Adamın gərək ağlı olsun...
Düz deyirəm, vallah! Ağlın olmadı ha, bu dünyada adam kimi yaşayammazsan. Gərək ağlın olsun, düşünəsən ki, ayə, necə olur, sənin də iki əlin-ayağın, bir başın, iki qulağın və s. var, o birilərinin də. Necə olur, o birilər cah-calal içində yaşayır, sən həmişə lüt-üryansan, qəpiyə güllə atırsan? Belə çıxır ki, o birilərinin ağlı var, yəni sənin kimi ağılsız deyillər. A kişilər, heç ola bilməz ki, ağıllı adamın pulu-parası olmasın! Ağıl deyilən şey ki, var, gərək o mütləq adamda olsun. Olmadı ha, batdın!
Lap uşaqlıqdan əlimə pul düşən kimi, gedib verirdim axmaq-axmaq şeylərə. Ürəyinizə pis fikirlər gəlməsin, uşaq siz düşündüyünüz şeylərə pul xərcləməz. Deməyim odur ki, gedib xırda-xuruş alırdım, o biri gün də xoşuma gəlmirdi, atırdım bir kənara. Bu xasiyyətlə böyüdüm, gözümə yaxşı nə göründüsə, lazım oldu-olmadı aldım. Yekə kişi oldum, ağlım başıma gəlmədi ki gəlmədi. Nəyə görə?
Deyin görüm, adam da nağd pulunu əlindən verər? Deməli, verməz. Ölənləriniz oldu rəhmətlik! Amma mən nağd pulumu aparıb qoymuşam özəl bir banka. Özü də nə qədər olsa yaxşıdır? Altmış min manat! İllər keçib, oturub sevinə-sevinə gözləmişəm ki, başqa ölkələrdə olduğu kimi banka qoyduğum pulun faizi də üstünə gələcək, gedib maşın alacağam, villa tikdirəcəyəm, dünyanı gəzəcəyəm. "Sən saydığını say, gör fələk nə sayır".
Bir gün xəbər çıxdı ki, pullar dəyişir. Getdim banka ki, altmış min manatı, üstəlik, faizini də alım. Götürüb mənə nə versələr yaxşıdır: altı min manat! Elə orada iki əlimi ilişdirdim təpəmə, öz-özümə dedim: Kül sənin ağılsız başına, adam da banka pul qoyar?! Pulun var, qoy evə, yavaş-yavaş xərclə də!
Elə bilirsiniz bu əhvalatdan sonra ağlım başıma gəldi? Ay gəldi ha! "Quyuya su tökməklə sulu olmaz ki!". Zəmanə dəyişdi, özəl banklar çoxaldı. Aparıb olan-olmazımı qoydum həmin özəl banklardan birinə. Mənim hesabımla bir neçə ildən sonra milyoner olmalıydım. Bir də eşitdim bankı bağladılar, bankiri də tutdular basdılar içəri. Heç demə, fırıldaqçının biri imiş. "İt də getdi, ip də". Qaldım "lüt-madərzad".
İndi özünüz deyin, ağıllı adam da nağd pulunu əlindən verər?
Molla Qasımın yuxusu
Bir gün rayon məscidində mollalıq edən Qasım kişi bərk yatmışdı. Yuxuda gördü ki, cənnətlə cəhənnəmin qapılarının tən ortasındadır. Cəhənnəm tərəfdən işıldayan od kişinin sağ tərəfini yandırır. Sol səmtindən isə cənnətin bahar təravətli xoş havası duyulur. Qasım diqqətlə ətrafına baxanda gözlərinə inanmadı. Burada mizan-tərəzi qurulmuşdu. İnkir-minkirlər əllərində toppuz dayanmışdılar onun başının üstündə. Qasım bir istədi sivişib xəlvətcə cənnətin qapısından soxulsun içəri, mümkün olmadı. İnkir-minkirin güclü əli onun boynunun ardından yapışıb itələdi kənara. Bu vaxt qeybdən bir səda gəldi:
- Sənin yerin cəhənnəmdir, kişi!
Qasım yazıq görkəm alıb başladı yalvarmağa:
- Mən nə günah sahibiyəm, Xudaya?!
- Özünü bilməzliyə vurma, Qasım! De görüm, rayon əhli Paşa Mirzəyevin arvadının ölü namazını niyə qılmamısan?
