Qəhrəmanın ölümü - Hekayə. ADƏM

 

Müharibələr baş verir, qəzalar çoxalır, ölümlər, təqiblər, oğurluqlar sərhəd tanımır. Zorlamalar, işgəncələr, kiçik mübahisədən yaranan böyük davalar dövrün adisinə, sıradan bir xəbər başlığına çevrilir.

Səbəbini televiziyada, internetdə, xəbərlərdə, mətbuatda, sosial şəbəkələrdə axtarırlar. “Əvvəl Türkiyədə olurdu belə şeylər”, “elə bil Amerikadır”, “hamısı Qərbin zibilləridir”, “mentalitet yoxdur da...” və s. kimi cümlələri də çox oxumuşuq. Amma Tunar üçün səbəb yalnız birdir – kitabsızlıq. Oxunmayan əsərlər... Tunara görə, əvvəllər və indi arasında fərq yalnız budur – kitab oxumayan gənclik...

Tunarı tanıyan çoxdur. Şəhərdə tez-tez sadə insanların arasında görünür. Kitabdan, nəşriyyatdan danışır. Özü nəhəng nəşriyyatın direktorudur. Sarışın, saçı tökülmüş, bığlı, arıq, bir az balacaboy, bir az da cır səsli biridir. Bunlar kifayət edər yəqin, Tunarı xəyalınızda canlandırmaq üçün.

Tunarın nəşriyyatı böyük ənənələrə malikdir, ölkənin ən qabaqcıl 3 nəşriyyatından biridir. Əsasən bədii ədəbiyyat, bəzən də metodika ilə bağlı kitabların çapı ilə məşğuldur. Nəşriyyat müdiri olsa da, xüsusi qoruması var, maşınında arxada əyləşir, sürücü qapını gec açanda əsəbiləşir, çayı gec gətirən xadiməni təhqir edir, hər kəs də Tunardan qorxur.

Qəribədir ki, Tunarla ilk tanış olan adam ondan nəinki qorxmaz, hələ üstəlik, diqqətə belə almaz. Elə mən də onunla ilk görüşümdə eyni hissi yaşamışdım. Həyətdə məni Tunarla tanış etdiklərində gözümü telefondan ayırmadan istəksizcə görüşmüş, sonra da üzümü çevirib getmişdim.

Yarım saat sonra vacib iclasda idik, hamı danışır, ciddi müzakirə gedirdi. Bir də gördüm bu balacaboy girdi içəriyə, hər kəs ayağa qalxdı, “Tunar müəllim, buyurun”, “buyurun keçin”. “Keçin” deyə-deyə Tunar gəldi, oturdu ən başda. Sonda ciyiltili səsi ilə salamlama nitqi, “xoş gəlmisiniz” filan dedi. Baxdım ki, bu adam oturduğumuz məkanın da sahibi imiş.

***

- Ümidimi tam itirmişdim, elə bilirdim daha heç vaxt başa düşməyəcəksən məktublarımı.

- Axmaq başım, o qədər açıq-aydın idi ki, hər şey. Mən niyə başa düşməmişəm. Bir az aydın yazardın deyəcəm, amma yetəri qədər də aydın idi.

- Açıq-aşkar kömək də yaza bilməzdim axı, kimsə görsəydi, məni sağ buraxmazdılar.

- Nədir axı, bu qədər qorxduğun, bayaqdan heç nə danışmırsan, axırı mənə izah edəcəksən nə olduğunu?

- Hə, səbirli ol, danışacağam.

***

İclasın sonuna doğru Tunar yenidən söz aldı, hər kəsi həftəsonu yeni nəşr etdikləri kitabın təqdimat mərasiminə dəvət etdi və dedi ki, bu həftə Merlin Monronun “Mənim hekayəm” kitabının təqdimatı olacaq. İclasdan çıxanda həftəsonu olacaq təqdimat üçün qeydiyyata yaxınlaşdıq. İş yoldaşım və mən birlikdə resepşnda adımızı yazdırdıq. Qeydiyyata alan xanım dedi ki, təqdimat üçün xüsusi dress-kod olacaq, belə ki, 60-lar stilində geyinmək lazımdır. Üzüm güldü, çünki 7 il əvvəl nikah mərasimimdə də eyni stildə geyinmişdim, həyat yoldaşım – birdənəm 60-lar stilində gəlinlikdə idi, o dövrü xatırladan aksesuarlar taxmışdı, məni də eyni ab-havaya sala bilmişdi, qısacası, mən həftə sonu üçün rahat idim. Bu rahatlıq iş yoldaşımda yox imiş ki, təqdimatda onu görə bilmədim.

İlk dəfə qatıldığım bu təqdimat ayaqüstə keçirilirdi. İlk sözü Tunar söylədi, gələnləri salamladı, heyrətlənməyə hazır olub-olmadıqlarını soruşdu. Daha sonra kitabın tərcüməçisi qısa çıxış etdi, sonra nəşriyyatın redaktoru da kitabı nə üçün çap etdiklərindən, kimə xitab etdiyindən danışdı. Sonra yenə Tunar mikrofona yaxınlaşdı, zaldakılardan “hazırsınızmı?” soruşdu və.... Pərdə açıldı...

