Babam rəhmətə gedəndən bir neçə ay sonra anamın yuxusuna girdi. Anam da yuxusunu birinci axar suya, sonra atama danışdı. Gördü ki, ürəyi soyumadı un halvası bişirib yeddi qonşuya payladı. Sonda bir daha atamla məsləhətləşdi.
- A kişi, nə deyirsən, qəbir üstünə gedək, ya yox?
Əslində, özü hər şeyi bilirdi. Amma niyəsə hər dəfə atamdan soruşurdu. Biz tərəfdə bütün analar belə edirdilər. Onlar dəqiq bildikləri şeyləri də kişilərdən soruşmamış etmirdilər. Son sözü yenə atam dedi.
- Hazılaş, gedək.
Adət-ənənəyə əsasən yuxusuna rəhmətə gedən əzizi girən hər kəs mütləq onu ziyarət etməli idi. Yoxsa qəbiristanlığa diri yox, ölü gedərdi.
Atam qapının ağzında siqaretini tüstülədə-tüstülədə "ağız, uşağı qonşuya qoy, özün də bir az tez elə, şər qovuşmamış gedək" - dedi. Anam da "uşağı niyə qapılarda qoyaq e, getsin də bizlə, nə olacaq ki?" - soruşdu. Yəqin ki, "qapılar" sözü atamı tutdu. Siqaretindən bir qullab da alıb "yaxşı, di bir az tez ol" - dedi. Anam tələm-tələsik hazırlaşmağa başladı. Onsuz da yazıq ömür boyu harasa tələsirdi. Atamın deyinməyini nəzərə alsaq, həmişə də gecikirdi.
Günortadan sonra qəbiristanlığa getdik. Anam içəri girər-girməz dil deyib ağlamağa başladı. Mən isə yersiz uşaq qısqanclığı ilə iki daşın arasında fikirləşdim ki, görəsən, mən də ölsəm anam belə ürəkdən ağlayarmı?
Yazıq elə nalə qopardı ki, pis oldum. Oradan uzaqlaşmaq istədim. Atam isə anama təsəlli vermək yerinə, mənə özümü ağıllı aparmağı, qəbirlərin üstünə çıxmamağı tapşırdı. Anam ayağa qalxıb babamın məzarını təmizlədi. Elə incə davranırdı ki, heç babamın sağlığında onun üzünü belə yumamışdı. Bu vaxt başında qəribə papağı, üzündə eybəcər saqqalı olan bir kişi bizə tərəf gəldi. "Allah rəhmət eləsin" - dedi.
Mənə elə gəldi ki, o, bu cümləni sual formasında işlətdi. Çünki atam başını yelləyəndən sonra bilmədiyim dildə bəzən gur, bəzən asta səslə tələm-tələsik nəsə oxudu. Bitirən kimi də atam cibinə on manat basdı. Çox pulgir olduğumdan, ya da atamdan nə vaxt pul istəsəm vermədiyindən, onluğu görən kimi anamdan əminin oxuduğu kitabı bizə neçənci sinifdə keçəcəklərini soruşdum. O da ağzımdan vurub, "kiri, Allaha ağır gedər" - dedi. Allah babaya oxumaq istədiyim kitab, yoxsa qazanmaq istədiyim pul ağır gedər bilmədim, amma kiridim. Anam babamın başdaşını öpə-öpə bir az da ağladı.
Onun ağlamağı ürəyimi sıxırdı. Başımı qatmaq üçün ətrafa göz gəzdirdim. Bizdən xeyli aralıda gözümə bir qəbir sataşdı. O dəqiqə bildim ki, bütün ölülərdən varlıdı. Həm rəngi, həm hündürlüyü, həm də üstündəki gülləri ilə digərlərindən seçilirdi. Acgözlüyümdənmi, yoxsa uşaqlığımdanmı bilmədim, amma dərhal düşündüm ki, görəsən, mən də ölsəm, elə qəbrim olar? Sonra əlimi uzadaraq "ana, o qəbir kimindir?" - dedim.
Deməz olaydım.
Ağzımdan söz çıxan kimi aləm dəydi bir-birinə. Atam hədsiz dərəcədə əsəbiləşib, "sənə dedim axı uşağı qəbiristanlığa gətirmə" - dedi. Yazıq anam kor-peşman mənə tərəf döndü. Mən də nə olub bitdiyindən xəbərsiz, sual dolu baxışlarla ona baxdım. Anam əsə-əsə bir əli ilə qolumdan tutub, o biri əlinin şəhadət barmağı ilə tənbeh etdi ki, bir də heç vaxt qəbirlərə əl uzatmayım.
