Nəriman səhərin gözü açılar-açılmaz özünü çatdırdı yeməkxananın qarşısına. Yeməkxananın qarşısındakı salxım söyüdün altında bir balaca nəfəsini dərib ətrafa göz gəzdirdi. Heç kim gözünə dəymədi. İçəri keçdi.
- Sabahın xeyir, ay Şərif.
- Aqibətin xeyir olsun, Nəriman.
- Bir şey var?
- Bəyəndiyin yerlərdən əyləş, gəlirəm.
Nəriman keçib stollardan birinin arxasında əyləşdi. Siqaret qutusunu çıxardıb bir siqaret yandırdı, alışqanı və siqaret qutusunu stolun üstünə qoydu. Yenicə yandırdığı siqaretə bir qullab vurub acgözlüklə tüstünü ciyərlərinə çəkib ağzından və burnundan yavaş-yavaş havaya buraxmağa başladı.
Əlindəki nəm dəsmalla stolun üstünü silən Şərif dedi:
- Borş, tava kabab, süzmə xəngəl, toyuq supu, xaş, dolma.
- Hansı yaxşıdır? Nəriman siqareti külqabına qoyub qapıya boylandı.
- Hamısı yaxşıdır. Amma xaş lap əladır. Səhər-səhər xaş can dərmanıdır.
- Onda bir xaş ver.
Şərif əlində gətirdiyi kasanı və çörəyi stolun üstünə qoydu.
- Ayrı bir şey lazımdır?
- Bir "çubuş" ver, bir də turşu.
- Baş üstə. Şərif bir azdan əlindəki 250 qramlıq araq şüşəsini və turşu olan balaca boşqabı stolun üstünə qoyub "nuş olsun" deyib, getdi.
Nəriman axırıncı stəkanı stolun üstünə qoyub, kasada olan xaşın suyunu yenicə qaşıqlayıb qurtarmışdı ki, Əbülfət içəri girdi. Elə bil Nərimanın çırağına neft tökdülər.
- Ə, Əbili, hardasan? Qapıya baxmaqdan gözümüzün kökü saraldı. - Axsaya-axsaya yaxınlaşan Əbülfət Nərimanla illər həsrətlisi kimi görüşüb öpüşdülər. Sonra Əbülfət boş stulu çəkib əyləşdi.
- Nədi, səhər-səhər vurmusan?
- Yox əşi, xaşnan bir "çubuş" içmişəm. Əbülfətin oturduğunu görən Şərif tez özünü çatdırdı.
- Nə lazımdır? - deyib intizarla müştərilərin sifarişini gözləməyə başladı.
- Təzə kəsilmiş körpə quzu əti var? Əbülfət Şərifin üzünə baxdı.
- Var. Səhər-səhər kəsilib. On dörd-on beş kiloluq bir quzudur. - Şərif gülümsündü.
- Bu oldu əla. Həmin ətdən on şiş kabab qoy. Beşin bir gətirərsən, beşin də bir. 750 qramlıq soyuq bir araq, dörd şüşə də soyuq pivə. Amma təzə olsun. Əvvəlcə soyuq qəlyanaltı gətir, boğazımızı yaşlayaq, kabab hazır olana kimi boş dayanmaq olmaz. Eşitdin, Şərif? Əbülfət özündən razı halda stula yayxandı.
- Baş üstdə, Əbili. - deyən Şərif stoldan aralanıb sifarişi hazırlamaq üçün mətbəxə doğru addımladı.
- Əbili, bunu içirəm sənin sağlığına. Sən əsl kişisən. Az bir vaxtda səni gərək imkanlı bir adama çevirəm.
- Sağ ol, Nəriman. Çox razıyam. Allah səndən razı olsun. Sən gələndən cibim pul tanıyıb. Fikrim var evlənəm.
- Çox əla! Kimin qızını deyirsən elçi getmək mənim gözüm üstdə. Gözaltın varmı?
Əbülfət başını aşağı saldı.
- Ə, başını aşağı niyə salırsan? Sənin yaşıdlarının uşaqları məktəbə gedir. Gözaltın var?
- Var.
