Ruhumun Vətəni - Hekayə. Həmayil ƏHMƏDQIZI

 

Tədbirin vaxtının dəyişdirilməsi Coşqun Dəryanın ürəyincə oldu. Ən çox sevdiyi "Nəğməli səhər" verilişinə rahatca baxa biləcək. Saat səkkizə on dəqiqə qalırdı. Verilişin başlanmasına az qalmışdı. Divanda yerini rahatlayıb, televizoru yandırdı. Hava haqqında məlumat qurtaran kimi otağa qəribə bir musiqi sədası yayıldı. Arxasınca ifa, sözlər, səhnə hərəkətləri. Coşqun Dərya musiqini dinlədikcə içərisində sanki nəsə sınıb-tökülürdü. Deməli, bayağı şeir, musiqi bu verilişə də ayaq açdı. Aparıcı qızın üzünə saxta gülüş yayıldı, ifanın təsiri ilə yırğalanmağa başladı. Musiqinin nə atası bəlli idi, nə anası. Ərəb, fars, hind musiqisinin müəyyən hissələrini bir-birinə calağından ibarət qəribə bir musiqi idi. Azərbaycan musiqisinin ladından əsər-əlamət yox idi. Əsəbləşib öz-özünə deyinməyə başladı: "Belə də iş olar, efir bəyəm toydur, necə istəyirsən iki yüz, üç yüz nəfər üçün oxuyub, oynayasan? Efir dünyaya bir pəncərədir. Musiqimizi bu pəncərə vasitəsilə dünyaya təqdim edirik. Belə olmaz, belə olmaz. Əlaqədar təşkilatlar mütləq bir tədbir görməlidir".

Musiqi bitdi. Aparıcı qız yırğalanmasını dayandırıb, mahnının sözlərinin və bəstəsinin ifaçıya aid olduğunu bildirdi. Əhsən! Sözlərini də yazır, musiqisini də bəstələyir, oxuyur, oynayır. Mən belə musiqilərə dingrək musiqi deyirəm. Səni dingildədər, yırğalayar, oynadar, ancaq mənəviyyatına təsir edib, ruhuna hopub, ruhunda yaşaya bilməz, düşündürüb daşındıra bilməz. Coşqun müəllim qeyri-ixtiyari: - Allah sizə rəhmət etsin, Tofiq müəllim, Cahangir müəllim, Səid müəllim, yaxşı ki, efirdən belə "bəstəkarların" musiqisini eşitmədiniz, eşitsəydiniz, bəstəkarlıqdan həmişəlik üz döndərərdiniz. Əvvəllər mahnının sözləri, musiqisi təhlil və müzakirədən sonra efirə buraxılardı. İstedadı olan, sənətlə ciddi məşğul olan hər kəs işinə məsuliyyətlə yanaşar, öhdəsindən gələ bilməyənlər tezliklə sıradan çıxardı. Sıra seyrək olardı. Kimin kim olduğunu, kimin qabında nə olduğunu hamı yaxşı bilərdi. İndi yerindən duran şeir yazır, mahnı bəstələyir. Sıra elə sıxlaşıb ki, kimin kim olduğunu bilmək mümkün deyil. Coşqun Dərya sevə-sevə baxdığı verilişdən sanki küsdü. Dilxor olub televizoru söndürdü. Sıxıldı. Əynini dəyişib evdən çıxmaq istəyərkən Lalə xanım təəccüblə:

- Belə tez hara gedirsən? Tədbiriniz on ikidə deyil?

- On ikidədir. Nə isə ürəyim birdən-birə sıxıldı. Tədbir başlanana kimi bulvarda gəzərəm.

Lalə xanımın yadına nə düşdüsə, sevinən kimi oldu: - Lap yaxşı, sən gələnə kimi evin təmizlik işlərini görüb qurtararam.

Coşqun müəllim evdən çıxan kimi Lalə xanım qollarını çırmalayıb, iki əl də satın alaraq, tez işlərini əri gələnə kimi görüb qurtarmağa çalışdı. İşlərini qurtarmağa az qalmışdı ki, qapının zəngi çalındı. Bir anlıq yerində duruxub qaldı, bu kim ola bilər? Coşqunun tədbiri saat üçdə qurtarmalıdır. Öz-özünə: - Görəsən, kimdi? İşini yarımçıq qoyub, əllərini yuyub qapını açdı. Qarşısında ərini qoltuğu kitabla dolu görüb, həm də işini tamamlaya bilmədiyi üçün cin atına mindi, ərinin evə daxil olmasına belə imkan verməyib, kandardaca gözlərini yumub, ağzını açdı: - Ay evi tikilmiş, bu darısqal evə özümüz güclə sığışırıq, hər gələndə xalxın cızma-qarasını qoltuğuna vurub, hara gətirirsən? Bura bəyəm kitab mağazasıdır?

