Ruslar öz tankını niyə vurdu - Qəşəm İSABƏYLİ

 

Ukraynalı üç qız əllərində bayraq, ölümlə üz-üzə - yolun ortasında dayanmışdılar. Birdən qarşıda rusların tankı göründü. Qızlar bir-birinə qısıldı. Tank gəlib lüləsini qızların başı üstə saxladı. Dörd tankçı yerə atıldı:

- Kimsiniz, yolu niyə kəsmisiniz?! - Qışqırışdılar.

- Biz Ukraynayıq!

- Biz də böyük Rusiyayıq!

- Niyə "böyük"?!

- Çünki biz güclüyük!

- Deməli, güclü gücsüzə hücum eləməlidir?!

- Biz hücum eləməmişik!

- Bəs burda neyləyirsiniz?!

- Bəs siz?!

- Bura bizim vətənimizdir!

- Qorxmursunuz bizdən?!

- Biz heç bugünümüzdən, sabahımızdan qorxmuruq!

- Bu gün-sabah nədi?!

- Bu gün - həyatdı, sabah - ölüm!

- Qoçaq qızlara oxşayırsınız! Adınız nədi?

- Mən - Mariupolam!

- Mən - İzyumam!

- Mən də - Ravno!

- Qəribə adlarınız var. - Bir əsgər qaşlarını çatdı.

O biri isə:

- Şəhər adlarıdı ki, bunlar!

- Xeyr...

- Mariupol, İzyum, Ravno... məgər şəhər adları deyil?!

- Xeyr!

- Bəs nədi?!

- Bu adların baş hərflərini yan-yana qoyun.

- MİR?! - Rus əsgərləri bərələ gözlərlə bir-birinə baxdı.

- Bəli, "MİR", yəni "Sülh"?! - Günəş, Torpaq, Hava, Su... - Qızlar hünərlə cavab  verdi.

Əsgərlər sakitcə dilləndi:

- Biz isə "Müharibə"yik!

- Deməli, sizə Günəş, Torpaq, Hava, Su lazım deyil!

- Niyə lazım deyil?!

- Axı siz "Müharibə"siniz!

- Nə olsun ki, "Müharibə"yik?!

- Baxın, - qızlar yolun qırağında düşüb qalmış rus əsgərlərinin meyitlərini göstərdilər, - Bunlar da dünənə qədər "Müharibə" idi. Artıq sükutdular. İndi nə Torpaq lazımdı bunlara, nə Günəş lazımdı, nə Hava, nə Su. Heç bunlar da sizin böyük Rusiyanıza lazım deyil!

- Niyə lazım deyil?!    

- Lazım olsaydı burda atılıb qalmazdılar ki.

Rus əsgərləri bu dəfə fikirli-fikirli bir-birinə baxdılar...

- Bilirsiniz, nə qədər meyitləriniz küçələrin ortasında, çöllərin düzündə qalıb?! - Qızlar sözlərinə davam elədi. - Sabah siz də bunlardan biri olacaqsınız!

- Niyə?!          

- Axı siz "Müharibə"siniz!

Rus əsgərləri birdən komanda verilmiş kimi, dönüb tanka sıçradılar. Bir əsgər cəld kitelini soyundu, əynindəki ağ köynəyi çıxarıb, keçirtdi tankın lüləsinə:

- Biz də Sülh istəyirik! 

Qızlar fərəhlə qışqırdı:           

- Yaşasın Sülh!

Rus əsgərləri də sevinclə qışqırdı:

- Yaşasın Sülh!

Qızlar əllərindəki bayrağı bir az da yuxarı qaldırdılar:

- Slava Ukraina!

Rus əsgərləri də onlara qoşuldu:

- Slava Ukraina!

Tank nəriltiylə geri çevrildi. Yüz addım getməmişdi ki, öz tankları ilə döş-döşə gəldi. Atəş açıldı. Qızlar baxdı ki, ağ bayraq qaldıran rus tankı alışıb yanır.

 

18-22.03.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!