Daş bitik. Türk əsrinin daş yuxuları - Elxan Zal QARAXANLI

 

1. Öncə söz varıydı Tanrıda

2. Qop dedi Tanrı

3. və söz qopdu

4. adam oğluna gəldi

5. qob oldu, qobuz oldu

6. öncə yalvaclar, sonra qobzarlar doğuldu

7. qobuz çalıb, qıbız içib goplanan qobzarlar Qobi boylarından dünyanın bağrına söz qobzadılar.

8. ..........................................................

9. yürüklərlə yürüşlərdə yürüdülər

10. qobuya, Qobustana gəldilər

11. ov ovladılar, toy toyladılar

12. Acuna aşiq oldular, adam oğluna işıq oldular

13. od oldular odladılar, qut oldular qutladılar

14. qara əcəl mələyinin biləyini qatladılar

15. Tanrı təkər hərləyəndə, əcəl gəlib faniləri dərləyəndə, ucalar daşa döndülər

16. ...arı ruhlar uçdu getdi, tənləri yerə gömdülər

17. Daş kitaba cızılanlar ölümsüz yazı oldular

18. Tanrı elində dünya durduqca durdular

19. onların səsini daş bitiklərdən qopardım mən

20. qardaşım qalxar-qopar igidlər oxusun, dursun və qurtulsun

21. Göy altında Tanrı elim, yer üstündə əbədi dur

 

***

1. Göylə yerin arasında Ay-Atam la Ay-Aba dan törədim

2. törük dedi Atam oğlu (adına)

3. tur ol, durduqca dur dedi (Tanrı)

4. ...qut verdi, yol göstərən qurd verdi

5. ana kahanı verdi

6. qızıl almalı bağı verdi

7. ..........................................................

8 ...Avamı ilan aldatdı

9. qızıl almamızı çaldı, qutumuzu aldı

10. O nun qəzəbinə gəldi (Atam və Ava)

11. ölümünü gəzə-gəzə dur - dedi

12. qapıları bağladı, bağları qırdı

13. Get, tapanda dön - dedi

14. ..........................................................

15. ...getdilər. Uçmağı itirdilər

16. Yer-Su nun elinə gəldilər

17. yaşadılar, törədilər... törələr aldılar

18. qızıl almalarını axtardılar

19. dünya boyu axtardılar, uyqularda axtardılar, axtardıqca savaşdılar

20. savaş alın yazımızdır

21. Bil, Yazı pozulmaz

 

***

1. Səcdən yazılardadır

2. Yazı yaşadıqca sən də yaşayacaqsan

3. sən var olduqca Yazı lar da var olacaq.

4. ..........................................................

5. Yaza doğru gedən yaz budunu...

6. ...ürəyinin oduna yazdı

7. Duran səltənəti qur dedi

8. Türk ol, durduqca dur dedi

9. Ölməzliyin nizamında, nizamın Yazıdadı

10. Törə dedi adına

11. törəyib törənlə yaşa dedi.

12. Türk Törəlidir, Törə əbədi

13. bil, Yazı pozulmaz

14. Göy çökməsə, Yer batmasa

15 ...Quran gələcək

16. qutunu tut, qur və qurtul.

***

1. Ata, çin aş ijəsi

2. Yerin, Göyün yiyəsi

3. bir və turan

4. yoxdan dirilik quran

5. doğmayan doğulmayan (Tanrı)

6. duamızı al, suçumuzu sil

7. odunda isit, qutunda usla

8. arı bil bizi, ermişlər yoluna yönəlt

9. Yalnız sənə güvənir, yalnız səndən umuruq

 

***

1. göy altında Tanrı eli, yer üstündə əbədi yurd, qılavuzun masmavi Qurd

2. ...yoxdan var elədi alan və qaytaran Tanrı

3. törətdi və tur verdi

4. ...ora suç yuyulan yerdi

5. ..........................................................

6. tör ağacı dövrəsində gənəş qurdu turlar

7. Göydən ün aldılar, Yasa yazdılar

8. Yasa "Yazı"dandı, "Yazı" Tanrıdan

9. ...Tur dağında aldı Yazıları

10. Onu od şəklində gördü

11. Yazılar gil lövhələrdəydi

12. Törə dedi adına

13. törə və törənlə yaşa dedi

14. ...turlar tör başına gənəşə gəldi

15. (artıq) Türk törəlidir Törə əbədi - dedi

16. alqışlar oxudu doqquz Baqa Tur

17. səkkiz min kainatda ən qara O dur

18. ...Türk uduq Sub-Yeri... dünya isti buğa qanıyla aydınlananda ertə dan gözündən işıq tökülər

19. tör ağacı dövrəsində

20. torların duaları açar göyün qapılarını

21. qanadlı qayıqlar gələr

22. dağ boyda məbədlərə axar ün

23. ən perin torun duasını göndərər tor ağacı Tanrı dərgahına

24. Qorun oğlu gəlir uçan qayıqlarda

25. yer üzünü isidənin oğlu odur

26. Asar is və İs torun oğlu odur

27. gəlir duaların çağırışına

28. yurd dara düşəndə Qurd kimi gəlir

29. öncə Qorun qutu sonra Qor oğlu

 

