Vətənimiz olmasa, da qanacağımız var - Sayman Aruz

1-ci seans

 

1986-cı ilin axırları idi. İran-İraq müharibəsi təzəcə başa çatmışdı. Yaxın qohumların biri oğluna toy edirdi deyə, bütün qohum-əqrəba onların evinə yığışmışdıq. Sulduzun adət-ənənəsinə uyğun olaraq, dövlətin qəti qadağalarına rəğmən şənlik məclislərimizin baş qəhrəmanı aşıqlar və onların müqəddəs sazları olardı. Bəzən də həmin aşıqların simasında muğam eşidə bilirdik ki, fikir vermişdim, hər zaman dinləyicilər tərəfindən kədər və göz yaşı ilə qarşılanırdı. Xalqımız torpaqları uğrunda verdiyi şəhidlərinin mübarizliyi hesabına öz dədə-baba torpaqlarında rahat yaşaya bilirdi. Mən həmişəki kimi gedib düz aşıqların oturduğu yerə yaxın, onların kənarında oturmuşdum. Aşıqların biri xalqın istəyinə əsasən "Arazam, Kürə bəndəm" mahnısını özünəməxsus bir üslubda oxuyurdu. Toydakılar bəzən alqışla, hərdən də susub nəmli baxışlarla aşığı müşayiət edirdilər. Toy, müharibənin gətirdiyi qan-qadaya baxmayaraq, şən keçirdi. Zurna-balabanın və sazın səsilə əl-ələ tutub həyətin ətrafında "Yallı" gedirdik. Qəflətən küçədə böyük bir hay-küy qopdu. Polis maşınlarının qırmızı işiqları küçəni qan rənginə çevirdi. Bir pəzəvəng polis məmuru qapının astanasında dayanmış, bağıra-bağıra toyun dayandırılmasını tələb edirdi. Bir neçə saniyə sonra həyət polislərlə mühasirəyə alındı. Toy sükuta qərq olmuşdu. Əllərimizi biri-birindən "ayırdılar". Həmişəki kimi, hər kəsin gözündə bu sualı görmək olurdu: "Yenə nə istəyirlər bunlar?"

Polis məmuru aşıqlara tərəf gəldi və əl atıb aşığın çiynindən sazı almaq istədi. Uca səslə dedi:

- Sənə deməmişdik saz çalma, hə?

Aşıq sanki Koroğlu dirilib kimi, məmurun gözünə baxıb sağ əli ilə məmurun əlini geri çevirib  dedi:

- Saz çalmaq üçündü də.

Məmur sazı özünə tərəf dartıb dedi:

- Ver mənə bu zəhrimarı! Ver sənə başa salım nə üçündü!

Aşıq mane olmaq istəsə də, məmurun həyasızlığı aşığın həyasına qalıb gəldi. Babəki əlləri minlərlə düşmənin ölümünə səbəb olsa da, sonunda bir xainin xəyanəti nəticəsində bədənindən ayrıldı. Məmur sazı alıb başına qaldırıb üzünü xalqa tərəf çevrib, mollavari dedi:

- Ey ümməti islam, bu küfr alətidi. İslam düşmənləri ümməti islamini parçalamaq üçün bu şeylərdən istifadə edirlər. Musiqi şeytan işi, şeytan əməlidir. Şeytani əməllərdən uzaq durun!

Aşıq burma bığlarına əlini çəkib mikrofona dedi:

- Məmur bəy, İslamı elə biz aşıqlar təbliğ eləmişik da. Sən dediyin küfr xarici musiqilərdədi. Saz bu millətin özünündür. Sazın İslamla nə düşmənliyi var axı?

Məmur başına qaldırdığı sazı iki əlli aşığın başına çalıb dedi:

- Nə düşmənliyi, hə!? Bax, bu düşmənliyi! Dedim saz çalma, deməli çalma. Vəssalam! Hələ bir möizə də eliyirsən?

Məmur toyu bir anlıq yasa çevirdi. Hamı yerində donub qalmışdı. Saz aşığın başında Füzuli qəzəli kimi parçalanıb aşığın başından axan qanla birlikdə xalqın ürəyinə doldu. Aşığın başı qanı ilə bəzənmişdi. Xalq bir anlığa ayağa qalxıb "bişərəf, bişərəf!" - deyə-deyə məmura tərəf yeriməyə başladı. Məmur bu səhnəni görəndə əlini silahının üstünə qoyub asta-asta qapıya tərəf getdi. Küçədə etiraz edən bir-iki gənc, yaralı aşıq və dostlarını özləri ilə apardılar. Toy dağıldı və bəylə gəlin məcbur toyu yarımçıq buraxıb getdilər.  Ancaq o qəhrəman aşıq nə aşıqlıq sənətini tərk etdi, nə də sazını yerə qoydu.

