“xilqət bir dialoqdur”
Şairlər böyük şəhərlərin “cəhənnəmindən” yetəcək qədər danışıblar. Bodler iri şəhərə “ölümün kölgələr ölkəsi” deyirdi... Doğrudan, gün keçdikcə böyük şəhərlər üzərində daha az ulduz görünür. Günəşi belə unutmaqda olan şəhər insanının ulduzlara tamaşa etmək heç ağlına gəlməz. Hərçənd ulduzlar öz varlığının fərqinə varanlar üçün ümid işığıdı - insana daim var olduğunu xatırladar. Ancaq ulduzların səpələndiyi göylər aləmiylə əhatəli kənd adamından fərqli olaraq şəhər adamı ulduzlu səmanı seyr edə bilmir. Yəqin bu üzdəndi, artıq sevməyi də bacarmır... Günəşin, Ayın, ulduzların... Allaha səcdə etdiyini görmədən necə sevsin?..
Hər gün artan göydələnlər arasında bir böcək təkin dolaşıb duran və beton yığınları içində mənəvi dünyası hər gün daha çox daralan şəhər insanını yaşamağa məhkum olduğu bu həyatın döyünən nəbzi kimi saat da bir yandan aralıqsız, acımasızca, üstəlik hər dəfəsində artan şiddətlə vurur. Modern şəhər özlüyündə həmin saatın istilası altındadır...
C.Meriç deyir ki, “renessansdan bu günəcən ötən tarix antik çağların yabançısı olduğu bir dərd aşıladı insanlığa”. Kökü “fabriklərin uğultusunun İsrafilin suru kimi insanlığın yuxusunu qaçırdığı” sənaye inqilabları dövrünəcən uzanan bir dərd: “angoisse”... bir inamsızlıq duyğusu olaraq özünü göstərir. “Angoisse” hiss edən fərd sıxıntısının qaynağını bilməz... Cismani baxımdan nəfəs darlığı ilə bəlli edər o özünü, döş qəfəsində bir sıxıntı hiss edər, tərləyərsən, nəbzin daha sürətlə vurar. Çox vaxt əllərin-ayaqların titrər və canına ümumi bir halsızlıq gələr...” Və başqalarından daha çox seçilmək istədikcə, o boğuntu qarşısında bir elə çox çarəsiz qalarsan.
Bu, modernizmin tənhalaşdırdığı qocaman şəhər insanının uzun zamandan bəri düçar olduğu bəladır indi tənhalıq adıyla bilinir. “Həyat şəhərləşdikcə təbiətdən də ayrılan insan” tənhalaşdı, tənhalaşdıqca da özünü gücsüz, müdafiəsiz hiss etməyə başladı. Sağından-solundan şütüyən yığın-yığın məncil, tamahkar və sevgisizlər selində indi hamı yalqızdır. Elə addımbaşı qarşına çıxanlar da şəhərin ölüyə çevrilmiş, qaçılmaz tənhalığa məhkum insanlarıdı. Hər biri ruhunu öldürdüyü üçün heç kimsə özüylə belə dil tapıb danışa bilmir. Az qala hamısı “tarix deyilən arabaya qoşulub” ümidsizlik içində “ölümünü gözləyən” keçmişsiz, tək-tənha varlıqlardır. Maddiyyatpərəstliyin hegemonluğu aralarındakı bütün dostluqları param-parça elədi.
...Bəşər oğlu dünyanı mübarizə meydanı biləli bir-biri üzərində hakimiyyətə can atdıqca aradakı bağlar da günü-gündən zəiflədi, ard-arda qırılmağa başladı... Amma insan təkbaşına və ünsiyyətsiz özünü tapa bilməz: “xilqət bir dialoqdur”. Tənhalığın özünün belə ünsiyyət olduğu halda bir anlamı var. İnsanın özüylə dialoqu da yalnız başqalarıyla ünsiyyət olunca mümkündür. Əks halda o, özünü ifadə edən bacarığından məhrum qalardı; “təfəkkür tək insanın işi deyil”.
