Sərin dağ məltəmi başımız üzərində çətir təki açılmış tənha alma ağacının yarpaqlarını qıdıqlayıb dilləndirirdi. Payız ağzı seyrəlmiş yarpaqlarda rənglər qovuşub qəribə bir çalara çalır və ağaca bu rənglərdən hansının çox yaraşdığını anışdırmaq olmurdu. Barı-bəhəri çoxdan sovulsa da, şax budaqda qırmızıya çalan bir cüt çatal alma qalmışdı.
Müsahibim başını qaldırıb, mən baxan səmtə baxdı. Nəsə bir sirr açırmış kimi səsini qısıb dedi:
- O bir cüt alma hər il qışın ortalarınacan beləcə qalır. Birgə yetişdikləri təki birgə də qopub düşürlər. Təbiətin qəribəlikləri o qədərdi ki...
Barıdan boylanan oğlanın səsinə sözü yarımçıq qaldı. Uşaq gürcücə danışırdı:
- Deida Arte!..*
Qadın da gürcü dilində cavab verdi. Nə deyib-danışdığını mənə də anlatdı. Dedi qonşumdu, anasının ad günüdür, axşama hazırlıq görmək lazımdı. Bir ailə kimiyik, bir-birimizə əl tutur, mehriban yaşayırıq. Allah bu mehribanlığı bizə çox görməsin.
Onun söylədiklərini diqqətlə dinləsəm də, mənə müəmmalı qalan bir suala cavab axtarırdım.
Hövsələmi boğmayıb soruşdum:
- Maraqlı adınız var - Arte. Bu nə addır belə?
Çöhrəsinə narın təbəssüm qondu. Dedi bilirdim ki, bu sualı verəcəksiniz.
- Yunan adıdır, Artemida, - açıqladı. - Buranın camaatının dilinə belə yatır, məni Arte çağırırlar. Qulağım alışıb və adamların məni bu sayaq çağırmasından özümün də xoşu gəlir.
Fikrə daldı, gözlərinin dərinliklərindəki nisgili aydın sezmək olurdu. Ala gözləri, nazik dodaqları və sivri burnu onun yunan əsilli olduğunu büruzə verirdi, sanki əsatirlərdən çıxıb gəlmişdi.
Tələbəlikdə antik dövr ədəbiyyatından öyrəndiklərim, qədim yunan əsatirlərindəki adlar yaddaşımda canlandı: gözəllik və məhəbbət İlahəsi Afrodita, haqq-ədalət simvolu Femida, güc-hünər İlahəsi Artemida... Bu adlar yalnız əsatirlərdə yaşamır. Yunanlar indi də övladlarına o ilahələrin, tanrıların adlarını verirlər...
Xoşqılıq, ünsiyyətcil olduğundan söhbətimiz tuturdu. Ona Artemida deyib müraciət edəndə, görürdüm ki, ani bir çaşqınlıq keçirir, çoxdan bəri eşitmədiyindən elə bil öz adına yadırğamışdı.
- Qırx ildən artıqdır buradayam, amma qəribçiliyin nə olduğunu bilməmişəm, - dedi. - Azərbaycanlı qonşularım da var, gürcü qonşularım da. Gürcü dilini burada öyrənmişəm. Mehriban dolanırıq. Naxoşlayanda qonşular tökülüb gəlir: kimi zoğal mürəbbəsi gətirir, kimi müalicəvi otlar, kimi dava-dərman. Məni tək qoymurlar. Çalışıram onların borcundan çıxam, amma neyləsəm, yenə azdır.
Öyrəndim ki, Artemidanın ata-anası və qardaşları Yunanıstanda yaşayırlar. Dedi onların yanına gedəndə çox qala bilmir, darıxır buralardan ötrü, rəfiqələrindən, qonşularından yana.
Nəsə xatırlayıb, sözünün gerisini gətirmədi.
- Bu həftə anamgillə danışmamışam, - dedi. - Zəng vurmayanda nigaran qalırlar. Çox yaşlıdılar, - dedi. Məndən üzr istəyib, telefonu götürdü, nömrə yığdı.
Anasıyla türk dilində danışması marağımı birə-beş artırdı.
- Kızım, nasılsın? - telefondan zəif, titrək səs eşidildi.
- İyiyim! Sən nasılsın? Babam nasıl?
- İyiyiz!
- Mişek geldi?
- Yok! Yarın gelir, inşallah.
- İyi günler, anam, kendinə iyi bak!
- İyi günler, kızım!
Artemida telefonu bağlayıb bir anlığa susdu. Onu qapıldığı hisslərdən ayırmaq istəmədiyimdən mən də danışmadım. Elə bildim sükut çözələnib saatlarla uzandı.
