Heydər Əliyev xalqımızın yaddaşında - Xeyrəddin QOCA

 

 

Mən adı hamımıza çox əziz olan ümummilli liderimiz, böyük şəxsiyyət, böyük insan, Azərbaycan xalqının əbədiyyətə dönmüş əvəzedilməz oğlu Heydər Əliyev haqqında o, hələ 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçilməmişdən əvvəl eşitmişdim. Lakin nəinki onu tanımırdım, heç şəklini də görməmişdim. Heç demə, Heydər Əliyev o zamanlar Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində məsul vəzifədə çalışırmış. Əlbəttə, onda siyasətdən uzaq sadə bir kənd uşağı idim və təbiidir ki, o böyük siyasətçini tanıya bilməzdim.

Bəs onun haqqında nələr eşidirdim? Camaat arasında deyirdilər ki, Azərbaycanın gələcək rəhbəri olacaq həmin şəxs heç kimə bildirmədən ölkəmizin müxtəlif regionlarına gedir, müsbət və neqativ halları şəxsən görür, aşkarlayır, insanlarımızı, onların yaşayış şəraitini öyrənir... Onun xalq tərəfindən müsbət qarşılanan bu işi haqqında bəzən müxtəlif qəribə əhvalatlar, rəvayətlər də söyləyirdilər. Hiss edirdim ki, yaşadığım rayonda tanıdığım bəzi vəzifəli şəxslərdə məsuliyyət hissi ilə yanaşı, bir az da qorxu hissi yaranır: "Birdən buralara da gələr!..". Amma düzünü deyim ki, indiyədək bu söz-söhbətlərin, əhvalatların, rəvayətlərin doğru olub-olmadığını dəqiq bilmirəm. Sonralar Heydər Əliyevdən məni maraqlandıran çox suallara cavab almışam, təkcə bu sualı ona verməyi unutduğumdan danışılanların həqiqət olub-olmadığını öyrənə bilməmişəm. Amma bir məsəl var, deyirlər: "Xalqın sözü əvvəl-axır düz olur".

Bəli, Heydər Əliyev 1969-cu ilin 14 iyulunda Azərbaycan KP MK-nın birinci katibi seçildi. İyulun 15-də hamı 46 yaşlı cavan rəhbərdən danışırdı. İyirmi gün sonra Azərbaycan KP MK-nın 5 avqust tarixli növbədənkənar plenumunda Heydər Əliyev nəinki sovet Azərbaycanının vətəndaşlarını, bütün ittifaqı şoka salan proqram xarakterli çıxış etdi. Təsəvvürünüzə gətirin, Azərbaycanın rəhbəri ölkədə rüşvətxorluğun tüğyan etdiyini, vəzifəli şəxslərin məsuliyyətsizliklərini, onların qanun pozuntularına yol verdiklərini, cəmiyyətdə sosial ədalətin pozulduğunu, fəhlə və kəndlilərin hüquqlarının lazımınca müdafiə edilmədiyini açıq-aşkar deyirdi. Bu təkcə dünyanın gərdişindən hələ tam müfəssəl baş açmayan mənim kimi 19 yaşlı gənc üçün deyil, yaşlı nəsil üçün də gözlənilməz və heyrətamiz təsir bağışlayırdı. Çünki o günə kimi 49 il ərzində mövcud olan sovet rejimində heç bir rəhbər cəmiyyətdə baş verən neqativ halları, ictimai-sosial prosesləri, rüşvətxor, səriştəsiz məmurların əsl simasını belə aydınlığı ilə ifşa etməmişdi.

Sentyabr ayında dərslərimiz başlayanda auditoriyalarda hamı yeni rəhbərdən danışırdı. Məsələn, rəhbərin gizli şəhəri gəzməsi, mağazalara girməsi, qiymətlərlə maraqlanması... hamıya təəccüblü görünürdü.