 

2-ci seans

 

Dilini, milli varlıqlarını, mədəniyyətini, tarixini, adət-ənənəsini və ümumiyyətlə, səni bir insan olaraq rəsmiyyətən tanımayan bir ölkədə yaşamaq çox böyük dərddir. Dili məktəbdən deyil, anamızdan öyrəndik. Ona görə onu yaza bilmədik, təkcə sevə-sevə danışa bildik. Biz muğam və sazın səsini yalnız öz sükut dünyamızda doyunca dinləyə bilirdik. Sükut dünyamızın xaricində biz deyil, onlar var idılar. Dili dilimizə, sözü sözümüzə, sazı sazımıza düşmən olanlar xarici dünyamızı işğal etmişdilər. Saz və sözümüzü başımıza çalırdılar deyə sinəmizi yarıb ürəyimizdə gizlədik. Muğamı yalnız gözlərimizdəki həsrət dolu baxışlarla fəryad edə bilirdik. Muğam güşələrini məktəbdə deyil, Cənubi Azərbaycanın yüz illik harayından, fəryadından öyrəndik. Sonunda da həsrətimizin özü az qala muğamın güşələrindən birinə, "həsrət guşəsi"nə çevrildi. 45 miliyonun hər gün oxuduğu muğam guşəsidir "həsrət guşəsi". Piş dəramədi- dilsizliyimiz, təsnifi - vətənsizliyimiz, ən zil- tərəfi də kimsəsizliyimiz idi. 

 

3-cü seans

 

Bəzi ictimai-siyasi səbəblərə görə Sulduzdan Təbrizə köçməli olduq. Dumanlı Təbrizin ictimai məktəbinə "qəbul" olmaq şəxsən mənim üçün boyuk fəxr idi. Azərbaycanın hansı güşəsindən, hansı xüsusiyyətlərin sahibi olursan-ol, Təbriz səndən Şah İsmayıl, Səttarxan, Xiyabani və Pişəvəri kimi qəhrəmanları yaratmağı gözəl bilir. Təbrizin kafeləri, küçələri, qədimi bazarları, mədəniyyəti və bir sözlə desək ictimai dəyirmanları insanı sirrə,  ruhunu  isə axtarış və tələbə kökləyir. Uduzmamaq, assimlyasiya olmamaq və Səttarxanın dediyi "daş qazan" kimi səbirlə, amma qızandan sonra qəhər qılıncını bütün mənalarda düşmənlərin ürəyinə vurmaq Təbrizin şüuraltı ideologiyasıdır. Azərbaycanın tarixi paytaxtı özünün ağ-qara həyatına mən və ailəmi də daxil etdi. Necə deyim, məhbəsimiz bir az da, yəni Təbriz boyda böyüdü. Böyük məhbuslar böyük məhbəslərdə böyüyərlər bəlkə də. Mən də öz böyük məhbəsimdə böyüməyə başladım. Günüm gizli şəkildə evlərdə keçirilən şeir toplantılarında, şairlərin yığışdığı bir-iki çayxanada, millətçilərin toplaşdığı gizli evlərdə və bəzən də şair kimi dəli-dəli küçələri gəzib-dolaşmaqda keçirdi. Təbrizdə yaşayan hər bir şəxsin özü mənim gözümdə ayrıca bir roman mövzusudur. Onların danışdığı ləhcə, istifadə etdiyi heç yerdə eşitmədiyin sözlər, davranışları, dünyaya baxışı və geyim tərzləri başqa heç bir yerdə yoxdur desəm, yanılmamışam. Mən Təbrizdə öyrəndim ki, vüqarını, təmkinini qoruya bilsən, uduzsan da belə qalibsən. Təbriz yaxşı bilir ki, xalq minlərlə muzdur əsgəri silahlandırıb, başqasının ərazisinə hücum çəkib, namərdliklə "qələbə" çalan alçağı deyil, əli-qolu kəsilmiş, ailəsi, torpağı təcavüzə məruz qalan, amma sözü və el-obasından dönməyən Babəki qalib hesab edər. Mən və mənim kimilər bu şəhərin sönməyən ocağında polad kimi döyülə-döyülə Zülfüqarə çevrildik.

