Mən və Arno - Vüqar Dəmirbəyli

Hekayə

Arno balaca bir oğlan idi. Mən onu ilk dəfə kiçik bir qatarda - cəmisi iki vaqonu olan köhnə bir qatarda görmüşdüm. O özü yaşda olan başqa oğlanlarla, sinif yoldaşları ilə birlikdə həmin bu qatarda gedirdi. Mən onların yanından ötmək istəyəndə birdən bu uşaqlar almanca nəsə deyərək, hamısı bir ağızdan:

- Hey, Arno, Arno!.. - deyə qışqırmağa və gülməyə başladılar.

Onlardan ən irisi deyəsən daha ucadan gülürdü, ya nədimi, amma məhz o Arnonu daha çox qıcıqlandırdı və bu çəlimsiz zəif oğlan birdən həmin yekəpərin - özündən az qala iki dəfə uca və vücudlu olan yeniyetmənin üzərinə atıldı. Mən Arnonun vuruşmağa bu atılmasında cəsarətdən, hünərdən daha çox bir ümidsizlik, bir fəryad gördüm. Arno rəqibini yıxmağa bir neçə dəfə uğursuz cəhd göstərəndən sonra ondan qat-qat güclü olan oğlanın altına düşdü.

Alman sərnişinlər, heç nə olmayıbmış kimi, onların yanından ötərək yollarına davam edirdilər, amma mən bu gördüyümə biganə qala bilmədim və yaxınlaşıb, həmin oğlanı Arnonun üstündən qaldırdım. Arno ağlayırdı; onun sifəti qıpqırmızı qızarmış, üzündən axan təri göz yaşlarına qarışmışdı. Ayağa durandan sonra mən onu başqa vaqona keçirib boş oturacaqlardan birində əyləşdirdim; onun yoldaşları indi də Arnonu rahat buraxmaq istəmir, yenə də “Arno, Arno” deyib qışqırırdılar. Mən ona bir az təskinlik vermək istədim:

- Fikir eləmə, bir azdan yadından çıxacaq.

- Sən türksən? - Birdən Arno mənim sifətimə belə baxmaq istəmədən soruşdu.

Bir neçə il Almaniyada yaşayandan və burada türklərə olan münasibəti görəndən sonra onlarla olan qohumluğumu hər yolla gizlətməyə çalışırdım. Almaniyada əcnəbilərə olan münasibət ümumiyyətlə pisdir, amma burada heç kimlə - afrikalılar olsun, çinlilər, ya papuaslarla eskimoslar olsun - türklərlə olduğu kimi davranmırlar. Yəni Almaniya üçün ən aşağı “insan cinsi” varsa, bu da türklərdir, sonra da yerdə qalan müsəlmanlar. Almaniyada xaricilərə “sən” deyə müraciət eləyirlər, əsasən də türklərə və ya müsəlman ölkələrindən olan əcnəbilərə.

İndi bu uşağın mənə bu cür münasibət bəsləməsi mənə toxundu. Amma ürəyimdə daha çox böyükləri - onun valideynlərini, müəllimlərini qınadım. “Eh, almanlar, hanı sizin ağzınız köpüklənə-köpüklənə danışdığınız o mədəniyyətiniz? Uşaqlarınıza verdiyiniz tərbiyə budurmu? Heç uşaqları da yadlara nifrət ruhunda böyütmək olarmı?” - deyə düşündüm.

- Yox, mən azərbaycanlıyam, - deyə dilxor-dilxor ona cavab verdim. - Sənin adın nədir? - deyə uşaqdan soruşdum, baxmayaraq ki, adının Arno olduğunu artıq o birilərdən eşitmişdim; bununla sadəcə söhbətin mövzusunu dəyişmək istədim.

- Arnold, - deyə gənc hələ də burnunu çəkə-çəkə sakit, amma şikayətli bir səslə cavab verdi. - “Azərbaycanlı” nə deməkdr - hələ indiyə kimi eşitməmişəm? - deyə o bundan sonra başını qaldırıb təəccüblə üzümə baxdı.

- Azərbaycan deyilən bir ölkə var ki, onun da yarısı Qafqazda, yarısı da İrandadır. Bu ölkənin xalqına isə azərbaycanlılar deyirlər.

- hə, maraqlıdır, - dedi Arno və bir də diqqətlə mənə baxdı. - Sizin adınız nədir?

- Ajas, - deyə cavab verdim.

Mənim adımdan almanlar mənşəyimi ayırd edə bilmirdilər, ona görə adımı ürəklə dedim.

Arnonun, beləcə türk olmadığımı biləndən sonra, mənə daha “sən” yox, “siz” deyə müraciət etməsinə bir yandan sevinsəm də, o biri yandan yenə də məyus oldum: əgər o bilsəydi ki, mən türk olmasam da, türklərə qohum bir millətin nümayəndəsiyəm, onda mənim haqqımda nə düşünərdi? Bir yandan biz azərilər dünyada bizi tanımadıqlarından şikayətlənirik, o biri yandan isə sevinirik ki, məsələn, Avropada bizim türklərlə, müsəlmanlarla olan yaxınlığımızı o qədər bilən yoxdur.

Arno bir də narahat-narahat yoldaşlarının toplaşdığı vaqona tərəf baxdı və dedi:

- Mən artıq çatmışam, indi düşməliyəm.

Bundan sonra Arno mənimlə xudahafizləşib qatardan düşmək istədi. Amma mən bu stansiyada Arnonun yoldaşlarından da bəzilərinin düşməyə hazırlaşdığını görüb narahat oldum və onu ötürmək qərarına gəldim.

Arnonun olduğu ev kiçik bir qəsəbədə yerləşirdi, özü də qatar stansiyasından o qədər aralı deyildi. O, məni alçaq hasarla əhatə olunmuş bir həyətə gətirdi. Burada ikimərtəbəli də olsa, o qədər də böyük olmayan xudmani bir ev ucalırdı. Səliqəli həyəti, kiçik bağçası vardı, həyətdə hətta su kəhrizi də gözə dəyirdi. Nə vaxtsa oxumuşdum ki, almanlar belə kəhriz düzəltməyi Azərbaycanda öyrəniblər.

