Şərqdə günəş, Qərbdə ay - Kənan Hacı - Kənan HACI

"Tanrının ruhu" silsiləsindən

Kənan HACI

Bu gün dünyanı bürüyən qloballaşma fırtınası qarşısında sivilizasiyalar yenidən öz köklərinə söykənərək performanslar göstərirlər. Multikulturalizm erası başlanır və bu artıq Avropanın assimilyasiya siyasətinin çöküşü deməkdir. Mədəniyyətlərin də qabarıb-çəkilmə dövrləri olur. Bu, təbii ki, tarixi proseslərlə, imperiyaların yüksəlişi və çöküşü ilə birbaşa bağlı olaraq periodik yerdəyişmələrin nəticəsi kimi meydana çıxır.

Müxtəlif qütblər arasındakı soyuq müharibələr bütün dövrlərdə olub. Amma yeni əsrin reallıqları gözlərimiz önündə başqa mənzərələr sərgiləyir. Sanki gözəgörünməz bir əl dünyanı nizamlamaqla məşğuldur. İdeoloji qovğalardan yorğun düşmüş bəşər dincini almaqla məşğuldur və bu "istirahət" çağı Şərqlə Qərb dəyərlərin toxunulmazlığı müstəvisində bir araya gəlir. Demək, əsrlər boyu davam edən mübarizələr nəticəsiz qaldı; Qərb Şərqi məğlub edə bilmədi. Bu bir cümlənin izahı üçün son dörd yüz ildə bəşəriyyətin inkişaf tarixinə, eyni zamanda Şərq mədəniyyətinin tənəzzülü və yenidən dirçəlişi dövrlərinə qayıtmaq lazım gəlir. Necə baş verdi bu proseslər?

Renessans dövründən sonra avropalılar Şərq fəlsəfəsi və ədəbiyyatı adlı xəzinəni kəşf edərək məhsuldar bir həyat qaynağı tapdılar. Əlbəttə, bu xəzinəyə Roma və yunan ənənələri də daxil idi. İncə nüans bundan ibarətdir ki, onlar yunan fəlsəfəsini - Ksenefonu, Petrarkanı, Siseronu örnək götürdülər və bu xətti bəşəri müstəvidə inkişaf etdirdilər, nəzəriyyələr yaratdılar. Şərqdə uzun illərdən bəri imperiyalar arasında gedən savaşlar onu zəif saldı. Amma Şərq fəlsəfəsi elə bir təməldir ki, vaxtilə yunanların ilk materialist filosofu Demokrit (e.ə. 460-370) bu fəlsəfəni öyrənmək üçün Misirə, Hindistana, Finikiyaya uzunmüddətli səfərlər edib. Misirdə həndəsəni, Babilistanda astronomiyanı, Midiyada maqların elmini araşdırıb müəyyən nəticələrə gəlib. Demokritdən başqa da digər yunan filosofları da Şərqə mütəmadi səfərlər edib Şərq mütəfəkkirləri ilə fikir mübadilələri aparıblar. Bunlar tarixə məlum olan faktlardır. Amma çox təəssüflər olsun ki, zaman-zaman Qərb və eləcə də rus alimləri Şərq fəlsəfəsinə qarşı qərəzli mövqe nümayiş etdiriblər. Xüsusən sovet dönəmində yazılan "Fəlsəfə" kitablarında zəngin Şərq mədəniyyəti və fəlsəfəsi haqqında cüzi məlumatlar verilirdi ki, bu da oxucuda heç bir təsəvvür yaratmırdı. Şərq fəlsəfəsinin tarixi o qədər zəngindir ki, onun öyrənilməsi üçün bəlkə də bir insan ömrü yetməz. Çünki o dibi görünməyən bir xəzinədir.