Bir tələbə yoldaşımın danışdığı əhvalat isə həmin dövrdə rəhbər qətiyyətinin və ədalətin xofunun mövcudluğunu tam aydınlığı ilə göstərirdi: "Tələbə yoldaşımın mağaza müdiri işləyən əmisi ondan Heydər Əliyevin şəklini istəyirmiş. O da Heydər Əliyevin şəkli olan qəzeti əmisinin yanına aparıb və onun məqsədini soruşub. Mağaza müdiri qardaşı oğluna bir az utancaq formada cavab verib ki, "əşşi, bu yeni birinci katib canımıza vəlvələ salıb. Piştaxta altında nə bir mal saxlaya bilirik, nə də malı baha sata bilirik. Bütün dükanları gəzir, "köhnə bazara təzə nırx qoymaq" istəyir. Onun şəkli mənə ona görə lazımdır ki, tanıyım, birdən buralara da gələr".

Heydər Əliyevi bir müddətdən sonra hamı tanımağa başladı və bu gənc rəhbər uzun onilliklər boyu rüşvətxorluq, vəzifə məsuliyyətsizliyi, sosial ədalətin kobud şəkildə pozulması kimi "bazarlara" nəinki "nırx" qoydu, bu "bazarları" dağıtdı...

70-ci illərin əvvəllərində mətbuatda çalışırdım - Heydər Əliyev və onun fəaliyyəti ilə daha yaxından tanış olmaq imkanım var idi. Heydər Əliyev rayonları gəzirdi. Təsərrüfatlarda olurdu, bütün problemlərlə şəxsən özü maraqlanır və şəxsən özü həll edirdi. Həmin dövrdə fəhləyə, kolxozçuya, bir sözlə, bütün əmək adamlarına zəhmətlərinə görə layiq olduqları qiymətləri verirdi.

Heydər Əliyev cəmiyyətin yeni sosial vicdanını, əxlaqını müəyyənləşdirirdi. O, insanın zəhmətlə ucalmasının mümkün olduğunu minlərlə əmək qəhrəmanının simasında təsdiq etdirirdi. O, cəmiyyətdə haramla halalın konkret sərhədini cızır və halalla haramın nəticəsinin nə olacağını real insan talelərində əks etdirirdi.

70-ci illərdə Azərbaycan nə qazandı? Mən yüzlərlə yeni müəssisənin açılmasını, kəndlərə şəhər siması gətirilməsini, yeni istehsal sahələrinin yaradılmasını, neft, qaz, kimya sektorlarının ittifaqda öncül yerə çıxarılmasını saysız-hesabsız faktlarla xatırlamağa ehtiyac duymuram. Çünki Heydər Əliyevin şəriksiz müəllifi olduğu bu nailiyyətlər hər birimizin gözü qarşısındadır və bugünkü uğurlarımızın da bünövrə daşlarıdır.

Yaradıcı insan kimi məni Heydər Əliyev şəxsiyyətində ən çox cəlb edən xüsusiyyət onun malik olduğu cəsarət, fədakarlıq, qətiyyət, humanizm, mərhəmət, əsl vətəndaş mövqeyi, azərbaycançılıq hissləridir. Altımışıncı illərin sonları indi də yadımdadır. Ağdaşın bir kəndindən Bakıya oxumağa gələn gənc üçün buranın Azərbaycan paytaxtı, yoxsa Rusiyanın hansısa bir vilayəti olduğunu aydınlaşdırmaq çox çətin idi. Çünki insanların çoxu rusca danışırdı. Bu dildə o qədər də yaxşı danışa bilməyən mənim kimi gənclər nəinki küçədə, ictimai yerlərdə, mədəniyyət obyektlərində, hətta, dərs auditoriyalarında belə rişxəndə məruz qalırdıq. Heydər Əliyevin 70-ci illərdə azərbaycanca danışmaqla bağlı öz məmurlarına, elm, sənət, ədəbiyyat xadimlərinə rəsmi göstəriş verməsi, özünün, demək olar ki, bütün tədbirlərdə məhz doğma ana dilində danışması bizim kimi gənclər üçün böyük dəstək, istinadgah idi, ən nəhayət, ürəyimizdən "tikan çıxarırdı".

