Mifdən həqiqətə - Şuşa səfərindən qeydlər - Günay Qarayeva

 

Müqəddəs insanlar olduğu kimi müqəddəs məkanlar da var. O məkanın yaşadığı tale elə müqəddəslərin yaşadığı ömrə bənzəyir. Daim vüsalın həsrətilə hicranın əzabları içərisində mum kimi ərimək onun da taleyinə yazılır. Həzrəti Yəqubun sevimli oğlu Yusifsiz qovrulduğu illər, bütün ömrü boyu bu həsrətə son qoymaq ümidinin işartısı əzabından çox, vüsalının böyüklüyünü, yetişəcəyi ali məqamın sevgisi kimi onu yaşadıb. Bizim illər ərzində Şuşa həsrətilə ömrümüzün nə vaxtsa vüsala çevriləcəyi bir ümid kimi...

Şuşa həm də orta dövrün qızıl əfsanəsi hesab edilən, rəssam Mikolancelonun "Müqəddəs Antoninin əzabları" əsərində tələyə salınmış Antoninin şeytanlarla apardığı mübarizəni xatırladır. 

Şuşa "torpağın yox, mədəniyyətimizin qalası"dır. (Y.Qarayev). Ona görə bu etno-mədəni məkanın itkisi özündə təkcə torpağın deyil, mədəniyyətin, mənəviyyatın itkisinə çevrilib. Şuşa bizim nəslin yaddaşına mədəniyyət ocağı, müqəddəs ruhların dolaşdığı məkan, qəhrəmanlığın real, ritual məkanı kimi həkk olunub. Bunu duymaq, dərk etmək üçün mütləq məkana getmək lazımdır. Real mədəni məkanın irreal məkanla qovuşuğu da ərazi, coğrafi məkan kimi Qarabağdan, onun ən uca zirvəsi olan  Şuşadan başlayır. Bəlkə ona görədir ki, Şuşaya qayıdış etnosa, milli müəyyənliyə, mental mədəniyyətə qayıdış kimi ən yüksək qəhrəmanlıq statusunun yenilənməsi, intibahın başlanğıcı olur.