- Bir imkan ver, evə keçim, sonra sözünü de. Bildiyini də danışırsan, bilmədiyini də, bəyəm mən gətirirdim? Güclə qoltuğuma verdilər. Necə edəydim, yerə ataydım?

- Onlar haradan biliblər ki, sən tədbirdə olacaqsan, belə tədbirli gəliblər?

- Elə mən də ona məəttəl qalmışam, haradan biliblər?

Əllərində üç-dörd kitab vardı. Hərəsindən bir kitab götürdüm. Nə edəydim?

- Heç nə, onda nə durmusan, get qalanlarını da gətir. Yaxşı deyil, sonra səndən inciyərlər. Coşqun müəllimin onsuz da səhərdən əhvalı pozulmuşdu, üstəlik, bu kitab söz-söhbəti əhvalını daha da pozdu. Rəngi qızarmağa başladı. Lalə xanım birdən bir həftə öncə həkimin ərinə dediyi sözləri xatırladı: - Çalış, əsəbləşmə, stresdən uzaq ol, şəkərin, təzyiqin ən qəddar düşməni onlardır. Lalə xanım söhbəti kəsib, elektrik samovarını cərəyana qoşdu. Daxilində bir narahatlıq yarandı. Tez dünəndən büküb hazırladığı yarpaq dolmasını soyuducudan çıxarıb, qaz sobasının üzərinə qoydu. Bir fincan çay süzüb, ərini səslədi: - Gəl, çayını iç. Beş-on dəqiqəyə xörək də hazır olar.

Coşqun müəllim çayından bir-iki qurtum içəndən sonra sanki ürəyini boşaltmaq üçün məqam axtarırdı: - Ay başına dönüm, hamı işini-peşəsini atıb şeir yazır, mahnı bəstələyir. O istedadı gərək Allah verə, sən də yazasan, Allah verməyibsə, güclə Moşu kimi qafiyə düzəltməklə şair olmur. Əvvəllər şairləri, bəstəkarları barmaqla sayardıq. İçərisində bir-iki Moşu olardı. İndi moşuların içərisindən əsl şairlər tapmaq olmur. Hansı kitabı açırsan, içərisində mənasız, çeynənmiş söz yığımından başqa bir şey görmürsən. İndi gəl sən o şeirdən ilhamlanıb musiqi yaz, görüm necə yazırsan.

Lalə xanım ərini sakitləşdirməyə çalışırdı: - Gəl, yeməyini ye. Yazırlar, yazsınlar. Onsuz da xalq yaxşını pisdən gözəl seçir.

- Onlar imkan verir ki, xalq o yaxşıları görə bilsin? Pərpətöyün toxumu kimi efirləri bürüyüblər. Son vaxtlar mən bir şeyə də məəttəl qalmışam. Əvvəllər vəzifəli, imkanlı kişilərin qadınları qaş-daşa, geyim-kecimə maraq göstərərdi. İndi şöhrət eşqinə düşüblər. Kimi alim olmaq istəyir, kimi şair, kimisi də nə bilim nə.

- Bax, bunu çox düz deyirsən, odur ey, xalam qızı güc-bəla ilə institutu qurtardı. Sonra da alim olmaq eşqinə düşdü. Keçən ay müdafiə edib elmlər doktoru oldu.

- Sən sənətlə elmi qarışdırma. Elm fədailərini qoyaq bir kənara, elmə müxtəlif yollarla gələnlərin "elmi işləri" ağzı örtülü qazandır, bu qazanda nə bişdiyini, necə bişdiyini bir qrup insandan başqa kimsə bilmir. O qazanların ağzı qapalı bir küncə atılıb qalır. Şeir, musiqi sənətdir, xalq üçün yazılmış sənət. Yaxşı şeir, musiqi zamana yol yoldaşı olur. Xalqın hafizəsində əbədi yaşayır.

- Ay kişi, sən nə çox dərinə getdin. Dedim, deməz olum. Xörək hazırdı, gəl, yeməyini ye. Sənin, mənim deməyimlə hər şey düzəlsə, elə hey gecə-gündüz danışarıq.

Coşqun müəllim könülsüz süfrə arxasına keçdi. Yeməkdən bir-iki tikə götürüb, boşqabı kənara itələdi. Süfrədən qalxıb pəncərənin qarşısına keçdi. Küçədəki qaynar həyata, insanlara baxıb özünü danlamağa başladı:

- Altı aydan çoxdur, pianonun dilləri susub. Dilləndirə bilmirəm. Belə getsə, deyəsən, musiqi ilə vidalaşmalı olacağam.

