Şeytan dili - Hekayə. Qalib ŞƏFAHƏT

 

Heç nə alındıra bilmirdim... Bu da məni çox məyus edirdi.

Anam da ki, məni lap hövsələdən çıxarırdı. Fitil Fatmanın oğlunu mənə misal göstərəndə çox üzülürdüm. "Vaxt var idi, fitil Fatmanı saya salan yox idi, a bala. İndi baxsan, gör necə forslanır. Elə bil dədəsi şah Abbasın mehtəri olub. Nədi, nədi oğlu qaz vurub, qazan doldurur".

- Heç onun ali təhsili də yoxdu. Hardan olacaqdı, küncdə-bucaqda qalanın biri idi. Təhsil almaq yadına düşürdü?! Məni yandıran o idi ki, sənin kəsinti dırnağın deyildi. Elə bil gədənin qəflətən bəxti açıldı. Sən də qıraqda, bucaqda qalanın biri oldun.

Arxasınca da, ofuldanıb atamın qarasınca gileylənərdi: "Kişi sağ olsaydı çoxdan sənə bir gün ağlamışdı" - deyirdi. Başını bulayıb:

- Vaxt var idi, rəhmətlik hamının hoyuna yetirdi. Gör hansı vəziyyətə gəlib çıxmışıq, indi onun oğluna əl uzatmaq əvəzinə dil uzadırlar.

Anam orasını çox düz deyirdi, hərənin ağzından bir avaz gəlirdi. Kimi deyərdi, çox soyuqsan, adamlara isinişmək lazımdı. Başqa birisi deyirdi, dilini bir az şirin elə.

Ha fikirləşirəm, özümdə nə soyuqluq duyurdum, nə də dilimdə bir acılıq hiss edirdim. Bəs insanlar bunu hardan çıxarır? - fikirləşirdim.

Başqa biri deyirdi:

- Gərək adamın qabağa çəkəni olsun, ondan sonra hər işin öz qaydasında gedəcək.

Özüm haqqında çox daşınıb-düşünürdüm, axırda bu qərara gəldim ki, "yox, vallah, mənimki bəxt gətirməməkdi".

Son günlər təzə fikrə düşmüşdüm. Başqaları necə, mən də elə, düz olmaq mənə qalmayıb ki...

Hələ üstəlik, o söz də yadıma düşəndə, lap dilxor olub cinləndim. "Düz olan, düzdə qalar". Vallah, kim deyibsə lap yerində deyib.

Mənim də görüb-götürdüyüm az deyildi, həyat mənə çox şey öyrətmişdi. Hələ üstəlik, bir neçə dil bilirdim. Özü də sərbəst öyrənmişdim.

Öyrənmək üçün heç bir problemim yox idi, amma bu zəhrimar başıma girmir ki girmirdi. Axşamdan səhərə kimi deyəcəyim sözü əzbərləyirdim, üstəlik, güzgünün qarşısında dayanıb necə deyəcəyimi, hərəkətimi güzgüdə baxıb bəyənirəm. Deyirdim, bircə yadımdan çıxmasın. Elə ki, səhər oldu, sözümü deyəcəyim adamı görən kimi hər şeyi unudurdum. Nə qədər içimi, çölümü ələk-vələk eləsəm də, heç nə tapa bilmirdim. Sonra da düşünürdüm, görəsən, bu adam mənim haqqımda nə fikirləşəcək? Vallah, nə fikirləşsə düz fikirləşir, adam öz-özünü nə qədər danlayar.

 

***

Şərif müəllim anamın dos-doğma xalası oğlu idi. Mən də həmişə ona dayı deyə müraciət edirdim. Atamla yaxşı münasibəti var idi. Arada gedib-gəlişimiz də olurdu. Atam rəhmətə gedəndən sonra ayağımız kəsildi.

Bilmirəm təsadüf idi, yoxsa anam nəsə demişdi, zəng edib məni yanına dəvət elədi.

Öz-özümə fikirləşdim, "bundan çıxmayan iş, nə əcəb zəng edib?".

Könülsüz də olsa işdən sonra yanına getdim. Hal-əhvaldan sonra, işimi-gücümü soruşdu. Mən də olanı-qalanı, hamsını dedim.