1978-ci ildə ümummilli liderimiz Azərbaycan dilini dövlət dili kimi Konstitusiyada təsdiq etdirəndə isə artıq hər birimiz rahat nəfəs aldıq: Biz azərbaycanlı olduğumuzu daha gizlətmirdik! Biz öz vətənimizdə, nəhayət ki, öz dilimizdə danışa bilərdik! Biz Azərbaycan dilindən dövlət dili kimi istifadə edə  bilərdik! Bəlkə də indi müstəqilliyimizin 30-cu ildönümü ərəfəsində olan, imzasını millətlərin imzası içərisində ləyaqətlə həkk etdirən Azərbaycan dövlətinin gənc vətəndaşı üçün bu hisslər tam aydın ola bilməz. Ancaq nəzərə almalıyıq ki, Heydər Əliyevin Azərbaycan dilinə, daha doğrusu, Azərbaycan varlığına, mənəviyyatına, ruhuna, milli-mənəvi dəyərlərimizə olan ehtiramının bu təzahürü saxta beynəlmiləlçilik təbliğatının bar-bar bağırdığı bir zamanda baş verirdi.

Heydər Əliyev Azərbaycan ədəbiyyatını "sovet şineli"ndən çıxardı! O, ədəbiyyatımıza Azərbaycan insanının obrazını gətirməyi tövsiyə etdi və buna nail oldu. O, ədəbiyyatımıza milli hisslərlə yanaşı, həm də tarixi ədalətsizliyin ən bariz nümunəsi olan, milli duyğularımızın ən canlı faciəsi kimi yaşanan Cənub mövzusunu gətirməyə müvəffəq oldu. Heydər Əliyev ədəbiyyat xadimlərinə sətiraltı ifadələrlə başa saldı ki, yaradıcılıqlarını bayağı sovet quruculuğu, kolxoz formalaşdırılması, sovet adamının yetişdirilməsi, beynəlmiləlçi təbliğatın aparılması kimi mövzularla məhdudlaşdırmasınlar. Yazıçılar, şairlər sovet insanının faciələrini, problemlərini, kolxoz quruculuğunun nöqsanlarını, beynəlmiləlçi təbliğatın acı nəticələrini öz yaradıcılıqlarında daha aydın əks etdirsinlər - bu idi Heydər Əliyevin ədəbiyyat xadimlərindən əsas umacağı və böyük fədakarlıqlar hesabına yaranmasına nail olduğu əsl Azərbaycan ədəbiyyatı!

Heydər Əliyev harada vardı, orada mütləq haqq-ədalət vardı. Azərbaycanın ən ucqar kəndindən ən xırda məişət probleminə görə rəhbərə müraciət edən kolxozçu bilirdi ki, uzağı bir aydın sonra onun istəyi təmin olunacaqdır. O dövrdə çoxunun "Heydər Əliyev xofu" kimi qiymətləndirdiyi hisslər əslində haqqın xofu, ədalətin təntənəsi idi. Heydər Əliyevin "Literaturnaya qazeta"da çap olunan "Qoy ədalət zəfər çalsın!" adlı müsahibəsində adi faktlar əks olunmamışdı. Heydər Əliyev 5 avqust 1969-cu il plenumunda Azərbaycan cəmiyyətinin əsas nöqsanları kimi müəyyənləşdirdiyi problemləri lokal miqyasdan çıxardaraq bunu sovet cəmiyyətinin kommunist quruluşunun ümumi qəbahəti kimi bəyan edirdi. Heydər Əliyev artıq dünyanın altıda birinə sahiblik edən ittifaqın haqq-ədalət mücahidi deyildi, o, dünyanın altıda birində haqqın, ədalətin bərqərar olunması üçün mücadilə aparan bir kişi idi!

