Unudulmaz müəllim Mir Cəlal Paşayevin əziz xatirəsinə
Bu əhvalat XX əsrin səksəninci illərində, təxminən qırx il əvvəl baş verib. Ötən müddət ərzində şəxsən mən özüm bunu müxtəlif yerlərdə, bəlkə də, dörd yüz dəfədən çox danışmışam. Ağızdan-ağıza dolaşaraq təhriflərə, əlavə bər-bəzəklərə tuş gələn əhvalatı bəzən mənim özümə də danışırlar, özü də elə bəzək-düzəklə ki, adamın xoşu gəlir.
Payız fəsliydi, universitetin birinci kursunda oxuyurdum. Bizim qrupda qızlar çoxluq təşkil edirdi, oğlanlar cəmi yeddi nəfər idi. Orta sırada arxa cərgədə əyləşirdim. Qarşımdakı partada Turanə otururdu, yanındakı qızın adı isə Cəmilə idi.
Turanə ilə qəbul üçün sənədlərimizi də birlikdə təqdim etmişdik, elə onda da tanış olduq. Heç ağlıma da gətirməzdim ki, bir yerdə oxuyacağıq.
Qəbul imtahanında da bir yerdə idik, hətta bir partada oturmuşduq. Qrupda da gəlib onu görəndə, lap ağlım başımdan çıxdı. Bu qədər təsadüfmü olardı?
Zöhrə qocam həmişə deyərdi ki, əgər bir qız bir oğlanın qabağına gözləmədiyi halda üç dəfə çıxırsa, bu onun qismətidir, qismətdən qaçmazlar. Qocamın sözləri beynimə hakim kəsilmişdi, lakin mən qismətimin hayında deyildim, Bakıya oxumağa gəlmişdim, mənə ali təhsil almaq lazımdı. Universitetdə oxumaq isə orta məktəbdəkindən qat-qat çətin idi. Dərsliklər hamıya çatmırdı. Kitabxanadakı dərs vəsaitlərini isə sən gələnə kimi kimsə götürürdü və günlərlə gözləməli olurdun. Müəllimlər də mühazirəni sürətlə oxuyub keçir, yazıb çatdırmaq olmurdu. Kimdənsə alıb köçürməyi də özümə sığışdırmırdım. Odur ki, bütün fikrim tədris prosesinə uyğunlaşmaq üzərinə yönəlmişdi, amma elə hey Turanəni də fikirləşirdim.
Turanə gülərüz, qarayanız, suyuşirin bir qız idi. Saflığı üzündən-gözündən oxunurdu, adamı ilk baxışda özünə cəlb edirdi. Çox astadan danışardı, deyəsən, bir az da utancaqdı, mənim kimi ünsiyyətdən qaçaqdı. Bir məğrur duruşu vardı, ciddi təsir bağışlayırdı. Danışanda yanaqları azca allanardı, bu onu daha yaraşıqlı, daha cəzbedici göstərərdi. Qrup qızlarının heç birində olmayan gur saçları çiyinlərinə tökülər, kürəyini ortasınadək örtərdi, o vaxtlar dəb idi saçları açıq saxlamaq. Saçlarının qəribə ətri vardı, bilmirəm ətir vururdu, yoxsa yuduğu şampunun rayihəsiydi, hər nə idisə, məni məftun edirdi. Bəzən dəqiqələrlə dərsdə olduğumu unudur, gözlərimi onun saçlarına zilləyib qalardım.
Ədəbiyyatşünaslığın əsaslarını Mir Cəlal müəllim aparırdı. Bu insan ilk tanışlıqdan mənə nəsə bir başqa təsir bağışlamışdı. Dərs boyu elə Turanə ilə mənə baxırdı. Çox qısa müddətdə başqalarına tərəf çönsə də, tez qayıdıb bizə tərəf baxar, dərsi davam etdirərdi. Hərdən gözümü ondan çəksəm də, baxışını daima başım üzərində hiss edərdim. Onda bizə qarşı bir doğmalıq duyulurdu, mənə elə gəlirdi ki, Mir Cəlal müəllimin simasında qədəm qoyduğumuz universitetdə özümüzə doğma, bizə çox əziz olan bir adamımızı tapmışıq.