Mən elə Arno ilə sağollaşıb yenidən dəmiryolu stansiyasına üz tutmaq istəyirdim ki, birdən qarşımızda gənc bir qadın peyda oldu. Mən dərhal başa düşdüm ki, bu uşağın anasıdır. Onun əynində qısaqollu idman köynəyi, bir də bədənini çox darım çəkmiş, dizlərinə qədər olan idman şalvarı var idi. İri  döşləri bədəninə yapışmış köynəyin altından, geniş budları isə idman şalvarının altından elə qabarırdılar ki, gözümü onlardan çəkə bilmirdim. Burada Arno dilləndi:

- Bu mənim anamdır.

Gənc qadın qabağa gəlib inamsızcasına mənə baxdı - ola bilsin, mənim cənublu görkəmim onda o qədər də xoş olmayam təəssürat yaratmışdı. Sonra da bir az bizə yaxın gəlib:

- Bu kimdir, Arno? - deyə bu dəfə heç mən tərəfə baxmadan oğlundan soruşdu.

Arno qatarda baş verənləri və mənim onu yekəpərin əlindən necə qurtardığımı qısaca anasına danışdı.

Bunu eşidəndə qadının təsirləndiyini və mənə olan münasibətinin də dərhal dəyişdiyini duydum.

- Gəlin içəri, mən sizinlə bir az Arno haqqında danışmaq istəyərdim.

Mən dönüb Arnoya baxdım və onun bu dəvətə məndən də çox sevindiyini gördüm. Arno qolumdan yapışıb məni evə tərəf dartdı.

- Gəlin, gəlin içəri! Bir yerdə yemək yeyərik.

Mən bir az sıxıla-sıxıla da olsa, dəvəti qəbul etdim. Birbaşa yemək otağına keçdik, Arno bir bəhanə ilə aradan çıxandan sonra mən ev sahibəsi ilə təklikdə qaldım. Qadın da söhbətə başlayan kimi mənim haradan olduğumu soruşdu və məlum oldu ki, Azərbaycan adlı bir ölkənin mövcudluğu haqqında o da heç eşitməyib. Mən ona:

- Bu keçmiş Sovet İttifaqının respublikalarından biri idi, - deyəndən sonra  gənc qadın mənim rus olduğumu zənn edib bir az da sakitləşdi və:

- Mənim adım Ştefanidir, qısa Ştefi, - deyə özünü təqdim etdi.

Mən də ona öz adımı dedim.

- Ajas, Ajas… - deyə Ştefi mənim adımı bir neçə dəfə təkrar etdi. -  Ayas, Ayas… Heç də çətin ad deyil, yadda saxlamaq olar. Nə içmək istəyirsiniz: qəhvə, su, pivə?

Məni müsəlman bilib etibarsızlıq göstərməməkləri üçün pivə istədim. Ştefi zirzəmiyə enib hərəmiz üçün bir şüşə pivə gətirdi. Mən pivəni stəkana süzüb birnəfəsə başıma çəkdim. Ştefi bunu görəndə şən-şən gülümsədi:

- Görünür, susuz imişsininz.

Mən bir az utandığımdan qızarsam da, yenə də özümü ələ almağa çalışdım.

- O qədər də yox… Sadəcə pivə çox dadlıdır.

Ştefi bir də mehribanlıqla gülümsədi və mən bundan sonra ona sovet dövründə bizdə necə keyfiyyətsiz pivə hazırlandığını dedim. Həmin illərdə Qərbi Avropa ilə aramızda olan “dəmir pərdə» üzündən almanların da pivə hazırladığını heç eşitmədiyimi deyəndə isə Ştefi daha da şənləndi və özünü saxlaya bilməyib bərkdən güldü.

- Alman pivəsi haqqında heç eşitməmişdiniz? Bu olduqca qəribə səslənir. Pivə, demək olar ki, bizim milli məhsulumuzdur və alman pivəsi, mən bilən, dünyanın hər yerində məşhur olmalıdır. Amma indi sizi yaxşı başa düşürəm.

Ştefi yenə də güldü: bu dəfə daha həlim, daha yumşaq və istər-istəməz bununla ürəyimdə bəzi istəklər doğurdu. Mən ona sual dolu nəzər salanda gənc qadın sanki mənim nə demək istədiyimi anladı və özü bu barədə danışmağa başladı. Məlum oldu ki, o heç vaxt ərdə olmayıb. Tələbə olanda bir yerdə yaşadığı dostundan hamilə qalandan sonra həmin gənc onları atıb gedib, özü də çox uzağa - Çinə. Arnonu tək boya-başa çatdırıb, buna görə də oğlu ata nə olduğunu bilmir. Ştefi, dediyinə görə, özü də ailədə yeganə uşaq olmuşdu. Amma valideynləri onu çox gec tapmışdılar və o hələ tələbə olanda, heç Arnonu izi-tozu da yox ikən, hər ikisi bir-birinin ardınca vəfat etmişdilər. Bu ev də valideynlərindən ona miras qalmışdı. Ştefi indi bir firmada iqtisadçı işləyir, özü ilə Arnonu bununla dolandırırdı. Ona qalsa ailə qurmaq istəyirdi, dediyinə görə bir neçə dəfə buna cəhd də göstərmişdi. Amma tanış olduğu kişilərin heç birini Arno qəbul etməmiş, onlarla ünsiyyət qurmaq istəməmişdi. Ona görə Ştefi də daha bu barədə düşünmürdü. Arno beş-altı ilə məktəbi qurtarıb oxumağa getməlıydi və ancaq bundan sonra gənc qadın yenidən bir kişi ilə əlaqə qurmağı fikirləşirdi.

- Bu qəribədir ki, Arno sizi belə asanlıqla qəbul edib. Amma başa düşürəm, nəyə görə: siz onu sinif yoldaşlarından qoruyubsunuz, ona görə.

Sonra da Ştefi dərdi təzələnibmiş kimi, Arnonun zəif olsa da, söz götürmədiyindən, həmişə özündən qat-qat güclü oğlanlarla dava etməli olduğunu, bundan yana da çox vaxt evə bugünkü kimi döyülmüş, üst-başı bulanmış, bəzən hətta paltarı cırılmış gəldiyindən şikayət etdi. Sonra da Arnoya kömək etməkdə aciz olduğunu dedi.

