Bilmirdim, ağlıma da gəlməzdi ki, hər şey bu cür dövr edər. Bilməzdim.
O, yazılarımın ilk oxucusu, ilk tənqidçisi və ilk müəllimimdir. Gözümdə dünyanın ən müdrik adamı, ən ciddi və ən etibarlı adamıdır. Əgər yunan mifologiyasında söz tanrısı varsa, bu, əlbət ki, odur. Başqa cür ola da bilməz. Onun qədər sözə hakim ola bilən, sözləri istədiyi kimi oynada, hərəkətə gətirə, canlandıra bilən yoxdur. Elə bil hərflərə ruh üfürüb söz edən də odur. Və mən onun hər sözünün üstündə əsirəm. Elə bilirəm ki, birini eşitməsəm, qulaq ardına vursam və ya etinasız yanaşsam, böyük bir günah köynəyini əynimə geyinmiş olaram. Və günah köynəyinin dar yaxası məni boğar. Hekayəmi oxuyanda gözlərimi ondan çəkmirəm. Cizgilərinin necə tərpəndiyinə, arada qaşının necə qalxıb-düşdüyünə, vərəqi geri çevirib yenidən nəyisə gözdən keçirdiyinə elə həyəcanla baxıram ki. Həmin o qısa və ya uzun, bilmirəm, gerçəkdə nə qədər çəkirdi - həmin dövrü tərpənmədən qarşısında oturur, az qala nəfəs belə almıram. Otaqda elə bir sükut olur ki, ancaq ürəyimin gah bərk, gah da tez döyüntüsünü eşidirəm. Elə bil kimsə ürəyimin üstündə oturub çubuqlarla onu döyəcləyir. Səbirsizliklə eynəyini çıxarıb stolun üstünə qoymağını, mixəkli çayından bir-iki qurtum almağını, təmkinlə divar rəfindəki kitablara baxıb düşünməyini və yalnız ondan sonra səhvlərimi, düzlərini mənə deməyini gözləyirəm. Onun hər kəlməsi mənim üçün təkzibə, mübahisəyə gəlməyən, dəqiq deyilən və mütləq şəkildə əməl etməli olduğum qanun kimidir. Həyatda yeganə arzum, yeganə məqsədim, yeganə niyyətim hekayəmi bəyənməsidir. Bir kəlmə yaxşı rəyi dünyadır mənim üçün. Amma o da xəsisdu bu baxımdan. Bəlkə də, mənim yaxşı yazıçı olmağım üçün belə edir. Bəlkə də deyəndə ki, elə doğrudan da belədir, bilirəm. Özü də həmişə bunu belə deyir.
Bir müddət əvvəl son yazdığım hekayəmi sevincək və özümdən böyük həyəcanla onun yanına gətirdim. Nəsə oxuyurdu. Artıq üz cizgilərinin necə dəyişməsindən bilirdim ki, oxuduğunu bəyənir, yoxsa yox. Və mən əlimdə hekayəm, oxuduğunu bitirməsini gözləyərkən, üzünün məmnunluğundan içimdə qəzəbin tozanaq etdiyini, məni özümdən çıxartmaq dərəcəsinə gətirdiyini hiss edir, özümü güc-bəla ilə ələ alır, kinimin bədən konturlarımdan kənara çıxmasının qarşısını alırdım. Amma bu ruhumu darmadağın edən hikkə məni dəhşət əzirdi. Hekayəni oxuyub bitirdi, kağızları stolun üstünə qoydu, mixəkli çayından bir-iki qurtum aldı, təmkinlə divar rəfindəki kitablara baxıb düşündü. Sonra əlini mənə uzadıb hekayəmi aldı. Diqqətlə ona baxdım. Gözlərində qəribə bir sevinc və sevgi vardı. İndi lap dəqiq bildim ki, o biri tələbəsinin hekayəsini bəyənib. Yenə də kinim ağzıma qədər dolub boğdu məni. Dişlərimi bir-birinə kip sıxdım.
Oxumağa başladı. Yenə də gözlərim dikildi üzünə. Cizgilərinin necə dəyişdiyini görürdüm. İstəyim o idi ki, yenə də üzündə məmnunluq olsun, mənim yazdığımı bəyənsin, heç olmasa bir dəfə razılıq etsin, desin ki, sən yazıçı olacaqsan. Heç olmasa bircə dəfə!.. O oxuduqca ağzımda döyünən ürəyim axıb dabanlarıma süzülürdü. Yenə də bəyənmədiyini hiss edirdim. Amma mən əmindim ki, yazdığım yaxşıdır. Onun niyə bəyənmədiyini başa düşə bilmirdim...
Və gəldik yenə də son nöqtəyə. Hekayəni oxuyub bitirdi, kağızları stolun üstünə qoydu, mixəkli çayından bir-iki qurtum aldı, təmkinlə divar rəfindəki kitablara baxıb düşündü. Sonra bayaq oxuduğu hekayəni stolun üstündən götürüb mənə uzatdı.
- Al, bunu oxu.