Bu fikir ürəyində bir sızıltı yaratdı. Kövrəldi. "Axı, musiqi mənim həyatımdır. Onsuz necə yaşayaram?". Varlığını bir qorxu hissi bürüdü. Tez pianonun arxasına keçdi. Birdən ona elə gəldi ki, ürəyi sinəsində, əlləri pianonun dilləri üzərində donub qaldı: "Axı, mənə nə oldu".

Elə düşündü ki, əsas səbəb onun könül tellərinə toxuna biləcək şeirin olmamasıdır. Ancaq tez də bu fikrindən daşındı: - Yox, yox, bu, səbəb ola bilməz. Bəyəm həmişə şeirdən ilham alıb musiqi yazmışam? İstədiyim zamanda, istədiyim məkanda musiqi könül qapımı "mən gəldim" deyə döyəcləməyibmi? İndi məndən niyə üz döndərib? Coşqun müəllim bir yerdə qərar tuta bilmirdi, sanki ona çox əziz olan itirdiyi qiymətli itkisini axtarırdı, vurnuxurdu, ancaq tapa bilmirdi. Könülsüz gətirdiyi kitablardan birini alıb vərəqləməyə başladı. Bu zaman cib telefonu zəng çaldı. Tanımadığı nömrə idi.

- Alo.

- Bağışlayın, Coşqun Dəryadır?

- Bəli.

- Salam, Coşqun müəllim, necəsiz?

- Salam, sağ olun, yaxşıyam.

- Coşqun müəllim, sizinlə görüşmək istəyirəm, əgər vaxtınız varsa?

- Bağışlayın, kiminlə danışıram? Nə məsələ barədə?

- Şairə Afət Günəşlidi. - Sonra gülərək: - Şairin bəstəkarla nə işi ola bilər? Coşqun müəllim, açığı, istəyirəm sizinlə iş birliyim olsun. Vaxtınız varsa, bu gün görüşərdik?

- Çox gözəl, məmnuniyyətlə. Buyurun, mən evdəyəm, istədiyiniz vaxt gələ bilərsiniz, ünvanım...

- Zəhmət çəkməyin, ünvanınızı bilirəm. Bir saata sizdəyəm.

Coşqun müəllimin qəlbində ümid qığılcımı közərdi: - İnşallah, Afət xanımın şeirləri susan könlümü dilə gətirər.

Lalə xanım yarımçıq qalan işlərini qurtarıb dəhlizdəki güzgünü silirdi. Bu zaman qapının zəngi çalındı. Qapını açdı. Qapıdan bir az aralı cavan bir oğlan əlində böyük gül səbəti tutmuşdu. Yanında da bir xanım. Lalə xanım çaşqın-çaşqın onların üzünə baxanda Xanım tez:

- Bağışlayın, Coşqun Dərya bu mənzildə yaşayır?

Coşqun müəllim adını eşidən kimi yerindən qalxıb bayır qapısına yaxınlaşdı və üzünü xanıma tutaraq: - Səhv etmirəmsə, Afət xanımsınız? Xanım gülərək:

- Bəli, bəli, özüdür ki, var.

- Buyurun, buyurun.

Mənzil darısqal, üstəlik, hər tərəf kitabla dolu olduğu üçün oğlan gül səbətini əlindən qoymağa yer tapa bilmirdi. Coşqun müəllim elə düşünürdü ev darısqal filan deyil, gül səbəti həddindən artıq böyükdür. Özünü saxlaya bilməyib:

- Afət xanım, xəcalət verdiniz, buna ehtiyac yox idi.

- Coşqun müəllim, nə xəcalət, siz bundan da artığına layiqsiz. Xəcalətli düşməniniz olsun.

Oğlan birtəhər yazı masasının üstündə yer edib gül səbətini üzərinə qoydu. Sonra Afət xanımdan icazə istəyib çıxdı. Coşqun müəllim üzünü Afət xanıma tutaraq:

- Buyurun, istədiyiniz yerdə əyləşin.

Təşəkkür edirəm, - deyib Afət xanım divanda əyləşdi. Ancaq söhbətə necə başlayacağını düşünə-düşünə qalmışdı. Birdən:

- Coşqun müəllim, əvvəla onu bildirim ki, mən sizin musiqilərinizin vurğunuyam. İstəyirəm, bu gündən sizinlə birgə yaradıcılıq fəaliyyətinə başlayaq.

Sonra gülərək, - şeir məndən, musiqisi sizdən. Coşqun müəllim ürəyində sevinən kimi oldu: "İnşallah, Afət xanımın şeirləri altı aydı susan pianonun dillərini açar. İlhamımı özümə qaytarar".

