Beş min ilin yalanı - Sadıq ELCANLI

 

"Şur" nəşriyyatı Sadıq Elcanlının "Əbədiyyət karvanı" kitabını nəşr edib. Kitaba yazıçının əsasən son illərdə yazdığı nəsr və publisistik əsərləri, eləcə də Məhəmməd Füzulidən bəhs edən "Dahi dərdkeş" telepyesi daxil edilib. "Əbədiyyət karvanı" müəllifin "Beş min ilin yalanı" yazısı ilə açılır. Həmin məqaləni oxucularımıza təqdim edirik.

 

 

Ədəbiyyat insanlıq cəngəlliyində həyat nizamı tapmaq, qarlı-çovğunlu çöllərdə əbədi bahar çiçəkləri axtarmaq cəhdidir. Ədəbiyyat dini-mifik inamlara görə torpaq və ruhun vəhdətində biorobot kimi yaradılan insan qəfəsindən xilas, qurtuluş cəhdidir. Ədəbiyyat Lövhi-Məhfuzda - qorunan Lövhədəki ilahi yazıları yenidən yazmaq, yaratmaq cəhdidir. Və görünür, ədəbiyyatın taleyinə ideal tamlıqda axtardığını tapmamaq, getdiyinə çatmamaq, arzuladığını yaratmamaq qisməti yazılıb, ideal tamlıq, tanrısal bütövlük vəhdəti, yəni ilahi yaradılış Allaha məxsusdur...

Ədəbiyyat haqqında bitkin söz demək ümidiylə yazdığım bu didərgin cümlələrin naçar, gedər-gəlməz yollarında duyğular şəhid olur; "Sındır qəfəsi, tazə gülüstan tələb eylə"qışqıran Nəsimi misraları qiyam qaldırır, "Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən, Təriqi-üns tut kim, hər ovuc torpaq bir adəmdir" Füzuli beyti nigaran bir ümidlə beytullahın bağlı qapılarını döyür, Y.Kamalın "Ölüm asudə bahar ölkəsidir bir rində" poetik pıçıltısı sözün son sahillərində qan-qırmızı şərabın meyxoş busələrindən "kam" alır...

Və mən söz haqqında söz demək cəhdinin yenə də boşa çıxdığını düşünürəm; söz əzəli bağlı qapılarını açmaq istəmir. Jurnalistlər Evinin yeddinci mərtəbəsindəki mənzilimin eyvanından gördüyüm mübhəm mənzərə - Xəzərin sübh şəfəqləriylə dəlisov öpüşləri ruhumu titrədir; söz haqqında söz demək inadımdan əl çəkib, yeni kitabımın adını dəyişməyə qərar verirəm. "Dahi dərdkeş" yox, "Əbədiyyət karvanı" olsun; hər dəfə söz haqqında dərindən dərin düşüncələrə dalanda, sevdalı gedər-gəlməz yollarında yorulanda nagahan bir səs-çağırış, sirri-xuda bir duyğu dumanı ruhumun üfüqlərindən boylanır, əbədiyyət karvanının susqun sorağını gətirir mənə...

Haradansa uzaqlardan, beş min il əvvəlin Şumer mətnlərindən mələklərin qıyam qışqırıqları sirli sükutu sındırır; sükutun qanlı sınıqlarında gecə-gündüz qul kimi işləyən mələklərin qabarlı əlləri dil açır - biz daha dözə bilmirik, bu əbədi əzablara son ver, deyirlər...

Və Tanrı qəti qərara gəldi, ağır, əzablı işləri görmək üçün adamları yaratdı; amma əsl həqiqəti gizlətdilər, adamların iylənmiş torpaqdan yaradıldığını bəyan etdilər ki, mələklər kimi, insanlar da ağır, əzablı işlərdən yorulanda, bezəndə qiyam qaldırıb, "Biz də Tanrı övladıyıq, bu sonsuz zülmə son qoyun" deməsinlər...

Təzə kitabımın çağırış yollarında dolana-dolana Ernest Heminqueyin təsəllisini düşünürəm: "Zaman kitab üzərində hökmranlıq etməyə qadir deyil; kitablar çox əsrlər bundan öncə olduğu kimi bu gün də təzədir". Qədim Hind vedalarından Allah adına çıxılan bir cümlənin səsi gəlir: "Mən suyun dadı, Günəşin işığı, efirin səsi, insanın istedadıyam, hər şeydə, hər yerdə var olan mənəm". Və qəfildən müasir dövrün ən böyük Allah sözçüsü Poma Papasının qəribə etirafı donan şüşəni nəfəs kimi canlandırır: "Allah da insanlarla bir yerdə inkişaf edir". O da öz yerində ki, mütləq, absolyut həqiqətin inkişafı haqqında düşünmək, nədənsə, əzablıdır. Alman filosofu Rudolf Panvitsanın 1914-cü ildə qələmə aldığı "Avropa mədəniyyətinin böhranı" əsərində ilk dəfə işlədilən Postmodernizm termini ədəbiyyatda elə qapılar açdı ki, indi bəzən insanın sözə yazığı gəlir; ədəbi məqsədi oyun üsulu, bədii inkişafı təsadüf, bütöv janr estetikasını mətn... əvəzlədi. Yüz ildən artıqdır ki, Postmodernizm ədəbiyyatın neçə min illik yaddaş yollarını tapdalayır, çıxdaş edir, əbədi təzə kitabları köhnə əşyalar saxlancına atır, bütün qaydaları, normaları, dəyərləri inkar edərək  üsyankar anarxiyaya, çılpaq mətnə haqq qazandırır, bir sözlə, real insanı virtual postinsana hazırlayır. Deyəsən, beş min əvvəlin mələklər qiyamını çağdaş dövrün insanlar qiyamı təkrarlayır; səma və yer kitabları İsa kimi çarmıxda əzab çəkən adamı susdura bilmir. Nə "Mənə mükəmməl dil verin, sizə mükəmməl mədəniyyət (ədəbiyyat) verim" (Leybnis) çağırışı, nə "Ədəbiyyat eşq məsələsidir" (R.Bredberi) düşüncəsi, nə "Aldanma ki, şair sözü əlbəttə, yalandır" (M.Füzuli) etirafı... heç nə köməyə gəlmir. Qədim İbranicədə "Qızıl torpaq" anlamına gələn Adəm Virtual postinsan epoxasının qapısı ağzında heyrət və çaşqınlıq heykəlinə dönüb...