Əlim ona sarı uzansa da, vərəqləri götürsəm də, tam soyuqqanlı görünsəm də, üzümdə heç bir emosiya titrəməsə də, daxilimdə qəza baş vermişdi, bir toqquşma baş vermişdi, elə bil bir buludun mənfi qütbü ilə o birinin müsbət tərəfi bir-birinə dəyib ildırım çaxdırmışdı. Amma mən tam sakit və təmkinlə hekayəni götürürəm. Müəllimim heç nə deməsə də, bunu mənə örnək kimi verdiyini bilirdim. Və mən bunu özümə qətiyyən sığışdırmırdım. Mən kiməsə örnək ola bilərəm, kimsə mənə yox. Xüsusən də, mənim kimi gənc bir yazıçıya başqa bir gənci misal çəkməsini, onu daha üstün tutmasını qəbul etmək istəmirdim. Hər nə qədər onu çox sevsəm də, sözünə, fikrinə dəyər versəm də, bu mənim üçün bütün ağrılardan ağrılı idi. Sevgi demişkən, o mənim üçün artıq təkcə müəllim yox, həm də bir böyük sevgi idi. Adını bilmədiyim, gələcəyini görmədiyim, sadəcə yaşamaq istədiyim bir sevgi idi. Yaşının məndən ikiqat çox olması, xasiyyətinin tündlüyü, sevmədiyim siqaret qoxusu da vecimə deyildi. Hətta bunları da onunla birgə sevirdim. Ona heç nə demədim, hekayəni götürüb sakitcə otağından çıxdım. Gücüm yumruğumu bərk sıxmağa çatdı. O qədər bərk ki, dırnaqlarım ətimə girdi, qanadı da. Bu məni bir az da gərginləşdirdi. Dərindən nəfəs aldım və hekayəni barmaqlarımın arasında sıxıb zibilqabına atmaq istədim. Yox. Sıxıb atmaq yox, xırda-xırda cırıb, yandırıb, sonra da külünü zibilqabına atmaq istədim. Yenə də dərindən nəfəs aldım. Dişlərimi qıcadım. Evə gəlib masamın arxasında oturdum. Hər şeydə müəllimimə bənzəmək istəyirdim. Ona görə mixəkli çay da süzdüm özümə. Qurtumlayıb, hekayəni oxumağa başladım. Oxuduqca astarım üzümə çıxır elə bil. Hiss edirəm ki, paxıllıq edirəm. Müəllimimin kimisə tərifləməsi məni dəli edir. Bu kağızları hirslə ovuclarımın arasında sıxıram. Sonra açıram, xırda-xırda cırıb qabın içinə atıram. Sonra da hikkəylə kibriti yandırıb üstünə atıram. Kağız alovlandıqca gün ərzində ürəyimə yığılan kini odun üstünə tökürəm elə bil və qəfil qışqırıram: "Öl!". Kağızlar yanıb külə çevrilənə qədər gözümü çəkmirəm! Onlar yoxa çıxdıqca onun da yoxa çıxdığına inanıram. Və qəfil sevinc dolur ürəyimə. Sanki hekayəmdən üstün tutulan bu yazıdan canımı qurtardıqca azad oluram, rahat nəfəs alıram. Özümü qalib hiss edirəm...
Səhəri gün müəllimimin yanına getmişdim. Qanı qara idi. Ondan ötrü narahat oldum. Tez yanında əyləşib hal-əhval tutdum. Gözləri doldu. Birinci dəfə idi ki, onu belə görürdüm.
- Dünən gecə intihar edib. Özünü eyvandan atıb.
Bunu deyəndə səsi bir az da boğulmuşdu.
- Mən onu qurtara bilmədim. Nə mən, nə də ədəbiyyat! Onu heç cür xilas edə bilmədik.
Əllərini üzünə tutdu. İçindən bir hönkürtü gəldi ki, mən də özümü saxlaya bilmədim. Onu qucaqlayıb təsəlli verməyə çalışdım:
- Yəqin, qisməti belə imiş. Nə etmək olar axı? Siz üzülməyin! Tanrı yazan taledir.
- O hələ çox gənc idi, başa düşürsən? Çox gənc idi. O ölməməliydi, yaşamalı, gözəl əsərlər yazmalı idi. Onun həyatı hələ qabaqda idi.
Müəllimim danışır, danışdıqca göz yaşlarını tökür, əlimdən daha da bərk tuturdu. Mən o oğlanın ölümünə, əlbəttə ki, pis oldum. Ədəbi qısqanclıq başqa, insan ölümü başqa. Həm də müəllimimin, eyni zamanda sevdiyim adamın belə son dərəcə sarsılmasına baxa bilmirdim. Kaş ki, onu qucaqlaya, göz yaşlarını silə biləydim. Amma mümkünsüz idi bu. Necə edə bilərdim axı? Ona sevgimi büruzə vermək istəmirdim. Qorxurdum. Qorxurdum ki, məni qovar yanından, məni müdrikliyindən, mərhəmətindən, tələbə sevgisindən də məhrum edər. Onda gərək mən də həmin o oğlanın arxasınca həmin o eyvana qalxıb, özümü ordan atardım. Çünki belə tək, heç kimsiz, işıqsız yaşaya bilməzdim. O mənim axı həm də işığım idi.
...Üstündən bir müddət keçdi. O arada həftədə 2-3 dəfə müəllimimlə görüşür, söhbətlərindən özüm üçün heyrətamiz şeylər əxz edirdim. Bu insan, doğrudan da, dünyanın ən ağıllı, ən uzaqgörən insanıdır. Söhbətlərimiz vaxtı hər vəchlə ondan hisslərimi gizlətməyə çalışırdım; Artıq bir emosiya! Vəssalam! Ağır xasiyyətinə bələd idim. Onu itirməyəsə gücüm yox idi.
Bir gün yenə də yanına gəldim. Onun üçün sevdiyi çiyələkli piroq bişirmişdim. Elə sevincək, elə bir həyəcanla gəlmişdim ki. İstəyirdim məni tərifləsin. Bilsin ki, bunu xüsusən ondan ötrü bişirmişəm. Onu sevindirmək, ondan xoş söz eşitmək idi niyyətim. Elə qəribə bir sevgi vardı ürəyimdə ki... Atam kimi, qardaşım kimi, dostum kimi, sevdiyim kimi sevirdim. Gözümdə bütün ən yaxşı kişi xarakterləri elə bil onda cəmlənmişdi. O, mənim kumirim, o, mənim mayakım, o, əlimdən tutub məni xilas edəcək yeganə adam idi. Mənimlə bütün söhbətləri ciddi, həm də elə ciddi ki, elə bil rəsmi görüşdəyikmiş kimi olurdu. Amma bütün bu ciddiyyətinin altında mənə bir xüsusi sevgisinin olduğunu da bilirdim. Bu xüsusi sevgi mən istəyən sevgidən deyildi, əbəttə. Amma onun bu cür sevgisi də mənə doğma və lazımlı idi.