Təbiət, insanın mənsub olduğu məkan yalnız dekor, təsvir elementi deyil, milli şüurun formalaşması, mənəvi-əxlaqi bütövlüyün təbiətə, insanın təbiətlə harmoniyasına bağlanır. Bu əlaqə itdikdə insanın  məkan ağrısının itkisi, kollektiv şüurun alt qatındakı yaddaş, mənəviyyat itkisinin başlanğıcına çevrilir. Dənizdən nə az, nə çox, təqribən 1300 metr yüksəklikdə yerləşən, türkün mifoloji statusunda ucalıqda qərar tutma, sal, sıldırım qayaları arxa, dayaq kimi düşünmə məkanına çevrilən Şuşanın örpəyi gözəl hüsnündən götürüləndən Şuşa bütünlüklə təslim oldu. Şuşa təslim edilsə də nə mədəniyyətini, nə də etibarlı təbiətini, aliliyini itirmədi. Mədəniyyəti və təbiəti ilə doğma Azərbaycanımızın müxtəlif məkanlarında qərar tutdu. Bir vaxtlar İranda yaşamaq məcburiyyətində qalmış İbrahimxəlil xanın qızı, Xurşidbanu Natəvanın bibisi Ağabəyim ağanın özüylə bitirmək üçün İrana apardığı, lakin heç vəchlə orada bitirə bilmədiyi Xarıbülbül perik düşmüş şuşalılar kimi harmonik vəhdətin davamına çevrildi, 44 günlük müharibədən sonra Şuşanın əbədi simvoluna çevrilən qeyri-adi gözəlliyi olan bu gül ayaq açıb yurdumuzun ayrı-ayrı bölgələrinə səpələnməklə yurd ağrısının yükünü qəlbində daş kimi gəzdirən qarabağlıların, şuşalıların ümid çırağına çevrildi. Hər yaz fəslində çiçək açan bu gül qəlblərdəki ümid çırağını ölməyə qoymadı. Nəhayət, 30 illik həsrət sona çatdı.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun rəhbərliyinin təşəbbüsü ilə institutumuzun 45 nəfərdən ibarət nümayəndə heyətinin taleyinə (onların içərisində uşaqlıq və gənclik illəri Şuşada keçən yaşlı və orta nəslin nümayəndələri, Şuşa haqqında məqalə, esse, hekayələr yazan əməkdaşlar da vardır) Pənah xanın abad etdiyi Şuşaya pənah aparmaq qisməti də düşdü. Yolumuz Şuşayadır, gerçək Şuşaya! Nə xəyallarımızda böyütdüyümüz, nə ətrafında nağıl uydurub özümüzü ovundurduğumuz, nə vahiməsi hələ də canımızdan çıxmayan ağrılı-acılı Xocalı faciəsinin ardından yaxın adamlarını itirmiş valideynlərimizin sual, əzab dolu gözlərində donub qalmış çarəsizliyin, milli-mənəvi itkinin, xəyanətin qurbanı olan, mənfur düşmənin yağı xisləti ilə daşını, torpağını dəlib deşdiyi Şuşaya deyil, həqiqi azad Şuşayadır. Yola düşən, səfərə çıxan hər birimizin qəlbində daşınan və danışan bir Şuşa obrazı vardı. Müxtəlif nəsilləri təmsil edən əməkdaşlarımızın uşaqlıq və gənclik illərinin xatirəsi Şuşada keçənlərlə yanaşı,  mənim kimi Şuşa haqqında valideynlərindən, ətrafından, ədəbiyyatdan, tarix kitablarından və ədəbi simalardan öyrənən nəsillərin qəlbində Şuşaya ünvanlanacaq neçə-neçə bitib-tükənməyən suallar, sorğular vardı. Görəsən, Şuşa necədir, Şuşa bizimlə görüşə hansı görkəmdə çıxacaq, doğma məkanın yandırılmış, viran qalmış yurdun sual dolu nəzərlərində görən sarsılmayacaq ki?.. daha nələr, nələr...