Başını bulayıb gülümsündü.

- Ə, bacoğlu, eşitmişəm universiteti əla qiymətlərlə bitirmisən, hələ üstəlik, dörd dil də bilirsən?

- Hə, - dedim.

- Sən o boyda şirkətdə işləyirsən, kiminləsə dil tapa bilməmisən? - dedi.

"Yox" demək istəyirdim, sanki dilim tutuldu, başımı buladım.

Şərif müəllim dodaqaltı qımışdı. Öz hərəkətim özümə də qəribə gəldi. Utandığımdan başımı yerə dikdim.

- Bəs mənə niyə yaxınlaşmırsan? Məgər biz yadıq, özgəyik?

Nə deyəydim? Üzünə baxdım.

- Qabağa getmək istəyirsən?

Anidən verilən sual məni çaşdırdı. Özümü qəribə hiss etdim.

- Narahat olma, ölümdən başqa hər şeyə bir çarə var, - dedi.

Sözü olmayan adam kimi o danışırdı mən yazıq-yazıq ona baxırdım.

Üzümə baxıb gülümsündü:

- Əvvəlcə səni tanıtmaq lazımdı. Tanınmayan adamın sözünə o qədər də əhəmiyyət vermirlər. İndi zəmanə belə tələb edir, - dedi.

Dərindən nəfəs alıb: 

- Yaxşı, səni çox yubatmayım. İşdən çıxmısan, yəqin, yorğunsan. Get dincəl, amma dediklərimi unutma, mənimlə əlaqə saxla, - dedi.

Yol boyu olan söhbətləri başımda saf-çürük edirdim. Bu söz mənə daha qəribə gəlirdi. "Səni tanıtmaq lazımdır". Məni necə tanıdacaq? - düşünürdüm. Heç inanmağım gəlmirdi. Arada fikirləşirdim, "yox, deyəsən, dayım bacoğlu ilə əməlli başlı məzələndi".

Axırda belə fikrə gəldim, "bunu da gözləyərik, onsuz da mənimki gözləməkdən gəlib".

 

***

Aradan iki gün keçmişdi, mənə zəng elədi, hal-əhval tutduqdan sonra:

- Ə, bacoğlu, bizim qəzeti heç alıb oxuyursanmı? - soruşdu.

Dillənmədim.

- Nə əcəb alıb oxumursan? Sən ki, hər şeyə maraq göstərirsən?!

Düşündüm, yəqin, maraqlı bir şey var, ona görə mənə sevincək zəng edib xəbər edir.

Gülərək:

- Onda çox şey itirmisən, - dedi.

- İşdən çıxanda alıb baxaram, - dedim.

- Yaxşı-yaxşı, qəzetimizi oxumursan, oxumursan, saytda da bir gözəl yazı gedib, aç ordan oxu. Qəzetin adı ilə eynidir. Xalqınsəsiqazeti.az saytı.

Sayta baxdım. Çox əla başlıq vemişdi. "Dünyaya gənc mütəxəssisin gözü ilə baxış".

Hələ üstəlik, mənim haqqımda geniş məlumat da verilmişdi. "Amarol" Holdinqin nəzdində fəaliyyət göstərən "Amara" şirkətinin, "sertifikatlaşdırma və standartlaşdırma" üzrə baş mütəxəssisi, tanınmış iqtisadçı, Amerikada, Fransada magistr təhsili almış, dörd dildə sərbəst danışan, özünün yeni iqtisadi yönümlü konsepsiyası olan Adşirin Bəndalaşoğlu Bədirbəyli ilə geniş müsahibə.

Oxuduqca gülümsünürdüm, "bu məqalədə təsvir olununan gerçək mənəmmi?" - düşünürdüm.

Özümə də təəccüblü gəlirdi. Axırda belə qənaətə gəldim: 

- Yəqin, bildiyi bir şey var. Görək axırı necə olacaq.