- Oğlan uşağına ata lazımdır ki, atanın davranışı onun üçün nümunə olsun, - mən bu barədə nə düşündüyümü demək qərarına gəldim.

Ştefi heç nə deməyib susdu və mənə bir az narazılıqla baxdı: yəni ki, mən indi ona atanı haradan tapım?

Mən o qədər də sərrast davranmadığımı başa düşdüm və söhbəti dəyişmək istəyirdim ki, Arno içəri girib:

- Yemək hazırdırmı? - deyə soruşdu.

Anası tez qalxıb elektrik sobasının üstündəki hər iki qazanı gətirdi və:

- Artıq hazırdır, - deyib yeməyi bayaqdan masaya düzmüş olduğu boşqablara çəkməyə başladı.

Ştefi donuz ətindən olan iri sümüklü tikələri ayrıca qızartmış, o biri qazanda isə almanların sevimli yeməyi olan soyutma kartof bişirmişdi. Gənc qadın əvvəlcə hərəmizin boşqabına bir neçə buğlanan kartof, arxasınca da bir-iki tikə qoyub, üstündən də ətin yağını tökdü.

- Dadlıdır, - Arno tez boşqabı qabağına çəkdi və acgözlüklə yeməyə başladı.

- O, deyəsən çox acıb, - Ştefi sanki oğluna görə üzr istəyirmiş kimi mənə baxdı.

- Mən də gülümsəyib ləzzətlə iri bir tikəni acgözlüklə dartışdıran Arnoya baxdım.

- Məktəbdən sonra adam çox acır.

Yeməkdən sonra Ştefi məndən nə ilə məşğul olduğumu soruşdu və biləndə ki, neçə ildən bəridir Almaniyada sərbəst müəllif və jurnalist kimi fəaliyyət göstərirəm, mənə olan marağı və etimadı çoxaldı:

- Sizin kitablarınız da çap olunubmu? - deyə gənc qadın məndən soruşdu.

Mən artıq alman dilində bir neçə kitabımın çap olunduğunu dedim, sonra isə hansı qəzetlər üçün məqalə yazdığımı ona danışdım.

Yeyib qurtaran kimi də yerimdən qalxdım, ev sahibəsinə təşəkkür edəndən sonra Arno ilə də sağollaşıb getmək istədim. Amma Arno ona uzatdığım əlimi yüngülcə geriyə itələdi:

- Hara gedirsən? Yox, hələ bir az da qal.

-  Evə getməliyəm, təcili görüləcək işim var.

- Sən nə etməlisən ki? Sənin də ev tapşırıqların var?

Ştefi bunu eşidəndə yenə bərkdən güldü və bizim söhbətimizə qarışdı:

- Ayazın ev tapşırıqları yoxdur, amma evdə görüləcək işi var.

- Yox, mən onunla hələ kompüterdə oynamaq istəyirəm.

Ştefi dedi ki, Arno indi ev tapşırıqlarını yerinə yetirməlidir. Kompüterdə ancaq bundan sonra oynaya bilər. Arno işi belə görəndə şərt kəsdi:

- Mən indi sabaha olan ev tapşırıqlarımı yerinə yetirəcəyəm. İki saata onları bitirəcəyəm. Sonra isə Ayazla kompüterdə oynayacağam.

Ştefi bundan sonra mənim evdə nə işim olduğunu və onu buradaca yerinə yetirməyin mümkün olub-olmadığını soruşdu. Mən də cavabında artıq hazır olan məqaləni təcili qəzet redaksiyalarından birinə göndərməli olduğumu dedim. Ştefi bunun üçün mənə öz kompüterindən istifadə etmək imkanı verəcəyini deyəndən sonra hər ikimiz Arnonun təklif etdiyi şərti qəbul etdik.

İki saatdan sonra isə mən yenə də Arnonun sərəncamında idim. O kompüter oyunlarından boksu seçdi və biz bir-birimizi “əzişdirməyə” başladıq. Mən nə qədər çalışsam da, yenə bütün döyüşləri Arnoya uduzdum. Arno isə məni, daha doğrusu, mənim döyüşçümü hər dəfə ləzzətlə döyəcləyib sıradan çıxarır, hər qələbədən sonra da atılıb-düşür, bərkdən cürbəcür səslər çıxarırdı. Onun qaldırdığı səs-küyə bir dəfə Ştefi də gəldi və nə baş verdiyini soruşdu. Arno anasına məni dalbadal neçə oyun udduğunu böyük fərəhlə danışdı. Bəlkə də Ştefi belə düşünürdü: mən Arnoya qəsdən uduzuram ki, onun könlü şad olsun. Amma mən onunla həqiqətən də bacarmırdım və Arno anasının qabağında məni belə asanlıqla udması ilə qürrələnəndə qadının yanında bir az utandım da. Arno boks döyüşlərini çox məşq etmişdi; bəlkə də onu incidən sinif yoldaşlarının heyfini kompüter döyüşçülərindən çıxmaq istəyirdi, ona görə.

Mən Arnoya bir neçə dəfə də uduzandan sonra uşağa həyatda da bəzi döyüş qaydalarını öyrənməyin faydalı ola biləcəyini dedim və onu evin qabağındakı bağçaya dəvət etdim. Sonra oğlana Azərbaycanda güləşin çox inkişaf etmiş olduğu haqqında danışdım və ona bir neçə fəndi öyrətməyə başladım: əsasən qoldan, ya boyundan yapışıb omba üzərindən atmaq fəndini. Arno bunları çətin mənimsəyirdi, amma mən onu inandırdım ki, bir müddət məşq edəndən sonra bu fəndləri öyrənəcək. Bundan sonra mən yenə də Arno və anası ilə xudahafizləşib qaldığım yerə üz tutmaq istəyirdim ki, Arno qolumdan yapışıb sallaşdı və məni getməyə qoymadı.

- Öz işini gördün, elə deyimli? Daha təcili heç nəyin yoxdur.