Xəyaldan ayrılıb dilləndi:
- Xristian olsaq da, dilimiz türk dilidir. Gürcüstanda bir neçə yunan kəndi vardı. Mən Qaraqum kəndində doğulub böyümüşəm. Yunan əsilli olsaq da, toylarımız, şənliklərimiz türk, Azərbaycan musiqisiylə keçirdi. Atam məktəb direktoruydu, bazar günü Bakı radiosunda muğamata qulaq asmasaydı, evdən çıxmazdı.
Müsahibim danışdıqca xatirələrin kövrək qanadlarında öz keçmişinə, gənclik illərinə qayıdırdı. Həvəslə, şirin danışırdı. Kiçik yaşlarından Azərbaycan musiqisinin vurğunu olub. Məktəbin bədii özfəaliyyət dərnəyində iştirak edib, konsertlərdə yunan mahnılarıyla yanaşı, Azərbaycan mahnılarını da oxuyub. Dedi o mahnıların, nəğmələrin sədasıyla böyüyüb... Maraqlıdır ki, onun sonrakı taleyinin səbəbkarı da musiqi olub.
- On birinci sinifdə oxuyurduq, - xatırladı. - Bizi kolxoza tərəvəz yığımına aparmışdılar. Orta məktəbi bitirməyə lap az qalmışdı. Hər kəsin ürəyində arzusu-diləyi vardı. Baxdıq ki, kəndin qırağıyla qaraçı köçü gedir. Qızlarla qoşulub köçün qabağına qaçdıq. Qaraçı qadınlar bizə fal açdılar. Saçları üzünə tökülmüş, əcinnəyə oxşayan qarı əlimi əlində saxlayıb bir xeyli zənn elədi. Astadan pıçıldadı... Onun mənə dediklərini rəfiqələrimlə bölüşmədim, elə onlar da öz fallarını söyləmədilər, sirr saxladılar... Orta məktəbi bitirib Tbilisidə stenoqrafiya texnikumuna qəbul oldum. Böyük qardaşım təyyarəçiydi, Suxumidə olurdu. Yay tətilində onlara qonaq getmişdim. O günləri heç vaxt unutmuram. Sahil parkında oturmuşdum. Kiçik radiom vardı, Bakıdan verilən konsertə qulaq asırdım. Cavan bir oğlan mənə yaxınlaşdı. Üzr istəyib, böyrümdə oturdu. Mənimlə gürcü dilində danışdı. Dedim mən gürcücə bilmirəm. Bu dəfə rusca soruşdu ki, sən azərbaycanlısan? Dedim yox, yunanam, bizim dilimiz eynidi, musiqimiz, adət-ənənələrimiz yaxındı. Bunu biləndə o başladı mənimlə azərbaycanca danışmağa. Dedi mən gürcüyəm, amma Azərbaycandanam, bizim rayonda gürcülərin də məskunlaşdığı kəndlər var... Beləcə, tanışlığımız başladı. Üç ay sonra isə evləndik. O da, mən də təhsilimizi yarımçıq qoyub buraya gəldik. Qırx ildən çoxdur burada yaşayıram. O vədə qaraçı qarının söylədikləri çin çıxmışdı. Mənə fal açanda demişdi ki, əlinin cizgiləri uzundur, tale səni elindən-obandan ayırıb, uzaqlara götürəcək, bərkə çəkəcək... Bəzən belə sözlərə adamın inanmağı gəlmir, amma baxırsan ki... Qaraçının dediyi kimi çox çətinlik çəkdim, ağır günlər gördüm, amma dözdüm. Özüm özümə təsəlli verir, deyirdim, Artemida, sən güc, hünər İlahəsinin adını daşıyırsan, sən də güclü, hünərlisən... Sanki mənə qüvvət gəlirdi. Deyim ki, uşaq çağlarından özümü bu fikrə alışdırmışdım ki, hünərliyəm. Bizim məhəllənin oğlanları da məni belə tanıyırdılar, hətta qonşu həyətin uşaqlarıyla dava-dalaşa gedəndə məni də özləriylə aparırdılar... Həyatdı da, axır öz axarıyla... Yoldaşımı tez itirdim, iki övladımı çətinliklə də olsa, tək böyütdüm. Qızım Dağıstanda, oğlum isə Ukraynada yaşayır, hər birinin öz ailəsi, evi-eşiyi var...