Nizami Gəncəvi bəşəriyyətin böyük şairi olmaqla bərabər həm də nəhəng filosofdur. Biz Nizaminin "Xəmsə"sini hər dəfə oxuyanda təzə mənalar əxz edirik, bir misranın, bir beytin içində yüz məna gizlənir ki, o mənalar insan üçün müxtəlif yaş dövrlərində oxunduqca tədricən açılır. Bu mənaların da zahiri və batini tərəfləri var ki, hər kəs bu xəzinədən özünə pay götürə bilir; zahiri tərəflərini anlayan bir zövq dadır, batininə varan bir başqa fezy alır. İnsanların anlama dərəcəsi də müxtəlifdir, oxuduğumuz kitablardan aldığımız informasiyalar, əxz etdiyimiz fikirlər hər birimizin beynində yalnız özümüzə məxsus olan bir modelin qurulmasıyla nəticələnir və bu model qavranan biliyə adekvat ola da bilər, olmaya da bilər. "Qüvveyi-aqilə" - ağlın gücü Nizamidən çəkə biləcəyi yükü götürür, fəzilət artdıqca Nizami öz sirlərini sənə açır. Nizami təkcə ədəbiyyatşünaslıq obyekti deyil, elmin müxtəlif sahələrində bəşəriyyət bu gün də onun fikirlərindən faydalanmaqdadır. Elm nə qədər inkişaf etsə də,  texniki tərəqqi möcüzələri reallığa çevirsə də Nizaminin tezisləri əhəmiyyətini itirmir. Bu fikirləri İbn Sinaya da, Fərabiyə də, digərlərinə də şamil edə bilərik.

Şərq fəlsəfəsinin ən mühüm xüsusiyyətlərindən biri də budur ki, o insanı mənəvi-ruhi rahatlığa, ataraksiyaya qovuşdurur. Bu gün gənclər arasında Qərb fəlsəfəsinə həddən ziyadə aludəçilik onlarda ruhi tarazlığın pozulmasına və bir sıra psixoloji problemlərin yaranmasına səbəb olur ki, bu da beyindəki sağlam düşüncəni virus kimi dağıdır. Günümüzün mənzərəsi buna əyani sübutdur. Ekzistensializm xaosunda mənəvi mutasiya yaranır və ağlın gücü müxtəlif hissələrə parçalanaraq zəifləyir.

Bu yazıda məqsədimiz əsla Qərb fəlsəfi fikrinə kölgə salmaq, birini üstün, digərini naqis hesab etmək deyil. Bəşəriyyətin bu iki qovşağı ayrı-ayrılıqda və bir-birindən qidalanaraq, bəhrələnərək dünya elminə, mədəniyyətinə, ictimai fikrinə və ədəbiyyatına böyük töhfələr bəşx edib. Didro, Russo, Volter, Yaspers, Erix Fromm, Veyninger və digər fikir nəhənglərinə göylərdən vəhy gəlməyib. Onlar Platondan İbn Sinaya, Aristoteldən Fərabiyə, Demokritdən Nəsirəddin Tusiyə qədər fəlsəfənin keçdiyi inkişaf yolunu izləyərək öz təfəkkür süzgəcindən keçirmişdilər və hər biri özünün nəzəri platformasını, düşüncə modelini yaratmışdılar. Yazının birinci hissəsində qeyd etdiyimiz kimi, Hegel "mütləq ruh" postulatını loru dildə desək, havadan götürməmişdi. Fərabinin "idrak iki təsəvvürə bölünür" fikrinə əsaslansaq, Hegelin ideyası təsdiqə ehtiyacı olan ikinci təsəvvürdür. Birinci təsəvvür gözlə görünməyən, amma varlığına şübhə olmayan anlayışlardır. Məsələn, ağıl, ruh və sair. Fərabi yazır ki, elə təsəvvürlər var ki, anlamadan onları başa düşmək mümkünsüzdür. Anlamaq artıq idrakın ikinci təsəvvürüdür. Hegeli anlamaq üçün də Şərqin bu böyük mütəfəkkirlərini oxumaq lazım gəlir. Bir elmə tam yiyələnməyin yolu onu sistemli, ardıcıl öyrənməkdən keçir. Əks halda insan nə qədər mütaliə etsə də yenə natamam sayılacaq. Beyni gərəksiz informasiyalarla yüklənəndə orda xaos əmələ gəlir və sən istədiyini tapa bilmirsən, fikrini əsaslandırmaqda çətinlik çəkirsən.

Ədəbiyyat sahəsinə göz yetirəndə də görürük ki, yazıçı olmaq istəyən gənclərin çoxu sistemsiz mütaliə edirlər. Nizamini, Xaqanini, Qətran Təbrizini, Saib Təbrizini, Arif Ərdəbilini, Füzulini, Nəsimini, Vaqifi oxumadan Kafkanı, Markesi oxuyurlar və fəlakət də burdan başlayır. Onlara elə gəlir ki, artıq hər şeyi bilirlər. Amma unudurlar ki, insan nə qədər çox oxusa da, biliyini artırsa da, anlamağa başlayır ki, o heç nə bilmir. Hansısa bir müdrik öz şagirdinin hər dəfə intellektiylə öyündüyünü görüb ona belə deyir: Sən öz intellektinlə çox öyünürsən. Bununla sən mənə öz kamerasının genişliyi ilə fəxr edən məhbusu xatırladırsan.