Sonra da Arno mənə onunla bir yerdə yaxınlıqdakı meşəyə getməyi təklif etdi. Meşənin içərisi ilə gedib kiçik bir gölə çatdıq. Ağlıma belə bir fikir gəldi: sabah yəqin sinif yoldaşları yenə də Arnoya hücum edəcək, onu ələ salıb güləcəklər, bəlkə də o yekəpərlə yenə döyüşə girməli olacaq. Həmin yekəpərə qarşı nəsə bir şey fikirləşmək lazım idi. Mən Arnonu yenə bir tərəfə çəkib, yekəpərin ona hücum edəcəyi təqdirdə nə etməli olduğunu onunla məşq etməyə başladım.

Biz meşədən qayıdanda artıq qaş qaralırdı. Ştefi qabağımıza çıxıb niyə belə gec gəldiyimizi soruşdu. Arno anasına orada bəzi fəndləri məşq etdiyimizi dedi. Ştefi bir söz deməyib başını buladı:

- Mən də burada sizi gözləyirəm. Axşam yeməyi çoxdan hazırdır.

Yenə də hamımız yemək otağına keçdik. Masanın üstündə cürbəcür kolbasalar, pendirlər və ətirli, təzə bişmiş çörək qoyulmuşdu. Ştefi bunları yəqin ki, biz meşədə olanda alıb gətirmişdi.

Saat artıq səkkiz idi, bir saatdan sonra mən yaşadığım yerə sonuncu qatar yola düşəcəkdi. Tez yeyib, bir stəkan da çay içib aradan çıxmaq istəyirdim. Amma Arno indi tamam başqa əhval-ruhiyyədə idi: o ara vermədən danışır, gah yeni kompüter oyunlarından, gah da bu il anası ilə birgə haraya səfər edəcəklərindən dəm vururdu… Birdən Arno elə buradaca, masanın arxasındaca yuxuya getdi; görünür yorulmuşdu. Mən tez qalxıb onu qucağıma aldım və uşaq otağına gətirdim. Ştefi onun yerini salandan sonra isə Arnonu çarpayısına uzadıb, üstünü örtdüm.

Sonra hər ikimiz yenidən yemək otağına qayıtdıq. Hiss olunurdu ki, Ştefi mənim Arnoya olan bu qayğımdan mütəəssir olub. Mən saata baxdım: saat ona işləyirdi, deməli sonuncu qatar da artıq getmişdi. Nə olar, piyada gedərəm - mən qaldığım yerə çox olsaydı, on beş kilometr yol olardı. Ştefi bu vaxt mənin çayımı içmədiyimə işarə elədi. Sonra hər ikimizin çayını təzələdi və yenə də Arnodan söhbət saldı. Arnonun rəfiqəsindən ayrılması Ştefini narahat edirdi və o istəyirdi ki, Arno bu qızla yenə də barışsın. Mən birdən necə oldusa, sanki özüm də istəməyə-istəməyə əlimi Ştefinin əlinin üstünə qoydum. O mən tərəfə baxmadan yavaşca əlini azad etdi və yenə də Arno ilə rəfiqəsindən danışmaq istəyirdi ki, mən onun yanağından öpdüm. Ştefi susdu, yenə də üzünü mənə tərəf döndərmədən heykəl kimi tərpənməz dayandı, mən isə onun yanağından bir də öpdüm. Ştefi isə dinməzcə əvvəlki vəziyyətində dururdu. Mən onun üçüncü dəfə yanağından öpdüm, sonra isə dodaqlarını öpmək istədim. Ştefi bir müddət əvvəlki vəziyyətini dəyişmədən qaldısa da, birdən üzünü mənə çevirdi və dodaq-dodağa öpüşdük. Mən onun dolu sinəsini, əynindəki cinsin daram çəkdiyi budlarını sığalladım. Ştefi birdən pıçıltı ilə:

- Gedək yataq otağına, - dedi.

Ştefinin yataq otağı evin ikinci mərtəbəsində idi. Hər ikimiz həyəcanlı olduğumuzdan pilləkənləri az qala yüyürə-yüyürə çıxdıq.

Mən yataqda Ştefinin süd kimi ağappaq, olduqca hamar və zərif dərisi olan qıvraq bədənini oxşayırdım, o isə mənim öpüş və nəvazişlərimdən məst olub yerində qıvrılır, inildəyir, çırpınırdı. Lap axırda isə özünü saxlaya bilməyib bərkdən qışqırdı.

Mən bundan bir az narahat oldum: görəsən Arno eşitmədi ki? Arnonun otağının yataq otağının düz altında olduğunu Ştefi mənə deməyə imkan tapmışdı. Sonra özümə təsəlli verdim: yəqin, eşitməz, o möhkəm yuxulamışdı axı.

Tezdən Ştefi Arnonu və məni səhər yeməyinə dəvət etdi. Masa arxasında heç birimiz danışmırdıq, hər kəs öz şəxsi düşüncələrinə dalmışdı. Yeyib durandan sonra isə Ştefi bizi öz ağ rəngli “Volkswagen”ində qatar stansiyasına gətirdi, sonra isə maşını işlədiyi şəhərə tərəf sürdü. Arno ilə mən hələ bir neçə dəqiqə qatarın gəlməsini gözləməliydik. Birdən Arno məndən soruşdu:

- Sən mənim anamla yatdın?

- Bilrsənmi, Arno… - mən çaşıb qalmışdım, özümə necə haqq qazandıracağımı bilmirdim və həm də elə bil anası ilə aramda baş verənlərə görə Arnodan utanırdım.

- Mən hamısını eşidirdim. Sizin səs-küyünüzdən oyandım və sonra uzun müddət daha yuxuya gedə bilmədim.

Mən yerimdəcə quruyub qalmışdım və gözləyirdim ki, uşaq məni buna görə tənbeh edəcək. Amma o mənə sakitcə:

-  Mən bunu başa düşürəm, narahat olma, - deyib gülümsədi.

Sonra da qətiyyətlə bildirdi: yaxşı olardı ki, məhz mən onun anasının dostu olum, axmağın birisi yox.

