "uzun aspirant" dostum Beytullah Bağırov o gün qızların havaya məhəl qoymadan uzağa üzməsindən xeyli gileyləndi. Dedi, "onların geri dönəcəyinə heç kimin ümidi yox idi". Gör necədi, qardaşım Qəhrəman da gecə yarısı təlaşla mənə zəng vurmuşdu, Tanyagilin taleyini soruşurdu. Qadınların bu riski həm möcüzəydi, həm qəhrəmanlıq!".

Dostumun giley-güzarını Tanyaya çatdıran zaman onun gülümsər çöhrəsində mən ayrı jestləri müşahidə etdim. Dedi, biz möhtəşəm dalğalardan ləzzət alırıq. Dəniz nənnisində xoşallanırıq!

İtlər it yerindədi, doğrudu! İnsanlarsa dərd-qəmləri bölüşüb öz qayğılarından danışmağı xoşlayırlar. Mənsə axtardığım o tək sözün Azərbaycan türkcəsindəki anlamını tapmışdım.

Onu da deyim, "stress" insanlara xas xüsusiyyətdir. Bizi digər canlılardan fərqləndirən bəladı. Özünüzü streslərdən qoruyun, əfəndilər...

 

11.09.2007


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!