Bu gün 54 ildən çox bir zaman kəsiyində "Ədəbiyyat qəzeti"nin ("Ədəbiyyat və incəsənət") sıravi işçisindən tutmuş, baş redaktor vəzifəsinə qədər yüksələn bir kəsin - Ayaz Vəfalının doğum günüdür. O, bu müddət ərzində təkcə özünün əsl ədəbiyyat adamı olmasına nail olmayıb. Bu gün ədəbiyyatımızda, sözün əsl mənasında, imzası olan neçə-neçə qələm sahiblərinin formalaşmasına əmək sərf edib. Ən azından, o kəslərdə yalnız və yalnız istedad işığı hiss etdiyindən üzlərinə "Ədəbiyyat qəzeti" redaksiyasının qapılarının taybatay açılmasına səbəb olub. Ayaz Vəfalı, əslində, bütün Azərbaycan ədəbiyyatının o zaman kəsiyində formalaşmasına xidmət göstərib.
Bu gün "4 yaşında fikir çəkdim"in müəllifinin doğum günüdür. O müəllifin ki, yaşıdlarının əksəriyyətinin həyatı elə 4 yaşından etibarən başlayıb. Və ömürlərinin başlanğıcının dünya tarixində Böyük Vətən müharibəsi kimi ağrı ilə möhürlənən bir dördillik zaman kəsiyinə köklənməsindən əziyyət çəksələr də, ədəbiyyatımızda özlərinə məxsus bir xəttin yolçusu olublar. Və üstəgəl, bir ömür ədəbi-bədii nümunələrin yalnız və yalnız ən yaxşılarını çeşidləyib dərc etməkdən aldığı özünəməxsus bir zövq bu insanın həm daxilində, həm də zahirində özünü büruzə verib.
Ayaz müəllim qəribədir ki, indi də xatırlayanda atasının onları - 4 yaşlı balaca Ayazı, 7 yaşında olan bacısı Əzizəni və hələ qundaqda olan qardaşı Aydını, anası Atlazı - anasının dayısı Dünyamalı kişiyə tapşırıb evdən çıxdığı günü xatırlayır. Həyatına əbədi iz salan həmin səhnə poemaya, şeirlərə çevrilsə də, əbədi lent yazısı kimi indi də onun zehnini məşğul edir.
Aynurə Niyaz qızı Paşayeva "Ayaz Vəfalı publisistikasına dair" adlı məqaləsində yazır: "Ayaz Vəfalı heç bir yazısında Krım müharibəsində almanlara əsir düşmüş, legioner, atası Rza Cəfər oğlu Cəfərov haqqında məlumat verməmişdi. Yalnız Rəsul Rzaya həsr etdiyi "Eləyə bilmədiyim təşəkkür" (2010, 28 yanvar) məqaləsində atasının M.Ə.Rəsulzadənin səbəbkarlığı ilə qardaş Türkiyə torpağına əmanət verildiyi, atası ilə məktublaşması, Qasım Qasımzadənin səyi ilə Türkiyədəki Sovet səfirliyindən Rəsul Rzanın danışıqlar apardıqdan sonra öz kitabını atasına göndərməsi haqqında məlumat vermişdi".
Ayaz Vəfalı Sovetin dəmir hasarları arasında fəhmlə atasının axtarışına çıxıb, onun başına gələn hadisələri Böyük Vətən müharibəsinin şahidlərinin xatirələrində araşdırmağa çalışıb.
Yadımdadır ki, atam Jukovun "Xatirələr" kitabını oxuyur, Krım müharibəsində hansı şəraitdə bir hərbi hissənin əsir alınmasının səbəbini axtarırdı. Bəli, Krım döyüşlərində yüzlərlə əsgərin əsir alınmasında tağım komandiri günahlandırılır və cəzalandırılır. Mənim atam isə bununla təskinlik tapır...
Xatirimə bir gün düşüb,
Qələm tutmur əlim, Krım;
Atam burda itkin düşüb -
Mən necə dincəlim, Krım?