- Daha yaxşı. Nə vaxt deyirsən mən elçi getməyə hazır. Allah ata-anana rəhmət eləsin. Yaxşı ev qoyub gediblər. Nə istəyirsən? Bir-iki də üzük alarsan, beş-on adamla bir məclisdi, onun canıdı. Hələ götür bunu vuraq, sonra danışarıq.
Nəriman əlindəki stəkanı toqquşdurub başına qaldırdı. Dalınca soyuq pivədən bir stəkan içib ağzını sildi.
- Bəh-bəh, pivə lap can verir. - deyən Nəriman stəkanları doldurdu və sümüklü tikəni dişinə çəkdi.
Butulkaların boşaldığını görən Əbülfət istədi Şərifi çağıra, Nəriman qoymadı.
- Bəsdir. Hər şey boldur.
- Nə cür məsləhət görürsən. - Əbülfət dolu stəkanı Nərimanın stəkanı ilə toqquşdurub "Sənin sağlığına", - deyərək bir dəfəyə xirtdəyinə tökdü. Əllərini butulka və boşqabdan çəkən Nərimanla Əbülfət siqaretin qutusundan adama bir siqaret götürüb yandırdılar.
- Heç bir şey toplaya bilmisən, Əbili?
- Sağ ol, Nəriman. Topladığım pullar sənin hesabınadır. Bunun üçün sənə borcluyam.
- Elə fikirləşmə, Əbili. Nə imkanım varsa, sənə kömək eləməyə hazıram.
- Eh, Nəriman. Atam-anam sağ olsaydılar, çoxdan ailə-uşaq sahibi olmuşdum. Əmim, atadan qalma evi də əlimdən almaq istəyirdi. Sağ olsun yaxşı adamlar.
- Əbili, beş-on günə hazırlaş sənə elçi gedək. Bəsdir tək yaşadın. Qalxaq, - deyən Nəriman ayağa durdu.
Əbülfət tez əlini cibinə saldı ki, hesabı versin. Nəriman qoymadı.
Hər ikisi çöldə, bir az söyüdün kölgəsində sərinləyəndən sonra yola çıxdılar. Ayrılanda Nəriman "Əbili, yenə həmin vaxtı görüşərik" dedi.
- Yaxşı, Nəriman. Həmin vaxtda gələrəm, deyən Əbili öz evinə, Nəriman isə başqa səmtə yollandı.
***
Gecə yarıdır. Kəndin yuxarısındakı qəbristanlığın içərisində olan binanın içərisinə xeyli adam yığışıbdı. Nəriman Əbülfəti yaxına çağırdı. Bir az irəli duran Əbülfət "Eşidirəm, Nəriman", - dedi.
- Əbili, həmişəki kimi aşağıdakı qapının ağzında qarovulda qalırsan. İşdi, bir şey olsa, fit verərsən. Səhər iki yüz manatın cibində olacaq. Ondan əlavə burda olan hər bir adam indi on manatını verəcəkdir. Bilirsən də, iki yüz manatı udan adam verəcəkdir. Bunları ona görə təkrar edirəm ki, sonra cığallıq edən olmasın.
- Di çıxardın adama on manatı verin. Nəriman üzünü yanında dayananlara tutdu.
Hərə on manat pul verdi Əbülfətə.
- Razısanmı, Əbili? - Nəriman soruşdu.
- Sağ olun. Allah hamınızdan razı olsun. - dedi Əbülfət.
- Nərçə, mən o günü eşitdim ki, kənddə bəzi adamlar bizim burda qumar oynadığımızdan şübhələniblər, - dedi Yunus.
- Qələt eləyir, şübhələnən. Burda nə iş görürük. Yoxsa ölüləri qorxuzuruq? Daha da sevinsinlər. Ölülərinə qarovul çəkirik. Nə iş görürük? Girib burda 3-4 saat oynayıb sonra da durub gedirik.
- Nərçə, birdən polisə-zada xəbər verərlər, ondan sonra evimiz yıxılar. Qurban dedi.
- Əbili, sən get öz yerinə. Siz də ağciyər olmayın. Oturun. Başlayın görək, - dedi Nəriman.
