Həyatın rəngli simfoniyasından naxışlar - Lətifə MƏMMƏDOVA

 

Bu il aprel ayında yazıçı-publisist Zöhrə Əsgərovanın rus dilində esselərdən ibarət "Həyat - rəngli simfoniyadır", uşaqlar üçün yazdığı "Baba niyə küsdü?" hekayələrindən ibarət kitabları nəşr olunmuşdur. Son illər oxucular qarşısında müəllif elmi-populyar yazıları ilə daha çox tanınır. "Talelərə yazılan musiqi", "Tarixi yaddaş və qondarma əhvalatlar", rus dilində ""Axmaqlar gəmisi"nin Odisseyası" və "Həyat - rəngli simfoniyadır" kitabları öz oxucu auditoriyasını qazana bilmişdir. Onun kitablarının redaktoru, həmçinin oxucusu kimi bunu inamla deyə bilərəm.

"Həyat - rəngli simfoniyadır" essedə sözün, musiqinin və rənglərin harmoniyası, daha doğrusu, incəsənətdə yaradıcılığı ilə seçilən sinestet xüsusiyyətinə malik olan müəlliflər haqqında maraqlı təhlillər aparılmışdır. Dünyanın məşhur rəssam, bəstəkar və şairlərinin bu sahədə qazandığı uğurların əsas səbəblərindən biri onların həyatın rəngli simfoniyasının səsini, rəng çalarlarını duymaq istedadıdır. Bəstəkar A.Skryabin, rəssam V.Kandinskiy, şair A.Rembo, hind filosofu Həzrət İnayət Xan və bir çox başqaları haqda geniş araşdırmalar aparılmışdır. A.Skryabinin "Prometey" musiqi əsərində rənglərin, V.Kandinskinin abstrakt rəsmlərinin musiqi ilə sintezi incəsənət sahəsində özünəməxsus yer tutmuşdur. O yazırdı: "Elə bir rəngkarlıq yaratmaq lazımdır ki, musiqinin ritm və formaları əsas götürülsün". Təsadüfi deyil ki, V.Kandinskinin "Sarı işıq" kompozisiyasına bəstəkarlar musiqi bəstələmişlər.

A.Rembo sait hərflərin hansı rənglərə məxsus olduğunu, şeirlərində insanın beş hissinin iştirakını qeyd etmişdir. Sözün, səsin, rənglərin, ritmin bir-birilə vəhdəti canlı həyat simfoniyasını yaratmağa qadirdir. Kitabda şair Balmontun fikrinə nəzər yetirək: "Yaradıcı həssas sənətkar səslərin parıltısını, rənglərin nəğməsini, ətirlərin aşiq olduğunu yaxşı bilir".

Zöhrə Əsgərova bu yazıda xüsusilə görkəmli şairimiz Rəsul Rzanın da rənglərlə bağlı fəlsəfi şeirlərinə müraciət etmişdir. Ən maraqlısı odur ki, V.Kandinskinin fikirləri ilə şairin rənglər haqqında şeirlərinin çox səsləşdiyini qeyd edir:

 

Rənglərin də musiqi kimi öz ahəngi var,

Ağrının, sevincin, ümidin də ahəngi var...

Canlanar gözümdə rəngi.

Ömrün, mübarizənin,

Qəlbin, nifrətin,

Gecənin, səhərin

Və insan taleyinin.

 

Zöhrə Əsgərova Rəsul Rza haqqında bir neçə məqalənin müəllifi olmuş, şairin xüsusilə rənglərlə bağlı şeirlərinə öz heyranlığını bildirir, onları "sözlərlə rənglənən şeirlər" adlandırır. Hətta qeyd edir ki, bu şeirlərin fəlsəfi, bəşəri mövzuları rəssamlara poetik və gözəl tablolar yaratmağa kömək edə bilər. Hər rəngə ithaf olunan şeirlərdən şəkillər qalereyası təşkil etmək olar. "Rəsul Rzanın qələmə aldığı qara rəngin acı dadı, boz rənglər, ağın şirin hekayəsi, xoşbəxtliyin yaşıl misraları oxucunun duyğularına, xəyallarına yeni rəng qatır, həyatın rəngli simfoniyası kimi səslənir. Əgər Rembonun saitlərin rənglərə malik olduğu haqda fikirlərini də nəzərə alsaq poeziyanın təsir gücünə, geniş imkanlarına inanırsan. Rəngsiz zamanın içində doğulan rəngli həyatın, təsvirlərin, musiqinin Rəsul Rzanın həssas qəlbində özünəməxsus yeri, ünvanı var:

 

Rənglər könlümüzdən keçir,

İsti, sərin küləklər kimi.