10 xanım, daha doğrusu, 10 Merlin Monro, ən doğrusu isə 10 Merlin Monro qrimli xanım səhnəyə gəldi. 10-u da bir-birinin eynisi, eyni saç düzümü, eyni geyim, hətta tərəziyə qoysan, eyni çəki belə gələrdi. Bu on xanım səhnədən zala, iştirakçıların arasına düşdü, ingiliscə, amma fərqli ləhcə ilə (yəqin ki, 60-ların amerikan ingiliscəsi) ilə danışa-danışa dolaşdılar. Sonra yenidən səhnəyə qalxan qızlar, bir neçə dəqiqə ətəklərini yellədib pərdənin arxasına keçdilər. Əksəriyyəti kişilərdən ibarət olan auditoriyada əhval da qızların gəlişi ilə dəyişdi. Gözlər parladı, üzlər güldü – şəhvət hissi idi onları güldürən.

***

- Mən bura gələndə binanın girişində kameralar var idi, bir problem olmaz ki?

- Yox, narahat olma, hər gün o qədər adam girib-çıxır binaya, həm sən niyə qorxursan ki?

- Mən özümə görə yox, sənə görə narahatam, əlavə problem yaranmasın.

- Qorxma, səni bura kimi gətirə bilmişəmsə, mənim problemlərim də həll olunur deməkdir.

- Haradan başlayaq? Mən artıq bilirəm ki, sənə kömək lazımdır, amma nə olub, onu danışasan gərək.

- Heç bilmirəm haradan başlayım.

- Məncə, ən əvvəldən başla, üzündəki göylərdən, ayağının axsamasından...

- Ən əvvəl və ayağımın axsaması...  Sən ciddisən? Bunlar əvvəl deyil, sondur, son...

- Bəs əvvəli nədir?

- Baxır, sənə nə qədər əvvəli maraqlıdır...

- Ən əvvəli desəm, yəqin ki, Monronun təqdimatından başlayacaqsan.

- Monro... “Mənim hekayəm”... Axırdan, bir an əvvəl...

- Yaxşı da, bu serial qəhrəmanı tipində danışmağı qoyasan, bəlkə, kənara. Nədirsə əvvəli, oradan başla.

 

***

Bu qəribə təqdimatdan sonra evə qayıtdım. Düzü, heç bəyənmədim. Kitab təqdimatı üçün, ədəbi müzakirələr üçün getdiyim təqdimatdan çıxanda əhvalım pozulmuşdu. Kefimin belə olmasına əsas səbəb heç şübhəsiz ki, içəridəki şəhvət iniltilərini eşitməyim idi. Burada şəxsi seçim, hər kəs Merlin Monro kimi birini xoşlayar və s. deyə bilərik, amma bu qədər bariz bir şəkildə, bu qədər aşkarca öküzə çevrilmək iyrəndirirdi.

Beləcə, təqdimatdan çıxıb evə getmək üçün yola düzəldim, bir az sonra fikrimi dəyişib işə getmək qərarına gəldim. Metroya düşərkən kart üçün əlimi cibimə salanda həmişə bir kart qoyduğum şalvarımın arxa cibində iki kart olduğunun fərqinə vardım. İkisini də çıxardım, metro turniketindən keçib ikinci karta baxmağa başladım. Kartın üstündə cəmi bir işarə var idi. 8 yazılmışdı. Elektron saatlardakı kimi yazılan bu 8-in bəzi xətlərinin üstündən 2-3 dəfə gedilmişdi, bəzi xətlər isə sadəcə bir cızıqlı idi. Baxdım, baxdım, heç nə başa düşmədim. Kartın cibimə necə düşdüyü barədə isə elə də şübhəm yox idi. Böyük ehtimalla zala enən Monrolardan biri kartı cibimə qoymuşdu. Öz aləmlərində gizəm, sirr, mistika yaradırlar. Bu mənasız şou bir az da nifrətimə səbəb oldu, elə Tunar başda olmaqla komandasının necə məzmunsuz iş gördüyünü düşünüb qatara keçdim. Yaxında zibilqabı olmadığı üçün kartı da yenidən cibimə qoydum.

Bu hadisədən 3 ay keçdi, yadıma salmaq belə istəmədiyim o günləri iş yoldaşım xatırlatmağa başladı:

- Sən getdin axı təqdimata. Deyirlər, dəhşət bir şey olub. Hər kəsin ağzında bir söz var o gündən: “Tunar bu işi bacarır da” deyir hamı.

- Yox əşşi, nəyi dəhşət idi, çox mənasız iş görüblər.

- Məncə, haqsızlıq edirsən. O işi belə kiçiltmək olmaz.

- Tamame, qrimlər olunub, paltarlar tikilib, o boyda yer danışılıb, adamlar əziyyət çəkiblər, amma bunun kitaba nə dəxli. Bu elə adi şoudur da.

- Şoudur, olsun şou. Belə də ki, kitaba maraq yaradır, oxuda bilir.