Gətirdiyim piroqun ən çox çiyələkli və gözəl görünən yerindən onun üçün kəsdim. Mixəkli çayından da süzüb gətirdim. Üzbəüz oturdum. Diqqətlə üzünə baxdım: üzündə elə bir dərinlik, elə bir aura var ki... Ən yaxın adam mən idim ona. Nə qədər dostu, tələbəsi olsa da, ən yaxını mən idim. Hər şeyi rahatca bölüşəsi adamı mən idim. Bu bölüşdükləri də qəribə bir çərçivə içində olurdu. Bilirdim ki, bunu məndən başqa heç kimə danışmayıb, heç bir insan eşitməyib bunu. Amma sözünü həmin o ciddiyyətlik çərçivəsinin içində elə deyirdi ki, bircə millimetr də ondan kənara çıxmırdı. Elə indi də piroqun dadına baxması, tərifləməsi üçün səbirsizlənirdim. Amma özümü təmkinli aparmağa məcburdum. Çayından bir qurtum aldı. Gözləyirdim ki, piroqun da dadına baxsın. Əlini uzadıb iki-üç vərəq götürdü, üstünü oxuyub mən uzatdı. Götürdüm. İndi də bir başqa tələbəsinin hekayəsidir. Qanım elə qaraldı ki...
- Al, bunu oxuyarsan. Yaxşı hekayədir.
Gözlərinin içinə baxdım. Bu dəfə içimdəki incikliyi gözlərimdən oxudu. Mən ona heç bir kəlmə də demədim. Nə deyəcəkdim ki?
- Niyə belə baxırsan?
- Heç. Oxuyaram, - səsim güclə ayrıldı boğazımdan.
- Bilirsən, bu qız çox maraqlı yazır. Oxu, özün də görəcəksən. Həm də sizi tanış edəcəm. Çox yaxşı qızdır.
Gözlərim aşağı enir. Bu enişdə gözlərimdə özüm də, hekayələrim də, bişirdiyim çiyələkli piroq da enir, düşür, yox olur. İndi ona nəsə deməliyəm. Nəsə bir reaksiya verməliyəm. Amma nə edəcəyimi, nə deyəcəyimi bilmirəm. Eləcə susuram. Bu dəqiqə içimdən ancaq ağlamaq gəlir. Çünki qısqanclıq alıb canımı. O intihar edən gənc oğlan idi. Bu isə qızdır. Və mən indi ədəbi qısqanclıqdan daha çox, qadın qısqanclığının hikkəsində boğuluram. Nə deyim ona? Deyim ki, düz eləmirsiz? Gərək mənim hekayəmi bəyənəsiz, mənim yazdığımı dəyərli biləsiz, məni sevəsiz? Sevəsiz demişkən. Doğrudan a. Bəlkə, müəllimim o qıza vurulub? Ona görə dilindən düşmür hekayəsi, belə tərifləyir? Axı o, tərifə xəsis adamdır. Yəqin, vurulub ona. Hə, yüz faiz vurulub. Yox, belə bir şey olsaydı, mənə deyərdi. Yox, deməzdi. Bax bunu deməzdi. Daha da gərginləşdiyimi hiss edirəm.
- Sənə nə olub?
Sözündən diksinirəm. Çaşqınlıq içində üzünə baxıram. O da təkrarlayır sualını.
- Sənə nə olub?
- Heç nə. Mən gedim.
Kağızları qatlayıb cibimə soxuram. Qalxanda stolda qalan piroqa, soyumuş çaya baxıram. Elə məyus oluram ki. Eh mən! Nə axmaq adamam e. Mən də ona xoş gəlmək üçün səhər tezdən oyanıb, gedib çiyələklərin ən gözəlini seçmişdim. Önlüyümü yaxama bağlayıb bütün sevgimi una, yumurtaya qatıb xəmir yoğurmuşdum. Boşuna əmək sərf etmişəm. Əməyim cəhənnəmə, ümidlərim, gözləntim heç olub getmişdi. Elə mən də getdim. Heç bilmirəm sağollaşdım, yoxsa yox.
