İştirak edirlər: Əyalət qəzetinin şöbə müdiri və qəzetin iki əməkdaşı
Əhvalat qəzet redaksiyalarından birində baş verir. Birinci və ikinci işçi üzbəüz oturub Sabirin şeirlər kitabını gözdən keçirirlər. Bu an şöbə müdiri daxil olur.
Şöbə müdiri - Salam, uşaqlar.
I və II işçi - Salam, salam (əl verib görüşürlər).
Şöbə müdiri - Gəlin, yaxın oturun, yaxşı ki, ikiniz də buradasınız. Sizinlə vacib işim var. Vəziyyət belədir; həftənin cümə günü üçün qəzetimizin xüsusi satira səhifəsi hazırlanacaq. Redaktor bu işi bizim şöbəyə tapşırıb.
I işçi - Bilirik, elə siz gəlməmişdən bir az qabaq bu barədə söhbət edirdik. Yaxşı fikirlərimiz var.
Şöbə müdiri - Buyurun.
II işçi - Mən təklif ediəm ki, bu nömrədə gənc yazıçı və şairlərin əsərləri ilə yanaşı Sabirin bir, yaxud bir neçə şeirini verək. Çünki Sabir bizim poeziyamızda, əstəfürüllah, satiranın Allahıdır. Gənclər ondan çox şey öyrənmiş, hələ də öyrənəcəklər. Axı Sabir həmişə müasirdir.
I işçi - Doğrudur, bu fikirlə tamamilə şərikəm.
Şöbə müdiri - Mən də bu fikirlə razıyam. Sabir müasirdir deyəndə ilk növbədə onun bu gün də əhəmiyyətini itirməyən şeirlərini nəzərdə tuturam. Ona görə elə bir şeir seçək ki, çox tutarlı olsun, dövrümüzün tələbinə cavab versin. Onda biz Sabiri düzgün təbliğ etməklə yanaşı, həm də qəzetimizin hörmətini artırarıq.
I və II işçi - Düzdür, düzdür.
Şöbə müdiri - (İkinci işçiyə) Yaxşı, siz hansı şeiri təklif edirsiniz?
II işçi - Onun nə fərqi var ki... Sabirin istənilən satirik şeirini vermək olar.
I işçi - (Kitabı əlinə götürüb açaraq) Məsələn, bax elə bu şeiri.
Oğlumuz, ay Xansənəm, bir yekə pələvan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
Durmuş idim küçədə, bir də gördüm, haman,
Ağrısını aldığım Feyzi gəlir lap piyan,
Çatacaq vurub bir qoca saili qusdurdu qan.
Gözlərinə döndüyüm sanki bir aslan imiş!
Bəxtəvər olsun başın, bəxtimiz oğlan imiş!
II işçi - Dayan, dayan. Bir saxla görüm, Əşşi, sən nə edirsən? Bilmirsən bizim hər sözümüzdən fil düzəldirlər. Yaxş, bəs sənin xəbərin yoxdur ki, yoldaş Əbdülkərimovun oğlu dünən öz maşını ilə gələrkən qəzaya uğrayıb, bir balaca maşının əzib? Təqsir özündə olmasına baxmayaraq, 40 ilin sürücüsünü, ağsaqqal kişini qanına bələyib. İndi biz bu şeiri versək, kişinin üzünə necə baxarıq? Yox, gəl bu başqa bir şeir seçək.
Şöbə müdiri - (kitabı ondan alır).
(Kitabı oxuya-oxuya birdən) Yox, yox... Necə ola bilər bu bəndi görməyəsən. Bura bax, gör nə yazır:
Sat, var-yoxunu, advokata
ver neçə xələt,
Puç ol hələ - həlbət.
Bunu versək, gərək hakimə, vəkilə işimiz düşəndə, əlimiz qoynumuzda oturaq. Al, bax gör başqa nə şeir taparsan.
I işçi - Tapdım, tapdım. Bax, bu şeiri gəl verək. Kim nə bilir ki, kimə deyirik. Hamısı elə biləcək ona yox, onunla qonşu idarədə işləyənə deyirik. Özü də bir gör necə səslənir:
Adəmi adəm eyləyən paradır,
Parasız adamın üzü qaradır.
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun,
Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun,
Adəmi adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
II işçi - Sən də şeir tapdın da...
Elə burda deyiblər; ayda-ildə bir namaz, onu da şeytan qoymaz.
Şöbə müdiri - Bura bax, nə namaz, nə şeytan... Məşədi İbad demişkən, mən "Tarixi-Nadir" kitabını yarıyacan oxumuşam, amma sənin danışdığından bir şey başa düşmədim.
II işçi - Mən düz bir ildir evimi təmir etdirmək istəyirəm. Güc-bəla ilə "remkontoranın" müdirilə dil tapa bilmişəm. İndi birdən bu şeiri versək, evimin təmiri qalar qiyamətə.
Şöbə müdiri - Yaxşı, bu şeirdən "remkontoranın" müdirinə nə dəxli var?