- Vallah, o təqdimat kitaba həvəs oyatmaz, adamı kitabdan iyrəndirər. Oyatsa da, başqa şeyi oyadar ki, bu da kitaba həvəs deyil.

- Yaxşı da, onu-bunu burax. Gəl bu həftə gedək, yeni təqdimat var.

- Yoooooox. Qətiyyən.

- Sən canın, bax mənim xətrimə gəl, tək qoyma da, keçən dəfə sən getmisən, vərdişsən, gəl bir yerdə gedək.

- Yox da, işim var.

- Əşşi, nə işim vare, o gün demirdin, həftəsonu tək qalacaqsan, nə edəcəyini bilmirsən. Bekarsan da həftəsonu.

İş yoldaşım xatırlatdıqca yadıma düşdü ki, bu həftəsonu evdə heç kim olmayacaq, mən də təkəm. Eh, bəlkə elə gedib başımı qatım bir az.

- Yaxşı, zəng elə qeydiyyatdan keç, konsepti də öyrən, gör yenə dress-kod var?

- Buyur, - deyib iki bilet uzatdı, - həll etmişəm, bu sənin, bu da mənim biletlərimiz. Konsept də var, keçən dəfə nə idi? 60-lar? Bu dəfə Tolstoy havası var. Anna Karenina üçün gedək, - dedi və şit-şit gülərək otaqdan çıxdı.

Görəsən, yenə nə “şou” göstərəcəklər, - deyə düşündüm. Həmin həftənin şənbəsi dostumun zəngi ilə bir daha xatırladım ki, bizi möhtəşəm şou gözləyir.

Bənzər təqdimat, qısa çıxışlar və ardınca səhnədə Anna Kareninalar. Köhnə ruscaları ilə danışdılar, zaldakıların başına fırlandılar, gülüşdülər, üzüldülər, sonra da çəkilib getdilər.

Mənimçün hələ də qaranlıq qalan o idi ki, zala gələnlərin əksəriyyəti alqışlayır, gözlərindəki, üzlərindəki ifadə ilə hər şeydən razı qaldıqlarını göstərirdilər.

Bu təqdimat da öz xatirəsini mənimçün hazır etmişdi, cibimdə yeni bir kart, üstündə iki yanaşı düzbucaqlı, yenə də bəzi xətlər tək, bəzi xətlər cüt.

 

***

- Mən Gürcüstanda doğulmuşam.

- O qədər keçmişdən başladın?

- Mən Gürcüstanda doğulmuşam. 10 yaşıma qədər də Tiflisdə yaşamışam. Ata tərəfim azərbaycanlı olduğundan, Gürcüstanda ara qarışan vaxt ailəvi köçmüşük Bakıya.

- Əminsən ki, danışdıqların sənə kömək etmək üçün yararlı olacaq?

- Ailəvi köçmüşük Bakıya. Mən Bakıda musiqi məktəbinə qəbul olmuşam, eyni zamanda orta məktəbə də getmişəm. 13-14 yaşlarımda bir kitab yazmaq qərarına gəldim, öz taleyim, Tiflisdə və Bakıda yaşadıqlarım, gürcü və Azərbaycan uşaqlarının həyatı arasındakı fərqlər və s. barədə. Kitabı bitirəndə onu nəşr etmək üçün yer axtardıq. Atam o vaxt elə də məşhur olmayan bir nəşriyyat tapdı. Təxmin edə bilərsən?

- Yəqin ki, Tunara vermisiz.

- Tunarın da işlədiyi bu nəşriyyata, bəli. O vaxt Tunar hələ müdir deyildi, Tunardan əvvəl onun əmisi bu nəşriyyatı işlədirdi. Əmisi Tunara mühasibatlığı tapşırmışdı. Elə o vaxtdan hər kəs bilirmiş ki, əmisinə nəsə olsa, onun yerinə Tunar keçəcək...

- Bəs sən bunları haradan öyrənmişdin?

- Əmisinə nəsə olsa dediyim qısa müddət sonra olmuşdu. Öz maşınında qəfil boğulma, ürəktutması ilə vəfat etmişdi.

- Deyirsən ki, məni adam yerinə qoymayacaqsan da hə?

- Əmisinin vəfatından sonra Tunar direktor olmuşdu. Amma axı məsələmiz bu deyil, niyə imkan vermirsən ki, sözümü danışım... Hə, kitabımı nəşriyyata gətirəndə də ilk dəfə Tunarı görmüşdüm, onda hələ uşaq idim, onun baxışlarındakı mənanı duya bilmirdim. Kitabımı da ilk olaraq Tunar vərəqləmişdi, printerdə çap etdirdiyim kağızlara baxıb, “buna görə müəllimi narahat etməyə dəyməz” demişdi. Amma əmisi bizi çox xoş qarşıladı, kitabımı da bəyəndi, qısa müddətdə çap edəcəyini, üç min manat da qonorar verə biləcəyini dedi. Qonorar  bizim üçün şok olmuşdu, çünki inanmırdıq, gözləmirdik ki, kimsə 13 yaşlı qızın yazısını pulla ala.