İlk tanışlığımızdan Turanə də mənə xoş təsir bağışlamışdı, lakin özümü ona tay tuta bilmirdim, o, geyimindən imkanlı ailənin övladına oxşayırdı. Mənə elə gəlirdi ki, onun təkcə saçlarına vurduğu ətir mənim əynimdəki paltarlardan bahadır. Odur ki, tərəddüd edirdim; həm onunla ünsiyyət qurmaq istəyirdim, həm də yaxın durmağa qorxurdum.
Bir dəfə mühazirə zamanı Turanə mənə bir vərəq uzatdı. Karandaşla yazmışdı: "Qələmim evdə qalıb. Səndə əlavə qələm olmaz ki?". Çantamdan tez bir qələm çıxarıb, həmin kağızla bərabər ona uzatdım. Dinməzcə aldı, elə mənim verdiyim qələmlə "təşəkkür" yazıb kağızı yenidən mənə qaytardı. Uzun müddət həmin kağızı dəftərimin arasında saxladım.
Beləcə, günlər gəlib-keçirdi, mən isə Turanə ilə "salam, sağ ol"dan başqa heç cürə ünsiyyət qura bilmirdim. Həmişə ondan tez gəlib yerimdə əyləşər, dərs qurtaranda hamıdan sonra çıxıb gedərdim. Bunun da əsas səbəbi ayaqqabımın köhnə və yöndəmsiz olması idi. Birtəhər ötüşürdüm ki, bir azdan havalar soyuyacaq, atam qış ayaqqabısı alacaqdı. Qrup yoldaşlarımın çoxu o vaxt dəbdə olan timsah dərisindən ucubiz ayaqqabı geyinir, tənəffüsdə də o tərəf-bu tərəfə gəzişir, forslanırdılar.
Bir gün seminara hazırlıqdan danışırdıq, mənə də sual ayırmışdılar. Birdən Turanə arxaya çevrildi və mənə bükülü kağız uzatdı. Tez açıb baxdım. "Bu gün Mərkəzi Kitabxanaya gedəcəyik. Getmək istərdinmi?". İlişib qalmışdım, həm getmək istəyirdim, həm də bu yöndəmsiz, əyri, dabanları bir tərəf üstə sürtülüb sıradan çıxmış ayaqqabımla Turanənin yanına düşüb hara gedəcəkdim... Yox, gedə bilməzdim. "Siz gedin, vacib işim var, mən sonra gedərəm...". Elə həmin kağızın arxasına bu sözləri yazıb qaytardım. Turanə oxuyub kağızı dəftərinin arasına qoydu.
Mir Cəlal müəllim sinifdə asta-asta gəzərdi, o qədər asta ki, adamın yanından keçəndə ayaqqabısının səsi eşidilməzdi. Mənə elə gələrdi ki, ayaqqabısının döşəməsi padoş deyil, heç rezin də deyil, keçədir, axı padoş və rezin altlı ayaqqabı ilə necə bu qədər asta keçib getmək olar?
Heç yadımdan çıxmaz, bir gün seminarda o, Turanənin danışığını - cavabını çox diqqətlə dinləyir, adəti üzrə cərgələr arasında o tərəf-bu tərəfə gəzişir, heç nə demirdi. Nəhayət, Turanə hazırladığı cavabı izah edib yekunlaşdırandan sonra Mir Cəlal müəllim ona yaxınlaşdı.
- Qızım! - deyib əlini çiyninə qoydu. Bu dəm sanki Turanənin boyu bir az da ucaldı, gözləri büllur kimi parlaq oldu, saçları daha dolğun göründü, bu, bəlkə də mənə belə gəlirdi.
