Bizim rayonumuz Araz çayının yaxınlığındadı. Çay həm də İranla sərhəd funksiyasını daşıyır. Rayonumuz 23 avqust 1993-cü il tarixində erməni separatçıları və Ermənistan dövlətinin aktiv iştirakı ilə işğal edildi. Vəhşi ermənilər bizə rayondan heç bir əmlak götürməyə imkan vermədilər. Var-dövlətimiz vəhşilərin əlinə qaldı. Biz canımızı birtəhər qurtarmaq üçün bəzilərimiz qaçqın düşdük, bəziləri isə özlərini vəhşilərdən xilas etmək üçün Araz çayına atıb İran ərazisinə keçməyə cəhd etdilər.
Qonşumuz Dünyaverdi dayının ailəsi çayı keçmək üçün özlərini suya atdılar. Onların təzə gəlini ağır ayaqlı idi. O, çayda çox pis vəziyyətə düşdü. Hamı dua edirdi ki, Allah eləsin o gəlin çaydan çıxsın, çünki o, ikicanlı idi. Amma əri Sakit nə qədər cəhd etmişdisə onu xilas edə bilməmişdi. Özü də onları xilas etmək istəyərkən suda boğulmuşdu. Belə ailələrin sayı rayonda az deyildi. Ermənilər azərbaycanlılara qarşı son dərəcə amansız rəftar edir, əllərinə keçən mülki şəxslərə işgəncələr verirdi. Qarşılarına çıxan imkansız adamları balta ilə qətlə yetirir, meyitlərini yolun kənarında olan kol-kosa atıb gedirdilər.
Əmim oğlu Qaçay polis şöbəsində zabit idi. O, çox bacarıqlı, rayonda böyük hörmətə malik, hamıya yeri düşəndə yardım göstərən, torpaqlarımızın və əhalinin təhlükəsizliyinin qorunmasında əlindən gələni əsirgəmirdi. Ermənilər onu çox izləyirdilər. Bir gün bir neçə polis əməkdaşını mühasirəyə salıb tutmuşdular.
Onlardan Cəbrayıl torpaqlarının ermənilərə məxsus olmasını demələrini tələb etmişdilər, onlara olmazın zülüm vermişdilər. Buna baxmayaraq, Qaçay və onun iş yoldaşları, hamısı bir nəfər kimi Cəbrayılın Azərbaycanın torpağı olmasını dəfələrlə təkrar etmişdilər. Dediklərinin üstündə qəti dayandıqlarını görən ermənilər onların əl-qollarını bağlayıb ağızlarını torpaqla doldurub qətlə yetirmişdilər. "Bu da sizin torpağınız". Bu hadisəni bütün rayon əhalisi bilirdi. Ermənilərin vəhşiliyindən ürək ağrısı ilə danışırdılar. Ermənilər Cəbrayıl əhalisini qorxutmaq üçün bütün iyrənc yollara əl atırdılar.
Biz rayondan zorla çıxdıq. Yayın qızmar istisində rayonun əhalisini İmişli rayonundakı 14 kilometr uzunluğunda dəmir yolu relslərinin üzərində yükdaşıyan vaqonlara yerləşdirdilər. Əhali əlacsız vəziyyətdə qalıb yük vaqonlarında, bəzən iki ailə bir vaqonda birtəhər yerləşdilər. Rayon o qədər isti idi ki, vaqonlarda nə gecə, nə gündüz yaşamaq və yatmaq mümkün olmurdu. Əhali kölgəlik olmadığına görə vaqonların altında birtəhər yemək yeyirdilər. Mən onların bu halına dözə bilmirdim. O gözəl rayonumuzdan, gözəl həyətimizdən, evimizdən sonra belə bir çətin vəziyyətdə yaşamağı heç ağlıma da gətirmirdim. Həmişə fikirləşirdim: "Biz bu haqsızlığa nə vaxta qədər dözməliyik?". Belə bir dözülməz vəziyyətdə anam yataq dəstinin içərisinə saman doldurub, döşək, balış düzəldib bizi birtəhər vaqonda saxlayırdı. Belə bir zülmə salındığımız üçün qisas hissi məni heç vaxt boş buraxmırdı. İmişlidə yayın istisinə dözmək olmadığı üçün xeyli adam dünyasını dəyişdi. Dörd qardaş idik. Kiçik qardaşlarımın ikisi vəfat etdi, nənəm isə İmişliyə çatmamış yolda dünyasını dəyişdi. Onu yolun kənarında torpağa tapşırdıq.
Qarabağın bir neçə rayonu qısa müddət ərzində erməni vəhşiləri və terror dövləti olan Ermənistan silahlıları tərəfindən işğal olundu. Adım Xosrov idi. Hamı məni Xosu deyə çağırardı.