- Kitabın adı nə idi? Heç qarşıma çıxmayıb belə kitab.

- 13 yaşlı qızın kitabını ilkin 5000 tirajla çap edəcəkdilər. Nə oldusa, elə bu xəbərlərdən sonra oldu, indi danışdıqca heç nə olmamış kimi görünür, amma illər uzunu ağlayıb göz yaşı tökmüşəm, anam, o gözəl anam, o enlikürək atam, dağ boyda atam...

- Niyə bu qədər rabitəsiz danışırsan? Ağlama da, yaxşı, ağlama. Su gətirim sənə?

 

***

Yazıya başlayarkən bu hadisəni hekayə formasına salacağımı düşünmüşdüm, amma bir təqdimatdan digərinə o qədər hadisə baş verirdi ki, indi onları yazmamaq üçün sol əlimlə sağ əlimi tuturam. Ona görə də ara günləri sizə danışmayacağam. Onu deyim ki, bəzən təsadüf, bəzən maraq elə gətirdi ki, mən bir il ərzində beş dəfə təqdimata getdim. 3-cü gedişimin xüsusi səbəbi var idi, Hüqonun “Səfillər”inin, daha doğrusu, “Səfillər”dən bir parçanın təqdimatı idi. Səhnədə isə kim olsa yaxşıdır? Jan Valjan, ya Javer? Xeyr, Fantina. Bəli, bəli, məhz Fantinalar səhnədə idilər. Gözlədiyimin əksi olsa da, ab-havanı bəyənmişdim.

4-cü gedişim üçün səbəb “Təhminə” idi. İlk dəfə yerli ədəbiyyatdan birinin belə təqdimatı olacağı üçün bu gedişimə də bəhanə tapıldı. Səhnədə Təhminələr var idi, bunlar Meral Konratdan daha gözəl, daha incə, daha cazibədar idilər. Yəqin ki, elə Anarın yazdığı kimi.

Şübhəsiz ki, mən təqdimatlara getdikcə kartlar da artır, düzbucaqlılar içində xətlərin sayı, işarələnmə yeri dəyişirdi. “Səfillər”dən qalan kartda işarənin üstündə bir nöqtə, Təhminənin verdiyi kartda isə iki nöqtə var idi.

5-ci gedişim “Rəqs edən casus” kitabının təqdimatı üçün idi. Rəqs edən casusu tanıyarsız yəqin, Mata Hari. Dünya müharibəsi illərində bu hindistanlı qızın fərqli ölkələr üçün casusluq etdiyi, eyni zamanda çox gözəl rəqs etdiyi, rəqsi kimi özünün də gözəl olduğu haqqında danışılır. Bu dəfə Mata Harilər üçün təqdimata yığışdıq. Mata Harilər hurilər kimi ortalıqda süzdü, qılmanların ağlını başından alıb getdilər. Mata Hari kimi gələn qızlardan birinin digərlərinə nisbətən zəif hərəkət etdiyi, ayağını yerə basa bilmədiyi diqqətimi çəkdi. Bir az da diqqətlə baxdığımda həmin qızın üzündə də ləkə gördüm. Bu göyümtül ləkə makiyajla basdırılmağa çalışılsa da, özünü göstərirdi, şiddətin qurbanı olduğunu, köməyə ehtiyacı olduğunu da gözlərindən oxumaq mümkün idi.

Bir anlıq kulisə getmək, həmin qızla söhbət etmək istəyim baş qaldırdı, lakin mühafizəçilər nəinki kulisə yaxınlaşmağa icazə vermədilər, üstəlik, itələyib zaldan da çıxardılar.

 

***

- Yaxşı da, özünü ələ al. Bir az aydın danışa bilərsən nə baş verdiyini?

- Həmin günlərdə atam-anam taksidə gedərkən qaz sızması baş verib, gah dedilər ki, maşın qazla işləyən maşındır, texniki nasazlıq olub, gah dedilər ki, taksidə balonda kimyəvi təcrübə üçün sifariş verilən qaz olub, onu çatdıracaqmış, həmin qaz sızıb...

- Çox üzüldüm, Allah rəhmət eləsin.

- Bütün ölənlərə.

- Eynilə Tunarın əmisi kimi... Heç vaxt etiraf etməyib, amma dəqiq bilirəm ki, bu iki hadisədə Tunarın əli var.

- Yəni Tunar həm də qatildir?

- Hər kəs məni tək qoyub getdi.

- Bəs sən necə oldun? Kitabın necə oldu?

- Sən, doğrudan da, 13 yaşlı ata-anası ölmüş, kimi-kimsəsi olmayan tək qızın taleyi qala-qala kitabı soruşursan?

- Yaxşıdır, əsas odur ki, söhbəti mənimlə elədiyinin fərqindəsən, bayaqdan nə danışdığını, kimə danışdığını tam anlaya bilmirəm.