Yol boyu yenə hikkə içində gedirəm. Elə gedirəm ki... Heç ayağımın altına da baxmıram. Bilmirəm inciyəm, bilmirəm hirsliyəm, bilmirəm. Bilirəm ki, dəliyəm. Artıq əməlli-başlı dəliyəm. Hə də, dəlinin başında buynuzu olmur ki. Adama vurulmuşam, başqalarına tərifi məni öldürür, götürə bilmirəm. Olsun ki, zəifəm, olsun ki, iradəsizəm. Amma daha iş işdən keçib, ox da yayından çoxdan çıxıb. İndi qalıb oxun nə qədər vaxta və hara dəqiq düşməsini gözləmək. Bədənim qollarımın, qıçlarımın birləşdiyi yerlərdən çat verir elə bil. Elə bil bu dəqiqə aralanıb beş parçaya bölünəcəm. Mən bu adamla neyləyim axı? Küsüb gedə də bilmirəm. Heç nə deyə də bilmirəm. Etiraz da edə bilmirəm. Bəs mən yazıq neyləyim? Başıma haranın qara daşını salım? Bu əlimdəki hekayəni necə oxuyum, necə oxumayım? Axı sabah yanına gedəndə fikrimi soruşacaq, müzakirə etmək istəyəcək. Nə deyəcəm onda? Məcburam ki, oxuyam. Oxumasam, qəzəblənəcək, məndən uzaqlaşacaq. Bax, bircə bunu istəmirəm. Necə çarəsizəm e. Məcburam, istəməyə-istəməyə də olsa, oxuyam. Evə çatıram. Yenə də mixəkli çayımı süzüb otururam. Kağızların qatını açmağa əlim, oxumağa gözlərim ürək eləmir. Dərindən nəfəs, çayımdan da bir qurtum alıb oxuyuram. Və yenə də həmin qənaətdəyəm. Mən bu qızdan da, o ölən oğlandan da yaxşı yazıram. Vəssalam! Bu qəti və soyuqqanlıqla dediyim sözlərin ardınca mənə yenə də hikkə gəlir. Hiss edirəm ki, paxıllıq edirəm. Müəllimimin kimisə tərifləməsi məni dəli edir. Özü də ki, bu təriflədiyi yazıçı oğlan deyil. Bu kağızları hirslə ovuclarımın arasında sıxıram. Sonra açıram xırda-xırda cırıb qabın içinə atıram. Sonra da hikkəylə kibriti yandırıb üstünə atıram. Kağız alovlandıqca gün ərzində ürəyimə yığılan kini odun üstünə tökürəm elə bil və qəfil qışqırıram: "Bəsdir!". Yanıb külə çevrilənə qədər gözümü kağızlardan çəkmirəm! Onlar yoxa çıxdıqca onun da yoxa çıxdığına inanıram. Yenə də qəfil sevinc dolur ürəyimə. Eynən keçən dəfəki kimi. Daxilimə qəribə bir rahatlıq gəlir. Və bu məni yenə də xoşbəxt edir. Amma düşünəndə ki, səhər müəllimimlə bu hekayəni müzakirə etməliyəm, qanım yenidən qaralır.
Yenə də müəllimimin qanı qaradır. Görəsən niyə? Narahat oluram. Dünən hekayəni oxuyub əhvalı yaxşılaşmışdı axı. Nə oldu yenə? Pis nəsə baş verib. Bu dəqiqdir. Mən onun nəfəsindən əhvalının necə olduğunu bilirəm. Qorxuram da nə olduğunu soruşmağa. Bəlkə elə bir şeydir ki, mənə demək istəmir. Amma mənə deyə bilməyəcəyi sözü yoxdur axı. Mənlə hər şeyi rahat bölüşür. Hər halda, özü belə deyir. O təriflədiyi tələbələri ilə də mənimlə olduğu kimi açıq deyil. Elə bu anda hardansa ağlıma gəlir ki, kaş heç olmayaydı, mən də ona belə bağlanmazdım. Onu bu qədər... Eh, nə bilim. Amma yox. Yaxşı ki, elə beləyik. Fikirlərimdən ayrılıb nə olduğunu soruşuram. Gözləri dolur. Özünü güclə saxlayır. Eynən oğlanın intiharındakı kimidir halı. Düzü, qorxuram, canıma vicvicə gəlir. Birtəhər dilə gəlib nə olduğunu soruşuram.
- Xərçəng...
Duruxuram. Yəni müəllimim xərçəngə tutulub. Ola bilməz. Mən onu belə tez itirə bilmərəm. Yox. Ola bilməz. Allah mənə qıymaz. Özümü heç cür ələ ala bilmirəm. İstəyirəm onu qucaqlayım, təsəlli verim ki, qorxmayın, sizə heç nə olmayacaq; sağalacaqsınız - deyim. Müəllimim kədəri rəsm kimi əks olunan səslə yavaşca deyir:
- O qız...
O qız deyəndə diksinirəm. Səsi bir ton da aşağı düşür. Səsi ilə birgə göz qapaqları da enir. Xalçanın naxışında ilişib qalır. Dünən hekayəsini oxuduğum qızdan danışdığını başa düşürəm.
- Axı nə oldu birdən-birə? Yaxşıydı, danışırdı, gülürdü. Hələ hekayəsini də bəyənmişdiz.
Müəllimim baxışlarını yerdəki xalçanın naxışından qaldırmadan deyir:
- Mənim hekəyəsini bəyənməyim, indi onun taleyində heç nəyi dəyişməyəcək. Onun ömrü hekayəsi kimi gözəl olmayacaq...
O, sanki sözünü sona çatdıra bilmir. Balaca yumru əllərini üzünə tutur. Sakitcə mənə deyir:
- Get, qurban olum, get. İncimə. Sabah danışarıq. Mütləq danışarıq.
Əvvəlcə sözləri pisimə gəlir. İnciyirəm də bir anlıq. Sonra da başa düşürəm ki, istəmir ağladığını görüm. Dərindən nəfəs alıram.
- Yaxşı olacaq, fikir eləməyin. İndi bütün dərdlərin dərmanı var. Onunku da tapılacaq...
Otaqdan pirdən çıxan kimi daldalı çıxıram. Qapıdan çıxanacan da ondan gözlərimi çəkmirəm. Əlləri üzündə içini çəkir.
Evindən çıxıb yol boyu düşünürəm.
- Niyə belə oldu, görəsən? Bu qız gənc, hətta məndən də kiçikdir. Belə baxırsan, dərdi yox, səri yox. Niyə xəstələnsin ki? Niyə də, niyə? Bəlkə yalan deyir? Niyə yalan desin axı? Bəlkə, istəyir müəllimin ona yazığı gəlsin, ona daha çox diqqət ayırsın? Hmm. Nə bilim. Əşi yox e, olmaz. Bir ona görə eləməz. Axı bilir ki, müəllimimiz nə qədər həssasdır. Amma yenə də. Mən ona da bir o qədər etibar eləmirəm. Bilmək olmaz hələ. Bir anlıq özüm öz fikirlərimə diksinirəm.