Nəğmələr, sözlər, səslər,

Qəlbimizə dolur müxtəlif rənglər kimi.

Rənglər xatirələr oyadır,

Duyğular oyadır.

Gördüyümüzdən artıq görmək istəməsək

Hər rəng adicə boyadır.

 

Rəsul Rza "Ağ işıq" şeirində ağ rəngə "yuxulu körpənin təbəssümü", "insan ülfəti", "təmənnasız yaxşılıq", "insan səadətinə səbəb olan hər şey" deyir. Ağ işığın içində "ömrün mənası", "qəlbin aynası", "tək bir qapısına düşən açar", "anlayan, duyan insan" yaşayır. "Narıncı" şeirində dostlarsız yaşadığı günlərini "səfəri mümkünsüz xatirələr ölkəsinə" bənzədir. Deyirlər ki, rəng əslində sənətkarın şüurunun işığıdır. Onun rənglərlə bağlı 30 şeiri məhz şüurunun işığında yazılmışdır". Kitabda qeyd edilir ki, Maksim Qorkiyə məxsus sinesteziya axromatik, plastik keyfiyyətlərə malikdir. Görkəmli alim Bulat Qaleyev "Maksim Qorkidə sinesteziya haqqında" yazısında onun əsərlərindən nümunələr gətirmişdir. Məhz Rəsul Rzanın rənglərlə bağlı şeirlərindəki məzmun və təsvirlərdə bu cəhətlər özünü qabarıq göstərir. Düzdür, Qorki şeir müəllifi deyil, lakin nəsr əsərlərində sinestetik təsvirlər kifayət qədərdir. Məsələn, "Restoranın qapılarından musiqinin qalıqları uçurdu", "Qüllə zənginin ətrafında ağ göyərçinlər uçuşur, sanki şən səslər ağ quşlara çevrilmişdi", "Onun adı mənim xoşuma gəlir, onda bu ada məxsus şirin səs, cingilti toplanmışdır", "Qapı bağlanar, onun səsini balta kimi kəsər", "Mübahisə qızışdı, sanki sözlər tonqalın alov dilləri kimi parıldadı", "Sıxlaşmış və sakitləşdirici notlar havada kədərlə hərlənir" və s.

Zöhrə Əsgərova Rəsul Rzanın insan xarakterinə, məziyyətlərinə güzgü olan dərin mənalı şeirlərinə yeni prizmadan yanaşaraq onları təhlil və təqdim edə bilmişdir. Kandinski və Qorkinin fikirləri ilə şairin rənglərlə bağlı şeirlərinin nümunəsində şairin yaradıcılıq potensialının nə qədər zəngin olduğunu bir daha üzə çıxarır.

Rəsul Rzanın rənglərlə bağlı şeirlərində təsvirlər sinesteziyanın axromatik və plastik keyfiyyətlərə malik olmasını təsdiq edir: "Bizə ilkin əlifba öyrədən müəllimin zaman arxasından qalmış surəti", "Küləyə qərq olmuş qovaq yarpaqlarının gizlənpaç oynaması" (Gümüşü), "Ömürlük dustağın qısa yuxusu" (Qızılı), "İnsan yuvasında Prometeyin töhfəsi" (Al-qırmızı), "Yaralanmış qızıl qazın havaya sovrulmuş tükü" (Çəhrayı) və s.