- Nə deyirəm, çox gözəl. Ancaq çox təəssüf ki, bu günəcən sizin şeirlərinizlə tanış olmamışam.

- Nə əcəb, Coşqun müəllim, ədəbi mühitdə məni yaxşı tanıyırlar. Mətbuatda Ayxan Dəmirli, Murad Dağlı kimi sənətkarlarımız mənim yaradıcılığım haqqında yüksək fikir söyləyib. Özüm haqqımda bir məlumatı da bildirim ki, poeziya ilə yanaşı, elmi işlə də məşğul oluram. Elmlər doktoruyam.

- Çox gözəl. Əhsən! Sizi ürəkdən alqışlayıram. Ailə, sənət, elm - hər üçünün öhdəsindən gəlmək, heç birini axsatmadan uğur qazanmaq, mən deyərdim, qadın üçün əsl qəhrəmanlıqdır.

Coşqun müəllimin bu xoş sözlərindən sonra Afət xanımın özündə bir əminlik yarandı. Havalı-havalı çantasını açıb, içərisindən iki şeir kitabı çıxarıb masanın üzərinə qoydu. Lalə xanım tez çay süfrəsi açdı. İki fincan çay süzüb, süfrəyə gətirdi:

- Xahiş edirəm, çayınızı soyutmayın. Söhbətinizi sonra davam etdirərsiniz.

- Çox sağ olun, zəhmət çəkmisiniz.

- Nə zəhmət, nuş olsun.

Coşqun müəllim çayından bir qurtum içib, kitablardan birini götürüb vərəqləməyə başladı. Hər şeirdən bir-iki misra oxuyub, kənara qoydu. Sonra ikinci kitabı da eynilə nəzərdən keçirdi. Coşqun müəllim misraların içərisində axtardığını tapa bilmədiyi üçün xəyal qırıqlığına uğradı. Nə danışacağını və söyləyəcəyini belə bilmirdi. Afət xanımın nəzərləri Coşqun müəllimin üz ifadəsinə ilişib qalmışdı.

Açıq-aydın hiss etdi ki, şeirləri, deyəsən, Coşqun müəllimin ürəyincə olmadı. Ancaq qəti qərarı idi, necə olur-olsun, Coşqun müəllim onun şeirlərinə mahnı yazmalıdır. Nə çoxdu bəstəkar, özləri yalvarır. Ancaq Afət xanım şeirlərinə mahnını Coşqun müəllimin bəstələməsini istəyirdi. Coşqun müəllim öz-özlüyündə düşünürdü:

- Bu necə şeirdir, əgər şeir demək mümkünsə, necə nəşr olunub, necə yüksək fikir söylənib?

Afət xanım quşu gözündən vururdu. Coşqun müəllimin üz ifadəsində hər şeyi aydınca hiss edərək üzr istəyib, kənara çəkilərək kiməsə zəng vurdu, xısın-xısın:

- Alo, eşidirsən, deyəsən, yazmaq istəmir. Bəlkə, telefonu verim sən özün danışasan?

- Afət, əlimdə təcili işlərim var, bir dəqiqə də vaxtım yoxdur, sonra.

- Yox, yox, müəllim. İnan, bu səndən axırıncı xahişimdir, - cavab gözləmədən, ucadan, - telefonu Coşqun müəllimə verirəm.

Tez telefonu Coşqun müəllimə uzadaraq, - Coşqun müəllim, yoldaşım sizinlə danışmaq istəyir. Coşqun müəllim telefonu alıb:

- Alo.

- Salam, Coşqun müəllim, necəsiz?

- Salam, çox sağ olun, yaxşıyam.

- Coşqun müəllim, sizinlə danışan Aslan Şəmsizadədir. Mümkünsə, mənim və yoldaşımın xahişini nəzərə alın. Əvvəlcədən təşəkkürümü bildirirəm. Bu günlərdə gərgin iş rejimində çalışırıq. Sağlıq olsun, yaxın günlərdə görüşərik.

- Sağ olun, sağ olun.

Telefon danışığından sonra Coşqun müəllimin varlığını onu narahat edən bir hiss bürüdü.

- Nədən? Axı, Şəmsizadənin xahişində, sözlərində məni narahat edəcək elə bir şey yox idi? Düzdü, yox idi. Ancaq səsinin tonunda qəribə bir amirlik, bir mesaj vardı. Əsla xahişə uymayan bir mesaj.

Onu narahat edən məhz o mesaj idi.

Coşqun müəllimin üz ifadəsindəki dəyişikliyi görən Afət xanım, nəhayət, daxilən rahatlandı. Ayağa durub:

- Coşqun müəllim, artıq mən gedim, əlavə vaxtınızı almayım. İnşallah, görüşərik.