II işçi - Necə yəni nə dəxli var? Orada yəni elə bir söz var ki, ona dəxli olmasın? Bura bax! (Şeiri misra-misra oxuyub təhlil edir).
Qoy nə əslin, nəcabətin olsun,
Nə nəcibanə halətin olsun.
Yəni, biz o kişinin diplomsuz olduğunu, iş bacarmadığını üzünə vururuq. Hələ bir dalısına qulaq as.
Baş-ayaq eyb içində olsan da -
Tək bu aləmdə dövlətin olsun,
Adəmi-adəm eyləyən paradır,
Parasız adəmin üzü qaradır.
Hamı bilir ki, o xaraba idarə də, müdir də, eyb içində itib-batır. Hamı bilir ki, o kişi həmişə var-dövlətinə, puluna güvənir. Belə bir yerdə, elə bir şeir çap etdirmək o deməkdir ki, sabah uşaqlar da onun dalınca düşüb o şeiri oxuyacaq.
Şöbə müdiri - Yaxşı fərz edək ki, sənin sözlərin düzdür. Axı biz jurnalistik. Öz şəxsi işimizin xatirinə hər şeyi qurban verə bilmərik.
II işçi - Necə, necə... Məgər sən ağır çəkidə ağır cayılsan, biz yüngül çəkidə, yüngül cayıl? Sən özün...
I işçi - (İkinci işçinin sözünü kəsərək, şöbə müdirinə)
Düzdür, düzdür. Həkimlər Hipokrat andını içib həmişə, harda, nə vəziyyətdə olmalarına baxmayaraq xəstələrə kömək etməyi qarşılarına məqsəd qoyduğu kimi, biz də cəmiyyətdəki çatışmazlıqlara qarşı həmişə vəziyyətdən asılı olmayaraq mübarizə etməliyik. Hətta bu yolda şəxsi mənafeyimizi də unutmalıyıq. Amma bir halda ki, biz başqa bir şeir verə bilərik, daha nə üçün mübahisə edirik. Bax, elə bu şeiri verək.
Cəhd eylə, sən ancaq nəzəri-xalqda
pal ol, məxluqu inandır,
Xasiyyətin od olsa da,
ətvarda xak ol, sək aləmi yandır...
Xalqın nəzərin...
Şöbə müdiri - (Təşvişlə ətrafa boylanaraq) Sakit, sakit, asta. Sən nə edirsən? Elə şeiri heç belə yerdə bərkdən oxuyarlar? Nə oxuduğundan heç xəbərin var? O şeirdən ötrü redaktor məni burdan elə itirər ki. Görmürsən, şeirdə təsvir olunan tip lap elə o kişidir. Fikrin nədir? Öz qəzetində kişinin özünü tənqid edək?! Ver görüm o kitabı, bu dəqiqə özüm bir yaxşı şeir taparam (Kitabı alıb vərəqləyir).
Bax, tapdım, şeiri belə taparlar. Qulaq asın:
Dindirir əsr bizi, dinməyiriz,
Açılan toplara diksinməyiriz.
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ avtomobil minməyiriz,
Quş kimi göydə uçar yerdəkilər,
Bizi gömdü yerə minbərdəkilər.
II işçi - Bu şeirdən xoşum gəldi. Amma minbər məsələsi heç məni açmır. Axı, minbərdə dayanan dedikdə, nə isə yuxarıda duranlar nəzərdə canlanır. Birdən rayon rəhbərləri elə bilərlər ki, biz onları nəzərdə tuturuq. Niyə başımızı ağrıdaq. Gəlin başqa şeir seçək.
Şöbə müdiri - Yəni bu boyda kitabdan bir dənə şeir tapa bilməyəcəyik? (kitabı açır). Bəlkə bunu verək? (Şeiri oxuyur)
Kim nə deyər bizdə olan qeyrətə?!
Qeyrətimiz bəllidir hər millətə!
Biz qoca qafqazlı igid ərlərik,
Cümlə hünərməndlərik, nərlərik
İş görcək yerdə söz əzbərlərik,
Aşiqiq ancaq quru boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
II işçi - Necə? (Kitabı alıb axırıncı sətirləri oxuyur)
İş görcək yerdə söz əzbərlərik,
Aşiqiq ancaq quru, boş söhbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
Hələ bir dalısına qulaq asın.
Çırmanırıq keçməyə çay gəlməmiş,
Başlayırıq qızmağa yay gəlməmiş,
Söz veririk indi - bir ay gəlməmiş
Asta qaçıb dürtülürük xəlbətə,
Kim nə deyər bizdə olan qeyrətə?!
(İstehza ilə) hə, nə deyirəm, verək də. Sonra görək belə şeirin dalında kim duracaq.
(Yenə istehza ilə)
"İş görcək yerdə söz əzbərlərik"
"Başlayırıq qızmağa yay gəlməmiş!