- Bağışla, o qədər çətindir ki, hisslərimi necə ifadə edəcəyimi belə bilmirəm. Ata-anamın vəfatından bir neçə gün sonra Tunar gəldi, mənə kömək etmək istədiyini, bu məsələnin onun üçün insanlıq borcu olduğunu dedi. Onsuz da nə qərar verəcəyimi bilmirdim, razılaşdım. Əvvəl məni yeməyə apardı, sonra bir yerdə şəhərdə gəzdik, axşama doğru məni evə aparmasını xahiş etdim. “Baş üstə” deyib maşına oturdu, yola çıxdıq, amma gəldiyimiz yol deyildi. Hara getdiyimizi soruşdum, yanacaq azaldığını, evdən benzin üçün pul götürməli olduğunu dedi. Evə yaxınlaşanda məndən arxada oturmağımı xahiş etdi, həm özünü, həm də məni düşündüyünü, məhəllədə belə görünməyimizin yaxşı başa düşülməyəcəyini dedi. Mən də arxaya keçdim. Evə girdi, 5 dəqiqə sonra qayıtdı, maşını yenidən işə saldı.

- Yəqin ki, evə gətirmədi səni.

- Hə, düz təxmin edirsən, Tunar maşına oturduqdan bir neçə dəqiqə sonra məni yuxu tutdu. Oyananda özümü bu bataqlıqda tapdım.

- Nə etdi Tunar sənə?

- Həmin gün heç nə, məni bir otağa salmışdı, qapısı çöldən açılırdı, günlərlə məni o otaqda saxladı, yalvardım, ağladım, qışqırdım, amma buraxmadı, mənə heç nə etməyəcəyini, amma həm də buraxmayacağını dedi.

- Heç nə etmədi, yəni?

- Bir ildən çox orada qaldım, sonra... Sonra məni zorladı. Dəfələrlə, dəfələrlə, dəfələrlə... Bir gün özümdə dəyişiklik hiss etdim, əsasən fiziki. Bir müddət sonra da hamilə qaldığımı öyrəndim. Doğuma az qalmış mənə iynə vurdu, nə həkimə getdikdə, nə doğuş zamanı danışa bildim, lal olmuşdum sanki, dərdimi heç kimə deyə bilmədim. Günlər sonra yenidən həmin otağa qayıtdım.  Yeməyim, içməyim bol idi, uşaq üçün də, mənim üçün də gərəkli olan hər şey var idi. Oğlumu hər gün təmiz havada gəzdirdiyini deyirdi, uşaq ata sevgisini də, ana sevgisini də alırdı. Bir gün mənimlə söhbət etməyə başladı. Səhv yolda olduğunu, mənə etdiklərinə görə peşman olduğunu, kömək etmək istədiyini dedi, bir iş təklifi edəcəyini bildirdi.

- Çox qəribədir, sənə nə qədər əzab verib ki, belə möhkəmləşmisən, bu cür hekayəni belə danışa bilməyin də alqışlanmalıdır.

***

Axşam evə gəldiyimdə hələ də ağlımda axsayan Mata Hari var idi, nəsə demək istədiyini, üzümə diqqətlə baxarkən gözündəki yaş damlasını, gözünün altındakı göyü unuda bilmirdim. Bu düşüncələrlə cibimə qoyulacaq kartı axtardım, şalvarımın cibində heç nə yox idi, zala girərkən qarderoba verdiyim paltonun cibindən axtardığım çıxdı. Kartları yan-yana düzdüm, bənzər kartlarda nəsə işarə - mesaj olduğunu indi fikirləşməyə başlamışdım. Sanki qızın gözlərində uçuşan sözlər məni hərəkətə gətirmişdi. Beş kartı yan-yana düzüb bu kodu çöözməyə başladım.

Kartlar belə görünürdü.

Cəmi bir dəqiqə sonra bütün kodları oxumuşdum, hamısı da eyni mənada idi.

 

Bəli, bu qədər sadə. Hər bir obraz öz dilində kömək istəmişdi. Help, Aider, Pomoş, Kömək, Madad. Kodları oxuduğum anda bütün əhvalatı yenidən gözümün önündən keçirməyə başladım. Mənə hər dəfə yaxınlaşan qızın əslində eynisi olduğunu, hər dəfə başıma dönərkən qoxusunun belə dəyişmədiyini indi xatırladım. Niyə bu vaxta qədər olanlara belə diqqətsiz olduğumu, o qıza kömək lazım olduğunu, mənim ona yetişməyim gərəkdiyini düşündüm.

Peşman olmuşdum, kodu oxumaq elə də qəliz deyildi axı, “Help”də görməyə bilərdim, amma Anna Kareninanın “Ş”-ın quyruğunu necə görməmək olardı, niyə bu qədər diqqətsiz idim axı? Nəysə, hər şeyi boş verib işə başlamaq, qızın dərdini öyrənmək, lazım gələrsə, ona kömək etmək lazım idi.

 

***

- Tunar əvvəlcə məni bir neçə qadınla tanış etməli olduğunu bildirdi və görüş də həmin günün axşamı baş tutdu. Eyni taleyi yaşayan, fərqli başlanğıcları, eyni sonu olan 10 qadın, 10 ana. Hamımız eyni işi görməli idik, buna qədər olanları unutmalı, bir il ərzində 2-3 aydan bir müxtəlif formada qrimlənməli, bir ildən sonra da azad olub, övladımızı da götürüb çıxıb getməli idik.