Müsahibəni oxuyub işimə başladım. İşin axrına yaxın şirkətin direktoru məni öz otağına çağırdı. Şirkətimiz haqqında gözəl fikirdə olduğuma görə minnətdarlığını bildirdi. Yuxarıdan da mənə böyük maraq göstərildiyini söylədi. Hələ üstəlik, onu da dedi ki, "mənim həmişə sənə qarşı böyük diqqətim olub".

Səhəri yenə Şərif müəllim mənə zəng edib:

- Qəzetimizin bugünkü sayına baxmısanmı? - dedi.

- Yox! - dedim.

Gülüb:

- Hə, yenə çox şey itiribsən, - dedi. - Oxu görəcəksən.

Arxasınca yenə bərkdən gülüb:

- Direktorun sənin haqqında çox yaxşı fikirdə imiş, xəbərin yoxmuş. Onunla geniş müsahibədi, oxu, çox şeydən xəbər tutacaqsan.

Onu da çatdırdı ki, dünən bir neçə yerdən redaksiyaya zəng edib səni soruşublar. Mən də lazımi məlumat vermişəm.

Danışdıqdan sonra müsahibəni oxumağa başladım. İlk sualdan məni gülmək tutdu.

- Sizin Holdinqdə işləyən gənc mütəxəssisin bildirdiyinə görə, Holdinq yeni layihələrə start verib. Onu da qeyd edib ki, planlaşdırırsız ki, yaxın gələcəkdə Çindən, Dubaydan xammal almağa ehtiyac olmayacaq. Özünüz xammal tədarükü ilə məşğul olacaqsınız?

Direktorda deyir ki, "gənc mütəxəssis nə deyibsə düz deyib, biz dünyanın ən böyük Holdinqləri ilə rəqabətdəyik. İnanıram ki, yaxın günlərdə səmərəsini görəcəyik. Qaldı ki, o gənc mütəxəssisə, çox savadlı və dünyagörüşlüdür. Bildiyiniz kimi, Amerika və Fransada magistr təhsili almışdır. Bu da bizim dünyaya inteqrasiyamıza kömək edəcək.

Başımın üstündə uğur küləkləri əsməyə başlamışdı. Çox çəkmədi ki , mən Holdinqin direktor müavini təyin edildim. Çox məsələlər mənimlə hesablaşılırdı. Deyilənə görə, yuxarıda mənə qarşı bir simpatiya var idi.

Sonra mənə müəyyən təkliflər gəlirdi. Sən demə, mənim subay qalmağım Holdinq üçün o qədər də yaxşı sayılmır. Yaxşı vəzifən varsa, ailə də mütləq vacibdi.

Gənc mütəxəssis kimi ev verildi. Hətta, şirkətimizin rəhbəri bir əda ilə, bir naz ilə elə təqdim elədi ki, bəs deməzsənmi, "bizim savadlı, qabiliyyətli gənc mütəxəssislərə qayğı göstərmək mənəvi borcumuzdur".

Gənc mütəxəssisin savadı, qabiliyyəti kimi yaşadığı evi də müasir standartlara cavab verməlidir. Qoy həmişə zövqü yenilənsin. Gələcək nəsil bizim qayğımızı hiss etsin, millətimiz üçün bir örnək olsun.

 

***

Bir görüşümüzdə Şərif müəllimin söhbət əsnasında dediyinə görə sevimli qəzetimizin maliyyə resursları xeyli çoxalmışdı.

- Bu, sənin hesabına oldu, - dedi.

Təəccüblə:

- Necə yəni? - dedim.

- Hə, bəs necə, indi zəmanə dəyişib, gərək bir güllə ilə iki dovşan vurmağı bacarasan. Gərək, adam iş görəndə, birtərəfli yox, hərtərəfli iş görə bilsin. Narahat olma, hələ səni çox vəzifə pillələri gözləyir. Daha sənə qorxu-qadağa yoxdu. Dil öyrətməkdə çox mahirsən. Qəzetimizdə dörd dil bildiyini yazmışdıq, birini də mən öyrətdim.

- O hansı dildi? - dedim.

- Sənin üçün ən vacib dil odu. İndi zəmanə dəyişib. O dili bilməsən baş çıxara bilməzsən.

Ciddi-ciddi üzümə baxıb güldü:

- Şeytan dili.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!