Qasım barmağını dişlədi. Bir istədi bəhanə gətirsin, gördü yox, bu həna o hənadan deyil. Əgər yalan danışsa, inkir-minkirlərin toppuzu təpəsindən od çıxaracaq. Fikirləşdi ki, düz danışsa, bəlkə ona rəhm edərlər. Yazıq-yazıq cavab verdi:
- Pulu az idi, ya Rəbb!
- Sən ölü namazını neçə manata qılardın ki?
- 50-60 manata.
- Birdən ölü sahibinin o qədər pulu olmasa?
- ...
- Sən hərdən rayonlara "qastrol" səfərinə çıxırdın, yaslara gedirdin, dua oxuyurdun, kəbin kəsirdin, hətta cadu eləyirdin, eləmi?
- Bəli, Xudavəndi-aləm!
Bütün bu əməllərinə görə səni cəhənnəmdən başqa heç yerə göndərmək olmaz. Ancaq qorxma, səni cəhənnəmə tək göndərməyəcəyəm, çevril arxaya bax!
Qasım geri dönəndə heyrətindən gözləri bərələ qaldı. Həmyerliləri Molla Manaf, Molla Məmmədtağı, yüz cür fırıldaqdan çıxan Molla Hacı, məhərrəmlik günü pirlərin ətrafında lövbər salan Molla Mirmöhsün çiyin-çiyinə dayanıb tir-tir əsirdilər.
Elə bu vaxt inkir-minkirlərin biri soruşdu:
- Kişi, daha olan-olub, keçən-keçib. Özün boynuna al görək, o dünyada daha nə hoqqalardan çıxmısan?
Qasım dili-dodağı əsə-əsə açdı sandığı, tökdü pambığı. Barmaqlarını qatlaya-qatlaya işlətdiyi fırıldaqları saymağa başladı. Üstəlik bildirdi ki, kənd əhli Cənnətəlinin rəhmətlik arvadının ölü namazını qılmaq üçün yüzcə manat istəyib. Əlavə 40 manat da yasin pulu tələb edib. Elə ki, ölü sahibi bu məbləği verməkdən boyun qaçırıb, başlayıb onu qorxutmağa, üzünü camaata tutub deyib:
- Srağa gecə yuxuda Allah-taala bu mərhumun ruhuna yasin oxumağı mənə tapşırıb, belə olmasa rəhmətliyin axirət dünyası əzablı keçər...
Qasım gördü ki, iş bununla qurtarmadı, inkir-minkirlər fırıldaqçı mollalar Manafı, Məmmədtağını, Hacını, Mirmöhsünü də sorğu-suala çəkdilər. Elə ki, sorğu-sual başa çatdı, mizan-tərəzi götürüldü, inkir-minkirlər sıra ilə düzülmüş fırıldaqçı mollaları arxadan necə itələdilərsə, cəhənnəmə birinci Qasım vasil oldu. Az qala kişinin ürəyi partlayacaqdı. Yaxşı ki, asqırıb yuxudan ayıldı...
Şirinlik
Neçə vaxt idi ki, oğul həsrətində idim. Arvadın da ki, vaxtı çatmışdı. Apardım doğum evinə. Əhvalat da elə bundan sonra başlandı. Uzun sözün qısası, birdən beş nəfər xidmətçi mənə xəbər verdi ki, "muştuluğumuzu ver, oğlun olub". Sevindiyimdən əlimi cibimə salıb nə qədər pulum vardısa verdim onlara. Doğum evinin bayır qapısındakı daxili telefonu götürüb arvadıma zəng vurdum ki, təbrik eləyim. Arvadım xəttin o başından cavab verdi:
- A kişi, arzun yerinə yetdi. İndi də sən mənim istəklərimə əməl et.
- Buyur, arvad! De görüm, nə istəyirsən?
- Hələlik heç nə. Bir az "şirinlik" lazımdır.
- Nə lazımdır, de, gedim, bazardan alım gətirim...
- Bazarlıq məsələsi deyil, ay kişi! Burada mamaçalar mənə gözaydınlığı verirlər, "şirinlik" onlara lazımdır.
Nə edəydim?! Tez evə qaçıb "şirinliyi" gətirdim.
Səhəri gün doğum evinə yenə zəng vurdum ki, arvad-uşaqdan hal-əhval tutum. Arvad dəstəyi götürən kimi qışqırdı:
- Hardasan?
- Nə olub, ay qız?
- Nə olacaq?! Mənə dedilər, "gəl, uşağı göstərək", mən də getdim. Dayələrdən biri uşaq yatan otağın qapısını Ərəbzəngi kimi kəsdirib "şirinliyini ver, sonra keç" dedi. Cibimdə bir şey olmadığından, uşağımı görə bilmədim. Tez bir əlac qıl, gedim görüm, balam necədir?