Avropanın intibahı, fransız maarifçiliyi bəşəriyyətin simasını dəyişdirsə də bir sıra ziddiyyətlərə, məhrumiyyətlərə rəvac verdi. Fransanın böyük şairlərindən olan Pol Valeri yazırdı ki, Avropanın mənəvi nizamsızlığı nədən ibarət idi? Bütün təhsil görmüş beyinlərdə bir-birindən kəskin fərqlənən ideyalar həyat və onun dərkində təzadlı nəticələr doğururdu. Pol Valeri də, onun müasiri olmuş Uilyam Batler Yeyts də keçmişdən və bədii təfəkkürün normal insani formaları ilə kökündən ayrılma, qopma bahasına nicat və şöhrət vəd edən modernizmin bu avtomatik simvolikasına tabe olmaqdan vaz keçmişdilər.   

Digər tərəfdən Tənzimat dövrünün türk yazıçıları öz romanlarında Avropa zadəganlığına, aristokratizmə ironik münasibət göstərir, meşşanlığı mənfi səciyyələndirirdilər. Bu yazını işləyərkən XIX əsrin sonlarında yaşamış türk yazıçısı Əhməd Midhət Əfəndinin "Fəlatun bəy və Rakım əfəndi" romanını oxuyurdum. Əsərdə qərbləşməni yanlış anlayan, meşşan həyat tərzi sürən Fəlatun bəylə ənənələrə bağlı olan, yetimçiliklə böyüsə də yüksək təhsil almış Rakım əfəndi qarşılaşdırılır və Rakım əfəndinin yüksək mənəvi keyfiyyətləriylə müqayisədə Fəlatun bəyin mənəvi çürüklüyü göstərilir. Rakım əfəndinin bir qoca kişidən yüz qızıl müqabilində alıb evə gətirdiyi Canana pianino dərsi keçən Josefina türklərin yaşam tərzinə, ənənələrinə heyran olduğunu dilə gətirir və "türklərin hər şeyi avropalılarınkından yaxşıdır... baxmayaraq ki, Avropanın əyləncəsi çoxdur, ancaq orda daim yeknəsəq həyat mövcuddur... həm də türklərdə olan qonaqpərvərlik Avropada yoxdur" - deyir. Müəllif sonra yazır ki, Jozefina Avropanın bəyənilməyən cəhətlərinə dair söylədiyi hər şeyi isbat etdi.

Biz uzun bir zaman müddətində Şərq dünyasına, Şərq fəlsəfəsinə avropalıların gözüylə baxmışıq. Hələ uzun illər bundan əvvəl, sovet sisteminin çöküşü ərəfəsində dəyərli fikir və düşüncə adamı, kulturoloq Aydın Talıbzadə Şərq dünyasının yenidən kəşf olunmasının zəruriliyi haqqında geniş və əhatəli bir yazı yazmışdı. Xatırlayıram, Aydın müəllim o yazıda Yaxın və Orta Şərq ölkələrinin mədəniyyət aləmini və onun ayrı-ayrı təzahür formalarını başqalarına şərqlinin anladığı kimi təlqin etməyin vacibliyini xüsusi olaraq önə çəkirdi. Amma başqaları deyəndə biz avropalıları düşünürük. Qərb ölkələri Şərqi mənəvi cəhətdən işğal etmək istəyirdilər, onun mənəvi xəzinəsi olan elmi-fəlsəfi irsini əsrlər boyu tərcümə edib öyrənir, şərqli beyninin məhsulunu Qərb zəkası ilə inkişaf etdirib nəzəriyyələr yaradırdılar.