- Bu nə düşüncədir? İlahi, sən məni bağışla. Olmaz, bu boyda yalan olmaz. Amma mən günaha batdım yəqin ki. Gör bir qızı necə şərləyirəm e. Ayıb olsun mənə. Eh.
Və yenə də bunların hamısının qısqanclıqdan doğduğunu başa düşürəm. Özümü birtəhər ələ alıram.
- Görəsən, qıza zəng vurum? Lap tutalım zəng vurdum. Hə! Nə deyim? Allah şəfa versin, deyim? Bu da birtəhər çıxır axı. Bəlkə, heç zəng eləməyim? Of. Başım şişdi. Bilmirəm nə edim...
Sonra bir anda müəllimimin gözümə son kadrı gəlir. Yenə də pis oluram. Mən indi qızın halından çox, müəllimimin halına acıyıram. Onu elə kədərli görmək istəmirəm. Və yenə də ağlıma axmaq bir fikir gəlir:
- Bəs görəsən, mən belə xəstələnsəydim, ya da mənə nəsə olsaydı, onda da belə pis olardı? Bilmirəm.
Bir də ayılıram ki, yol gedə-gedə bayaqdan özüm-özümə danışırmışam. Yoldan keçənlər də mənə baxırmış. Bunu həm son qarşıma çıxan adamın qəribə baxışlarında, həm də geri çevriləndə bir az ondan əvvəl ötən adamın mənə çevrilib "yazıq xalis dəlidir" deməsindən anladım. Susdum. Sakitcə yoluma evə kimi davam elədim. Yağış da narınca yağır. Ən sevdiyim havadır. Amma qarmaqarışığam.
Evə çatıb əynimi belə dəyişmədən eyvana çıxıram. Üzbəüz binanın pəncərələrinə baxıram. Oğlanın necə intihar etməsini düşünürəm. Qorxuram, yaman qorxuram. Sonra yenə də o qız yadıma düşür. İkisinə də əvvəlcə nifrət etdiyimin, sonra da yazığım gəldiyinin fərqinə varıram. Yağış hələ də kəsməyib. Və bu yağış elə bil ki, fikrilərimin içindəki qaranlıqları yuyur. Qəfil ağlıma hər iki hekayəni oxuyanda "öl" deməyim, hekayələri cırmağım, cırmaqla ürəyimin soyumayıb külə dönənəcən yandırmağım yadıma düşür. Canıma yenə də vicvicə gəlir. Qorxuram. Eyvanın məhəccərindən var gücümlə yapışdığımı, üzbəüz binada bir pəncərəyə zilləndiyimi hiss edirəm. Özümü ələ alıb, sakitləşdirməyə çalışıram.
- Yox, heç bir əlaqəsi yoxdur. Hamısı təsadüfdür. Mənim bir "öl" deməyimlə adamlar öləsi deyil ki. Yox e, mümkün deyil, - sakitcə özüm-özümə deyirəm.
Nə yalan deyim, düşüncələrimdən qorxuram. Özü də əməlli-başlı qorxuram. Özüm özümü inandırıram ki, bunların hamısı, doğrudan da, təsadüfdür. Mənim qəzəbimdən pis heç nə ola bilməz. Bu, mümkün deyil. Vəssalam. İçəri keçirəm, eyvanın qapısını örtürəm, pərdəsini də çəkirəm. Yerimə uzanıb adyalımı başıma çəkirəm. Nəfəsimin səsi qulaqlarımı incidir. Necə yuxuya gedirəm, heç özüm də bilmirəm.
Səhəri gündür. Oyanmışam. Tünd qəhvəmi qarışdırıram. Qaşıq fincanın içində danqıldadıqca səsli fikirləşirəm:
- Görəsən, gedim yanına? Yoxsa getməyim? Bilmirəm.
Ümumiyyətlə, çox tərəddüdlü insanam. Belə hallarda isə tərəddüdüm lap kvadrata yüksəlir. Zəhləm gedir onda özümdən:
- Nəysə e, gedirəm. Nə olar-olar. Uzaqbaşı qapıya qədər düşünərəm. Fikrimdən dönsəm, lap qapıdan da olsa, qayıdaram.
Geyinib tələsik evdən çıxıram. Yenə də yol boyu qarmaqarışıq fikirlər başımı xarab edir:
- Görəsən, mənim düşüncələrimlə bu iki insanın taleyi arasında nəsə bir bağlılıq var, ya yox? Varsa mən bilməliyəm. Bundan sonra düşüncələrimə fikir verməliyəm. Bəs mən bunu necə aydınlaşdırım axı? Nəylə bunu və ya əksini özümə sübut edim? Of. Başım şişdi!
Elə axırıncı sözümü möhkəm səslə demişdim, baxdım ki, müəllimimin qapısındayam. Astaca içəri keçirəm. Qapısı həmişə açıq olur. Qanı qaradır. Bunu külqabıdakı siqaret kötüklərinin sayından bilirəm. Mətbəxə keçib onun üçün sevdiyi mixəkli çaydan dəmləyirəm, süzüb gətirirəm. Yanında otururam. Mənə nəsə deyəcəyini gözləyirəm. Heç nə demir. Çayını qurtumlayır. Külqabını aparıb zibilqabına boşaldıram. Əslində bu, bəhanə idi. Səssizliyindən sıxıldım. Fasilə vermək istədim. Mən bu adamı niyə bu qədər çox sevirəm, anlamıram. Nə edim görəsən? Gedim yenə də yanında sakitcə oturum, yoxsa nədənsə danışım? Danışım ki, bir az fikirləri dağılsın. Hə, düzdür. Elə belə də edəcəm. Otağa qayıdanda həmin qızı yanında görürəm. Bu nə vaxt gəldi? Xəstəliyini-filanı unudub, içimdə yenə də ona qarşı qəzəb donunun altında qısqanclığımın qalxdığını hiss edirəm. Gəl indi özünü ələ al, ala bilirsənsə. Nə var axı? Niyə gəlmisən? Gəlmisən ki, müəllimin sənə yazığı gəlsin? Əlacım olsa səni özüm öldürərəm, heç xəstəliyə də ehtiyac olmaz. Və bir anda özüm öz fikirlərimdən qorxuram. İlahi, bu nədi? Bu nə düşüncədi? Dərindən nəfəs alıram.