Kitabda bu haqda ətraflı məlumatlar kifayət qədərdir. Zöhrə Əsgərova yazır: "Şairin ən böyük arzusu dünyada ali insanlığın, dostluğun, səmimiyyətin, mərhəmətin, sülhün təntənəsini görmək idi. Bir də dünyanın hər yerindən görünən insan portretini asmaq. "İnsan" şeirində şəklin müəllifini "zaman", insanın adını isə "insanlığın ömür yolu" adlandırır. "İnsanlığın ömür yolu" hələ də öz xoşbəxt cığırlarının axtarışındadır. Təəssüf ki, qanlı müharibələr "qırmızı" rəngə boyanmışdır. Günahsız insanların qara bəxtinin qırmızı çalarları üzərində sülhün ağ bayrağı da qana boyanmışdır. Təsadüfi deyil ki, Rəsul Rza "insanda insan oyadın", - deyir. Bu çağırış bu gün də müasirdir, bəşəriyyətin ən vacib və aktual mövzusudur. İnsanları irqinə, dilinə görə bir-birindən ayırmayan, Yer kürəsini kainatın qəlbi kimi sevən Rəsul Rzanın şeirlərində bu sətirlərə rast gəlirik: "Məni yatmağa qoymur dünyanın dərdi, torpağın ağrısı", "Qırıb çıxmaq istədim "olar", "olmaz" çərçivəsindən", "Bəm xalların fəryadını zildən soruş" və s.

Zöhrə xanımın yaradıcılığında müharibə mövzusunun ağrı və acıları daha çox yer almışdır. Xüsusilə, amansız müharibələrin qurbanları olan günahsız körpələrin taleyinə ana kimi çox acıyır. Bu mövzuya öz esselərində ürək ağrısıyla toxunur. Coğrafi ərazisindən asılı olmayaraq hansı ölkədə müharibə gedirsə çox təəssüf ki, ölüm saçan silahlar insan qanına boyanan yeni tarixlər yazır. Qanlı tarixlər!

Müəllif yeni kitabında dünya mədəniyyətində adı əbədiləşən bir çox dahi sənətkarların yaradıcılığına yeni prizmadan yanaşaraq zamanın pərdəsi arxasında qalan fikirlərə aydınlıq gətirə bilmişdir. Məsələn, Dantenin "İlahi komediya" əsəri üzərində aparılan təhlillər inanıram ki, oxucuların marağına səbəb olacaqdır. Kitaba, həmçinin "Biz olduğumuz kimi yaşamadıq", "Gülmək - insanın haqqıdır", "Təcavüzün mədəniyyət sandıqları", "Yazılmayan tarixi dərslər", "Varlığımız ağlımızın güzgüsüdür" və başqa esseləri daxil edilmişdir.

"İncəsənətdə yeni simmetriya" adlanan essedə isə suprematizmin əsasını qoyan rəssam Kazimir Maleviçin yaradıcılığına, dünyada məşhur olan "Qara kvadrat" rəsminin dərin təhlillərinə rast gəlirik. Maleviç 1912-ci ildə Moskvada futuristlərin təşkil etdiyi sərgidə 20 əsəri ilə iştirak edir. 1915-ci ildə isə ilk dəfə onun məşhur "Qara kvadrat" rəsmi yeni sərgidə nümayiş olunur. Bu, elə bir dövr idi ki, Rusiyada azad incəsənəti təbliğ edən yeni müəlliflər meydana gəlmişdi. Bu haqda ətraflı yazmaq da olar, amma K.Maleviçin "Qara kvadrat" əsəri ilə bağlı Zöhrə Əsgərovanın diqqəti cəlb edən bəzi təhlillərinə müraciət etsək yerinə düşərdi: "Kvadrat nəyi təmsil edirdi?.. Bir çox qədim məbədlər kvadrat şəkilində inşa edilirdi. Qədim romalılar ideal şəhəri bu formada təsəvvür edirdilər... Maleviçin "Qara kvadrat" rəsmi ilə bağlı görkəmli rus kulturoloqu Paola Volkova olduqca maraqlı fikirlər irəli sürmüşdür: ""Qara kvadrat" öz mənbəyini hardan alır? Kazimir Severinoviç özü bu işi haqda qeydlər etmişdir. O, oxucularını bu mənbəyə doğru gedən cığırlardan keçirir. Bu, Çinin çox qədim bədii əlifbasından bəhrələnib. Bunu çinlilər "ba-qua" adlandırırlar. İlk mənbəyə -sözdən əvvəl səsə, musiqidən əvvəl səsə qayıdışı xatırlayaq ki, bu, eramızdan əvvəl III minillikdə Çinə aid idi. "Ba-qua" sistemi ilə çinlilər hər şeyi təsvir edirdilər. Kainatdan başlayaraq həyatın özəlliklərinə qədər hər bir şeyin təsvirinin dilidir... "Ba-qua"ya görə, Yer kürəsi kvadratdır. Niyə məhz belədir? Ona görə ki, ilin dörd fəslinə, sutkanın dörd vaxtına, dünyanın dörd tərəfinə malikdir... Optika ilə məşğul olan hər bir kəs deyə bilər ki, qara rəng işığın rəngidir. İşığın maksimal sıxlığı qaranlığa bənzəyir. "Qara kvadrat" incəsənətdə nöqtə kimidir".

