Dərviş heybəsindəki pritçalar - Rüstəm KAMAL

 

Ömür etik sualları, fəlsəfi mətləbləri, gizli mənaları və mistik işarələri yozmaq imkanıdır. Bunu mənə böyük irfan alimləri və təsəvvüf şairləri, dünya müdrikləri - Lao Tszı, Nizami Gəncəvi, Şəms Təbrizi, Mövlana Cəlaləddin Rumi, Fridrix Nitşse, Şmuel Aqnon, Poelo Koelyo, Antuan Sent - Ekzüperi, Karlos Kastaneda anlatdı.

Onsuz da Göy qübbəsi altında təzə heç nə yox idi, bütün sözlər deyilib qurtarmışdı.

Ömür keçir, insan düşüncələrini yuxu kimi yozmaq istəyir. Bu, görünür, həm də yaşla bağlı məsələdir.

Mənə əyan olanları, bildiklərimi və öyrəndiklərimi yığcam şəkildə yazıya almaq istədim - pritçaya oxşadı.

Həmin işarələri və mənalarını unutmağa qorxurdum - bir dəftərin küncünə yazırdım.

Yazmağa qorxanda isə yenidən xatırlayırdım.

Xatırlamağa qorxurdum - yazırdım.

Bu kiçik pritçaların bir neçəsini dəyərli oxucuların ixtiyarına verirəm - qorxuram.

Allah bilən məsləhətdi...

Müəllifdən

 

 

"Ya Rəsul! Sən nə bilirsən, haradan bilirsən, gecə gələn nədir?"

Qurani-Kərim. "Ət-Tariq" surəsi, 2.

 

***

Bir dərviş yol ilə gedirdi.

Payız idi. Çən ağaclardan hörümçək toru kimi sallanmışdı.

Ağacın başından bir yarpaq qopdu və üzü aşağı yelləndi.

- Yarpaq hansı ağacda və budaqda yaşadığını bəlkə indi anlayar, - dedi və dərviş yoluna davam etdi.

 

***

Bir dərviş yol ilə gedirdi.

Qarşısına yaşlı bir kişi çıxdı. Salam verdi, salam aldı.

Dərviş dedi:

- Ayaqqabılarında qəbiristanlığın tozu var.

Kişi bu sözdən karıxdı, bir ayaqqabısına baxdı, bir də dərvişə.

- Axı, evdən indi çıxdım, - dedi.

- Nə fərqi var, - dərviş gülümsədi və yoluna davam etdi.

 

***

Oğlu dərvişə dedi:

- Uşaq vaxtı evimizin arxasından təpə böyük görünürdü. İndi isə baxıram, sanki kiçilibdi.

Dərviş dedi:

- Əsas ruhun böyüməsidir, oğlum. Ruh böyüyəndə bütün hər şey səninlə bərabər böyüyür.

 

***

Bir dərviş yol ilə gedirdi.

Kimsə nəğmə oxuyurdu. Səs bağdan gəlirdi.

Dərviş ayaq saxlayıb, çəpərdən səs gələn tərəfə boylandı. Bir qoca kişi kötük üstdə oturub pəsdən oxuyurdu.

Kişi dərvişin baxışlarını hiss edən kimi oxumağını kəsdi.

Dərviş dedi:

- Sənin mahnı oxuyan vaxtın deyil. Dualar oxu, ey ixtiyar, - dedi və yoluna davam etdi.

 

***

Bir dərviş yol ilə gedirdi.

İki nəfərin çiçəkləmiş ağac altında səs-küyünü eşitdi. Ya mübahisə edirdilər, ya da dalaşırdılar.

- Çiçəkləmiş ağacın altında ucadan danışmazlar, oğlum, günahdır, - dedi və yoluna davam etdi.

 

***

Bir dərviş yol ilə gedirdi. Dərədə şər qarışırdı.

Qaranlıq öncə qayanın başındakı qartal yuvasına girdi, sonra dağ döşündəki moruq kollarının arasına doldu. Dərədəki çayın səsini dəyişdi.

Çoban köpəyi qaranlığı imsiləməyə başladı.

Gecələmək üçün çoban komasının qapısını döydü.

Mürşidinin sözlərini yadına saldı: "Hər şeyi getdiyin qapıya qədər xatırla. Elə ki, qapıdan girdin, unut".

 

***

Yol yorğunluğuna baxmayaraq, dərviş yuxudan tez oynadı.

- Bu dəfə də quşlar günəşi məndən qabaq salamlayır - Tanrının böyüklüyünə şükür, - dedi və yoluna davam etdi.

 

***

Bir dərviş yol ilə gedirdi.

Uzaqlara, üzü dağlara doğru gedirdi.

Başını qaldırıb bir kimsənin üzünə baxmırdı.

İnsanları da görmürdü.

Bağçalar alma çiçəyinin ağ işığına bələnmişdi.

Çöldə bahar mehinin sərxoş-meyxoş vaxtı idi. Nəfəsini dərmək üçün çiçəkləmiş iydə ağacının altında ayaq saxladı.

- Özümlə görüşə az qalıb, - pıçıldadı dərviş və yoluna davam etdi.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!