Altaylardan Uludağa türk dünyasında Bursa vaxtı - Rəsmiyyə RZALI Qarayeva

 

Rəsmiyyə RZALI Qarayeva

"Azərnəşr"in redaktoru

 

Tarixin dəyişiminin başlandığı yer - Osmanlı bəyliyindən cahan dövlətinə çevrilən böyük imperatorluğun ilk paytaxtı Bursa. Antiq Bitinya, Pers, Makedoniya, Roma, Bizans, Anadolu, Səlcuklu və Osmanlı uyqaqlıqlarına ev sahibliyi etmiş və o mədəniyyətləri günümüzə qədər özündə yaşadan şəhər. Hər tərəfi cənnəti xatırladan Bursanın meşə örtüyü Türkiyənin digər bölgələrindən daha çoxdur, Uludağda və ətrafında dünyanın ən nadir ağacları yetişir. Hər daşı, torpağı, tini, döngəsi, kilsəsi, camisi qədim bir dövlətin tarixi, yadigarı, termal suları buynuzlu İskəndərdən bu günə qədər şəfa qaynağıdır. Yorğun şəhər deyil Bursa, yaşamaqdan usanmayıb, keçən hər gün filizlənir, həyata tutunur, canlanır. 2022-ci il başlayandan bu gizəmli şəhər qollarını daha geniş açaraq Türk Dünyasını qoynuna alır. Mart ayı boyu şəhərin bir neçə yerində çadırlar qurulub Novruz şənlikləri keçirildi, tonqallar qalandı, bütün türkdilli ölkələrin musiqi və rəqs qrupları bayram şənliyini canlandırdılar. Anladılması mümkün olmayan o gözəl tabloda Türk Dünyası bir can, bir nəfəs kimi görünürdü. Dünyanın yetərincə topu-tüfəngi, Yer üzünü bir andaca məhv etməyə qadir nüvə silahı var. Ancaq dünya əlcə boyda sevgiyə, barışa, mərhəmətə möhtacdır. Bir məqsədi də var bu sirli şəhərin. Yaxın illərdə dünyanın mədəniyyət paytaxtı olmaq. 

Türk dilində danışan xalqlar və ölkələr arasında dostanə və qardaşlıq əlaqələrini, ortaq türk mədəniyyətini, dilini, sənətini, adət-ənənələrini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) qərarı ilə Bursa 2022-ci il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildi. YUNESKO-nun Yaradıcı Şəhərlər siyahısına da daxil edilən Bursa bu il dünyanı başına toplayacaq kimi görünür  - tarixi ilə, xalq sənəti ilə, qədim mədəniyyəti, gözəl təbiəti və mənəviyyatı ilə insanı içinə çəkən ürəyi ümid qaynağı insanları ilə.

TÜRKSOY ilə yaradılan iş birliyi çərçivəsində Bursa ilboyu Altaylardan Uludağa Türk Dünyası ədəbiyyatçılarının, şair və ozanlarının saz-söz sənətinə, dastan deyişmələrinə, şeir-qəzəl gecələrinə, mədəniyyət və sənət sərgilərinə, türk xalqlarının qadın rəssamlarının bir arada buluşmasına, qədim və müasir türk mədəniyyətinin fotolarda nümayişinə, beynəlxalq kitab fuarlarına, qarşılıqlı muzey sərgilərinə, simpoziumlara, musiqi festivallarına, milli teatrlara, Qorqud Ata Türk Dünyası Film Festivalına, fərqli coğrafiyalarda yaşayan uşaqların milli oyun şənliklərinə, sırf türk gələnəyinə məxsus milli idman növlərinə, at yarışlarına, yağlı güləş, qırqpınar, göçəbə oyunlarına, fərqli türk mətbəx mədəniyyətlərinə ev sahibliyi edəcək. Bundan başqa, türk xalqlarından gətirilən rəmzi ağac əkilməsi kampaniyaları təşkil olunacaq, Bursanın tarixi yerləri bərabərcə ziyarət olunacaq. TÜRKSOY-a görə insanlıqla yaşıd bir tarixin, zəngin mədəniyyətin varisləri olan türk xalqlarının bütün yönləri ilə dünyaya anladılması və dünya mədəniyyətində haqq etdiyi yeri tutmasına ehtiyacı var. Yuxarıda qeyd etdiyimiz kimi, Bursanın hədəfləri növbəti illərdə Avropanın və dünyanın Mədəniyyət paytaxtı olmaqdır.