Qərb fəlsəfəsi sözsüz ki, Şərq fəlsəfi fikrindən mayalanaraq inkişaf etdi. İbn Ərəbinin, Şeyx Mahmud Şəbüstərinin irfan yönümlü əsərləri zaman-zaman fikir assimilyasiyasına uğrayaraq Qərb nəzəriyyələrinin təməl prinsiplərinə çevrildi. Diqqət etsəniz görərsiniz ki, Qərb fəlsəfi fikrində Şərqə heç bir istinad yoxdur. Şərq və Qərb sivilizasiyası arasında dialoqun yarandığı yeni dönəmin ən sonuncu filosoflarından biri Cübran Xəlildir ki, onun elmi-fəlsəfi irsi hər iki mədəniyyətin daşıyıcısı olmaqla bərabər həm də bu iki qütb arasındakı fikir, düşüncə sərhədlərini müəyyənləşdirir. Cübran Xəlilin fikir cəbbəxanası transsedentalizm təliminə söykənir ki, bu cərəyan da qədim hind fəlsəfəsindən əxz olunmuş ideyalarla zəngindir. Buddizmin ana kitabı hesab olunan "Dhammapada"nı oxuyarkən görürük ki, Budda həqiqətin dərkini nirvanada görür. Budda həqiqəti tapmaqdan ötrü saraydan imtina edib iyirmi il meşədə guşənişin yaşamışdı. İnsan ruhunun təbiətlə əlaqəsi Buddadan başlayır. Bəs sufilik nədir? Nəfslə mücadilə aparıb islah olunaraq haqqa yetmək. Mahiyyət eyni deyilmi?

Amerika yazıçısı və filosofu Ralf Uold Emerson hesab edirdi ki, fəlsəfənin əbədi problemi Ruh və Materiyanın münasibətlərindən ibarətdir. O, bu problemi "Ali ruh" əsərində belə cüz çözür: "Təbiət ruhun rəmzidir. Varlığın ən yüksək sintetik prinsipi fövqəlruhdur, Allahdır". Beləliklə, bəşəriyyətin inkişafı boyu nisbi anlayışlar tədricən mütləq anlayışlara çevrilir. Nisbi anlayışların mütləq anlayışa çevrilməsində filosofların müstəsna xidmətləri olub. Bir çox Amerika, Avropa, rus yazıçılarının əsərlərində təbiət və insanı vəhdətdə görmək, insanın ruhuna xitab etmək cəhdi transsendentalizm nəzəriyyəsindən qaynaqlanır. Bu nəzəriyyənin əsasında isə Şərqin ruhani düşüncəsi dayanır. Qərb alimlərinin özləri də bunu dəfələrlə etiraf ediblər.

L.Tolstoyun "Dirilmə", "Sergi ata", Dostoyevskinin "Karamazov qardaşları", Con Steynbekin "Qəzəb salxımları", Alber Kamyunun "Yad", "Çöküş" əsərləri qəhrəmanların mənəvi katarzisi xətti ilə inkişaf edir. Kamyunun absurd fəlsəfəsində belə insan ruhunun labirintlərində dolaşan narahat bir düha görürük. Kamyunun həyatını yaşayıb gedən, lakin bir işə yaramayan qəhrəmanları ruhi didərginlərdir. Onların evolyusiyası ruhi təlatümlərdən keçir, çünki ali həqiqətə, ruhani qata yüksələ bilmirlər. Nexlyudov ("Dirilmə") sonda ali həqiqətə çata bilsə də, Sergi ata nəfsinə qalib gəlmək üçün barmağını baltanın altına qoysa da Merso ("Yad"), Jan Batist Klamans ("Çöküş") vicdan ağrılarıyla qıvrıla-qıvrıla qalır. Bu obrazlar əslində Şərqin söykəndiyi dəyərlərdən uzaq düşmüş, Tanrıyla bağları qopmuş, Ruhun deyil, cismin istəklərinə əsir düşmüş, istinadgahı olmayan, yaşamın mənasını özləri üçün aydınlaşdıra bilməyən çarəsizlərdir. Bu, əslində bütövlükdə Avropanın problemi idi. Bütün həyatını fəlsəfə cəngəlliyində dolaşan alman filosofu Nitsşe Allahı "öldürəndən" sonra qalan ömrünü ruhi sarsıntılar içində keçirdi. Bu fakt həm də Nitsşenin timsalında Avropa insanının mənəvi böhranı idi. Bu problemin nədən qaynaqlandığını Stefan Sveyq "Dünənin dünyası. Bir avropalının xatirələri" kitabında müfəssəl şəkildə izah edir. Maraqlananlar həmin kitabı tapıb oxuya bilərlər, əsər bir neçə il öncə bizim dilə tərcümə olunub. 

Tanrıya aparan yollar insanın içindən, ruhundan keçir. Şərqin böyük fikir sahiblərinin elmi-fəlsəfi traktatları, nəzəriyyələri olmasaydı, heç şübhəsiz ki, Avropada elm və fəlsəfə bu qədər inkişaf edə bilməzdi. Ay işığını Günəşdən aldığı kimi dünyanın bu iki qütbü də Tanrının əta etdiyi işığı Günəş və Ay kimi insanlara ötürürlər.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!