Təsadüfi deyildi ki, artıq uçurum qarşısında olan sovet quruluşuna yeni nəfəs gətirmək, ədalətsizlik məngənəsində çabalayan cəmiyyətdə haqqı bərpa etmək istəyən Yuri Andropov 1982-ci ildə Heydər Əliyevi İttifaq səviyyəsində rəhbər vəzifəyə - Nazirlər Soveti sədrinin birinci müavini postuna gətirdi. Heydər Əliyev yalnız "Kremlə sancılan əzəmətli türk bayrağı" deyildi, o, həm də dünyanın altıda birini yeni sistemlə, təkmil idarəçilik mexanizmləri ilə təzədən formalaşdırmaq istəyən komandanın rəhbərlərindən idi.

Xalqımız öz böyük oğlu ilə daim fəxr edərkən, Heydər Əliyevi nələr gözlədiyi heç kimə məlum deyildi. O zaman həm ermənilər, həm də onlardan geri qalmayan bəzi azərbaycanlılar Moskvaya, Kremlə Heydər Əliyev haqqında böhtan və iftira dolu məktublar göndərirdilər. Heydər Əliyevin Siyasi Büroda olmasını çoxlarının gözü götürmürdü. Ermənilər yaxşı bilirdilər, nə qədər ki, Azərbaycanın böyük oğlu Siyasi Bürodadır, onlar torpaq iddiaları ilə əlaqədar istək və arzularına çata bilməzlər. Odur ki, nə vəchlə olur-olsun, onu vəzifəsindən uzaqlaşdırmaq, ləkələmək istəyirdilər.

Heydər Əliyevə qarşı cılız xislətli adamlar hər cür rəzalət aparırdılar. Bütün qəzetlər, televiziya, radio "aliyevşina" barədə yazırdı, danışırdı. Ancaq bir fakta belə istinad edə bilmirdilər! İttifaqın baş nadanı Azərbaycanın baş təlxəyi ilə birlikdə bütün hüquq-mühafizə orqanlarını, istintaq-əməliyyat işçilərini ayağa qaldırsalar da, bütün sovet aparatı Heydər Əliyevə qarşı kompromat axtarışına çıxsa da, 1964-cü ildən rəhbər vəzifələrdə işləyən bu şəxsiyyət barəsində bir cinayət faktı belə tapa bilmədilər. Bu idi Heydər Əliyev təmizliyi, saflığı, düzgünlüyü!

Nəhayət, Heydər Əliyev Moskvada xəstələndi. Mixail Qorbaçov - Azərbaycan xalqının qəddar düşməni, ermənilərin dostu olan bu adam Heydər Əliyevi vəzifədən uzaqlaşdırdı. Beləliklə, başlanmış iş yarımçıq qaldı. Yuri Andropovun ölümü, bu yazıda adını çəkmək istəmədiyimiz nakəsin hakimiyyətə gəlməsi Heydər Əliyevin missiyasının davamına mane oldu. Bu qüdrət sahibinə qarşı başlanmış Kremdaxili intriqalar, məkrli kampaniyalar Heydər Əliyevin istefa ərizəsi yazması ilə nəticələndi.

Ancaq Heydər Əliyevin "İttifaq əhəmiyyətli fərdi təqaüdçü" statusu bu şəxsin varlığını, siyasi mövcudluğunu unutdurmaq gücündə deyildi. Həmin illərdə rəsmi kabinetlərdən çıxarılan Heydər Əliyevin şəkilləri atılmırdı, sadə vətəndaşların evlərində ən layiqli yerlərdən asılırdı, demək olar ki, bütün sürücülərin maşınlarının kabinələrinə vurulurdu. Bu idi Heydər Əliyevə millətinin münasibəti! Xalq Heydər Əliyevi heç vaxt unutmurdu! 1988-ci ildə baş verən məlum hadisələrdən sonra isə bu böyük azərbaycanlını hamı axtarmağa başladı. Çünki nicat onda idi.