- Sadəcə qrimlənməli olsanız, bu bayaqdan haqqında danışdığın Tunara yaraşmaz.

- Hə.. Əsas da elə budur. Sənin kimi təxmin etmə bacarığı olmayan, ümumiyyətlə, dar düşüncəli biri qabağıma çıxdığına görə peşman da oluram, bilirsən?

- Hmmm, mən, mmm, necə?

- Öf, nəysə, mənə kömək etməlisən, ona görə hər şeyi sənə danışmalıyam, əsas məsələyə keçməzdən öncə səndən bir xahişim var.

- Buyur, məhz ona görə burdayam.

- Çox sağol, amma söz ver ki, edəcəksən.

- Nə olduğunu bilmirəm, amma söz verirəm.

- Mən istəyirəm ki, bu danışdıqlarımı yazasan, hekayə kimi yaz və bütün saytlara ver.

- Yazaram, amma sən əvvəlcə danış görüm, nəyə lazımdır bu qrimlənmələr?

***

İşə başlamaq lazımdır desəm də, haradan başlamalı olduğumu, nə edəcəyimi hələ bilmirdim. Bəlkə Tunarla danışmalı idim? Təqdimatında bir qızın – Tunarın işçisinin çətinliyi olması haqqında söhbət etməli idim? Amma yox, bunu edə bilməzdim, hər halda Tunarın hər şeydən xəbəri var idi. Növbəti təqdimata kimi gözləmək necə? Bu qədər vaxt ərzində işgəncə davam edə bilərdi. Bəlkə iş yoldaşımdan, dostumdan məsləhət alım? Bəlkə durum təqdimat keçirilən yerə gedim? Bunun nə faydası olacaqdı ki? Heç cür qərar verə bilmirdim, axırda otaqdan çıxdım, həyətə düşdüm, bir az açıq havada gəzib fikrimi toplamağa çalışdım. Gecə yarısına qədər gəzdim, dolaşdım, heç bir şey tapmayıb evə qayıtdım. Səhər ilk işin növbəti təqdimatın vaxtını öyrənmək olduğunu qərarlaşdırıb yatdım.

Ertəsi gün iş saatı başlayan kimi zəng etdim, gələn təqdimatın iki həftə sonra eyni məkanda olacağını öyrəndim. Əvvəlki təqdimatları unutmalı olduğumuzu, qeyri-adinin qeyri-adisi olacağını dedilər. Amma hansı əsərin təqdimatı olacağını demədilər.

Bir dəqiqə... Yenə eyni ab-hava olacaq. Kimlər olmuşdu bu vaxta kimi? Merlin Monro, Mata Hari, Fantina, Təhminə, Anna... İndi kim olacaq bəs?  Bu günə qədər olanların hamısı ikonadır, gözəlliyin, çılğınlığın, eşqin, həm də əxlaq və əxlaqsızlıq arasındakı sərhədin ikonası. Bu günə qədər gördüyüm qadınlar niyə bu qədər özəl hazırlaşırdılar? Nəsə var, nəsə olmalıdır, ilk təqdimatdan bəri məni iyrəndirən səbəblər var, bilmirəm, şüuraltı, yoxsa elə şüurüstü? ... Tunar, sən nə edirsən? Bu qızlara nə edirsən?

Ertəsi gün işə getmədim. Bir neçə saat Tunarın nəşriyyatının yanında gözlədim, əvvəl Tunar işə gəldi, əvvəlki əsəbi, gərginliyi üstündə idi. 3 saatdan sonra çıxdı, yenidən qayıtdı. İkiyə qalmış yenidən çıxdı, maşına yaxınlaşdı. Sürücünü düşürüb özü əyləşdi, təqib etmək qərarına gəldim. Taksi çağırıb arxasınca sürdürdüm, heç iki küçə getməmiş maşını saxladı, maşının yük yerindən ərzaqları, uşaq bezləri, bir dənə də oyuncaq çıxardı. Əlindəkilərlə birlikdə binaya daxil oldu, qapı o qədər yavaş bağlanırdı ki, özümü bloka sala bildim, Tunarın piyada qalxdığını, liftdən istifadə etmədiyini gördüm, qorxsam da, arxasınca qalxdım. 4-cü mərtəbədə dayandı, qapını açarla açıb içəri keçdi, Tunar içəri girən kimi söyüş, qışqırıq səsi gəldi. Sonra sakitləşdilər. Beş dəqiqə keçməmiş Tunar çıxdı, pilləkənləri düşərkən məni gördü, özümü tanımazlığa qoydum, hətta guya işim varmış kimi, sürətlə pilləkənləri qalxdım, həyəcanımdan səkkizinci mərtəbəyə kimi dayanmadım. Tunarın çıxdığına əmin olduqdan sonra geri gəldim. Dördüncü mərtəbəyə - həmin qapıya yaxınlaşdım, içəridən nəsə bir səs, bir söz eşitmək istəyirdim, amma olmadı. Qapını döydüm, iki dəqiqə də gözlədim, cavab verən olmadı, gözləməyin mənası yox idi. Blokdan çıxdım.