Coşqun müəllim nə özündə idi, nə sözündə. Sanki kimsə onun yerinə:

- Görüşərik.

Afət xanım sağollaşıb getdi. Getdi. Ancaq gəlişi ilə sanki Coşqun müəllimin çiyinlərinə ağır bir yük qoyub getdi. Coşqun müəllim nə özünü toparlaya bilirdi, nə beynini. Yenidən Afət xanımın kitablarını vərəqləməyə başladı. Dilxor olub kitabları masanın üzərinə atdı.

- Yox, yox, mən belə şeirlərə mahnı yaza bilmərəm. Kim xahiş edir etsin.

Ayağa durub otaqda var-gəl etməyə başladı:

- Necə edim?

Lalə xanım işlərini bitirib, kənardan ərinin hərəkətlərini izləyirdi. Olanları təxmin edirdi. Ancaq ərindən bir söz soruşmurdu. Qorxurdu, tərs bir kəlmə söyləsə, onun əsəblərini daha da gərginləşdirər.

- Sən atanın goru, hər şeyi qoy bir kənara, gəl çayını iç, üç dəfə təzələmişəm. Soyutma. Allah kərimdir, bir çözüm tapılar. Lalə xanımın bu kəlməsi Coşqun müəllimin əsəblərini daha da tarıma çəkdi:

- Necə tapılacaq, göydən Afət xanım üçün şeir düşəcək, yoxsa sən yazacaqsan?

Lalə xanım ərini sakitləşdirməyə çalışsa da, onu daha da əsəbləşdirirdi. Susdu. Ancaq sən yazacaqsan kəlməsi ona nəsə söylədi:

- Coşqun, ürəyimə damıb, səni bu şeir bəlasından mən yox, Heyran xanım qurtaracaq.

Coşqun müəllim Lalə xanımın sözlərinə əhəmiyyət verməyib bir-birinə qarışan dolaşıq fikirlər burulğanında çabalayırdı. Lalə xanım isə birnəfəsə:

- Heyran xanım Selcanın sinif yoldaşının anasıdır. Qızı Selcanın xatirə dəftərinə anasının bir şeirini yazmışdı. O qədər xoşuma gəldi ki, şeir sanki başdan-başa musiqiyə bürünüb.

Lalə xanımın axırıncı cümləsini eşidər-eşitməz, Coşqun müəllim əsəbi:

- Bunu bilmirdim, sən haradan bilirsən, şeirin musiqiyə bürünməsini?

- Necə yəni, otuz ildir bu qulaqlarımın eşitdiyi şeirdir, musiqidir. Gərək, kar olasan ki, eşitməyəsən, bilməyəsən. Arvadının bu cavabından Coşqun müəllim sakitləşən kimi oldu. Yaxşı, o şairə kimdir? Nəçidir? Mən tanıyıram?

- Yox, tanımırsan, mənə beş dəqiqə vaxt ver, sonra sənə Heyran xanım haqqında ətraflı məlumat verərəm. Lalə xanım telefonu götürüb yataq otağına keçdi. Heyran xanıma zəng edib hal-əhval tutandan sonra Selcandan ona bir şeir göndərəcəyini, əl gəzdirməsini xahiş etdi.

- Lalə xanım, siz nə danışırsınız, mən nə bilirəm şeir yazmaq nə, şeirə əl gəzdirmək nə. Sadəcə, ürəyim dolanda kəlmələrə tökürəm.

- Heyran xanım, mən bir şey bilməsəm, bunu sizdən xahiş etmərəm. Təkrar sizdən xahiş edirəm, sözümü yerə salmayın. Bir bilsəniz, bizə necə yaxşılıq etmiş olarsınız...

Lalə xanım cavab gözləmədən telefonu məşğula atdı. Tez Afət xanımın şeirlərindən birini seçib, Selcanla Heyran xanıma göndərdi. Sonra ərinin yanına gəlib:

- Heyran xanım atamın ellisidir. Cəlaloğludandır. Ermənilər atamgili 48-də, Heyran xanımgili 88-də qovublar. Bizimlə üzbəüz yataqxananın binasında yaşayır. Aramızda bir doğmalıq, bir yaxınlıq yaranıb. Bəlkə, bu doğmalıq atamın ellisi olduğundandır. Atamdan eşitdiyim sözləri eynilə Heyran xanım da söyləyir. Rəhmətlik atam deyərdi: "El-obamız cənnətməkan idi. İki göz istəyirdi tamaşasına dursun. Cəlaloğlu meşənin ətəyində, dağların qoynunda, buz bulaqlı əvəzsiz bir diyar idi. Təbiət ona iki fəslini yaşadırdı. Altı ay yaşıl, altı ay ağ donunu geydirərdi". Atam xüsusən, isti aylara dözə bilməzdi. Deyərdi: "Nə olaydı, quş olub, uçub gedib, Cəlaloğlunun buz bulağından doyunca su içib gələydim". Kövrələrdi. Gözünü bir yumub, min tökərdi. Dil tökərdik, yalvarardıq:

 

- Yad yerdə deyilsən, vətəndəsən, övladlarının yanındasan, onda bu bayatını deyərdi:

 

"Əzizinəm, gedir hey,

Uçub gedir, gedir hey,

Ruhum vətənin istər,

Burda durmur, gedir hey".

Yazıq kişi Cəlaloğlu deyə-deyə, el-oba deyə-deyə dünyasını dəyişdi. Atamdan eşitdiyim eyni sözlər bu gün Heyran xanımın dilinin əzbəridir. Bilmirəm, mən görməmişəm, o eldə, obada nə hikmət varmış ki, oradan didərgin düşənlər-istər yaşlısı, istər cavanı olsun, o gözəllik diyarını unuda bilmir. Yazıq Heyran xanım, o gün bir söz dedi, məni də ağlatdı: "Nə olaydı, bir dəfə Cəlaloğlunun əyrim-qeyrum yolu ilə qalxıb uzaqdan da olsa, dağlarımıza, meşələrimizə, göz yaşı kimi, dodağı zümzüməli çaylarımıza el-obamıza doyunca baxaydım. Heç dərdim olmazdı".

- Bəs indi Heyran xanım nə işlə məşğuldur?

- Yaşıllaşdırma idarəsində çalışır.

- Nə?

Coşqun müəllim "nə" sözünü elə yüksək fonda dedi ki, Lalə xanım dik atıldı.

- Aydın məsələdir. Hamı yazırsa, o niyə yazmasın? Getsin, işi ilə məşğul olsun, şəhəri yaşıllaşdırsın, gözəlləşdirsin, nə bilim, nə istəyir eləsin. Şeirlə işi olmasın.

Lalə xanım ərinə nə isə demək istəyirdi ki, Selcan təngnəfəs otağa daxil olub anasının verdiyi vərəqi özünə qaytardı. Lalə xanım tez vərəqi açıb, Heyran xanımın şeirin nöqtə, vergülünə toxunmadığını görüb pərt oldu. Selcan çantasından iki qatlanmış ikinci vərəqi çıxarıb anasına uzatdı. Lalə xanım tez vərəqi açdı. İri hərflərlə yazılmış "Ruhumun Vətəni" sözləri gözlərinə sataşan kimi sanki bu iki kəlmə ruhunu varlığından söküb aldı. Bu kəlmələr ona çox şeyləri söylədi, çox şeyləri xatırlatdı. Kövrəldi, gözləri doldu. Özünü toparlayıb şeiri ucadan oxumağa başladı. Oxuduqca şeir onu görmədiyi sehrli bir aləmə aparırdı. Şeir Coşqun müəllimin varlığına hakim kəsilib beynində möhtəşəm bir musiqi səslənirdi. Coşqun müəllim bu musiqi səsindən başqa heç nə eşitmirdi. Tez pianonun arxasına keçdi. Otağı ecazkar musiqi səsi bürüdü. Coşqun müəllim şeiri dodaqaltı zümzümə etdikcə pianonun dilindən süzülən melodiya, hər kəlməsindən, hər misrasından musiqi süzülən şeiri ağuşuna alırdı. Sanki illərdir bir-birinə həsrət qalan iki sevgili, iki məşuq kimi musiqi ilə şeir bir-birinə qovuşurdu. Coşqun müəllim sövqlə, yorulmadan təkrar-təkrar hey çalırdı. Altı aydır ondan üz döndərən ilham pərisi ona dönmüşdü. Birdən əllərini pianonun dillərindən ayırmadan üzünü onun qədər sevinən Lalə xanıma tutub:

- Bax, altı aydır gözlədiyim bu imiş.

İlahi, bu üç bənd şeirdə nələr vardı. Gözəllik, ayrılıq, dərd, kədər, mübarizə, nəhayət, vüsal. Bu üç bənd şeir sanki bir dastan idi.