...Bilirsənmi, ata! Sən bu kitabları oxuyub qısa müddətə kənara qoyanda, mən səni izləyirdim. Sən fəhmlə axtarışa çıxdığın o günlərin görüntüsünü beynində cızanda, təxmin etdiklərini anamla bölüşəndə mən də sənin iş otağına gedir, yazı masandakı həmin kitabları içdən gələn bir maraqla, lap elə acgözlüklə seyr edirdim. Bir dəfə mətbəxə keçib, az qala hədəqədən çıxmış baxışlarla anama yenicə tərcümə etdiyin hansısa şairin əsərindən iki misranı söylədin: "Ehtiyac! İnsan olsaydın, mən səni əllərimlə boğardım!". Mən isə uşaq halımla sənin hansısa şairdən tərcümə etdiyin bu sətirləri maddiyyatdan doğan gileyin kimi hiss elədim. Elə üşəndim ki... Sən məni həyata elə zərif və ehmallıqla yönəltdin ki...
Yadımdadır ki, diplom işimin mövzusunu Cənubi Azərbaycanla əlaqədar götürməyimi mənə sən məsləhət bildin. O vaxt Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin nəzdindəki Xaricə Verilişlər Baş redaksiyasında Cənubi Azərbaycana verilişlər şöbəsinin poçtuna əski əlifba ilə yazılmış məktublar yollanırdı. Və həmin məktubları oxuyub araşdırmağa, bu məktublardan çıxış edərək diplom işini müdafiə etməyə də sən məni yönləndirdin. Yadımdadır, məktubları araşdırdıqca, hamısının ancaq bir məzmun daşıdığının şahidi oldum. Ana dili, Vətən həsrəti, ayrılıq motivləri redaksiyaya gələn məktubların əsas məzmununu təşkil edirdi. Mən sonra anladım ki, Cənubi Azərbaycandan gələn məktubların məzmunu eyni idi. Çünki paralanmış bir xalqın dərdinin məzmunu eyni idi... Sən isə bütün bunları mənə xırdalamadan, yolun cığırına saldın. Və mən beləcə, istiqamət götürdüm. Və öz yaradıcılığımda artıq sənin yaradıcılığına istinad elədim:
Aşıb-daşan dalğaları
Sahilinə endir, Araz.
Çağla, çağla mənə sarı
Mən yanım, sən söndür, Araz.
Redaksiyamıza ünvanlanan məktublardakı şeirlərə o vaxt, Nəriman müəllimin baş redaktorluğu dövründə "Ədəbiyyat və incəsənət" qəzetində də bir səhifə ayrıldı. Və bu, Şəhriyarın "Heydərbabaya salam!" harayına bir cavab idi, bəlkə də.
Həyatında olan önəmli günlərin tarixini indi də öz yaddaşında da, bizim yaddaşımızda da belə saxlamısan: "Ədəbiyyat və incəsənət" qəzetində nə vaxtdan işləyirsən, ay ata? - Pərvanənin anadan olmasından bir il əvvəl. İlk dəfə mənzili nə vaxt almısan, ay ata? - Xatirə doğulan il. Həyatındakı bütün tarixi anları övladlarının tarixi anları ilə eyniləşdirdiyinə görə çox sağ ol, ata! Sən, sənə əvəzsiz olan "Ədəbiyyat qəzeti"ni tərk edəndə də, səhər erkən, mənə telefon açdın. Məni məlumatlandırmaq idi niyyətin. O vaxt dediyin bir cümlə isə ömür boyu yaddaşımı tərk etməyəcək: - "Mən öz sənət yolumu hər bir kəsə arzu edirəm". Sən bu xeyir-duanla mənə yenidən sənətə sevgi tərbiyəsini verdin. Biz hamımız sənətimizi sevirik, ay ata. Çünki bu sevgi, sənin sənətə olan sevgindən qaynaqlanır. Və biz həm də səninlə nəfəs alırıq. Çox yaşa, Ata! 85 yaşın mübarək olsun!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!