Həmin dövrdə bir qrup ziyalı ilə bərabər Azərbaycanda Heydər Əliyevin hüquqlarının müdafiəsi ilə məşğul idik. Mən bu işin həm də mətbuat üzrə ədaqələndiricisi sayılırdım. Hər gün onlarca məktub alırdıq. Bütün məktublar istinasız olaraq sadə vətəndaşlar - kolxozçular, fəhlələr, təqaüdçülər tərəfindən göndərilirdi. Biz həm Heydər Əliyev kimi böyük qüdrət sahibini müdafiə etməkdən qürur duyur, həm də yüz minlərlə həmvətənimizin dəstəyindən mənəvi rahatlıq tapırdıq.

Heydər Əliyevin işığına toplaşanlar, onun böyüklüyünü, dahiliyini çəkinmədən, qorxmadan etiraf edənlər sırasında vəzifəli şəxslər yox idi. Bəli, Heydər Əliyev yalnız sadə vətəndaşların dəstəyinə güvənirdi, onun bu korrupsiyalaşmış, xalqın mənafeyinə zidd fəaliyyət göstərən məmurlarla heç bir siyasi-mənəvi bağlılığı yox idi. Heydər Əliyev həmişə olduğu kimi, yenə də xalqın adamı idi, xalq da Heydər Əliyevin xalqı idi.

1990-cı il yanvarın 20-də Azərbaycanda qanlı cinayət baş verdi. Bakı şəhərinə sovet ordusunun, SSRİ Daxili İşlər Nazirliyinin böyük kontingenti yeridilərək dinc əhalini qırdılar. Heydər Əliyev buna dözmədi, heç nədən, heç kimdən qorxmadan Azərbaycan Respublikasının Moskvadakı daimi nümayəndəliyinə gələrək mətbuat konfransı keçirdi. Heydər Əliyev sovet rəhbərliyinin bu hərəkətinin antihumanist, Konstitusiyaya zidd hərəkət olduğunu bildirdi və Qorbaçovun hərəkətini pislədi. Heydər Əliyev Azərbaycan xalqına başsağlığı teleqramı vurdu. Həmin teleqram belə yazılmışdı:

 

"Azərbaycan KP MK-ya, Ali Sovetə, Nazirlər Sovetinə, Azərbaycan xalqına!

 

Bakı şəhərinə sovet ordusu hissələrinin yeridilməsi ilə əlaqədar xalqımızın başına gətirilən faciədən, əhalinin qırılmasından böyük ürək ağrısı ilə xəbər tutdum. Bu matəm günündə həlak olanların ailələrinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

Mən bu düşünülmüş aksiyanı pisləyir, onu antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm. Bu ağır gündə sizi həmrəyliyə və birliyə çağırıram.

Mənim teleqramımın respublika mətbuatında dərc olunmasını, radio və televiziya ilə verilməsini, matəm mitinqində oxunmasını xahiş edirəm.

 

Heydər Əliyev,

Moskva 21 yanvar 1990-cı il".

 

Bu teleqramın Azərbaycanın heç bir mətbuat orqanında dərc olunmasına və efirdə səslənməsinə imkan verilmədi. Bəli, Azərbaycanın o vaxtkı rəhbərliyi bu teleqramı xalqdan gizlətdi. Qeyd edim ki, Heydər Əliyevin teleqramını ilk dəfə mən baş redaktoru olduğum "Dan ulduzu" qəzetində dərc etdim.

Moskvada Azərbaycan nümayəndəliyində çıxışından sonra Heydər Əliyevə daha güclü hücumlar başlandı. Düz on gün sonra "Pravda" qəzetində ona qarşı böhtan, iftira, cəfəngiyyat və hər cür uydurmalarla dolu "Əliyevçilik, yaxud "xoş əyyamlar"ın xiffəti" adlı məqalə çap olundu. Heydər Əliyev qeyd edirdi ki, "bu vaxt mən başa düşdüm ki, bir halda ki, mübarizə lazımdır, deməli, mübarizə aparmalıyam...".