Adına “kommunikasiya texnologiyaları” deyilən, amma elə kommunikasiyanı, ünsiyyəti insanlıq tarixində bugünəcən görünməmiş həddə ortadan qaldıran texnologiyalar çağında yaşayırıq. Həmin çağ ki, sən bu iri şəhərdə üz-üzə gəldiyin birilə salamlaşmazsan, qapıbir qonşunun kim olduğu sənə heç maraqlı deyil. Dərdini bölüşə biləcəyin kimsə yox. Ən yaxınlarına üz tutmaqda çətinlik çəkirsən... “Qələbəliklər içində tənha” dolaşan birisən. Saxladığın münasibətlər də səmimilikdən uzaq və səthidir. U.Eko doğru deyir ki, elektron cəmiyyət yalqızların, tənha insanların cəmiyyətidir. Bax həmin elektron cəmiyyətin üzvü olmaq üçün sən artıq tam yetişmiş birisən.
...İnsanların bir-birilə bağlanmamağı, ünsiyyət saxlamamağı, təmas qurmamağı və könüldaş olmamağı əslində əsrarəngiz tərzdə “Tanrıdan uzaq” olmaqlığın özüdür. Şəhərə təbiətin ahəngini qatmayan, əksinə, bu ahəngi büsbütün özündən qovan meqapolis artıq içərisində Allahın yer almadığı bir məkandır. Şəhərlər böyüdükcə dindarlığın azalmağı yəqin bu üzdəndi... Amma modern “həyatın sıxıntı və fəlakətlərinə də ancaq din ilə müqavimət göstərmək” olardı.
“Dövrümüzün ən mühüm icadını soruşsaydınız, tərəddüd etmədən deyərdim: individ”. İri şəhərin tənha insanının varlığını təhdid edən, yaşamağı gözündə mənasızlaşdıran sıxıntı məhz “individ” olmağı üzündən meydana çıxıbdır. Bu ifrat fərdiyyətçiliyi onu inancdan məhrum qoydu, mənəvi dünyasını viranəyə çevirdi. Çəkdiyi sıxıntı, yaşadığı üzüntü bu üzdəndir. Fərqinə varmadı ki, “Tanrısı olan birini sıxıntı əsla ələ keçirə bilməz”. Bax, mənəviyyatı belə zəif olan, könül dünyalarında dərin boşluq yaranan və kim olduğunu unudanlardı o məşum dərin tənhalıq duyğusuna qapılanlar. Vəhdaniyyət hissindən məhrumiyyətin, parçalanmışlığın gətirdiyi qorxu içində isə heç hansı dəyərə bağlı qalmadan, həyata məna vermədən çox da uzun yaşamaq olmur.
Müasir şəhərlərin dayanılmaz sıx informasiya məkanı tənhalığı ən şiddətli dərəcəyə çatdırdı. Meqapolislərdə yaşayanların çoxunun özünəməxsus qəribə psixi xassəli olmağı həm də ona görədir... Bu gedişlə günümüzün nəhəng şəhərləri bir neçə nəsil sonra həyat üçün yararlı olmaqdan çıxıb yaşanılmaz hala gələcək...
Hələ İbn Xəldun (1332-1406) “Müqəddimə”də şəhərlilik və dəbdəbəli həyatda sivilizasiyanın son həddini görmüş, bütün fəsadları məhz şəhərliliklə dəbdəbəli həyatın yaratdığını demişdi. R.Dekart (1596-1650) da tənhalığın məhz böyük şəhərlərdə axtarılmalı olduğunu söylədi. T.Drayzer (1871-1945) isə ötən əsrin ortalarına doğru və haqlı yazacaqdı ki, yaşamağın gedərək daha çətin olduğu indiki şəhərlərdə əhalinin sıxlaşmağının ən çox pərişanlıq doğuran nəticəsi - adi insanın büsbütün qəribçilik içində boğulmağı, mənən tənha qalmağıdır... Getdikcə daha qaba və daha kobud, daha biganə və daha mərhəmətsiz oluruq... İnsanlar həyatın sərtliklərilə üzləşməyincə nələrə qarşı etinasızlıq göstərdiklərini və nələrdən üz çevirdiklərini… dərk eləmirlər. Özlərinə xəstəlik ya qocalıq üz verməyincə, yaxud var-yoxdan çıxıb da sonra ölümü gözləri önünə gətirməyənəcən onlar insan münasibətlərinin nə dərəcədə qiymətli olduğunu hələ bütün dərinliyi ilə hiss etməyəcəklər... Hamımız tənhayıq...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!