Məni isə yol boyu bir sual düşündürürdü. Görəsən, başımı qaldırıb Şuşanın üzünə baxa biləcəyəmmi, uğrunda canlarını fəda etmiş igidlərimizin ruhları dolaşan,  hər qarışı şəhid qanı ilə suvarılmış müqəddəs məkanda gəzməyə haqqım çatacaqmı? Onunla ünsiyyət qura, dərdi-hal edib babaların miras qoyduğu tarixin ən uzun işğal zamanını yaşayan Şuşanın sual dolu gözlərinə, talanmış təbiətinə baxmağa gücüm yetəcəkmi? Suallarla yanaşı, bizi uzun illərin xəyallarından, yuxusundan ayıran böyük bir qrupun bir-birinə "həmişə Şuşada", yaxud yeni çəkilmiş yolda istiqaməti itirən sürücünün ətrafa boylanaraq "Şuşaya yol hardandır" sorğusu məni diksindirdi, daldığım yuxudan oyatdı. Artıq Şuşa mif deyil, həqiqətdir, mifin şüurda reallığa çevrilən gerçəklik. Gerçək olan mif kimi!   Özümü gah nağıllar aləmində, gah gerçəklikdə hiss edə-edə yol qısalır, həyəcan artırdı. İnsanların sevinc hissi bir müddətdən sonra kədər hissləri ilə əvəzlənməyə başlayır. Bakıdan çıxanda məni saran sevinc hissi get-gedə yerini, qəribə hisslərə ötürür. Yadımdadır, uşaq idim. Babam rəhmətə getmişdi, bir müddət sonra nənəm də dünyasını dəyişdi. Ondan sonra hər kəndə gedəndə baba yurdumun, evimizin biganə, soyuq divarları eynilə sevinclə getdiyim məkanın soyuq münasibətlə məni qarşılayacağının qorxusu ilə həyəcanlandırırdı. Yol boyu bir-birindən fərqli yaşadığım qəribə hisslər, çarəsizlik  məni və həmkarlarımı ilk olaraq Şuşaya sarı istiqamətlənən Füzulidə haqladı. Keçib getdiyimiz düşmən tapdağından azad olunmuş, igidlərimizin canını fəda etdiyi, daldalanmağa bir yeri olmayan, daşı daş üstündə qalmayan, yerləyeksan edilmiş Füzulinin işğaldan ilk azad olunan Alxanbəyli, Seyidəhmədli, Seyidmahmudlu, Qaraxanbəyli, Baharlı, Şəkərli və rayonun yerləyeksan edilmiş mərkəzi solğun, vəhşət dolu mənzərəsi ilə, sırsıra şəklində uzanan tənəksiz üzüm dirəkləri bir anlıq Mədain xərabələrini, Çingiz xan istilasını xatırladırdı. Uzaqdan qaralan möhtəşəm Füzuli aeroportu, yeni çəkilməkdə olan bir tərəfdən Ağdama, digər tərəfdən isə 38 metr eni olan tunel vasitəsilə Şuşaya uzanan yollar az da olsa yaramızın üstünə su çiləyirdi. Meşənin içərisi ilə çəkilmiş "Zəfər yolu" qəhrəmanlarımızı şəhadətə, qələbəyə aparan Şuşanın dolanbac yollarından, sıx, amma qırılmış, yandırılmış Topxana  meşəsindən, Daşaltıdan keçdikcə Şuşa həyəcanı səni çəkib aparır. Ovuc içi boyda şəhərin dünya, kainat boyda zənginliyinə heyrət edirsən. Hər tərəfi sıldırım, sal qayalarla əhatələnmiş Cıdır düzü geniş sinəsini doğmalarına açmışdır. Uçuq-sökük tikililər, binaların üzərində Şuşaya ilk daxil olan qəhrəman oğullarımızın qaralan imzaları, möhtəşəm sənət abidəsi ilə göz oxşayan Gövhər ağa məscidi, uçulub dağlısa da əzəmətli görünüşü ilə diqqət çəkən Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın evi, Cıdır düzünə qalxan dikdir yollar, memarlıq abidəsi olan Gəncə qapısı, 1754-cü ildə inşa edilmiş Şuşa qalası (Qala divarları), Molla Pənah Vaqifin məqbərəsi, mədəniyyət, musiqi beşiyi olan Bülbül ocağı hər biri canlı tarix kimi nə isə anlatmağa, sanki sənə kimliyini, keçmişini pıçıldamağa çalışırdı. Güclə də olsa beynimdə Şuşanın keçmişi, yaşam tərzi, adət-ənənəsi ilə bağlı canlandırmaq istədiyim mənzərənin canlı nümunələri kimi torpaq da, abidələr  də danışırdı.

Amma hicranın bitdiyi, vüsala qovuşduğum məkanda Şuşanı gözlərim gəzsə də xəyallarımdakı Şuşanı görə bilmədim. Nə dumanlı dağları vardır, nə sıx meşələri, nə Xan sarayı, nə də musiqi, şeir məclisləri! Şuşa qışdan çıxmış torpaq,  əsirlikdən qurtulmuş məğrur gözəl kimi yorğunluğunu çıxararaq özünü dinlətməyə çalışırdı. Ağır sınaqlardan çıxmış Şuşa çətin də olsa intibahın yeni mərhələsinə qədəm qoyur. İşğaldan azad edildikdən sonra Şuşaya tez bir zamanda çəkilən "Zəfər yolu", hündür, yeni standartlara uyğun inşa edilmiş "Xarıbülbül" oteli, tarixi məkanda ardıcıl olaraq keçirilən dövlət əhəmiyyətli mədəni-ədəbi tədbirlər silsiləsi, quruculuq işləri, Bülbülün musiqi ocağında aparılan bərpa işləri, bir sözlə, Şuşada gözlə görünən hər bir şey təzələnir, yeni görkəm alır. Artıq Şuşa mif deyil, həqiqətdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!