Böyük Türk Dünyasının 2012-ci ildə Astana ilə çıxdığı bu yolda mədəniyyət paytaxtı bayramı hər il tarixi, təbiəti və turizm imkanları yüksək səviyyədə olan bir türk şəhərində qeyd edilir. "Mədəniyyətlərin buluşma noktası" adını daşıyan Türkiyənin dördüncü böyük şəhəri Bursa bu il Türk Dünyasının Mədəniyyət Paytaxtıdır. Altaylardan Uludağa türk coğrafiyasında Bursa vaxtıdır bu il. Ta qədimdən sənaye və ticarət mərkəzi, tarım və turizm bölgəsi, şəfalı termal suları, əl sənətləri və xalq sənətləri şəhəri Bursanı ziyarət etməyə, milli və modern mədəniyyətlə qucaqlaşmağa tələsin. İl boyu tədbirlər təkcə Bursanın mərkəzində deyil - Osmanlı yadigarı Cumalıkızıkda, Gölyazıda, İznikdə, Trilyedə və başqa turistik yerlərdə də təşkil olunacaq.

 

Uluçinar, Cumalıkızık, İznik, Gölyazı, Trilye

 

Osmanlı dövlətinin böyüməsində və zəfərlər qazanmasında, sonra da Türkiyə Cümhuriyyətinin iqtisadiyyatının, sənayesinin inkişafında Bursanın rolu və mövqeyi birincidir. 1361-ci ildə Ədirnənin fəthindən sonra Osmanlının Rumeli torpaqlarının paytaxtı Ədirnə, Anadolu torpaqlarının paytaxtı Bursa olur. 1453-cü ilə - İstanbulun fəthinə qədər bu statusu davam edir. Odur ki, günün indisində də Bursanın hansı tərəfinə getsən tarixin və mədəniyyətlərin izi ilə qarşılaşacaqsan. İpək və toxuculuq deyəndə dünyada ilk ağıla gələn yerlərdən biri Bursadır. İpəkçilik və toxuculuq tarixi 1600 illik tarixi əhatə edən şəhər sonralar Osmanlının ipək və toxuculuq paytaxtı olmuşdur.

Yeddi əsrdir qaya kimi dimdik dayanan uluçinar hər il yenidən yeşərir və kölgəsində yüz minlərlə turistə yer verərək, Bursanın iqtisadi inkişafına önəmli təsir göstərir, insanların yaşam qaynağına çevrilir. 18-20 metr çevrəyə malik bərəkətli ağacın altında Osmanlı zamanında yeniçerilərə maaş verilirmiş. Bursanın markasına çevrilən uluçinarı görməyə, kölgəsində xurma tatlısı ilə çay içib şəkil çəkdirməyə dünyanın dörd bir yanından turistlər axışır. 

Cumalıkızık Osmanlı imperatorluğunun ilk dönəm memarlığının örnəklərini indiyədək yaşadan tarixi köydür. Dar döngələrdən köyə girdinmi, daxil olursan yeddi əsr öncəyə. Hər tərəfi tarix qoxuyan köyü dövlət də, köylülər də göz bəbəyi kimi qoruyur. Cumalıkızıklıların yaşam tərzi də bir başqadır, mədəniyyətin ən gözəl nümunəsi olan əl sənəti həm də köy əhalisinin yaşam qaynağıdır. Maraqlı suvenirlər, xanımların tikmələri, hörmələri, naxışları, bəzək əşyaları, gəlinciklər, nişan hədiyyələri və mətbəxə aid nə varsa qədim türk mədəniyyətinin varlığını özündə yaşadır. Nə zaman getsən dünyanın dörd bir yanından turist axını sel kimidir, onlar insanları ilə bir-birlərini tamamlayan bu sirli köyü heyranlıqla ziyarət edirlər. Cumalıkızık 2014-cü ildə YUNESKO-nun Dünya Mədəni İsr Siyahısına alınaraq nadir inci kimi qoruma altındadır.

İznik sanki yaşayış məskəni deyil, minillərdir açıq hava altında antik muzeydir. Bursanın şimal-şərqində yerləşən İznik antik dövrlərdə "Altın şəhər" adlanırmış. Tarixi o qədər qədimdir ki, araşdırıb ortaya çıxarmaq çətin olduğundan əfsanələrə istinad edilir. Roma, Bizans, Səlcuklu və Osmanlı mədəniyyətlərinin arxeoloji və etnoqrafik qalıntıları ilə birləşərək muzeyləşmiş şəhərdir. Türklər inanırlar ki, bu sehrli şəhər Makedoniya kralı böyük İskəndərin komandanları tərəfindən milatdan əvvəl 279-da qurulmuşdur, qoynunda izi olmayan uyqarlıq yoxdur. Yalnız sultan Orhan bəy tərəfindən 1331-ci ildə fəth edilərək Osmanlı sultanlığına qatılıb. İznik antik yapısı, tapınaqları, kilsə və məbədləri ilə hələ də dünyanı heyrətə sala bilir.    