Yeri gəlmişkən qeyd edim ki, Heydər Əliyevi işdən uzaqlaşdırandan sonra Moskvadakı Beynəlxalq Münasibətlər İnstitutunu bitirən, həmin institutun aspiranturasını qurtarıb namizədlik dissertasiyasını müdafiə edən və orada dərs deyən oğlu İlham Əliyevi də, Şərqşünaslıq İnstitutunu bitirən, ərəbşünas, elmlər namizədi, həmin institutda işləyən qızı Sevil xanımı da işdən uzaqlaşdırdılar.

Moskvada böyük sıxıntı çəkən təqaüdçü Heydər Əliyevin vətənə dönməkdən başqa əlacı qalmamışdı.

1990-cı ilin 20 iyulunda Heydər Əliyev Moskvadan Azərbaycana qayıtmağa müvəffəq oldu. Görkəmli dövlət xadimi Heydər Əliyevin Bakıya və Naxçıvana gəlişini Azərbaycanın mətbuatı xalqa bildirmədi, yalnız "Komsomolskaya pravda" (24 iyul 1990-cı il) "Aliyev vernulsya?" başlığı altında dərc etdiyi yazıda bu xəbəri oxuculara çatdırırdı.

"Aliyev vernulsya?" başlığındakı suala cavab olaraq o vaxt mətbuatda yazmışdım: "Da, vernulsya i navseqda!".

Heydər Əliyev yenə də öz missiyasında idi - o, xalqın sözünü deyirdi, millətin haqqını tələb edirdi, dövlətin mənafeyini qoruyurdu, Azərbaycanın gələcəyini düşünürdü.

90-cı illərin əvvəllərində Heydər Əliyev 1969-cu ildə olduğu kimi, yenə də qətiyyətli və tədbirli idi, 1982-ci ildə olduğu kimi, yenə də haqq-ədalət mücahidi idi. Ali Sovetin tribunasında sağından komblokun, solundan isə demblokun bağırtılarına baxmayaraq, Azərbaycanın səsini ucaltdı. AXCP-dən olan deputatların belə, ittifaqın saxlanması ilə bağlı güzəştə getdiyi məqamda yalnız Heydər Əliyev müstəqilliyin tərəfdarı kimi çıxış edirdi. Artıq o, yüz minlərlə insanın xilaskar timsallı rəhbəri idi.

Heydər Əliyevin özünün etirazlarına baxmayaraq, nəhayət ki, Naxçıvan MR Ali Məclisinə rəhbərlik etməyə razılıq verdi. Böyük fəlakətlərin girdabında olan bu kiçik məkana nicat, yaşamaq ümidi gətirən Heydər Əliyev Naxçıvanı erməni təcavüzündən, iqtisadi səfalətdən qurtardı. Bu kiçik ərazidə Azərbaycanın müstəqil dövlətçilik simvollarını - bayrağı, gerbi bərpa etdi, "Sovet Sosialist Respublikası" sözlərini atdı. Yalnız bu cəsarətli addımdan sonra Azərbaycan Milli Məclisi Heydər Əliyevin müəllifi olduğu bu qərarları təsdiq etməyə məcbur oldu.

Azərbaycanın bir parçası olan Naxçıvanı xilas edən Heydər Əliyevə yardım göstərmək əvəzinə, ölkə rəhbərliyi hər cür maneə yaradırdı. 1992-ci il oktyabr ayının 24-də AXC-Müsavat iqtidarının siyasi avantürası "Heydər - xalq" vəhdətinin təntənəsi nəticəsində iflasa uğradı.

Xalq Heydər Əliyevdən tələb edirdi ki, o qurtuluş missiyasını, siyasi fəaliyyətini Naxçıvan miqyası ilə məhdudlaşdırmasın. Belə bir ziddiyyətli ictimai-siyasi proseslərin gərdişində Azərbaycanın bütün bölgələrindən gəlmiş insanların iştirakı ilə Heydər Əliyev partiyası - Yeni Azərbaycan Partiyası təsis edildi. Heydər Əliyevin liderliyi ilə bu partiya Azərbaycanda ilk dəfə olaraq sağlam əsaslarla, xalqın mənafeyinə uyğun fəaliyyət göstərən təşkilat oldu.