Coşqun müəllim çalışırdı ki, bu möhtəşəm əsərin haqqını verən bir musiqi bəstələsin. Bu səbəbdən də müxtəlif muğamların ladından istifadə edən əvəzolunmaz bir musiqi əsəri bəstələdi. Bu əsərin ifaçısı da Coşqun müəllim üçün artıq bəlli idi. Bu ifaçı Beynəlxalq Muğam Yarışmasının qalibi Səma xanım idi. Bu əsərdə həm zərb muğamlarından, həm də segahın ladından istifadə etmişdi. Səma xanımın zərb muğamlarını oxuyacaq güclü səsi, segahı oxuyan ürəyi var. Ancaq nədənsə, efirlərdə çox az görünür. O qədər güllər peyda olub ki, reyhanlar arada itib, tapa bilmirik. Birdən Coşqun müəllim Lalə xanıma dönüb:

- Bax, budur, insanın qəlbinə toxunub, onu ilhama gətirən sənət əsəri.

Lalə xanım tərəddüd etsə də, fürsətdən istifadə edib: - Afət xanıma zəng vur. Mahnını gəlib aparsın.

Coşqun müəllim sanki yuxuda idi, birdən ayıldı. Sən nə danışırsan, necə yəni Afət xanım mahnını aparsın? Mahnının sözləri Afət xanımındır?

- Bilirəm, axı, Afət xanımın yoldaşına söz vermisən.

- Mən söz-filan verməmişəm. Məndən xahiş etdi, mən elə şeirlərə (əgər şeir demək mümkünsə) əsla mahnı yazmaram. Mahnını Heyran xanımın sözlərinə yazmışam. Buna Afət xanımın özü razı olmaz.

- Lap yaxşı, olmaz da olmaz. Tutaq ki, qəbul etdi. Bir şeirlə nə Afət xanım məşhurlaşandır, nə Heyran istedadını itirən. Yaxşı deyil, o boyda vəzifə sahibi sənə ağız açıb.

- Mən başa düşə bilmirəm, Şəmsizadənin arvadı mütləq şair olmalıdır, şeiriyyatdan xəbəri olmayan şeirinə mahnı yazılmalıdır? Şeirlə, sənətlə işi olmasın. Elmlə məşğul olur, neyləyir, özü bilər.

Başqa vaxt olsaydı, Lalə xanım ərini qətiyyən razılığa gətirə bilməzdi. Bilirdi ki, bu an onun əlləri çalmasa da, beyni mahnını çalır. Bu şən əhval-ruhiyyəsini pozmayıb, onunla razılaşacaq. Elə də oldu.

- Yaxşı, telefonumu gətir, onsuz da, sən istədiyini almayınca əl çəkən deyilsən. Coşqun müəllim istəməsə də, Afət xanıma zəng vurub mahnının hazır olduğunu bildirdi. Elə o andaca daxilində sanki bir üsyan baş qaldırdı: "Sən nə edirsən? Sən nə edirsən?". Daxilindəki səsə cavab verirmiş kimi:

- Bu an heç özüm də bilmirəm, nə edirəm?

On beş dəqiqə keçməmiş Afət xanım Coşqun müəllimgildə idi. Mahnını dinlədikcə sevincindən yerə-göyə sığmırdı. Tez mahnını telefonuna köçürüb, Coşqun müəllimə sonsuz təşəkkürünü bildirib çıxmaq istərkən, Coşqun müəllim Afət xanıma təkrar xatırlatdı:

- Mahnını Səma xanımın səs tembrinə uyğun yazmışam. Ondan başqası oxusa mahnının haqqını verə bilməyəcək.

- Arxayın olun, Coşqun müəllim, - gülərək, - Səmanı axtarıb-tapıb yerə endirmək mənim boynuma.

Coşqun müəllim mahnını Afət xanıma verəndən sonra, varlığını bürüyən sevinc, şən əhval-ruhiyyə birdən-birə tarımar oldu:

- Nə etdim?

Özünü cinayətkar həkim kimi hiss etdi. Ölü körpəni diriylə dəyişdirən həkim kimi. Lalə xanımı isə bir sual düşündürürdü: "Afət xanım ona aid olmayan mahnını necə qəbul etdi?" Bilirdi ki, bu an ərini də düşündürən bu sualdır. Ancaq Coşqun müəllimi təkcə o sual yox, həm də varlığında baş qaldıran, onu ittiham edən "Sən neylədin, sən neylədin?" sualı idi, cavab verə bilmirdi.

Günlər keçir, daxilindəki bu səs yorulub gücdən düşmüşdü. Artıq onu ittiham etmirdi. Zaman öz axarı ilə axır gedir, günləri bir-bir yola salırdı. Bir gün...

Mədəniyyət Nazirliyindən zəng vurub, sarayda keçiriləcək mahnı və şeir müsabiqəsinin qalibləri üçün tədbirdə iştirak etmək üçün Coşqun müəllimi xüsusi dəvət edib, iştirak etməsini xahiş edib, istədiyi sayda dəvətnamə göndərəcəklərini bildirdilər.