Gölyazı, masmavi suların içində cənnətin bir guşəsi. Bursanın Nilufər ilçəsinə bağlı məhəllədir Gölyazı və dərin yarımadanın üstündə qurulmuşdur. Yazılı qaynaqlardan bilindiyinə görə miladdan əvvəl altıncı yüzillikdə tikilən şəhər Bizans dönəmində dini ibadət yeri kimi istifadə olunurmuş. Gölyazının möcüzəsini anlatmaq sözlə mümkün olmadığından hər kəsə o cənnəti görməyi arzulayıram.

Trilye. Bir yeri kəşf etmənin ən doğru yolu, oranı gəzib görməkdir. Çox qədim memarlıq mədəniyyətlərini özündə yaşadan Trilye Bursanın Mudanya ilçəsində, Mərmərə dənizinin sahilindədir. Cinli-pərili evləri belə bu qədim, əsrarəngiz yerlərdə görmək mümkündür. Xanlar, hamamlar, kilsələr, tapınaqlar, camilər, yat limanları, tərtəmiz, şəffaf dəniz havası, daha nələr. Trilye 1330-dan Osmanlı idarəsinə girmiş, özündən əvvəlki mədəniyyətlərlə bərabər, türk mədəniyyətini də özündə yaşatmışdır. 

 

"Hacivat Qaragöz" oyunu

 

Türk xalq teatrının bir qolu olan "Hacivat Qaragöz" oyunlarının tarixi 7-8 əsr əvvəllərə dayanır. Əfsanəyə görə, oyunun qəhrəmanları Bursada yaşayan Hacivat və Qaragöz məşhur Ulu caminin inşasında çalışırlarmış. Hacivat hiyləgər və kələkbazın biri, hər kəsin nəbzini tutmağı bacaran fırıldaqçıymış. Fağır və sadəlövh Qaragözə yalandan vədlər verib öz yerinə işlədir, sonra o biçarəni çalışıb ailəsinə para qazanmaqdan çəkindirib özü ilə gəzib-tozar, işləyənlərə də mane olarmış. Vaxt-vədə yetişir. Orxan qazinin dediyi vaxtda cami hazır olmur və günahkar Hacivatla Qaragöz hesab edilir. Hər ikisinin də başı kəsilərək edam edilir. Bu edamdan sarsılan şeyx Küstəri uzun zaman kədər içində yaşayır və onların xatirəsini yaşatmaq üçün kuklalar düzəldib pərdə arxasından oynatmağa başlayır. Bununla da təkcə Türkiyədə deyil, dünyada nadir incəsənət növü olan kukla oyununun - "Hacivat Qaragöz" Türk Xalq Teatrının əsası qoyulur. Fəlsəfi və təsəvvüf düşüncə məqsədli bu oyun bursalıların, sonra da bütün türk xalqlarının sevimlisinə çevrilib.  "Hacivat Qaragöz" bir neçə il əvvəl Azərbaycan teatrsevərlərinin də qonağı olmuş, alqışlarla qarşılanmışdır.           

 

Sağlıq turizmində məmnuniyyət

 

Bursa coğrafi və iqlimi baxımdan torpaqlarının çoxu şəfa qaynaqlı termal sularla zəngindir. Tərkibindəki kükürd, radon və duz baxımından olduqca zəngin fiziki və kimyəvi özəlliklərinə görə Avropanın termal sularından daha çox öndədir. Qaynaq zənginliyi baxımından Türkiyə dünyada ilk 7 ölkə arasındadır. Bursanın termal qaynaqları bir turizm cənnətidir. Xəstəxanalarda müalicə ilə bərabər, qapalı termal su hovuzları fəaliyyət göstərir. Müalicə alan xəstələr hər gün hovuzlardakı qaynar kaplıca sularında da müalicə alırlar. Təbii müalicəyə üstünlük verən insanlar kimyəvi dərmansız sağlam yaşam üçün Bursanı və Türkiyənin termal suları olan başqa bölgələrini seçir.  Bursadakı kaplıcalar onlarca xəstəliklərin aradan qaldırılmasında əvəzsizdir. 

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) martın 30-da Bursada keçirilən "Bursa-2022" Türk Dünyasının Mədəniyyət Paytaxtı açılış mərasimində bildirildi ki, Bursa il ərzində türk dünyasının əsas mədəniyyət mərasimlərinə ev sahibliyi edəcək bu qədim şəhər rəsmi heyətlər başda olmaqla qonaqlarına qucaq açır. TÜRKSOY-un Daimi Şurasının martın həmin gün keçirilən iclasında elan edildi ki, 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı Şuşa şəhəri olacaq.

Sağlıq olsun, gələn il Türk Dünyasını Qafqazın incisi, müqəddəs ziyarətgahımız, ruhumuzun şüşəsi Şuşa qarşılayacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!