Zöhrə Əsgərova "Qara kvadrat"la bağlı təhlillərində Yunanıstanın məşhur riyaziyyatçı və filosofu olan Pifaqorun kvadratla bağlı fikirlərinə də aydınlıq gətirir: "Pifaqora görə, tam və rasional rəqəm yoxdur ki, kvadrat 2-yə bərabər olsun. Demək, daha başqa rəqəmlər mövcuddur. Qəribəsi odur ki, məhz Maleviçin "Qara kvadrat" rəsmi Pifaqorun kəşf etdiyi kvadratın həndəsi ölçü meyarlarına uyğun olaraq çəkilmişdir. Bəlkə də bu baxımdan əsər qeyri-adi təsir gücünə malikdır. Rəssam öz şah əsərini tamamlayandan sonra bildirmişdi ki, bir neçə gün o, ac və susuz qalaraq, özünü başqa bir reallıqda hiss etmişdir. Zöhrə Əsgərova Pifaqorun həndəsi kvadratının əsasında Maleviçin "Qara kvadrat"ının yaranması haqda yeni bir fikir söyləməsi rəssamın yaradıcılığında mühüm bir səhifə aça bilmişdir. Yazı maraqlı bir fikirlə sona yetir: "Antik dövrdə pifaqorçular müdrik və nəcib insanları "kvadrat" adlandırırdılar". Buna səbəb nə idi? Əlbəttə, Pifaqor bunun məntiqi cavabını yaxşı bilirdi...

Müəllifin bu il "Həyat - rəngli simfoniyadır" kitabı ilə eyni vaxtda "Baba niyə küsdü?" kitabı da çap olunmuşdur. Kitab rus və ingilis dillərinə tərcümə edilmişdir. Kitab xarici dilləri öyrənmək istəyən məktəbyaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur. Kitaba "Balıqquş", "Baba niyə küsdü?", "Xeyirxah maral", "Ağıllı tutuquşu" hekayələri daxil edilmişdir. Hekayələrdə uşaqlar maraqlı hadisələrlə - maralın sərgüzəştləri, tutuquşunun azadlığa can atması, Balıqquşun nəcib əməlləri, ailədə özünə yer tapa bilməyən, küsən babanın acı hekayəti ilə tanış olacaqlar. Hekayələri Zöhrə xanımın nəvəsi, Londonda təhsil alan 10-cu sinif şagirdi Şahrux Qacar rus dilindən ingilis dilinə tərcümə etmişdir. Bu, istedadlı gəncin ilk qələm təcrübəsidir. Onun böyük məhəbbətlə, həvəslə təqdim etdiyi tərcümələr inanırıq ki, oxucuların rəğbətini qazanacaqdır. Kitabların redaktoru kimi qeyd etmək istəyirəm ki, Zöhrə xanım fəlsəfi, lirik səpkidə yazdığı kitablarda öz oxucuları ilə səmimi və doğma ünsiyyət qurmağı bacarır.

Zöhrə Əsgərova elmi-populyar janrda yazdığı esselərdə aktual mövzulara toxunaraq, maraqlı araşdırmalar aparmağı bacaran yazıçı-publisist kimi özünü tanıda bilmışdir. Yazıların hər biri oxucusuna demək istəyir ki, əgər insan öz üzərinə düşən vəzifələri vicdanla, məhəbbətlə, ədalətlə icra edərsə, dünya sülh içində yaşayar, evlərdən uşaqların xoşbəxt gülüşləri eşidilər və həyat rəngli simfoniyaya çevrilə bilər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!