Mən bir az özümə gəlsəm də, hələ də Arnonun üzünə baxmağa cəsarət edə bilmirdim. Arno qatardan məndən tez düşməli idi və şərtləşdiyimiz kimi dərsdən çıxanda məktəbin yaxınlığında görüşəcəyimizi bir daha yadıma salıb məndən ayrıldı.

Mən evdə özümə yer tapa bilmir, yenidən Arnonu və Ştefini görmək istəyirdim. Qəribədir, bir günün içində mən onlara niyə belə öyrəşdim axı?

Həmin gün daha bir məqaləni qəzetə göndərməli idim. Yaxşı ki, bu başımı qatdı. Məqaləni bitirib göndərəndən sonra Arnonun oxuduğu məktəbə üz qoydum. Mən vaxtından bir az tez gəlmişdim, Arnonun məktəbdən çıxmasına hələ yarım saatdan da çox vaxt qalırdı. Bir az ətrafı gəzib-dolaşdım, məktəbə kənardan diqqət elədim. Həyəti hələ ki, tamam bomboşdu, bir nəfər də olsun gözə dəymirdi. Ətraf da bunun kimi sakit və cansız görünürdü; elə bil buralarda bir canlı məxluq yaşamırdı. Birdən-birə uşaqlar həyətə axışdılar və onların səs-küyü, qışqırtısı aləmi bürüdü. Oğlanlar bir-birinin yaxasını dartışdırmağa, bir-birini əngəzləməyə başladılar. Heç qızlar da sakit durmur, ya dava edənlərə tamaşa edir, ya da öz aralarında nəyisə aydınlaşdırmağa çalışırdılar. İndiyə kimi heç vaxt yolum alman məktəbinə düşməmişdi. Mən özüm də gördüyümə məəttəl qalmışdım: belə çıxırdı ki, məktəblər Almaniyada həyatın mövcud odluğu yeganə yer idi, ya da həyatı burada başqa yerlərdə olduğu kimi basıb əzə bilmirdilər. Gözlərimlə Arnonu axtardım… Axır ki, onu gördüm və burada olduğumu ona işarə etmək istəyirdim ki, birdən oğlana yenə də sataşmağa və onu ələ salıb gülməyə başladılar. Yenə də təxribatı yaradan həmin yekəpər idi. Arno dönüb həmin oğlana tərs-tərs baxdı və birdən onun üzərinə atıldı. Həyəcandan ürəyim ağzıma gəlmişdi, bilmirdim Arno dünən meşədə ona - yekəpərə qarşı öyrətdiyim fənni həyata keçirə biləcəkmi. Arno dünən ona öyrətdiyim kimi qəfildən yekəpərin ayaqlarının lap aşağısından yapışıb onları həlqəyə aldı, başını dizlərinə dirədi və bacardıqca güc verib onu itələdi. Yekəpər daha duruş gətirə bilməyib arxası üstə yerə dəydi və bu zaman iri, kök, piyli bədəni elə bir əcaib səs çıxardı ki, ətrafdakıların hamısı, oğlanlı-qızlı ucadan şaqqanaq çəkdilər. İndi Arno həlqəni saxlamalı, həm də onun dizləri üstündə oturmalı idi ki, yekəpər yerindən qalxa bilməsin. Arno mən ona öyrətdiyim kimi də etdi və yekəpər nə qədər çalışdısa da ayağa dura bilmədi; ona bunun üçün həm də iri qarnı mane olurdu. O hıqqıldaya-hıqqıldaya güc verir, əlini atıb Arnodan yapışmaq istəyir, elə hey qalxmağa cəhd edirdisə də, yenə heç nəyə nail ola bilmirdi, üstəlik hər hərəkəti ətrafda daha böyük gülüşə səbəb olurdu. Uşaqlar indi hamısı dayanıb bu qeyri-bərabər, qeyri-adi savaşmaya tamaşa edirdilər. Arno nə qədər həyəcanlı görünsə də, yenə öz vəziyyətini dəyişdirmir, yekəpərin dizləri üstündə oturmaqda davam edirdi. Yekəpər isə qıpqırmızı qızarıb pörtmüşdü, ayağa durmaq cəhdlərinə davam edir, amma aradabir ətrafda yığışıb ona gülənləri hədələməyi də unutmurdu. Onun bu hədələri isə hər dəfə uşaqların onu ələ salıb daha çox gülməsinə səbəb olurdu. Birdən Arno ayağa durdu və dabanına tüpürüb mən olan tərəfə götürüldü. Yekəpər ona çata bilməyəcəyini başa düşdüyündən söyüş, hədə və təhqirlərlə o biri uşaqların üstünə cumdu. Amma bu daha heç kimə kar eləmədi, əksinə, onu daha bərkdən lağa qoyub güldülər. Yekəpər isə daha əlindən heç nə gəlmədiyindən yerə oturub zar-zar ağlamağa başladı. Amma bu da ona kömək eləmədi, əksinə, bayaqdan ondan bir az çəkinənlər var idisə, onun bu acizliyini görəndən sonra onlar da şaqqanaq çəkib güldülər.

Biz Arno ilə həmin gün yenə qatarla onun yaşadığı qəsəbəyə gəldik. Qatarda yoldaşlarından heç biri daha ona şitəşmir, hətta bəziləri Arnonun yekəpər üzərində qələbəsindən heyranlıqla danışırdılar. Arno hələ də olduqca həyəcanlı idi, bir yandan da hiss edirdim ki, yekəpər üzərində çaldığı qələbə onun özünə də indi qeyri-inandırıcı görünür.

Onların evinə çatandan sonra mən soyuducudan dünənki naharı çıxarıb qızdırdım. Nahardan sonra Arno ilə bərabər günün sonrakı planını cızdıq: o indi dərslərini hazırlayır, mən isə Ştefinin kompüterində öz işlərimlə məşğul oluram. Bundan sonra onun kompüterində oynayırıq, daha sonra da meşəyə gəzməyə gedirik. Arno mənimlə razılaşdı...

İki saatdan sonra Arno ilə yenə də onun kompüterində boks oynadıq; o bu dəfə də məni, daha doğrusu, mənim döyüşçülərimi möhkəmcə “əzişdirdi”. Biz oraya gedəndə meşədəki gölün kənarında yenə də heç kimsə yox idi, mən də buna görə Arno ilə ombadan atma güləş fəndini yenə də məşq etməyə qərar verdim.