Mən də bir az qorxmuş, bir az da küskün halda niyəsini soruşdum. "Adam əlini qəbirlərə uzatmaz, yoxsa qəbirdəki onu yanına aparar" - dedi. Dəhşət içində ağlamağa başladım. Mən artıq əlimi uzatmışdım.
Pəh, yazı yaza bilməyən uşaq əli ölüm fərmanı imzaladı.
Maraqlı idi. Ölümün nə demək olduğunu bilməsəm də, ölməkdən qorxdum. Amma bir tərəfdən sevindim ki, ən yaxşı qəbirin, ən varlı ölünün yanında olacam. Bəlkə də ondan pul istəsəm, atam kimi xəsislik etməz, nə qədər lazım olsa verərdi. Bir tərəfdən də özümə təsəlli verdim ki, onsuz da cənnətə düşəcəm.
Qonşumuzun mən yaşda oğlu öləndə atam demişdi ki, Allah baba uşaqları cənnətə aparır. Sonra birdən yenə dəhşətli qorxu içində ağlamağa başladım. Yadıma düşdü ki, dünən gecə anamdan gizlin dırnaqlarımı tutub, bu azmış kimi qayçının ağzını da açıq saxlamışam. Çünki anam ikisinə də "olmaz" demişdi. Mən də etsəm nə olacaq deyə, qəsdən iki günahı birdən işləmişdim. Bu da axırı...
Allah baba məni cəhənnəmə aparacaq. Ağlamağa, ağladıqca da qışqırmağa başladım. O əsnada kimsə məni görsə, uşaqlarına "bax, adam babasın belə sevər" deyərdi. Evə gəldik, qəbiristanlıq yadıma düşdükcə yenə ağladım.
Bir müddət sonra ağlamağımın səbəbini axtarmağa başladılar. Heç kim məndən heç nə soruşmadı. Müxtəlif versiyalar irəli sürüldü. Anama elə gəldi ki, mənə göz dəyib. Bu gün qəbir üstünə gedəndə hanısısa sonsuz arvad mənə yaman baxıbmış. Atam da öz növbəsində düşündü ki, bütün baş verənlərin günahkarı anamdır. Axı uşağın çöldə nə işi var ki, ona göz də dəyə. Anam həm atamı, həm məni, həm də özünü sakitləşdirmək üçün "dərd verən Allah dərmanın da verər" - deyib, mətbəxə keçdi.
Mən isə yenə uşaq ağlımla, dərman olanın niyə dərd verdiyini düşünməyə başladım. Bu arada anam Allah babanın göndərdiyi dərmanı - yeməyə tökdüyü duzu başıma hərlədi, sonra onu ocağa atdı, ocaqda duz çırtladıqca hiss elədim ki, arvad xeyli rahatlaşdı. Lakin hər zamankı kimi işini yarımçıq qoymaq istəmədi, son olaraq bir topa üzərlik yandırdı.
Vəssalam, bununla da göz yaşım qurumasa da, mənə dəyən bütün gözlər çıxacaqdı. Beləcə, borcunu layiqincə yerinə yetirən anam yatmağa getdi. Mən isə həmən gecə qorxumdan gözümü belə qırpmadım. Elə bildim ki, yatan kimi öləcəm.
Özümə söz verdim ki, ölsəm, hər gün anamın yuxusuna girəcəm. O da halva bişirəcək, qonum-qonşuya paylayacaq, atamla məsləhətləşib, balaca qardaşımı qonşuda qoyub, məni görməyə gələcək. Üzümü-gözümü siləcək, məni nə qədər çox sevdiyini deyəcək. Babamın qəbri üstündə tökdüyü göz yaşından mənim də məzarıma axıdacaq, atam isə anama təsəlli verəcək, səs-küyü eşidən o qəribə papaqlı kişi də haradansa peyda olub, tələm-tələsik nəsə mızıldanacaq, sonra atamdan on manat alıb yoxa çıxacaq. Heç bir saat çəkməmiş hamı ev-eşiyinə dönəcək və növbəti yuxuya kimi məni orada tək qoyacaq.
Bir gecənin içində ölümdən qorxan uşaqdan, öldürməkdən qorxan qocaya çevrildim.
Səhərə yaxın idi. Nə qədər müqavimət göstərsəm də, yuxu məni aparırdı. Son dəfə gözlərimi açdım, tavana baxa-baxa Allaha vəsiyyət elədim ki, əgər ölsəm, mənə elə yaraşıqlı məzar qoymasınlar. Hansısa uşaq bilmədən əlini uzatmasın, mən də onu öz yanıma gətirməyim.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!