Bunun da "əlacını qıldım".
Üçüncü gün arvad zəng vuranda, yenə ağzı açıldı:
- Uşaq acından ölür! Əmizdirməyə qoymurlar ki, "haqqı var"...
Dördüncü gün bildirdi ki, bəs, uşağın göbəyi düşüb, bu münasibətlə "şirinlik" verməliyik...
Beşinci gün uşağı aparıb-gətirən üçün "şirinlik" istədi.
- Yenə də "şirinlik", ay arvad? - hirslə soruşdum.
Arvad da hirslə cavab verdi:
- Əcəb adamsan! Bilmirsən ki, uşağı bələyənə, bizi qapıya qədər ötürənə, ən nəhayət, həkimə bir şey lazımdır?
Bəli, bilmirdim, onu da bildim.
Xülasə, hamını razı saldım. Arvad uşaq qucağında bayıra çıxanda dərindən nəfəs aldım. Taksi tutub evə gəldik. Sayğac beş manat yazmışdı. Əlimi cibimə salanda sürücü dilləndi:
- On beş manat!
- Nə???
- Özünü bilməzliyə vurma, qardaşoğlu! Yəni deyirsən bu boyda sevincdən (o, uşağa işarə etdi) mənə pay düşmür?
Mətləbi başa düşüb sürücünü də razı saldım.
Qohum-qonşular gəldilər "uşaqgördüsünə". "Gətir-götür" başlandı. Sonra da uşağa "adqoydu" oldu. Məşədi İbad demişkən, "a kişilər, vallahi mən söküldüm, mən dağıldım!..". Hələ harasıdır? Amma gərək dözək, borcumuzdur!
Sağ əlim başınıza!
Nə ad verək?
Vallahi, qalmışam mat-məəttəl. Gecə-gündüz fikirləşirəm ki, bu müğənnilər niyə, nə üçün, nə səbəbə özlərini bu kökə salırlar?
Əvvəla, bunların qiyafələrini, yəni geyimlərini görəndə adam çaş-baş qalır. Heç demə, oxuyanlar üçün əsas məsələ elə bu imiş. Gərək elə geyinsinlər ki, nəzəri cəlb etsinlər. Şəhərdə bir kimsədə həmin geyimdən olmasın. Qızıl, brilyant üzüklər, cürbəcür sifət boyaları...
Hələ bu harasıdır? Birdən oturub başıma vura-vura fikirləşirəm ki, bunların sahibi-zadı yoxdur bəyəm, çılpaq çıxırlar camaatın qabağına? Baxırsan, gözəl-göyçək xanımlardır, amma bədənlərinin bir-iki yerindən başqa hər yerləri açıq-aydın görünür. Hamı qalır baxa-baxa, heç kim bilmir bu "müğənnilər" nə oxuyur, necə oxuyur? Oralarını-buralarını əyə-əyə oynamaları da öz yerində.
Hələ çəkildikləri "klipləri" demirəm. Bir də görürsən, biri soyunub girir dənizə. Biri bədəninə yağ sürtüb arxası üstə yıxılır qumun üstünə, par-par parıldayır. Biri vannada uzanır, sabun köpüyünün içində. Biri yalandan göz yaşı axıdır. Biri qayanın başına çıxır. Biri döşəyə sərələnir. Biri yatır... Səs-küy, gurultu... Aləm qarşıb bir-birinə.
Öz mahnılarımızı oxuya bilmirlər, amma başqa millətlərin mahnılarını oxuyurlar. Allah, amandır!
Özü də hər gün televiziyalarda görünməsələr ürəkləri partlayar. Axırda da nə desələr yaxşıdır: "Xalqa xidmət etmişik, bizə fəxri ad verin".
Sizə nə ad verilsin, ay xanımlar? Bizi el içində biabır-rüsvay elədiyiniz bəs deyil, hələ fəxri ad da istəyirsiniz? Xaricdə böyük-böyük müğənnilərə ad-filan verirlər? Onlara baxıb cürbəcür hoqqalardan çıxırsınız! Niyə onlara oxşamağa çalışırsınız? Elimizin-obamızın adət-ənənələri var, axı!
Mən ölüm, yaz!..
- Salam, qardaş! Səni göydə axtarırdım, yerdə əlimə düşmüsən...