- Sənə də çay gətirim?
- Əziyyət çəkmə.
- Yox, nə əziyyəti. Gətirirəm.
Təbəssümlə cavab versəm də, otaqdan çıxanda hirs məni yenə də boğur. Dəli oluram lap. Birtəhər sakitəşib otağa qayıdıram. Müəllimim onun əlindən tutub, təsəlli verir. Məni görəndə sanki bir az pərt olurlar. Amma bəlkə də, bu mənə belə gəlir. Bilmirəm. Çayı qoyuram.
- Yaxşı, siz söhbətinizi edin. Mən sonra gələrəm.
Müəllimim sakit səslə:
- Hara gedirsən? Otur. Tələsmə.
- Yox, müəllim, bir az vacib işlərim var. Gələrəm sonra.
Evdən çıxıram. Yenə qəzəbliyəm, yenə hirsliyəm. Özüm-özümlə danışa-danışa gedirəm:
- Nə vacib iş? Sənin nə vacib işin var ki? Heç bir vacib işin yoxdur. Heç vacib olmayan işin də yoxdur. Niyə çıxdın evdən? Niyə onları tək buraxdın?
Yolun ortasında maşın siqnalının səsinə dayanıram, çevrilirəm. Gözlərim maşının faralarından daha çox böyüyür. Lopa bığlı sürücü başını qapının pəncərəsindən çıxarıb nəsə qışqıra-qışqıra mənə deyir. Başa da düşmürəm. Əliylə svetoforu göstərəndə qırmızının yaşıla keçdiyini görürəm. Astaca deyirəm:
- Yaşıldı da.
- Xəsətəsən sən. Get Maştağaya, - deyir lopa bığlı sürücü mənə. Yox demir, qışqırır.
Mən də heç nə olmamış kimi yoluma davam edirəm. Bayaqkı fikirlər də başımda. Və astaca deyirəm:
- Ölsün elə!
Yolu keçib dayanıram. Yenə vahimə içindəyəm. Fikirlərimdən qorxuram. Görəsən, o oğlan mənim kinimdən öldü? Qabaqda insanlar elə bil daldalı gedir. Belə niyə? Aaa... Ətrafa baxıram, hamı daldalı gedir. Udqunuram. Hə, yəqin, yuxudayam. Yuxuda hər şey ola bilər. Hər şey. Hmm. Kinolarda görmüşəm, belə olanda adamlar özlərini çimdikləyirlər ki, yuxudan oyansınlar. Qolumu çimdikləyirəm. Yuxudan oyanmıram. Elə həminki yerdə, həminki vəziyyətdəyəm. Nə baş verir bəs? Gözlərimi qaldırıram. Oh. Şükür. Adamlar daha daldalı getmir. Adam kimi qabağa gedirlər. Nə yaxşı. Deyəsən, lopa bığlı sürücü düz deyirdi. Dəli olmuşam. Qaçım evə.
Evə gəlirəm. Düşüncələrim məni yorur. Yenə də adyalı başıma çəkib yatıram. Sabah nə olar-olar.
Səhəri gün yuxudan yenə də axmaq-axmaq fikirlərlə oyanıram. Başım qazan kimidir. Əlimi vursam, danq edəcək elə bil. Bu nədir e belə? Niyə bu günə qaldım axı? Özümü günahkar hiss edirəm. Mən onlara nifrət etdim deyə belə oldular. Yüz faiz belədir. Mən neyləyim? Haranın daşını töküm başıma axı? Müəllimim də mənə diqqət ayırmır. Fikri ölən oğlanla, xəstə qızın yanındadır elə. Təzə yazdığımı da ona göstərmək istəmirəm. Qanının qara vaxtı oxusa, bir az da acığını yazımdan çıxacaq. Bəlkə də, ürəyində fikirləşir ki, kaş onların yerinə mən öləydim. Nə qədər əlləşib-vuruşsa məndən yazıçı olmaz. Amma onlar hazır yazıçı idilər. Onlarla qürur duyurdu, fəxrlə tələbəmdi deyirdi. Mənim adımı çəkməkdən belə utanırdı. Heç vaxt demirdi ki, bu qız da mənim tələbəmdir. Heç vaxt yazdığımı bəyənmirdi. Xarakterimi, düzgünlüyümü, yaxşı insan olduğumu deyirdi, amma nə yazıçılığımı bəyənirdi, nə də mənim özümü. Mən ondan bu qədər vaxtda nə tərif, nə də sevgimə qarşılıq üçün bir söz eşitdim. Heç nə! O çox müdrik adam idi. Əlbət ki, ona sevgimi də bilirdi. Amma məni nə özündən, nə də özünə buraxırdı. Yəqin ki, yazığı gəlirdi. Heyif. Hərdən öz yazdıqlarımı o uşaqlarınkılar kimi cırıb yandırmaq istəyirəm. Neynim? Bacarmıram. Özgənin hekayəsi deyil ki, rahatca cırım, ürəyim uf da deməsin. O bəyənməsə də, mən axı onlara ruhumu qoymuşam. Necə atım yandırım? Və nədənsə ağlıma Masterin yazılarını yandırması gəlir. Nə dəxli var e? Özümü kimlə müqayisə edirəm? Ee, nəysə. İndi neynim görəsən, gedim, ya getməyim? Düşünürəm, düşünürəm, düşünürəm... və qəfil qərar verirəm: gedirəm!