Həyətə çıxdıqda narın yağış yağmağa başlamışdı. Yolda, bayaq Tunarın maşının dayandığı yerdə bir topa açar olduğunu gördüm və əmin oldum ki, bu bir işarədir. Mən missiyamı tamamlamalıyam. Bu qədər təsadüf varsa, deməli, mən yoluma davam etməliyəm. Açarları götürdüm, birbaşa binaya qayıtdım. Maqnit açarla bloka daxil oldum, dördüncü mərtəbəyə qalxdım, açarları yoxladım, ikincisi qapını açdı, həyəcan, qorxu, hər şey üst-üstə və mən içəri girdim. Tam səssizlik idi. Otağa keçdim, mətbəx də boş idi. Sonra yataq otağından inləmə səsini eşitdim. Qapını açdım ki...

İçəridə ağzı lentlə yapışdırılmış, əl-ayağı da taxtın ayağına bağlanmış qız. Artıq düşünməyə ehtiyac yox idi, cəld əl-qolunu, ağzını açdım. İkimiz də bir-birimizi tanımışdıq.

- Axır ki, axır ki, gəlib çıxdın. Axır ki, - deyib ağlamağa başladı. Boynumu qucaqladı, özünə gəldikdən sonra yan tərəfdəki divanda oturmasına kömək etdim.

- Qorxma, sakit ol, özünü topla, çıxaq, sonra danışarıq, - dedim.

- Yox, narahat olma, indi ən azı 8 saat təhlükəsizik. Gecə 11-dən sonra əl-qolumu açmağa gələcək.

- Sən həmişə belə qalırsan?

- Yox, bayaq söydüm, qışqırdım. Həmişə qışqıranda məni belə cəzalandırır.

Özümü bir anda qorxulu, dəhşətli hadisələrin ortasına atmışdım. Aylardır davam edən müəmmanın səbəbini öyrənmək üçün indi imkan yaranmışdı.

 

***

- Tunar bilirdi. Bilirdi ki, bir çox oxucu romanda oxuduğu qadınla yatmaq istəyir, hər şeyindən, var-dövlətindən, pulundan keçib Təhminə ilə yatmaq istəyən nə qədər oxucu var, yaxud Mata Hari ilə, bəlkə, elə Mopassanın Gombulu ilə?

- Dayan, dayan, yəni siz sadəcə rəqs edib getmirdiniz?

- Əlbəttə ki yox, Merlin Monro sağ olsaydı bu işi neçəyə görərdi? Bax, həmin qiymətlərə biz onlara satılırdıq. Bir gecə üçün 500 min, bir milyon... Ağlasığmazdır hə? Anna Karenina üçün qiymət bir milyon manat idi. Bir milyon manat. Təhminə üçün 4 milyon.

- Mən inanmıram, ya inanmaq istəmirəm, dəqiq bilmirəm. Yəni Azərbaycanda bir gecə üçün dörd milyon manat verə biləcək adam var ki, həm də həmin adam ədəbiyyat oxuyur?

- Adam yox, adamlar... Hə bizdən istədikləri bu idi, gecə boyu müştərini məmnun etmək və bitdi. 2-3 ay sərbəstlik.

- Bəs niyə qaçmırdınız?

- Səncə?

- Uşaq?

- Aha. Uşaq. Hamımız üçün səbəb eyni idi, bir ildən tez qaçsaq, uşaqlar öldürüləcəkdi, elə-belə yox ha, Nəsimi kimi...

- Yox da...

- Çox qəribə reaksiyaların var, yox da nədir, yox da... Bir ili belə başa vurmalı olduq. Sonuncu təqdimat Mata Hari idi. İşimizi bitirmişik. Hamımız üçün biletlər, yeni pasportlar hazırlanıb, hərəyə 200 min dollar pul köçürülmüş kart verilib, sadəcə ölkədən çıxıb getməyimiz qalıb.

- Razılaşmısınız?

- Bəli, hər kəs razıdır.

- Bəs sən? Gedirsənsə, kömək niyə istəyirsən? Niyə bütün bunları yazmağımı istəyirsən?

- Çünki pis günlər bitib, indi daha pis günlər başlayır.

- Bundan daha pisi nə ola bilər ki?

- Növbəti təqdimat.

- Bəs dedin bitdi axı.

- Bəli, bizimlə bitdi, amma yeni gələnlər var.

- Yeni gələnlər? Yəni hər şey yenidən başlayır?

- Bəli, yenidən və bu gələnlər bir dəfə xidmət göstərəcəklər, ikincisi olmayacaq.

- Bir az aydın danışa bilərsən?

- İstəyirsən, gələn dəfə təqdimatı olacaq kitabın müəllifini deyim?

- De.

- Nabokov. Vladimir Nabokov.

- Yox da.

- Yenə yox da, ola bilməz deyirsən, yəqin.

- Lolita olacaq deyirsən yəni? 12 yaşlı qız?