Biz evə dönəndə artıq Ştefi işdən qayıtmışdı. Hamımız yenə də bir yerdə şam elədik. Arno anasına yekəpərə mənim ona öyrətdiyim fəndin sayəsində necə qalib gəldiyini fərəhlə danışdı, o gonbulun necə yerə gəlməsini, uşaqların ona gülməsini və sonda da həmin oğlanın ağlamasını isə elə artistcəsinə yamsıladı ki, mən də, Ştefi də gözümüz yaşaranadək güldük. Bundan sonra Arno yenə də masanın arxasında yuxuya getdi, mən də aparıb onu yerinə uzatdım. Yenə də getməyim alınmadı və həmin axşam da Ştefi ilə yatağa girdim.

Bütün bunlar düz bir həftə demək olar ki, hər gün eyni şəkildə təkrar olundu. Bir axşam Ştefi mənə dedi ki, bu siçan-pişik oyunu onu daha təngə gətirib: mən gərək sabahdan onlara köçəm. Mənə çardaqda yaxşı bir iş otağı düzəldəcəyinə söz də verdi.

Sabahı gün Arno ilə bərabər məktəbdən birbaşa mənim qaldığım yerə getdik və kiçik mənzilimdə yır-yığış eləyəndən sonra, axşamı olan-qalan avadanlığı da Ştefinin maşınına yükləyib onlara gətirdik. Bir-iki günün içində də Ştefi ilə bərabər çardaqda mənim üçün gözəl bir iş otağı yaratdıq: onun göstərişi ilə zirzəmidən (“zirzəmi” deyəndə bu da əslində hazırca bir otaq idi) təzə qoltuqaltı ilə qəşəng yazı masasını oraya qaldırandan sonra isə otaq daha gözəl və rahat bir görkəm aldı. Mənim heç vaxt belə bir otağım olmamışdı. Amma mən Ştefidən bir şeyi xahiş elədim: Arnonun otağı bizim yataq otağının altında yox, başqa yerdə olmalıdır və oğlunun gecələr bizim yataqda nə etdiyimizə diqqət etdiyini ona bildirdim. Sonra da birinci mərtəbədəki qonaq otağını Arnonun otağı ilə dəyişdirməyi təklif etdim. Ştefini bu xahişim əvvəlcə təəccübləndirsə də, sonra uşağın özü ilə bu barədə danışmağın vacib olduğunu dedi. Arno otağını dəyişməyə heç cür razı olmurdu, amma mənim təkidimi görəndən sonra güzəştə getməli oldu. Həmin axşam yatağa girəndə Şetfiyə dedim:

- İndi yataqda istədiyimiz qədər səs-küy sala bilərik, Arno onsuz da daha bizi eşitmir.

Ştefi yenə də ürəkdən güldü və mənim vəziyyətdən doğru çıxış yolu tapdığımı dedi.

Bir gün isə Ştefini və Arnonu yola salandan sonra oturub yazı-pozumla məşgul idim ki, bir də hansısa bir firmanın işçiləri bir divan gətirib çardağa qaldırdılar və məndən heç nə soruşmayıb, onu quraşdırıb getdilər. Çaşıb qalmışdım: iş otağında divan mənim nəyimə lazım idi axı? Şübhəsiz, bunu Ştefi sifariş vermişdi ki, mənim otağım daha gözəl, daha rahat olsun. Amma mən belə fikirləşirdim ki, iş otağının çox rahat olması da bir şey deyil, çünki bu istədiyin kimi işləməyə hətta bir az mane də ola bilər.

Axşam mən kompüterin arxasında oturub yenə də mətnlərimlə məşğul idim ki, işdən qayıdan Ştefi birbaşa mənim otağıma qalxdı və divanı burada hazır görəndə çox məmnun olduğunu dedi. Elə ağzımı açıb bu divanı aşağı endirməyin daha məqsədəuyğun olacağını demək istəyirdim ki, Ştefi keçib arxadan məni qucaqladı və boyun-boğazımı ehtirasla öpüb qulağıma pıçıldadı:

- Sənin üçün darıxmışam, Ayaz…

Özümə gəlməyə imkan tapmamış isə gənc qadın məni təzə divana tərəf çəkdi. Ancaq indi bu divanın nədən ötrü mənim otağıma yerləşdirildiyini başa düşdüm…

Biz kişilər doğrudan da qaba heyvanlarıq. Çox vaxt qadın qəlbini, onun arzu və istəklərini başa düşmürük. Yox, əgər bunu duyuruqsa da, bir yolla üzə vurmamağa çalışırıq, ya da qadını inandırmaq istəyirik ki, bu cür istəklər ona yaraşmaz.

Mən artıq üç ay idi ki, Arnogilə köçmüşdüm. Hər gün eyni planla yaşayırdıq, o cümlədən meşədəki gölün sahilində güləş fəndlərini də məşq edirdik. Arno bu fəndləri getdikcə daha yaxşı mənimsəsə də, mənimlə onları həyata keçirmək onun üçün çətin idi. Arno mənim xahişimlə qonşudan bir oğlanı da bu işə cəlb eləyəndən sonra məşqlərimiz daha uğurlu keçməyə başladı. İndi Arno ombadan atma fəndini getdikcə daha asanlıqla həyata keçirə bilirdi.