Başımı alıb gedirəm müəllimimin evinə. İçəri girən kimi düz yanına gedirəm.
- Salam.
- Salam.
- Necəsiz?
- Babatam. Pis deyiləm.
Sanki deməyə söz axtarıram. Mən e! Mən deməyə söz axtarıram. O da gözlərimin içinə baxır. Belə olanda lap özümü itirirəm. Elə bilirəm, ürəyində deyir ki, niyə gəlmisən? Düşünür ki, bu burda boşuna vaxt itirir. Bunlar ağlıma gəldikcə lap ruhdan düşürəm. Daha heç nə yazmaq istəmirəm. Heç bura da gəlmək istəmirəm. Bu adam özünü məndən ötrü boşuna yorur. Məndən yazıçı olmayacaq. Hə, olmayacaq. Mənə nəsə deyir. Fikirlərimin içində dolaşdığımdan eşitmirəm. Birdən əlini əlimə doğru uzadır, diksinirəm. İçimi çəkib əlinə baxıram. O da məni belə görüb təəccüblənir.
- Ver görüm nə yazmısan?
Hekayəmi əlimdə görüb, istəyir. Tələsik və həyəcan içində hekayəmi ona uzadıram. Amma tərəddüdlü olduğumu görür.
- Nə olub?
- Iııı... Heç nə...
- Bəs niyə beləsən?
- Bəlkə, oxumayasız? Hə, verin mənə, - hekayəni almaq üçün əlimi ona uzadıram. - Hə, verin. Yaxşı deyil onsuz da, alınmayıb.
- Hardan bilirsən? - hekayəmi stolun üstünə qoyur, - oxuyum, deyərəm.
Söz demək haqqımı itirirəm. Amma elə dilxoram. Əminəm ki, yenə də bəyənməyəcək, o, sözünü deyəcək, mən utanacam, alınmırsa niyə yazmaq istədiyimin cavabını axtaracam, sonra yenə də ruhdan düşəcəm. Eh...
- Gedirsən?
- Hə... Yox... Nə bilim. Nəsə lazımdır?
- Yox. Amma istəyirsənsə, qal. Otur, bir az söhbət edək. Ürəyim darıxır.
Sevinirəm. Əslində, getmək istəmirdim axı. Yanında qalmaq, söhbət etmək istəyirdim. Ondan öyrənəcəyim o qədər şey vardı hələ. Qorxurdum ki, çatdıra bilmərəm. Birdən nəsə baş verər, onu sevdiyimi hiss edər, xoşuna gəlməz, yollarımız ayrılar. Amma mən maksimum dərəcədə emosiyalarıma hakim olurdum. Ona heç nə hiss etdirmirdim.
- Siz niyə ateistsiz?
Sualımdan nəinki müəllimim, özüm də diksinirəm.
- Bağışlayın. Yersiz sual verdim.
Aradan çıxmağa bəhanə axtarıram.
- Otur. Ateist olduğum hardan gəlib ağlına?
- Nə bilim, - çiyinlərimi çəkirəm, - bir dəfə demişdiz...
- Nə demişdim? Demişdim ki, ateistəm?
- Yox.
- Bəs nə?
Niyə belə fikirləşdiyimi yadıma salmaq istəyirəm. Yadıma düşmür ki düşmür. Amma əminəm. Əminəm ki, o, ateistdir. Diqqətlə üzümə baxır. Mən də deməyə söz tapmayıb yenə də çiyinlərimi çəkirəm.
- Əslində, bir az haqlısan. Amma tam yox. Heç vaxt heç nəyə inanmamışam. Mənim üçün müqəddəs bircə bax budur, - əlini hekayəmin üstünə qoyur, - yazı! Vəssalam! Ondan canlı heç nə yoxdur. Və ruh da ancaq ondadır. Qalan hər şey fanidir. Elə dünya da, elə insanlar da, elə inandıqlarımız da.
Onun bu sözlərindən gözlərim bərəlsə də, məni haqlı sanmağından sevinirəm. Amma yenə də hardan buna bu qədər əmin olduğumu bilmirəm. Bir tərəfdən də "tam yox" deməyi məni çaşdırır. Görəsən, bununla nə demək istəyir axı?
- Nə olub? Niyə elə donmusan?
- Bilmirəm. Sizə qulaq asıram.
- Hə, - əlini qaldırıb bir də hekayəmin üstünə qoyur, - bunu oxuyacam.
Yenə də həyəcandan istilənirəm. Bu istini boğazımdan yuxarı, daha çox da üzümdə hiss edirəm.
- Ateistəm, ya deyiləm. Fərqi yoxdur. Bunu unutma ki, hər şey təbiətdir. Təbiətdən yüksəkdə heç bir şey yoxdur. O həmişə var olub, bundan sonra da, biz olmayanda da, bizdən sonrakılar olmayanda da olacaq. Bir də bil ki, əsas məsələ enerjidir. İnsan nə enerji ötürürsə, o enerji ona geri dönür. Sən yaxşı olmalısan, yaxşılıq ötürməlisən ki, o yaxşılıq sənə qayıtsın. Bir də inam! Bax bu əsas məsələdir. Nəyə inanırsan, odur!