Lalə xanım tez nə isə fikirləşib:

- Coşqun, nə yaxşı oldu. Bu tədbirə Heyran xanımı da apararıq.

Coşqun müəllim xəcalətli:

- Nə yaxşı düşünmüsən. Bu tədbir Heyran xanım üçün maraqlı olar.

Lalə xanım çətinliklə də olsa, Heyran xanımı tədbirə getməsi üçün razı saldı.

Onlar saraya daxil olanda Üzeyir Hacıbəyovun "Koroğlu" uvertürasının ecazkar musiqisi salonu ağuşuna almışdı. Musiqi bitdi. Coşqun müəllim öz-özünə: "İnanmıram ikinci belə möhtəşəm musiqi əsəri yaransın, insanın varlığına belə güclü təsir edə bilsin. Hər kəs özündə dağı-dağ üstə qoyacaq güc hiss edirdi".

Aparıcı qız tədbir iştirakçılarını salamlayıb, tədbirdə iştirak etdiklərinə görə öz adından, münsiflər heyəti adından təşəkkürünü bildirdi. Əvvəlcə laureat adına layiq olanların, sonra ikinci və üçüncü yerin qaliblərinin şeirləri oxundu, mahnıları ifa edildi. Bir-birini əvəz edən əsl sənət nümunələri iştirakçıları sanki sehrləmişdi. Hər kəsin ruhunda, mənəviyyatında bir rahatlıq, hüzur vardı. Sanki indi dərk edirdilər ki, insan maddi varlıq olduğu kimi, həm də mənəvi varlıqdır.

Nəhayət, aparıcı qız tədbir iştirakçılarını intizarda saxlaya-saxlaya iki dəfə:

- Birinci yer, birinci yer, həm şeir, həm də musiqi. "Ruhumun Vətəni".

Salonu ecazkar musiqi səsi bürüdü. Səma xanımın möhtəşəm səsi musiqiyə qovuşaraq tamaşaçıların birbaşa ruhuna, qəlbinə hopurdu. Salonu alqış səsi bürümüşdü. Mahnının adı elan olunan kimi Heyran xanımı qəribə bir hiss bürüdü. Bu ad ona doğma idi. Ancaq bu doğmalığa tam əmin deyildi. Mahnı ifa olunanda Heyran xanım sevinərək qeyri-ixtiyari ayağa durdu:

- Bu mənim sözlərimdir, mənim sözlərimdir. Sevinc göz yaşları yanağına süzüldü. Ətrafındakılar ani olaraq ona dönüb baxsalar da, musiqinin təsirindən bir şey anlamayaraq yenidən nəzərlərini səhnəyə yönəltdilər. Heyran xanım az da olsa, şöhrət şərbətini daddı. Elə sevinirdi ki, bilmirdi, sevincini kiminlə bölüşsün. Gah donmuş vəziyyətdə bir-birinin üzünə baxan Coşqun müəllimlə, Lalə xanıma, gah da onun sözlərini mahnıya çevirib oxuyan Səma xanıma baxırdı. Heyran xanım nələr olub-bitdiyini dərk edə bilmirdi. Bircə onu bilirdi, oxunan mahnının sözləri ürəyinin sevinci, dərdi, kədəri, harayı idi. Musiqi bitdi. Münsiflər heyətinin sədri səhnəyə qalxıb, bu möhtəşəm əsərin müəlliflərinə - Afət Günəşliyə, Coşqun Dəryaya Azərbaycan musiqi mədəniyyətinə əvəzsiz sənət əsəri bəxş etdikləri üçün hər iki müəllifə münsiflər heyəti adından dərin təşəkkürünü bildirdi. Möhtəşəm ifaya görə də Səma xanıma ayrıca təşəkkürünü bildirdi. Sonra aparıcı qız:

- Afət Günəşli, Coşqun Dərya, hər iki sənətkarımız səhnəyə buyursun.

Afət xanım şəstlə, özündən razı səhnəyə qalxdı. Səhnəni gül-çiçək dəstələri, salonu alqış səsi bürüdü. Heyran xanımın sevinc göz yaşları yanaqlarında donub qalmışdı. Çaşqın-çaşqın gah şöhrət qanadlarında, göylərdə süzən Afət xanıma, gah da oturacağa sərilən, rəngi get-gedə saralan, ağır nəfəs alan Coşqun müəllimə baxırdı. Aparıcı qız: - Coşqun Dərya, Coşqun Dərya.

Lalə xanım, - həkim, həkim, - deyirdi. Heyran xanım gözləri qarşısında olanları görsə də, nə anlayırdı, nə dərk edirdi. Bircə ona əmin idi ki, mahnının sözləri onun idi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!