Bir gün isə mən kənarda dayanıb Arnonun məktəbdən çıxmasını gözləyirdim ki, birdən yoldaşlarının ona yenə də hücum çəkdiyinin şahidi oldum. Yenə bir dəstə oğlan Arnoya nəsə deyir, sonra da bərkdən gülürdülər. Yekəpər arxada dayanıb yaxın gəlməsə də, məhz onun uşaqları qızışdırıb Arnonun üstünə saldığı mənə aydın oldu. Arno dönüb mən olan tərəfə baxdı. Aramızda hələ üç-dörd yüz metr məsafə də olsa, sanki yenə də bir-birimizi başa düşdük: o bilirdi ki, mən uşaqların bu oyununa qarışa bilmərəm, onu müdafiə edə bilmərəm. Deməli, ümid yenə də ancaq Arnonun özünə idi. Bundan sonra Arno dönüb qabağındakı oğlanın qolundan yapışdı, sürətlə yerində dönüb onu ombası üzərindən elə atdı ki, uşaq tappıltı ilə asfalta dəydi və ağrıdan bərkdən ağlamağa başladı. Yenə də bununla o biri uşaqların ancaq gülüşünə səbəb oldu. O biri oğlanlar Arnonun üstünə yeriyib onun dərsini vermək istədilər. Arno isə onlardan birini də bu cür ombası üzərindən atıb quru asfalta vurdu, sonra da bir-birinin ardınca gəldikcə daha dördünü. Uşaqların səs-küyü, gülüşü aləmi bürümüşdü: indi hamı asfalta dəyəndən sonra ufuldaya-ufuldaya ağrıyan yerlərini ovuşduran oğlanlara gülürdü. Bu hadisədən sonra Arnoya məktəbdə bir daha sataşan olmadı..

Mən ona bir kişinin qadınla yaşadığı intimi başqalarına danışmağının doğru olmadığını başa salmağa çalışdım. Arno dediklərimi bəlkə də tam qavramadı, amma bundan sonra mənimlə bir də belə söhbətlər eləmədi.

Mən hər gün tezdən Ştefini işə, Arnonu məktəbə yola salandan sonra mətnlərimi yazmaqla məşğul olurdum. Çalışırdım ki, məqalələrim üçün getdikcə daha çox sifariş alım. Şefi mənimlə pul söhbəti salmasa da, onunla razılaşmam belə idi: mən ona ayda üç yüz avro pul verirəm. Bu ilk növbədə ərzaq alınması və bir sıra başqa xərclərlə bağlı idi. Amma bununla iş bitmirdi ki! Artıq bir neçə dəfə üçümüz bir yerdə restorana, ya kafeyə getmişdik, hər dəfə də pulu Ştefi ödəmişdi. Amma axırıncı dəfə mən onunla şərt kəsdim: indən belə pulu bir dəfə o, bir dəfə isə mən ödəyəcəyəm. Ştefi əvvəlcə etiraz etmək istədi, amma mənim qətiyyətimi duyandan sonra razılaşdı.

Hər gün əməkdaşlıq etdiyim qəzetlərin redaksiyalarına zəng vurur, onlara emeyl göndərib getdikcə daha çox mövzular təklif edirdim. O biri yandan keçmiş sovet məkanında baş verənlər mənə getdikcə daha çox sifariş almağa imkan verirdi. Getdikcə daha çox məqalələrim çap olunur, daha tez-tez çıxışlar edirdim. Ştefi mənim çap olunan hər məqaləmə ürəkdən sevinir, məni həm də çıxış edəcəyim yerlərə aparıb-gətirirdi.

Mən sevinirdim: belə bir həyat qismətim olduğuna görə, taleyin məni Ştefi kimi həm gözəl, həm də ipək xasiyyətli bir gənc qadınla qarşılaşdırdığına görə. Arno ilə isə biz artıq yaxın dostlar idik.

Amma məni narahat edən bir şey vardı: mətbuat və televiziyanın müsəlmanlara qarşı apardığı zəhərləmə və təxribatlar. Bunlar gecə-gündüz bağırtı salırdılar ki, “bütün müsəlmanlar terrorçudur”. İslam əleyhinə, müsəlmanlar əleyhinə aparılan açıq-aşkar təbliğat gündəmdən düşmürdü…

Mən həmişə insanların zəkasına, xalqın müdrikliyinə inanırdım. İnanırdım ki, nə alman xalqı, nə də ziyalıları imkan verməzlər ki, bir milyard yarımlıq müsəlmanları qanundan kənar elan edəsən, islam dini haqqında, müsəlmanlar haqqında nə gəldi uydurasan, xristian dünyasını yeni səlib yürüşünə çağırasan. Amma sən demə belə deyilmiş, sən demə bu xalq dediyin siyasətçilərin əlində bir oyuncaq imiş ki, onu istədikləri vaxt istədikləri tərəfə döndərə, ona istədikləri cür təsir edə bilərlərmiş. Ziyalılar isə ələkçinin qılverəniymiş.

Alman cəmiyyətində müsəlmanlara qarşı düşmənçilik və nifrət hər gün artmaqda idi. Amerikan-ingilis işğalçılarının digər NATO dövlətləri ilə birlikdə müharibə apardıqları ölkələrdə öldürülən müsəlmanlar həm də günahkar çıxarılır, onlara qarşı müntəzəm böhtan kampaniyası aparılırdı… Məni Ştefi ilə, Arno ilə bir yerdə görən almanlar mənə açıq-aşkar etimadsızlıq göstərir, çox vaxt mənə qarşı olan nifrət və qəzəblərini gizlətməyə belə çalışmırdılar. Mən hər dəfə tərbiyə görmüş müasir və mədəni bir adam olduğumu davranışımda, danışığımda, mövzularımda ucadan vurğulayır, müsəlman olduğumu gizlətməyə çalışırdım. Və hamı da olmasa, çoxları buna inanırdı…

Bu cür gizlənə-gizlənə mən hər şeyin ötüşəcəyinə ümid edir, almanların məni xoşlamadıqları türklərin və digər müsəlmanların cərgəsinə qatmayacaqlarına inanırdım.

Amma o biri tərəfdən mən fəal olaraq nəyisə dəyişdirməyə də çalışırdım. Məqalələrimdə tez-tez islam mövzusuna toxunur, alman mediasının bu gün “terrorçu” adlandırdığı radikal, döyüşkən islam fundamentalistlərini Qərbin bir neçə il əvvəl - Soyuq müharibə illərində sovetlərə qarşı mübarizədə müdafiə etdiyini yadlarına salmağa çalışırdım. Bununla belə bütövlükdə mediada islam əleyhinə aparılan təbliğat getdikcə güclənməkdə idi.

Əvvəlcə mənim ən böyük təəccübümə səbəb olan bir sıra alman yazıçı və publisistlərin televiziyadakı çıxışları oldu. Mən belə çətin gündə onlardan dəstək də olmasa, ən azı neytrallıq gözləyirdim. Amma hər şey əksinə oldu.  Bu adamlar televiziya kanallarındakı çıxışlarında islamın Avropa və bütövlükdə dünya üçün ən böyük təhlükə olmasından danışmağa başladılar.