- Bəli! - Turanə astadan cavab verdi, bəlkə də cavabının qaneedici olmadığından, müəllimin razı qalmadığından belə sönük dilləndi. Amma mənə elə gəlirdi ki, Mir Cəlal müəllim cavabdan razı qalıb, çünki onun çox diqqətlə dinlədiyini müşahidə etmişdim.
- Sən artıq orta məktəb şagirdi deyilsən! - Bu, təkcə Turanəyə deyil, bütün qrupa ünvanlanmışdı, hamımız diqqət kəsilmişdik, görəsən, sonra nə deyəcək. - Mən xeyli vaxtdır sənin dərsə hazırlığını dinləyir, özlüyümdə müqayisə edirəm. Dərslərinə mükəmməl hazırlaşırsan, buna iradım yoxdur. Dərslikdəki məlumatlardan əlavə kitabxanadan da nəsə əlavələr axtarıb tapırsan. Bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq sən hələ də özünü orta məktəbdəki kimi hiss edirsən. Elə bilirsən ki, lövhəyə çıxanda yalnız sualları cavablandırmaq, dərsi danışmaq lazımdır...
Hamımızı təəccüb bürümüşdü. Görəsən, Mir Cəlal müəllim bununla nə demək istəyir? Əslində bəs necə olmalıdı?
- Ali məktəbdə siz özünüzü ifadə etməyə alışmalısınız. Cavab verdiyiniz yalnız sizi dinləyən müəllim və qrup yoldaşlarınız deyil, həm də müxtəlif təbəqədən olan çoxsaylı insanlardı. Siz onların qarşısında danışdığınızı, çıxış etdiyinizi düşünməlisiniz.
Turanənin də, elə bizim də üstümüzdən, sanki ağır bir yük götürüldü. Səhərdən nəfəsimizi içimizə çəkib gözləyirdik, indi rahat nəfəs aldıq.
- Qardaşın varmı? - Növbəti sual lap gözlənilməz oldu, bəlkə də onu tanımayanlar üçün yersiz görünərdi, amma dəqiq bilirdik ki, o, heç vaxt boşuna sual verməz.
- Bəli! - Turanə yenə də astadan dilləndi, hiss olunurdu ki, o da sualın məğzini anlamayıb.
- Adı ya Azərdir, ya Turan! - Mir Cəlal müəllim isə Turanədən fərqli olaraq heç kimin gözləmədiyi halda tam əminliklə bildirdi.
- Elədir! - Turanənin həyəcanı səsinin titrəyişindən bəlliydi. - Böyük qardaşımın adı Azərdir, məndən balacanın isə Turan.
Turanənin cavabı hamını heyrətləndirdi. Sinifdə sanki teatr göstərilirdi və hamı diqqətlə səhnəni izləyir, indicə möcüzə baş verəcəyini gözləyirdi.
- Başqa cür ola da bilməzdi. - Mir Cəlal müəllim sözünə davam etdi. - Tək-tək də olsa belə ailələr var. Onlar Vətən fədailəridir.
Bu dəm mənə ad qoyan valideynlərim gözümdə dağ boyda ucaldı. Deməli, mənim də valideynlərim vətən fədailərindəndir. Bunu eşitmək necə də xoş idi, özü də Mir Cəlal müəllimin dilindən...
Birdən yadıma düşdü ki, Turanədən sonra seminarın bir sualını mən cavablandırmalıyam. Hazırlıqlı olsam da heç qabağa çıxmaq istəmirdim. Mir Cəlal müəllimin ciddi baxışlarından hiss edirdim ki, indicə məni çağıracaq və mən məcburən Turanə ilə yanaşı duracağam. Elə əyri, yöndəmsiz köhnə ayaqqabıma yaraşırdı Turanə ilə yanaşı durmaq...
Pis vəziyyətə düşəcəyimdən qorxurdum.
- Keç, əyləş!