Xatırlayıram ki, təhlükəsizlik qüvvələrinin şərindən uzaq qalmaq üçün beş-altı avtobus milli fəallar, o cümlədən aşıq və xanəndələrimizlə bəzən Səhənd, bəzən də Savalan dağlarının ətəyinə gedir, orada öz istədiyimiz formada azərbaycanlı olduğumuzla fəxr edərdik. Yəni şairimiz şeir, aşığımız bayatı və xanəndəmiz də muğam oxuyardı. Şahidimiz də vətənin müqəddəs dağları olardı-deyə kimsə bizi heç nəyə məhkum edə bilməzdi.  Bu gün də dünyada tanınan bir çox milli güneyli şair və qəhrəmanlar elə o cəmiyyətin yetirmələridirlər. Axşama kimi  "duman salamat qal, dağ salamat qal" - deyib türkcəsinə təbiətlə beyət edərdik. O, cəmiyyətlərdə bütün insanı-əxlaqi dəyərlər ən gözəl formada var idi. Qardaşlıq, fədakarlıq və bir sözlə desək, Azərbaycan deyilən bir həsrətimiz məhz o ayda bir dəfə təkrar olan yığıncaqlarda birləşə, bütövləşə bilirdi.

Adını çəkmək istəmədiyim milli fəallarımızdan biri çoxlu mücadilədən sonra Azərbaycan musuqisini öyrədən bir mərkəz yarada bilmişdi. Mən həmin mərkəzdə tar öyrənmək üçün qeydiyyatdan keçmişdim. Tar mənim üçün Azərbaycan demək idi. Tarın səsilə sevdim, tarın səsilə aşiq oldum mən. Hətta tarın səsilə ayrılığa dözə, göz yaşlarımı silə bildim. Tarın pərdələrində kim olduğumu bir daha anlaya bildim. Fəxrlə tarı çiynimə atıb evdən mərkəzə, mərkəzdən evə gedirdim. Tarımı çiynimdə daşıyanda elə bilirdim ki, dünyanın ən güclü xoşbəxtlik silahını daşıyıram. Mənim bu xoşbəxtliyim mərkəzimizin sədrinin təhlükəszilik qüvvələri tərəfindən millətçilik suçu ilə həbsə atılan günə qədər, yəni sadəcə iki ay sürdü.

Həmin gün həmişəki kimi tarımı çiynimə atıb mərkəzə getdim. Qapıya çatanda gördüm ki, polislər qapını mühasirəyə alıb, əşyaları bir-bir çölə atırlar. Mərkəzin sədrini gördüm ki, polis maşınında oturdulmuşdu. Bir az da yaxınlaşdım. Musiqi tələbələrinin biri ikinci mərtəbədən mənə tərəf bağırdı ki,

-Gəlmə, qaç burdan!

Heç nə başa düşmürdüm. Qaça bilməzdim. Bir az da irəli getdim. Əsgərlərin biri həmin tələbənin səsini eşidib mənə tərəf gəldi. Əlində yekə və qara bir dubinka var idi.

- Sən də burda dərs oxuyursan?

- Hə, necə bəyəm?

- Az danış görüm! O nədi belində?

- Tardı.

Dubinka ilə başıma dınqılladıb dedi:

- Zəhrimardı. Ver görüm mənə o zəhrimarı!

Çiynimi kənara çəkib dedim;

- Vermirəm, sən kimsən e? O mənim vətənimdi...

- Mən kiməm, hə, vətənindi, hə? Dayan sənə deyərəm indi ki, kiməm!

Polis məmuru başqa bir polisi yanına çağırdı. İndi iki nəfər idilər. Biri əllərimdən, digəri isə tardan yapışıb dartdılar. Tarım çiynimdən dırnaqdan ətim kimi ayrıldı. Əl çəkmədim. Bütün varlığımla tarımı geri almağa çalışdım. Polislərdən biri məsxərə ilə mənə dedi:

- Nə olub, vətənsiz qalıdın? Sənin başın ağrıyır deyəsən.

Acıqlı-acıqlı cavab verdim:

- Bizim vətənimiz olmasa da, qanacağımız var. Başımı sən ağrıtdın!

Polis tarı başına qaldırdı ki, əlim çatmasın. Uzun və həyasız idi. Ona görə də nə qədər əl-ayaq atsam da, tarımı geri ala bilmədim. Yerə tüpürüb dedim:

- Bişərəflər!

Polis əsəbiləşdi. Məmur dostuna dedi:

- Tutun bu kafiri!

Məmur mənə tərəf demək olar ki, hücuma keçdi. Mən də candan möhkəm idim deyə çoxlu müqavimət göstərdim. Sonda dubinka və az qala silah gücünə məni yerə yıxıb kələfçələdilər. Bağırdm:

- Nə istəyirsiz məndəəəəən!

Tarımı məndən alan polis gülümsəyərək dedi:

- Kafirlər! Haram musiqini təbliğ etməkdənsə gedin namaz qılın, o dünyanızı alın.

- Nə oldu, təkcə bizim musiqi küfr oldu? Bəs bütün günü göbək rəqsi etdiyiniz musiqiləri niyə küfr adlandırmırsız, hə?