Neçə il əvvəl haradasa görüşdüyüm bir nəfər küçədə təngnəfəs mənə yaxınlaşdı. Əlimi bərk-bərk sıxdıqdan sonra sözünə davam etdi:
- Eşitmişəm, yazansan...
- Hə, redaksiyada işləyirəm.
O, bu sözə bənd imiş kimi yalvarmağa başladı:
- Qələminə qurban olum, məndən yaz!
Qeyri-ixtiyari dodağım qaçdı:
- Nəyindən yazım sənin?
- Pisliyimdən. Adama, işçiyə yaraşmayan hərəkətlərimdən!
Elə bildim müsahibim zarafat eləyir. Laqeydcəsinə soruşdum:
- Biabır olmağının sənə nə xeyri var ki?
O, düz gözlərimin içinə baxıb, davam etdi:
- Xeyri var. Çox xeyri var! İstəyirsən, sənə nə qədər adam adı çəkim ki, haqqında felyeton yazan kimi kişini öz işindən çıxarıb, qoyublar daha böyük vəzifəyə. Çünki qəzet onların nəyə qadir olduqlarını bəzi-bəzi adamlara başa salıb...
- Bu necə ola bilər axı?
- Əşşi, sən də özünü bilməzliyə qoyma. Siz yazırsınız, o adamı işdən çıxarıb qəzetə cavab verirlər ki, cəzasını verdilər. Bir müddətdən sonra, həmin adamı qoyurlar əməlli-başlı vəzifəyə, özü də xeyir götürür, onu işə qoyanlara da xeyir verir. Necədir sənin üçün?!
- Axı...
- Bilirəm, demək istəyirsən, şəxsi işləri qəzetə yazmaq olmaz. Amma mənim işlərim şəxsi deyil. O balaca vəzifəmdə min cür fırıldaqdan çıxıb başqalarını da pozuram, bu bir. Müdirin dodağının tərpənişindən nə istədiyini bilib əlüstü yerinə yetirirəm, bu iki. İş yoldaşlarımla səhərdən-axşamadək ley-peydəyəm, bu üç. Heç soruşan yoxdur ki, o qədər pulu haradan qazanıram. "Bacarana baş qurban" deyiblər! Bir sözlə, əlimdən nə istəsən, gələr. Qələmini itiləsən görərsən ki, yazılmalı şey çoxdur.
- A kişi, ağrımayan başına dəsmal bağlama...
- Mənə bax, bildirçindən qorxan darı əkməz.
- Axı, heç kim istəməz ki, ayranına turş desinlər...
- Bilirsən, bir yaxşı vəzifə var, div qurbağaya aşiq olan kimi, mən də o vəzifəyə aşiq olmuşam. O elə iş yeridir ki, orada bu gün yatan yumurta sabah göydə uçan quş olur. Deyirlər, ora bacarıqlı işçilər axtarırlar. Yaz, görsünlər mənim bacarığımı...
- A kişi, axırın yaxşı olmaz...
O, yazıq görkəm aldı:
- Mən ölüm, yaz!
Səhəri gün marağım məni onun işlədiyi idarəyə apardı. Doğrudan da, kişinin "fırıldaq aləmində" "istedad sahibi" olması barədə mənə o qədər danışdılar ki, matım-qutum qurudu. Ürəyimdə fikirləşdim ki, "hə, indi yazaram"...
Bir felyeton yazıb qəzetdə dərc etdirdim. Aradan bir-iki ay keçdi. Redaksiyada oturub yazı-pozu ilə məşğul idim. Bir də gördüm qapı taybatay açıldı. Felyetonumun "qəhrəmanı" gülə-gülə üstümə yüyürüb məni qucaqladı:
- Mən ölüm, gəl səni öpüm!
"Dostum" o üzümdən-bu üzümdən marçamarçla öpüb nəfəsini dərəndən sonra dilləndi:
- Qardaş, vallah, siz qəzetçilərin qələmində hikmət var. Elə bil, felyetonu gözləyirmişlər, qəzetdə çıxan kimi baş idarədə mənimlə maraqlanmağa başladılar. Əvvəl istədilər məni köçürmə yolu ilə arzuladığım vəzifəyə keçirsinlər. Birdən ağıllarına gəldi ki, necə olsa, qəzetə cavab vermək lazımdır axı... Köçürülmə məsələsi olmadı, amma sənə dediyim minvalla qəzetə cavab verib, arzumu ürəyimdə qoymadılar. Bir-iki dostum var, onları da göndərəcəyəm sənin yanına...
Bu əhvalatdan sonra bir də felyeton yazmadım...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!