Bu qəliz fikirlər cəngəlliyində yazın çəmən-çiçəyilə qol-boyun olan bir talada ruhum dincəlir. Düşünürəm ki, yaxşı köhnə pis yenidən yaxşıdır. Ədəbiyyat, əslində, bin-binədən həqiqətə xidmət edən yalanlar məmləkətidir. Ədəbi söz ilğımdır; məqsəd, missiya çox böyükdür, planetar miqyasda taleyüklüdür; məncə, Ç.Darvinin dediyi əməkdən daha çox, bədii-estetik düşüncə, dünyanı bədii-estetik qavrama sevdası, yəni nəticə olaraq ədəbiyyat, bütöv mədəniyyət insanı insan elədi. Ən əvvəldə var olan söz insanı "İncil", "Quran", Şekspir, Füzuli miqyaslarında yenidən yaratdı, heç olmasa buna cəhd etdi. Və bu gün minillər boyu baş verən bu bəşəri missiyanın kədərli qürub çağı duyğuları üşüdür. Görkəmli alim, riyaziyyatçı Rafiq Əliyev etiraf edir ki, "Bu gün dünyanın, bəşəriyyətin ən böyük qorxusu robotların üsyanıdır". Ədəbiyyat insanı biorobotluqdan necə uzaqlaşdırır, xilas edirdisə, indi virtual dünya insanı eləcə biorobota doğru sıxışdırır, sosial şəbəkələr, internet, robot cəngəlliyinə sürükləyir; insanlıq real buğda zəmilərindən daha çox, virtual buğda zəmilərinin qayğısına qalır, bəşəri dəyərlər virtuallaşır; insan əzəli ünsdən, canlı ünsiyyətdən uzaqlaşır, real kosmosu əvəzləyən internet xaosunda virtual adalar sakininə çevrilir. Və belə görünür ki, xalqlar atası sayılan Şumerin beş min yaşlı mətnlərində işləməkdən bezib qiyam qaldıran mələklərin əvəzinə yaradılan, əsl həqiqəti bilməməsi üçün yalanla "mükafatlandırılan" adamlar da planetar qiyamın qapısı ağzında, bəşəri qürub çağının məşum kədəriylə, sirri-xuda yeni çıxış yolunun əzablı kölgəsiylə üz-üzədir. Haradansa yaddaşımda ilişib qalan iki balaca misra böyük bəşəri bəyanatın ümidə söykənən ilk, bəlkə də ümidsiz son çağırışı kimi səslənir: "Qarşıdan bir gecə gəlir, //Açılmağa sabahı yox..."

 

***

Qara bir vahimə kimi çırpınan Xəzər sübh günəşinin sevdalı öpüşləriylə qol-boyun olub, bir damcı gülgün göz yaşı kimi durulub. O ilahi duruluğa mat-mat baxa-baxa qəfildən düşünürəm ki, söz, bəlkə də, beş min il əvvəlin ilkin bəşər mətnlərində yasaqlanan o Tanrı gizlinlərinin qapılarını döyməkdən başlayıb; söz azı beş min ildir ki, həqiqətin qapılarını döyür və azı beş min ildir ki, o bağlı qapıları açan yoxdur. Nə Şumer, Elam, Babil yazıları, nə Orxon-Yenisey bərgüdaşları, nə Gəmiqaya, Qobustan təsvirləri, nə Dədə Qorqud kitabı, Homer dastanları, nə söz adına fəth olunan saysız-hesabsız zəfər zirvələri... İnsanla bağlı əzəli gizlinin, Tanrısal sirrin əbədi qapanmış qapılarını aça bilməyib. Acı, ağrılı bir təbəssüm göz yaşı içində çırpınır ki, ədəbiyyat haqqa doğru gedir, özü də haqqın bağladığı qapını açmağa tələsir. Və bu sirri-xuda tilsimin, qaranəfəs tələskənliyin ən azı beş min illik tarixçəsi var...

Əziz oxucum, "Əbədiyyət karvanı" adlı növbəti kitabımın Ön sözündə son illərin ədəbi duyğularımı dilə gətirmək istəyirdim, amma söz öz bildiyini elədi, tamam başqa çöllərə çəkib apardı məni. Və bir daha əmin oldum ki, ədəbiyyat əzəli gizlinlərə güzgü tutmaq cəhdidir; sözün yaralı yaddaş çöllərindən çarmıxa çəkilmiş həqiqətlərin səsi gəlir. Əsası odur ki, o səsləri eşitmək, o səslərlə ruhun güneylərində əl tutub görüşmək istəyəsən. Kitabımı belə bir istəklə oxuyanlara salamlar olsun...

 

Bakı, Jurnalistlər evi

02.02.2022


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!