O danışdıqca içimdə qəribə bir ruh yüksəkliyi duyuram. Elə bil ürəyim indi başqa cür - nə bilim necə - nəsə başqa cür döyünür. Danışır və danışdıqca da düz gözümün içinə baxır. Gözlərimdən ruhumun içinə sirayət edir elə bil, sözləri axır elə bil gözlərimdən vücuduma dolur. Gözlərimi qaçırmaq istəmirəm ondan. Heç istəsəm də, qaçıra bilmərəm. Çəkir məni özünə. Elə bir yüksək enerjiylə çəkir ki, sovruluram. Və bununla daha da çox ona bağlanıram.
- Niyə susursan? Nəsə de də.
Birdən yuxudan yarımçıq ayılıbmış kimi diksinərək ona baxıram. O isə elə sakit, elə təmkinlə baxır. Həmişə onun təmkinindən istəmişəm özümə. Adam bu qədər səbirli və rahat olmağı necə bacarır görəsən?
- Yaxşı. Get. Mənim də bir az işlərim var. Gedib qıza dəymək istəyirəm. Hekayəni axşam vaxt edib oxuyaram. İstəsən sabah gələrsən, müzakirə edərik. Hə, sabah gəl elə. İsti-isti fikirlərimi deyim. Sonra yadımdan çıxır.
- Baş üstə. Gələrəm.
Yarı sevinc, yarı həyəcan içində evdən çıxıram. Yenə də özümü qəribə hiss edirəm. Bu zəhrimar hissin də bir adı yoxdur ki, bilim nədir belə. İti addımlarla gedirəm. Birdən dayanıram. Yadıma düşür ki, onun üçün aldığım dərmanlar o biri cibimdə qalıb, verməmişəm. O da axşam içməlidir. Mən dərmanı verməsəm, ömründə alıb içməz. Yadına belə düşməz ki, çıxmışkən alsın. Ona görə tələsik geri qayıdıram. Elə gəlib evə qaranəfəs çatıram ki, duruxuram. Səsim də boğazımda quruyur. Nə baş verdiyini başa düşə bilmirəm. İçəri otaqdan səsi gəlir. Elə bil kiminləsə dalaşır. Qorxuram səs tonundan. Onu heç vaxt belə görməmişdim. Daha doğrusu, eşitməmişdim. Görəsən, kiminlə dalaşır elə. Diqqətlə qulaq asıram:
- Nə istəyirsən axı? Nə? Nə vaxt bitəcək bu?
Donub qalmışam. Qərarsızam. Bilmirəm içəri keçim, yoxsa qayıdım yavaşca gedim. Heç gəldiyimi bilməsin də. Yenə də səsi gəlir:
- Niyə belə edirsən? Əl çək daha!.. Əl çək!
Daha heç nə düşünmədən özümü içəri atıram. Amma səssiz. Çünki nə baş verdiyini bilmək istəsəm də, məni görəndə əsəbiləşəcəyini düşünürəm. Dayanıb pəncərənin qarşısında. Üzü səmaya baxır və yenə də qeyzlə deyir:
- Niyə belə edirsən axı? Niyə? Mən onu sənin qəzəbindən necə qoruyum? Axı görürəm, qəlbini qırıram. Özüm də əzab çəkirəm. Niyə başa düşmürsən?
Onsuz da nə baş verdiyini anlamayan mən, indi lap qarışıqlığa düşürəm. O bununla nə demək istəyir? Kimi kimdən qoruyur? Nədən qoruyur?
- Söz verirəm, bax sənə söz verirəm! Nəyə deyirsən and içim: inandıqlarıma da, inanmadıqlarıma da! Onu yazmağa qoymayacam! Özüm də yazmayacam! Bax, gör...
Bunu deyir və pəncərənin qırağındakı romanının əlyazmasını cırmağa başlayır. Və bunu elə bil hirs, hikkə, nə bilim, mənfi enerji ilə edir ki, elə bil səhər enerjinin qayıtmasından danışan heç o özü deyildi.
- Gördün! Yazmayacam. O da yazmayacaq! Qoymayacam yazsın! Yazdıqlarına o qədər pis deyəcəm ki, özü bezəcək! Yazmayacaq! Eşidirsən? Bu uşaq da növbəti qurban olmasın! Yalvarıram sənə! Olmasın!
Deyə-deyə romanının səhifələrini dayanmadan, heyifsilənmədən cırır, cırılan kağızlar qağayı kimi uçuşur havada, məhv olur, yerə tökülür.
- O qızı mənə bağışla! Mənə! O biriləri məhv etdiyin kimi, bunu da məhv etmə!
Və sanki indi söhbətin məndən getdiyini anladım. İçəri gəlişimi eşitməsə də, ürəyimin döyüntüsünü eşitməliydi! Amma o necə öz aləminə qapılmışdısa, nə məni görür, nə də ürəyimin döyüntüsünü eşidirdi. Dəhşətdəyəm. Bilmirəm nə edim. O məni qorumağa çalışır, hansısa tanrısından, hansısa inandığından. O biri tələbələrin bədbəxtliyində özünü günahkar bilir. Belə çıxır, məni qorumaq üçün yazmağa qoymur. Yenə də bilmirəm nə edim. Tez mətbəxə keçir stəkanda su gətirirəm. Ona yaxınlaşır, dərmanını, stəkanı uzadıram.
- Dərmanınız qalıb.
Bunu elə sakit, elə təmkinlə deyirəm ki, elə bil onun bütün səbri, təmkini mənə köçüb. O da duruxur. Üzündəki qəzəb, qorxu, hikkə çəkilir. Yumşaq, amma eyni zamanda da narahat tərzdə mənə baxır.
- Sən nə vaxt gəldin?
- İçin. Sizə sözüm var. Mən gedirəm.
- Hara?
Üzümə çaşqınlıq içində baxır. Mən də heç nə olmamış kimi stolunun üstündən hekayəmi götürürəm, cırıb romanın üstünə tökürəm.
- Uşaqlıq arzumun dalınca.
- Nə arzu?
- Piano...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!