***

1. Sevdik savaşın dadını qız kimi sevdik qımız kimi sevdik

2. öldük və ölümə tamarzı qaldıq, qazandıqca qazandıq, heç yerdə toxdamadıq

3. sonsuzluğa kəmənd atdıq, zəfərlərdən qübbə çatdıq yenə dinclik bulamadıq

4. savaş var, ölməz bir savaş var, dinclik uyqulardadır

5. yaddaşımızda yatır bu savaş, qanımızda yatır bu savaş, ruhumuzda yatır bu savaş

6. ölməz sevda kimi yatır

7. bu savaş bitən yerdə hər şey bitəcək

8. bu savaş bitən yerdə köləlik başlayacaq

9. biz gedirik, sonuncu savaşımıza doğru gedirik

10. yollar uzandıqca gedirik, dünya durduqca gedirik

11. bu hərəkət üstündə durur dünya, bu nizam üstündə durur

12. hərəkətin nizamı var olduqca varlıq da var olacaq

13. Tanrı nizamıdır bu nizam

14. dan gözünün allığında aydınlanan Qızıl Alma sevdasıdır bu nizam

15. göydən gələn göy yalmanlı atlar kimi ölməz sevdamıza doğru uçur ruhumuz

16. vəcdə gəldik bu sevdadan qan iyindən duyğulanan kimi duyğulandıq.

17. əbədi bir çağırışla bizi haraylayan yolların sonuna doğru getdik

18. kəsilmiş türk başları toxum kimi torpağa töküldü

19. türk xatunlarının göz yaşları suvardı torpağı

20. tümən-tümən ərənlərin cansız bədənlərindən hamilə (qalan) torpaq tarix doğdu

21. atlarımızın nal izləriylə yazdıq bu tarixi qayaların yaddaşına

22. göy altında Tanrı elim Yer üstündə əbədi dur

23. ..........................................................

 

***

1. Yer yox ikən, göy yox ikən birəm-birəm zərrələri

sapa düzüb nizam qoyan əbədi Ruh

2. yol ver Tanrı, yön ver Tanrı aydınlığa

3. əmrə suvar dalğaların dayanmayan cəng yürüşü üfüqlərin çuxasını qızıl qana boyayır

4. göydən sallanan asma pilləkənlərlə enən işıq ərənləri axınların nənnisində sərin-sərin qıyya çəkir

5. yanır yanğılı sular

6. havanın işıqsız sükutu yanır

7. yanğılardan yana yaratdığına yan vermədi Tanrı

8. nur zülmətin batinində, zülmət nurun gözündədir

9. hər günəşdə bir dəniz var

10. hər dənizdən atəş doğar

11. ..........................................................

12. Qor dedi adına qurduğuna qoruq qoydu

13. Qor qoruyur bu qurumu, Qor qoruyur bu nizamı

14. od və suyu öpüşdürür

15. od və suyun öpüşündən doğdu yaşam

16. Ay Atamdan və Ay Anamdan doğdu

17. savaş var, ölməz bir savaş

18. dinclik Tanrı dərgahındadır

19. ...yalnız Ona güvənir Ondan umuruq

 

***

1. Axın axın dalğa dalğa dağ kimi ərlər, yatmış yolları yeldən yüyürək atlarının nallarıyla şumladı

2. qılıncların qəzəbini yolumuza çıxanların təpəsinə nalladıq

3. qəzəbimiz qan rəngində qəzəbimiz qıpqırmızı

4. almamızı axtarırıq görklü qızıl almamızı

5. ..........................................................

6. uyqusunda Anam Umaydan aldı almasını Elxan Bumın

7. qurd ol, yurd qur dedi

8.  diz qoyana rəhmli ol, qoymayanı çökdür - dedi

9. qurdbaşlı mavi bayraqların kölgəsində yaşatdığın sanı həmişə xatırla

10. Tanrını tanı, törəni bil, bilməyənlər bizdən deyil

11. Göy altında daimidir Əbədi El

12. Göy çökməsə yer batmasa türk törəsi pozulmaz

13. Gündoğandan günbatana fəthini bul, durma qəti

14. Türklər törəlidir, Törə əbədi

15. ...türk budunu çakın çakdı göy altında susqunluğa

16. qurbanlıq buğaların al qanıyla aydınlandı gündoğan

17. süngüləşmək həvəsindən tuğ durğuzan sün çalxandı

18. dəmir təpikli atların dalğası dəmir qurğuları aşdı

19. Sarı əjdərhanın əzəmətli orduları qasqırların qarşısında diz qoydular

20. Məngü  (Əbədi)  El törəsini qayalara həkk elədi

21. Ay Atamın, Ay Avanın kahasında qutladılar

22. Aşinanın oğulları göy altında el qurdular

23. türk bəylərin bayraqları boy-boy artdı, böyüdü

24. İranın şahları taxt-tacsız oldu

25. Urum vuruşmadı, urvadsız oldu

26. Qobzarlar gəldilər qobuz çaldılar

27. Şölənlər verdilər, soy soyladılar, boy boyladılar

28. Turan eli qurmaq üçün Quran gələcək - dedi ulular

29. Göy altında Tanrı eli, Yer üstündə əbədi dur.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!