Heç bilirsiniz bu sözlərin bir ucu kimə gedib çatır. Rayspolkomun sədri yoldaş Əhmədova. Axı, o, həmişə kürsülərdən böyük vədlər verir. Neçə ildir ki, söz verir ki, mədəniyyət evi tikdirəcək. Amma sözünü yerinə yetirmir. İşi bərkə düşəndə dürtülür xəlbətə. Nə deyirəm, verək də. Amma onda görək sabahdan bu qəzetdə işləməyək...
Şöbə müdiri - Yaxşı, yaxşı! Nağıl açma görüm. Heç mənim yadımda Əhmədov yoxdu. Əslində mənim kişiyə səndən də çox hörmətim var. İndi başqa bir şeir taparıq. Özü də lap məzəlilisindən. Tapdım, gör necə gülməli şeirdir.
Ata
Küçədə tullan, ey oğul,
sənətin olmur, olmasın!
Sənətə, dərsə, məktəbə
rəğbətin olmur, olmasın!
Oğul
Kəsbinə getməyə, ata,
fürsətin olmur, olmasın!
Gündə bir arvad al, boşa,
qüdrətin olmur, olmasın!
I işçi - Yox, yox! Bu ki, lap yoldaş Ağayevdir. Axı onun oğlunu bu yaxınlarda institutdan qovublar. Özü də arvadını atıb, bu yaxınlarda 20 yaşında bir qızla evlənib. İndi özünüz bilin! Məndən deməkdir. Verirsiniz, verin.
Şöbə müdiri - Ağayev ki, ticarət şöbəsinin müdiridir. Onda bizə nə var ki? Daha ticarət şöbəsini də tənqid etməyib, hansı idarəni tənqid edəcəyik?
I işçi - Mən sözümü dedim də...
Camaatın üstünü unlu görüb adını dəyirmançı qoyursunuz. Bəs bilmirsiniz onun arxası kimə bağlıdır?
II işçi - Vallah, düz deyir. Niyə başımızı ağrıdaq.
Şöbə müdiri - (hirsli) Yaşxı, səhərdən deyirdik ki, Sabir müasir şairdir. Bəs, hanı müasirliyi. Bir dənə şeirini tapmırıq ki, verək. Alın kitabı özünüz seçin. Daha mənim bu kitabla işim yoxdur.
I işçi - Hirslənməyin, hirslənməyin. Bu dəqiqə əla bir şeir seçərik. (Kitabı vərəqləyir) Bax... bax...
Bunu "Bura say" (Şeiri oxumaq istəyir)
Şöbə müdiri - (Var-gəl edə-edə daha da hirsli) Tapdın da! Necə yəni bura say.
I işçi - Onda bax, bu şeiri.
Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
Oxumaqdan payımız yox, yazıdan qismətimiz
Bu avamlıqda belə bir sözü təfsir edərik,
Mümkün olduqca...
Şöbə müdiri - (Bir qədər də hirsli onun sözünü kəsir) Bura bax, axırda deyəsən özümüz öz karikaturamızı qəzetimizdə verib aləmə yayacığıq. Bu nə həngamədir? (İstehza ilə)
Bir bölük boşboğazlıq, heyvərəlik adətimiz,
Nə bilim nə, nə, nə...
Görmürsən ki, bu, biz özümüzük. Bizim redaksiyadır?!
II işçi - Mən nə bilim. Şeirdir, rast gəldi oxudum. Daha həngamə neçin?
(Bayaqdan bəri sakit oturub fikirləşən birinci işçi qəflətən onların sözünü kəsir).
I işçi - Tapdım, tapdım. Sakit olun. (Ayağa durur). Orta məktəbdə oxuyanda keçmişik. (Öz-özünə) Əla... əla...
Şöbə müdiri və II işçi - Nəyi, nəyi?!..
I işçi (Sevincək əzbərdən şeiri deməyə başlayır).
Oğul mənimdir əgər, oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
Gərçi bu bədbəxt özü elmə həvəskardır,
Kəsbi-kamal etməyə səyi dəxi vardır.
Məncə bu işlər bütün işveyi-küffardır,
Hamı birdən: Dinə zərərdir-zərər,
oxutmuram, əl çəkin!
Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin!
I işçi - Gördünüz, tapdım. Mən bilirdim elə şey olmaz ki, biz Sabirin bir dənə də olsa lazımlı şeirini tapmayaq.
II işçi - Bax, bu lap yaxşı oldu. Bu şeiri versək heç kəs inciməz. Axı indi onsuz da hamı uşağını məktəbə qoyur. Özü də o vaxt uşaq məktəbə getmək istəyəndə döyürdülər. İndi isə əksinə, uşaq məktəbə getməyəndə danlayırlar...
Şöbə müdiri - Mən bilirdim ki, Sabir müasir şairdir. Onun şeirləri heç vaxt köhnəlməyəcək.
Hamı birdən - Sabiri təbliğ etmək bizim müqəddəs vəzifəmizdir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!