Müsahibim sözünə ara verib boşalmış stəkanlara çay süzdü. Köksünü ötürdü. Dedi dünyada ata-anadan, qardaş-bacıdan əziz nə ola bilər? Di gəl ki, Yunanıstana gedəndə çox qalmıram. Neyləyim, qala bilmirəm, əlimdə deyil. Azərbaycan musiqisi yazılmış disklər aparıram, oradakılara ən böyük hədiyyədir. Qohum-əqrəba, dost-tanış yığışıb gəlir, oturub birlikdə qulaq asırıq. Göz yaşlarını saxlaya bilmirlər, bu musiqiynən böyüyüblər axı. Oralara alışmayıb geri dönmək istəyənlər də var. Amma hara dönsünlər, hara qayıtsınlar, ev-eşikləri qalıb ki? Deyirlər, qəribçiliyin nə olduğunu onu çəkən bilir. Yunan dilini bilmədikləri də bir yandan çətinlik yaradır. Görürdüm ki, gəlmə yunanların türkcə danışmağına yerli adamlar nəsə qısqanclıqla yanaşırlar. O insanları didərgin salmasaydılar, doğma elini-obasını kim atıb gedərdi?
Müsahibimi qapıldığı hisslərdən ayırmaq istəmədiyimdən, söhbət qırılmasın deyə, kirimişcə qulaq asırdım. Onun söylədiklərini elə bil həm də gürürdüm, kino lenti kimi gözümün qabağından ötürdü.
- Sovet quruluşu yıxılandan sonra Gürcüstanda qarışıqlıq yarandı, - sözünün gerisini gətirdi. - Qatı millətçilər baş qaldırdılar, dedilər ki, bəs Gürcüstan yalnız gürcülərin vətənidir. O vaxt mən Qaraqumdaydım, ata-anama dəyməyə gəlmişdim. Qaraqumun qara günləri başladı. Bir yandan da svanlar dağlardan enib kəndə basqın edir, camaatın mal-qarasını, donuzlarını talayıb aparırdılar. Əhalinin dincliyi yox idi. Belə çətin vəziyyətdə Yunanıstan dövləti bizim camaata qucaq açdı. Gürcüstandakı etnik yunanlar doğma yer-yurdlarını tərk etməyə məcbur oldular. Neyləyə bilərdilər, özgə yolları yox idi. Kəndlər bir-bir boşaldı. Uzaqdan-uzağa Yunanıstan çoxlarına, əsatirlərdən, nağıllardan tanıdıqları cənnəti-məkan kimi görünürdü.
Müsahibim sözünə ara verib, soruşdu:
- Söhbətim sizi yormur ki? Deyəsən, çox danışdım.
- Yox, mənə maraqlıdır, - dedim. Səsim əsdi. Söhbətin yarımçıq qalacağından ehtiyat edirdim.
- Köç başlayanda gəlmişdim valideynlərimlə, qohum-əqrəbayla xudahafizləşim. Uzun illər keçib, amma o mənzərə indi də gözümün qabağından getmir. Unuda bilmirəm. Kənddə qarışıqlıq yaranmışdı. Hamını birdən yola salmaq olmurdu. Tərəddüd edənlər də vardı, deyirdilər yad yerdi, gedib orada neyləyəcəyik, nə iş görəcəyik? Ayrılanda qucaqlaşıb ağlaşdılar. Ata-anamla qucaqlaşıb ayrılanda anam bayılıb özümdən getdi. Pis hala düşənlər çox idi və yaxşı ki, təcili yardım maşını orada növbə çəkirdi... Avtobus yola düşəndə baxdılar ki, havalı Lukas yoxdu. Qaçıb getmişdi evlərinə. O yaşda kişi uşaq kimi çarpayının altında gizlənmişdi. Getmək istəmirdi. Qardaşları onu zorla apardı. Həyətdən bir torba ot yığmışdı ki, kəndin qoxusunu alar. Lukas anadangəlmə dəli deyildi, sonradan havalanmış, ağlını itirmişdi. 1953-cü ildə onu mədəsindən əməliyyat edəndə on dörd yaşındaymış. Cərrahiyyə əməliyyatı gedən vaxt qəfildən hay düşüb ki, Stalin ölüb. Həkimlər, tibb bacıları başlarını itirmiş halda, ağlaya-ağlaya qaçıblar küçəyə, xəstəni unudublar. Lukas narkozdan ayılıb özünü cərrahiyyə stolunda qarnı yarılmış görüb sarsılır, ağlını itirir. Sağalsa da, eləcə başdan havalı qaldı. Dinc idi, xatakar deyildi. Kənddə onu işə-gücə buyurur, qapılarda işlədirdilər. Beyninə nəsə fikir düşmüşdü, qəbirqazan Atanasa yalvarırdı ki, qapında işləyəcəm, donuzlarına baxacam, biçənəyini biçəcəm, mən öləndə qəbrimin üstünü torpaqlamazsan... Bu sözləri niyə deyirdi, bilən yox idi.