Bu hadisədən bir neçə il əvvəl bir erməni qadını bizim kəndə gəlib özünü imkansız biri kimi göstərərək ona köməklik edilməsini xahiş etmişdi. Azərbaycanlılar ona yazıqları gəldiyi üçün maddi kömək göstərmişdilər. Sən demə, həmin qadın paltarının altında belinə çatı bağlayaraq özünü köməksiz biri kimi göstərərək rayonda oğruluqla məşğul olurmuş. Axşamlar isə, yəni şər qarışan zaman otlaq sahəsindən qayıdan mal-qaranı oğurlamaqla məşğul olurmuş. Yolda kimsənin olmadığını hiss edən zaman paltarının altından belinə bağlamış çatını açıb, sahibsiz olan dananın başına bağlayıb apararkən yoldan bir az kənara çıxıb, Ermənistan ərazisinə keçməyə tələsirmiş. Qaranlıq olduğundan 2-3 metr dərinliyində köhnə, istifadəsiz su quyusuna düşərək qıçları sınmış, dana isə onun üstünə yıxılmışdır. Dana çaladan çıxmaq üçün ozünü ora-bura vurduğuna görə qadının üzünə və başına xəsarət yetirmiş, gözünün birini çıxarmışdır. Köməksiz vəziyyətdə qalan qadın zarıya-zarıya qalmışdı. Mal otaran uşaqlardan biri zarıyan qadının səsini eşidib, ora yaxınlaşmış və gözlərinə inanmamışdı. Yoldaşlarını köməyə çağırıb, çox çətinliklə erməni qadını və dananı quyudan çıxarmışdılar. Bu hadisəni rayon əhalisi bilmişdi. Azərbaycanlılar qadına yardım etmiş, humanistlik göstərmiş, onu cəzalandırmağa cəhd etməmiş, əksinə sağaldaraq Ermənistana yola salmışdılar. Azərbaycanlı qadınlar: "Allah ona öz cəzasını verib, onu cəzalandırmağa ehtiyac qalmayıb, artıq o, cəzasını almışdır" - demişdilər.
Xeyli müddət idi dəmir yolu relsləri üzərində 14 kilometr uzunluğunda olan yük vaqonlarında qalmağımız davam edirdi. Bilmirdik necə bu vəziyyətdən qurtaraq. Qaçqın ailələrin demək olar ki, xeyli hissəsi vaqonların içərisində köməksiz vəziyyətdə qalmışdı. Belə bir vəziyyətdə düşünürdüm ki, nə vaxtsa ordumuza yaxından kömək etmək məqsədilə könüllü olaraq orduya getməliyəm. Bir gün rayonumuza Ədliyyə Nazirliyinin məsul işçisi Avropa Şurasının üzvləri ilə bizim yaşadığımız əraziyə gəldi. Əhalinin dözülməz vəziyyətdə olduğunu gördükdə heyrətlərini gizlədə bilmədilər. Vəziyyətimiz son dərəcə ağır idi. Ədliyyə Nazirliyinin məsul işçisi bizə yaxından kömək edəcəyinə söz verdi. Verdiyi sözə müvafiq olaraq qısa müddət ərzində bizi vaqonlardan çıxarıb, çadır şəhərciyində yerləşdirdilər.
2020-ci ilin sentyabr ayında ordumuz hücuma başladı. Bu xəbəri eşidən kimi ailəmizdən xəbərsiz dərhal könüllü olaraq orduya yazıldım. Mənimlə birlikdə orduya yazılanların sayı-hesabı yox idi. Böyük döyüş başladı. Mən də döyüşdə fəal iştirak edirdim. Qısa müddətdə Cəbrayılın torpaqlarını erməni vəhşilərindən azad etdik. Sonra Zəngilan, Füzulidə daha çox çətinliklərlə rastlaşdıq. Ordumuz erməni işğalçılarına qarşı çox vuruşdu, xeyli itkilərimiz oldu. 12 gündən artıq Füzulinin azad olunması uğrunda döyüşdük. Çox çətinliklə Füzuli torpağını da, Zəngilanı da azad etdik. Ən çətin döyüşlər Şuşa şəhəri uğrunda oldu. Şuşanın alınması üçün ordumuzun xüsusi təyinatlı dəstələrinə mən də qoşuldum. Nəhayət, gecə vaxtı şəhərə daxil olduq və qısa müddətdə Şuşanı azad etdik. Erməni işğalçıları məcbur olub Ağdamı, Kəlbəcəri, Laçını könüllü olaraq təhvil verib, məğlub olduqlarını etiraf etdilər. Bu qələbə münasibətilə başqa əsgərlər kimi, mən də dövlətimiz tərəfindən müxtəlif orden və medallarla təltif olundum.
Qələbədən sonra rayonumuzun sakinləri və bütövlükdə Qarabağ əhalisi toy-bayram içərisində idi. Bu qələbə 30 illik işğaldan sonra dünyada görünməmiş və az təsadüf edilən qələbələrdən biridir. Mənim üçün maraqlı hadisələrdən biri də o idi ki, bu müharibədə yerli əhali əsgərlərə yemək çatdırır, onlara köməklik göstərirdi. Xalq-ordu birliyi qələbəmizin özülünü qoydu.
may 2022-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!