Mollavari dedi:

- Kəs səsini! Onlar ölkəni bölmürlər. Təkcə o "dünyalarını" dağıdırlar. Amma siz həm bu dünyanızı həm o biri dünyanızı dağıdırsız.

Məmur məni ayağa qaldırdı və maşına tərəf aparmağa çalışdı. Zarıya-zarıya dedim:

- Axı sənə nə, mən bu və ya o dünmyamı dağıdıram və yaxud düzəldirəm? İstəyərəm dağıdaram, istəyərəm düzəldərəm. Hələ de görüm, kim deyib ki, tar o biri dünyanı dağıdır? Kim deyib musiqini sevmək küfrdü? Kim deyib axıı?..

Polis dubinka ilə kürəyimə vurub bağırdı:

- Mən deyirəm, bildin? Sözün var?

Qəzəblə maşınlarına möhkəm bir təpik vurub dedim:

- Sən mənim şəhərimdə mənə kafir deyə bilməzsən? Kişisənsə, əllərimi aç sənə deyim! Mən o tarı sənə verməyəcəm. Qaytar onu mənə!

Polis maşına tərəf gəldi və mənim düz qabağımda dayandı. Onu kin, məni isə qəzəb titrədirdi. Dodaqları əsə-əsə dedi:

- Tarını istəyirsən, hə?

- Hə, istəyirəm!

- Onda gəl al görüm necə alacaqsan!

Əllərim bağlı idi deyə ayağımla polisin ayağını təpiklədim. Polis "ax" deyib bir addım geriyə getdi. Sonra isə ağzı köpüklənmiş dəli kimi üstümə hücum çəkdi. Tarımı başına qaldırıb başıma çırpmaq istədi. Başımı sürətlə kənara çəkdim. Tar polis maşınının qapısına dəyib vətənim kimi bir neçə parçaya ayrıldı. Bundan da ürəyi soyumayan məmur yumruqla gözümün üstündən vurdu. Ətrafdakılar onu sakitləşdirməyə çalışırdılar. Qan gözümün üstündən yerə axırdı. Qəti özümü sındırmadım. Ağzıma dolmuş qanı yerə tüpürüb dedim:

- Nə olsun, bir başqasın alaram, əsas ürəkdi. O da ki, sizlərin əksi olaraq bizdə boldu...

 

4-cü seans

 

Bakıdayam. Rübabənin "Unuda bilmirəm" mahnısına qulaq asa-asa Yazıçılar Birliyinə tərəf gedirəm. Bir dost zəng edir ki:

- Sayman bəy, salam. Beynəlxalq Muğam Musabiqəsinə Güneydən iki nəfər xanəndə gəlib. Mümkünsə gəlin onları görün. Sizinlə görüşmək istəyirlər.

- Hə, nə gözəl. Maşındayam elə. Hara gəlim?

- Mərkəzə...

Tələsik mərkəzə tərəf yola düşürəm. Hər iksinin simasında özümü görürəm. Birinin baxışında qırılmış sazı, digərində tarı görürəm. İki iştirakçıdan biri müsabiqəni davam etmək üçün seçilir. Baxışlarında tarı gördüyüm güneylidən adını soruşdum. Dedi:

- Məcidəm, bəy.

Dedim:

- Canımsan.

Dedi:

- Çox sağ olun, bəy.

Dedim:

- Muğamı harda öyrənibsən?

Dedi:

- Atamdan.

Təəccüb etmədim. Dedim:

- Elə bizim hamımız ya anamızdan öyrənmişik, ya da atamızdan...

Dedi:

- İnşallah, başınızı uca eliyəcəm, bəy...

Dedim:

- Məcid, sənin elə buralara qədər gəlməyinin özü nəyə desən dəyər. Yer tutsan da, tutmasan da.

- Çox sağ olun, bəy.

-  Əlli milyonun qırxı ordadı.

- Bəli.

- Münsiflər heyətinin tərkibində olmasaq da, heyətin ürəyində varıq, Məcid. Qəti stressin olmasın.

- Çalışacam, bəy. Yanımda olun ki, tək olmayım.

- Tək deyilsən. Qırx milyonun sınmış başı, qırılmış sazı, parçalanmış tarının gözü səndədi... get, get və qalib ol...

- Baş üstə, bəy. Sizə o taydan bir hədiyyə gətirmişəm.

- Nədi elə?

- Eşitmişəm ki, dayınız məşhur aşıq olub. Ona görə də dedim bir saz gətirim...

- Çox sağ ol, Məcid. Amma həm mənim evdə sazım var, həm də buralarda saz çoxdu. Mümkünsə onu apar, gələn dəfə gələndə mənə o taydan bir dənə tar gətir. O tayın ağaclarından düzəlmiş tarı istəyirəm...

 

Sayman ARUZ


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!