Mən hər gün yeni-yeni yazıçılarla internet vasitəsilə, daha çox almandilli sosial şəbəkələrdə tanış olur, onlarla yazışmalar aparır, onları islama qarşı mövqe tutmamağa, siyasətin əlində oyuncağa çevrilməməyə çağırırdım. Məgər islam yəhudiləri va xristianları geriyə, öz dininə dönməyə, İbrahimlə Allahın arasında bağlanmış razılaşmanı yerinə yetirməyə çağırış demək deyilmi?

Alman şərqşünasları isə yenə də mediadakı çıxışlarında islamın təhlükəli olduğunu Qurandan gətirdikləri sitatlarla “əsaslandırmağa” başladılar. Bu da Avropanın elmi! Sən demə, bu da elm yox, siyasətin əlində bir alət imiş! Mən universitetlərdə çalışan yerli alimlərə də emeyllər yazır, bu çətin günlərin onlar üçün bir sınaq olduğunu qeyd etməyə çalışırdım…

Bir dəfə isə mən böyük bir şəhərdə bir təşkilatla “Abraham/İbrahim dinləri: birgə qaynaqlar və fərqlər” mövzusunda məruzə etməyi razılaşdırdım. Məruzədə mən iudaizm, xristianlıq və islamın arasında olan eyniyyət və fərqlərin nədən ibarət olduğu haqqında qısa məlumat verməyə çalışdım. Birdən dinləyicilərdən biri sözümü kəsdi və mənim Quran ilə Tövrat və İncil arasında olan oxşarlıqlar haqqında dediklərimin yalan olduğunu bildirdi. Bundan sonra da həmin adam üzərimə atıldı. Sonda görüş təşkilatçılarından biri mənə yaxınlaşıb bayaqkıların nəzakətsiz davranışına görə məndən üzr istədi. Mən də ona dedim ki, insanları bu vəziyyətə çatdıran, xristian fundamentalizminin yenidən güclənməsinə səbəb olan mediadır, bir də ona rəhbərlik edənlərlə siyasi elitanın cavabdehsizliyi.

 Mən artıq beş il idi ki, Ştefi ilə bərabər yaşayırdım. Arno gimnaziyanın sonuncu sinfində idi və bir neçə aydan sonra başqa bir şəhərdəki universitetdə oxumağa getməli idi. Bu illərdə onlar mənə, mən də onlara çox öyrəşmiş, bir-birimiz üçün doğma adamlara çevrilmişdik. Mən həm də ətrafda indi yazıçı və publisist kimi az-çox tanınırdım və istər Arno, istər Şetfi bununla öyünürdülər.

Ştefinin həm ətraf kəndlərdə, həm də yaxınlıqdakı bir neçə şəhərdə qohumları yaşayırdılar. Onlar bizi tez-tez ad günlərinə dəvət edir, milad bayramı günlərində də hərdənbir qonaq çağırırdılar. Ştefi də qohumlarını unutmur, ara-sıra bizə dəvət edirdi. Stefinin qohumları əvvəlcə mənə o qədər etibar etməsələr də, son vaxtlar onlar da mənə öyrəşmiş, aramızda isti münasibətlər yaranmışdı. Amma televiziyanın, qəzetlərin və internetin təsirindən getdikcə qohumlar arasında da türkləri tez-tez yamanlamağa başladılar. Onların Almaniyada həddən çox olması və özlərini pis, vəhşi kimi aparması haqqında söhbətlər indi demək olar ki, hər görüşümüzdə təkrar olunurdu.

Bir dəfə Ştefinin ad gününə gələn qohumları da beləcə ağız-ağıza verib, yenə bütün günü türklərin qarasınca deyindilər.

- Onların hamısı terrorçudur! - deyə nəhayət, yaşlı bir qadın da öz hökmünü verdi.

Mən bundan sonra daha qohumlar arasında qala bilməyib öz otağıma qalxdım və divana uzandım. Bir az keçmiş Ştefi gəldi və məni bu vəziyyətdə görüb soruşdu:

- Ayaz! Nə olub? Sən özünü pis hiss edirsən?

Mən guya içkidən xumarlandığımı, indi də bundan başım ağrıdığını dedim. Ştefi dediklərimə inandı və üstümü möhkəmcə basdırıb getdi. O gedəndən sonra isə mən qalxıb masamın arxasına oturdum və qəzetləri gözdən keçirdim; Ştefi bizə gələn bütün qəzetləri mənə verirdi. Qəzetdəki bir elan vasitəsilə  iyirmi kilometr aralıda bir mənzil tapdım və onun sahibi ilə  sabah oraya köçməyimi razılaşdırmışdım.

Sabah tezdən isə Ştefini ilə Arnonu yola salandan sonra onlara bir məktub yazdım. Məktubda əslən müsəlman olduğumu boynuma aldım, həm də, dindar bir adam olmasam da, islama qarşı deyilən hədyanların məni necə yaraladığını, məni necə zəhərlədiyini qeyd etdim. Türklərə qalanda isə azərbaycanlıların onlara qohum bir xalq olduğunu və dilimizin də onların dili ilə çox yaxın olduğunu izah elədim. Axırda da hər ikisindən illər uzunu öz mənşəyimlə bağlı onları aldatdığıma görə üzr istəyərək, bunu pis niyyətlə etmədiyimi yazdım. Yazdım ki, bunları biləndən sonra məndən üz döndərəcəklərindən qorxduğum üçün onlara illər uzunu yalan satmalı olmuşam. Bu illərdə onlarla birlikdə xoşbəxt olduğumu, amma artıq bu cür davam etməyin mümkün olmadığını də yazıb, məni başa düşəcəkləri ümidi ilə hər ikisi ilə vidalaşdım.

Məktubu bitirən kimi taksi çağırdım, şeylərimi tələsik ona yükləyəndən sonra da məktubu qapının arasına qoyub örtdüm, sonra da açarı poçt qutusuna atıb buranı tərk etdim.

Frankfurt, 2014

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!