Mir Cəlal müəllimin əlini Turanənin çiynindən çəkməsi ilə zəngin vurulması üst-üstə düşdü. Sevincdən gözlərim yaşardı. Turanə sevinc dolu baxışlarla düz gözümün içinə baxa-baxa gəlib çantasını yığdı və "hələlik" dedi. Nə fikirləşdisə:
- Biz bir azdan biz kitabxanaya gedəcəyik. Sən də getmək istərdinmi? - deyə əlavə etdi, bu, artıq çağırış, dəvət idi, cavab verməliydim.
- Üzrlü hesab edin. Bu gün çox vacib işim var. - Üzünə baxmadan pıçıldadım. - Başqa vaxt gedərəm, siz gedin.
Turanə daha heç bir söz deməyib getdi. Guya nəsə yazdığımı bəhanə edib gözləyirdim ki, hamı çıxıb getsin. Birdən Mir Cəlal müəllimin yanımda əyləşdiyini gördüm. O, heç vaxt tələbələrdən əvvəl sinfi tərk etməzdi. Həmişə zəng vurulandan sonra iş dəftərində nə isə qeydlər aparar, tələbələr çıxandan sonra portfelini götürüb gedərdi. Elə mən də hamıdan sonraya qalmaq fəndini ondan öyrənmişdim.
- Sən heç kitabxanaya getmirsən, Azər? - Qəfil sual məni fikirdən ayırdı, elə bildim ki, Turanə deyəndə o da eşidib.
- Hərdən gedirəm. - Tələsik cavab verdim.
- Ora tək getmək lazım deyil. Qrup qızlarından da aparmaq lazımdır ki, onlar da kitabxanadan istifadə edə bilsinlər. Yaxşı, siz oğlanlar aparmırsınız, qızlar da tək getməyə çəkinirlər. Belə olmaz axı...
Mir Cəlal müəllimin söhbəti xoşuma gəldi.
- Azər, sən niyə timsah dərili ayaqqabı alıb geyinmirsən? Xoşun gəlmir? Bax, qrupda səndən başqa, oğlanların hamısı alıb geyinib.
Sıxıldığımdan bilmədim nə deyim. Ayağımı ayağıma sıxdım ki, Mir Cəlal müəllim ayaqqabımın cırıldığını görməsin. O isə deyəsən, görmüşdü. Elə buna görə də məni qabağa, dərs danışmağa çıxartmamışdı. Təəccüb içindəydim, o bunu necə görə bilərdi?
- Yəqin, kənddən hələ pul göndərməyiblər. Təqaüdünü də kitab-dəftərə xərcləmisən?
- Bəli.
- Eybi yoxdur. Birinci kursda belə sıxıntılar olur, sonra yoluna düşəcək.
Mir Cəlal müəllim əlini sol cibimə saldı.
- Oğlum, Azər, hamınız mənə doğmasınız. Sıxılma, burdan çıxan kimi get, özünə timsah dərili ayaqqabı al. Dərsdə heç kimdən geridə qalmadığın kimi, geyimdə də qalma.
O bunu elə etdi ki, karıxıb qaldım, "sağ ol" da deyə bilmədim.
Uçmağa qanadım yox idi.
Ertəsi gün adətim üzrə sinfə hamıdan tez gəlsəm də, keçib yerimdə oturmamışdım, ortada var-gəl edir, gələnlərlə hal-əhval tuturdum. Mənə elə gəlirdi ki, otağı işıqlandıran lyustrdakı lampa deyil, timsah dərili ayaqqabımın parıltısıdır.
Birdən Turanə qapıda göründü, az qaldım ki, qabağına yüyürüm. Salamlaşan kimi astadan soruşdum:
- Dünən kitabxanaya getdiniz?
- Yox, Azər - dedi. - Qızlar getdi, mən gedə bilmədim, bu gün getmək istəyirəm.
- İstəsən, birlikdə gedərdik.
- Hə...
Sevincdən Turanənin gözləri parıldadı.
Hər ikimiz keçib yerimizdə əyləşdik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!