"Axı, niyə səni görmək sarıdan bəxti gətirən, evinin bir küncündə lal-dinməz qısılıb duran dolab olmadım"
Kafka. "Milenaya məktublar"
İnsan yaradılmazdan hələ lap əvvəl hər tərəfdə ucu-bucağı görünməyən dəniz vardı. İlahə Ağ ana əynində mavi rəngli donu, balıq kimi quyruğu olan su canlısı idi. O, külli aləmə ruh üfürəcək, boz təpələrin üstündə yamyaşıl ağaclar bitirəcək və dayanmadan yağışlar yağdıracaqdı.
Bir kişinin əlləri, bir qadının başı üstə çətir olacaqdı...
Düz milyon ildir ki, sənə yol gələn ayaqlarımı hiss etmirəm. Göz yaşlarım yorğun çöhrəmə düşdükcə bədənim gizildəyir, elə bil, ta uzaqdan qulağıma hər zamankı təlaşlı səsin gəlir. Görüşməyəndən çox şey dəyişib. Tanıdığın adamların çoxu yoxdur yanımda.
Dünyanın harasında olduğunu bir bilsəm...
Eşidirsən? Axır vaxtlar sevdiklərim bir-bir ruh olub, quş olub köçür gedir. Yeni bir vərdiş də qazanmışam. Pencəyimin cibində şəkillər gəzdirirəm. Eh, onsuz da bir gün hamımız xatirəyə çevriləcəyik.
Yaşamaq hərdən sevdiklərinə uzaqdan baxmaqmış...
Fikirlərim keçişə salınmış dəmir yolu xətti, həsrətin illərdir relslərin üstündə ora-bura vurnuxan qatar, sən -platformada dayanan a y r ı l ı q s a n. Sənsizliyi tanıyandan məsafənin sevgiyə zərrə qədər təsiri olmadığını anladım.
Və mən bütün görüşlərimizi sabaha ertələdim...
Ürəyimdə hərflərə, cümlələrə çevrilə bilməyən o qədər ağrılar var ki, qolumu qaldırıram yazam, ancaq alınmır ki alınmır. Hirsimdən ağ vərəqdən təyyarələr düzəldib havaya uçururam. Hərdən xəyal edirəm. Guya bir axşam gəlmisən küçəmizə. Evin pilləkənlərini qaçaraq çıxıb, oturursan həmişəki yerində.
Və guya, guya, sonsuz guyalar...
Ağrıdan tənhalığı üstünə çəkib, gözlərini yumub günlərlə yatmaq istəyirsən. Yuxular görüş yerinə çevrilir. Nə vaxtsa birlikdə deyib-güldüyün adamla orda zarafatlaşır, orda dərdləşirsən.
Kədər dibi görünməyən qaranlıq quyudur...
Gəl, ümumdünya cazibə qanununu pozmayaq,
qollarımızı geniş açıb qucaqlaşaq səninlə.
Daha səni qırçınlarında gizlədən dənizə şeirlər yazmıram. Üzün-gözün yadıma düşdükcə gülümsəyir, sənin heç hara getmədiyini, yanımda qaldığını düşünməyə başlayıram.
Bir bax, həyətimizdəki söyüd ağacları necə baş-başa verib ağlaşır...
Bilirsən, darıxıram tez-tez...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!