Növbədə bütün Azərbaycanın xilası dayanırdı. 1993-cü ilin 15 iyununda Azərbaycan tarixinin Heydər Əliyevin müəllifliyi ilə qurtuluş mərhələsi başlandı. Ötən on bir il bir daha sübut etdi ki, xalq bu böyük oğluna, əbədiyaşar liderinə inanmaqda, tapınmaqda səhv etməyib.

Heydər Əliyev Azərbaycanı bütün sahələr üzrə inkişaf etdirdi, sivil dünyanın ayrılmaz parçasına çevirdi. Azərbaycana demokratiya, siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah gətirdi, insanlara təhlükəsiz həyat bəxş etdi. Ən nəhayət, Azərbaycan durduqca hakim mövqedə dayanacaq Heydər Əliyev siyasi kürsünü yaratdı! O, Azərbaycanın yalnız bu gününü düşünmədi, nailiyyətlərimizin sabahını, dövlətimizin gələcəyini müəyyənləşdirdi. Azərbaycan xalqını "Heydər Əliyevsizlik dövründə məhv olacağıq" xofundan xilas etdi - ən layiqli varisi olan cənab İlham Əliyevi millətə bəxş etdi. O, Azərbaycana ancaq həyatını yox, oğlunu da bağışladı!

2003-cü il oktyabr ayının 2-də xalqa müraciətində şərəfli missiyasını İlham Əliyevin davam etdirməsi üçün öz millətindən dəstək istəyən Heydər Əliyev "Ona özüm qədər inanıram" fikrini ifadə etdi.

15 oktyabrda seçicilərin mütləq əksəriyyəti Heydər Əliyev siyasi kursuna səs verdi - ümummilli liderin siyasi varisini prezident seçdi. Azərbaycan xalqı bu seçimi ilə bir daha bəyan etdi ki, Heydər Əliyev siyasi kursu daim hakim mövqedə dayanacaqdır!

2003-cü ilin 12 dekabrında Heydər Əliyev bizlərdən cismən ayrıldı. Onun vəfatı da ümummilli aksiyaya - bütün xalqın hüzn gününə çevrildi. Dəfn mərasimində fövqəldövlətlərin rəhbərlərinin, görkəmli ictimai xadimlərin iştirakı bir daha sübut etdi ki, Heydər Əliyev dünyanın ən böyük azərbaycanlısı, həm də dünyanın ən böyük şəxsiyyətlərindən idi.

1969-cu ilin 15 iyulunda Bakı küçələrində hər kəsin yeni rəhbərlə bağlı düşüncələrini ifadə etməsini yada salaraq, ümummilli liderimizin məzarı üstündə onun ruhuna səslənən şükranları dinlədikcə özüm üçün bir daha aydınlaşdırdım ki, Heydər Əliyev mənalı, şərəfli ömür yaşadı və bütün həyatını Azərbaycan dövlətinə, xalqına həsr etdi.

Biz Heydər Əliyevi hər gün yenidən tanıyırıq. Hər yeni uğurumuz, nailiyyətimiz bu böyük insanı daha dərindən dərk etməyimizə əsas verir. Qələbə silsilələrimiz uzandıqca isə hər dəfə Heydər Əliyevi yenidən tanıyacaq, yenidən dərk edəcəyik.

"Zamanı biz yazırıq" - bu fikirlər ümummilli liderimizin xarakterik məziyyətlərini tam ehtiva edir. Heydər Əliyev elə bir şəxsiyyət ucalığında məqam tutmuşdu ki, o, öz fəaliyyətini, həmçinin ölkəsinin və xalqının yaşayışını zamanın tələbləri ilə uyğunlaşdırmırdı, əksinə, zamanın millətinin və dövlətinin maraqlarına tabe etdirirdi. Məhz bu xüsusiyyətlərinə görədir ki, Heydər Əliyevi fövqəlinsan, dünyanın ən böyük azərbaycanlısı kimi tanıyır və qəbul edirik.

Heydər Əliyev xalqımızın yaddaşında əbədi yaşayacaqdır...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!