***
Əbülfət gecə qaranlıqda qəbristanlığın aşağı tərəfində qoyulmuş darvazanın yanına gəldi. Cərgə ilə düzülmüş qəbirlərdən darvazaya yaxın olan qəbirin yanında oturdu. Qaranlığın lal sükutunda ətrafı dinləməyə başladı. Qalın və saralmış otların arasından ancaq cırcıramaların və ilbizlərin səsi eşidilirdi.
Yanını yerə qoyub qəbirin sinə daşına söykənən Əbülfət qaranlıqda skelet kimi görünən baş daşlarını nəzərdən keçirtdi. Qəbirin istidən qızmış sinə daşının üstünə bir az ot yolub qoydu. Arxası üstdə uzandı və başını otun üstünə qoyub baxışlarını arabir buludun arxasından görünən aya dikdi. Gecənin sakitliyi, cırcıramaların uçuşu Əbülfəti öz aləminə apardı.
Mağar qurulub. Əbülfət Badamla yanaşı bəy stolunda əyləşibdi. Nərçə əlində qədəh sağlıq deyir:
- Yoldaşlar, mən təklif edirəm bu rumkaları qaldırağın Əbülfətin sağlığına. Əbülfət canlara dəyən oğlanlardandır. Uşaqlıqdan valideyn qayğısından məhrum olan Əbülfət həyatın amansızlıqları ilə təkbaşına qalıbdır. Bütün çətinliklərə mərdliklə dözən Əbülfət həyat döyüşündə qalib çıxmışdır. Çox şükürlər olsun ki, Əbülfət ömrünün ən xoşbəxt gününü yaxınları ilə bu gün qeyd etməkdədir.
Gəlin, hamımız bu cütlüyə xoşbəxtlik arzulayaq və oğullu-qızlı olsun deyək. Hamı bir ağızdan: "Xoşbəxt olsunlar" dedi.
Şirin arzuların qayğı yorğanı altında nə vaxt yuxuya getdiyini bilmədi Əbülfət.
"Qalx görək!" səsinə gözlərini ovxalayan Əbülfət qaranlıqda qarşısında dayanan kölgələri ilk anda başa düşüb dərk edə bilmədi. Baş daşına oxşatdığı qaraltılar bir ağızdan "Kimsən? Gecənin bu vaxtı burda nə işlə məşğulsan?" suallarından özünü itirən Əbülfət bir də gözlərini ovxalayıb "Axı, siz kimsiniz?" deyə sual etdi.
- Polisdənik. De görək burda niyə yatmısan?
Əbülfət ağlamsına-ağlamsına "Anam yadıma düşmüşdü. Gəldim onun qəbrini ziyarət edəm. Yatıb burda qalmışam" dedi.
- Necə, elə anan birdən yadına düşdü?
- Evdə yatmışdım. Anamı yuxuda gördüm. Gördüm deyir ki, ay oğul, heç məni yada salmırsan. Tez durub gəldim ki, anam məndən inciməsin. Əbülfət başladı burnunu çəkib mızıldanıb ağlamsınmağa.
- İndi bu ananın qəbridir?
- Hə, anamın qəbridir. - deyən Əbülfət sinə daşının üstünə sərildi.
Polis gözlənilmədən cib fənəri ilə Əbülfətin "Ana, məni bağışla, çoxdan səni yoxlaya bilmirəm" - deyib qaranlıqda qucaqladığı qəbirin baş daşını işıqlandırdı.
"Niftəliyev Qulam Lələkişi oğlu" sözlərini oxuyan polis üzünü Əbülfətə çevirdi.
- Ə, bəs deyirsən anamın qəbridir. Bu ki, kişi qəbridir. De görüm yoldaşların harada gizləniblər. Dəyyusun biri, dəyyus!
Tıxaca dirəndiyini hiss edən Əbülfət qəflətən durduğu yerdən sıçrayaraq "Ay aman, ilan məni çaldı" qışqırmağı ilə qaranlıqda itməyi bir anda baş verdi.
İlanın qorxusundan təşvişə düşən polislər özlərinə gələndə qaranlıq gecədə uzaqda çalınan bir fit səsi eşitdilər.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!