Soruşmaq istədiyim suallar çox olsa da, müsahibimin sözünü kəsmək istəmirdim. Amma səbrimi basmayıb, havalı Lukasın sonrakı taleyi ilə maraqlandım.
- Saloniki şəhərinin yaxınlığında Aleksandrovski parkı var, - Artemida dedi. - Gəlmə yunanlar ora yığışırlar. O parkda kəndçilərimizlə, tanış-bilişlə görüşdüm, keçmiş rəfiqlərimlə rastlaşdım. Öpüşüb görüşdük. Ötən günləri xatırladıq. Maraqlıdır ki, yeniyetmə vaxtımızda qaraçıların fal açıb dediklərini otuz ildən sonra vətəndən uzaqlarda, qəribçilikdə bölüşdük. Rəfiqələrimin də falları çin çıxıbmış. Falçının söylədiyi kimi Anfiya iki dəfə ailə qurub, İdofeyanın övladı olmayıb, sonsuz qalıb. Nika isə adının mənasına yaraşan təki xoşbəxt olub, amma qaraçı qadının dediyi kimi üç övladı yox, bir oğlu və bir qızı olub... Lukası da o parkda gördüm. Çox qocalmışdı. Taxtadan düzəltdiyi saza bənzəyən alətdə çalır, Azərbaycan mahnıları oxuyurdu. Elə də yaxşı oxuyurdu ki... Yoldan keçənlər də pul tökürdülər. Yaxınlaşıb məni tanıyıb-tanımadığını soruşdum. Dedi niyə tanımadım? Prokofkanın qızı deyilsənmi? Əlimdən öpdü. Çoxları məni yada sala bilmədi, amma o tanıdı. İkinci dəfə yolum Yunanıstana düşəndə onu parkda görmədim, elə bil elə adam yox imiş... Bizimkilərin qəribçilik çəkdiklərini görürdüm, bunu özləri də deyir, gizlətmirdilər. Atam danışırdı ki, Yunanıstan dövləti düz beş ay köçkünlərə yaxşı baxdı, tələbimizi-təminatımızı ödədi, iş verdi... Nə qədər olsa da, oranın da öz çətinlikləri vardı. Bahalıq idi, əhali darlıq çəkirdi. Buradan gedənlər hələ də oralara alışa bilmir, qaynayıb-qarışmırlar. Adamları soyuqdu, istiqanlı deyillər. Küçədə-bayırda biri yıxılsın, yaxın duran olmur. Qaraqumda elə şeymi olardı? Hamı bir-birinin xeyirində-şərində iştirak edir, bir-birinə can deyib, can eşidirdi. Bizim yerin adamıynan oranın camaatının xasiyyəti uyuşmur... Qardaşlarımdan ikisi Kiprdə, biri isə Krit adasında yaşayır. Mən orada olanda Salonikiyə gəlirlər, görüşürük. Azərbaycanı çox sevirlər. Deyirəm indi gəlsəniz, bizim yerləri tanımazsınız, evimizin yolunu tapa bilməzsiniz. Çox dəyişib, tanımaq olmur... Televiziyada özləri görürlər. Əsasən Azərbaycan, bir də türk kanallarına baxırlar. Böyük qardaşım Azərbaycana çox bağlıdı. Deyir, bacı, Bakı kanalında konsertə baxıram, elə gözəldi ki...
Artemidanın öz həyatı barədə söylədiklərini dinlədikcə, məndə bir fikir də oyanırdı - bu sadə, mehriban insanın taleyi, ömür yolu çox maraqlı bir hekayə mövzusudur...
O əhvalatdan beş-altı il ötmüşdü. Yolum bu tərəflərə yenə payızda düşmüşdü. Dağların sinəsini örtmüş qalın meşəliklər yaşıl donunu dəyişmişdi, qırmızımtıla çalırdı. Günəş qüruba əyilmişdi. Günün bu vədəsində təbiətin özgə rəngi-ruhu olur, mənzərəsi gözoxşayır.
Nədənsə, Artemidanı xatırladım. Yazıçı marağı məni onun yaşadığı "Baş məhəllə" deyilən yerə gətirdi. Gözlərimə inanmadım, bir vaxt gördüyüm köhnə həyətdən əsər-əlamət qalmamışdı. Kirəmit çardağı çökmüş birmərtəbəli evin yerində dəblə tikilmiş üçqatlı bina ucalırdı. Güllü-çiçəkli həyətin ortasında çətir təki açılmış tənha alma ağacının seyrək yarpaqlarında rənglər qovuşub qəribə çalara çalırdı. Şax budaqda qalmış bir çüt qırmızımtıl çatal alma barı-bəhəri çoxdan sovulmuş ağacın talismanı idi sanki...
2022
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!