- 12 yaşlı qızlar. Hər biri üçün 5 milyon manat. 50 qız.

- Haradan tapıb axı bu qızları?

- Bax əsas məsələ bu deyil. Haradan və necə tapmasının önəmi yoxdur. Əsas odur ki, qızlar Tunarın əlindədir. Cəmi 2 həftə vaxtımız var. Biz bacarmadıq, bizdən keçdi, amma bu qızları xilas etməliyik.

- Bir dəqiqə, sən bayaqdan bəri danışırsan, azı bir saatdır ki, buradayam, niyə bu qədər uzatdığını da başa düşmürəm, təcili polisə zəng vurmaq lazımdır.

- Sənin parabeyin olduğunu deməyiblər? Necə yəni polisə zəng vurmaq? Polis gəlsə, Tunar onsuz da məsələni həll edə biləcək. Bunu ictimai qınağa çevirmək lazımdır, hər kəs, bütün ölkə, bütün dünya bu işdən xəbər tutmalıdır. Polisin də əli-qolu bağlanmalı, mütləq şəkildə işin üstü açılmalıdır.

- İndi nə edirik?

- İndi sən gedirsən evinə, bütün olanları, yaşadıqlarını və danışdıqlarımı yazırsan, hekayəni hazır edib bütün saytlara, jurnallara göndərirsən, başqa ölkələrə çıxışın varsa, hamısına, kimə göndərə bilsən, göndər.

- Yaxşı, yaxşı, bu gün, elə bu gün yazıb bitirəcəyəm.

 

***

İki gün sonra artıq bütün ədəbi portallarda mənim hekayəm var idi. Qəzetlər yazır, tv-lər qonaq çağırırdı. Bu günlər ərzində Tunar ortalıqdan itmişdi. Bir neçə dəfə məni efirə çağıranlara əslində məni yox, Tunarı çağırmalı olduqlarını dedim. Ciddiyə alan olmadı, bu hekayənin əslində real həyat olduğunu, Tunarın necə amansız olduğunu danışdım, bütün müsahibələrdə sözümün əvvəli də, sonu da Tunar oldu. Mən efirlərə çıxdıqca Tunarın nəşriyyatı daha da məşhurlaşdı. Gözlədiyim nəticə yox idi, ən əsası, mən söz vermişdim. Tunarın əsir saxladığı o qıza da söz vermişdim ki, hər şeyi yoluna qoyacağam. Amma heç nə düzəlmir, hekayəm Tunarın şöhrətinə şöhrət qatırdı. Bir müddətdən sonra hekayəm Türkiyədə, sonra Rusiyada, sonra Avropada yayımlandı. Bütün dünya danışmağa başladı, hekayənin müəllifi kimi mükafat vermək istədiklərini, müsabiqə şərtlərinə uyğunlaşdırıb göndərməli olduğumu dedilər. Lakin bunların heç biri mənə lazım deyildi. Lazım olan yalnız bir şey var idi, o da Tunarın həbs olunması. Qızların xilas edilməsi.

Artıq dəliyə dönmək üzrə idim. Mən aqressivləşdikcə müsahibələr azalmağa başladı, diqqətləri mənim üzərimdən Tunara çəkməyə başladılar.

Əlim-qolum bağlanmışdı, ən pisi də o idi ki, işimdən də çıxarmışdılar. Bircə ayın içində özümü necə zibilə salmışdımsa, hər şeyimi itirmişdim. Avara-avara gəzməkdən başqa heç bir çarəm də qalmamışdı.

İki həftənin tamamında posterləri gördüm. Nabokovun “Lolita”sı təqdim ediləcək. Əlbəttə, bu dəfə məni heç kim içəriyə buraxmazdı.

Axşam onlayn yayım verdilər. Tunar yenə çıxış edirdi. İQ testi neqativ çıxacaq redaktoru da nəsə mızıldanırdı, ardınca qızlar səhnəyə gəldi. 50 nəfər Lolita. Mini ətəkdə, saqqız çeynəyə-çeynəyə 50 qız səhnəni dolaşıb, yenidən qayıtdılar. Adətən bu hissədə təqdimat bitirdi. Amma Tunar yenidən mikrofona yaxınlaşdı.

- Bu gün mən bir neçə təşəkkür etmək, bir neçə şad xəbəri sizinlə böıüşmək istəyirəm. İlk təşəkkürümü ölkəmizin mətin, qürurlu, haqqın tərəfində olan hüquq-mühafizə işçilərinə, polislərə bildirirəm. Bildiyiniz kimi, son günlər bəzi xəbərlər dolaşdı, məni və işimizi gözdən salmaq istədilər, amma heç şübhəsiz, haqq olan qalib gəlir. Nə qədər qəribə səslənsə də, ikinci təşəkkürümü bizim sevimli yazarımıza bildirirəm. Evimə gizli girməyə çalışan, hər cür axmaq hərəkəti özünə rəva bilən adam. Adını çəkməyə dilim gəlmir, amma o da əziyyət çəkir, 5 manat üçün ona-buna şər atır, öz aləmində hekayə yazır. Dostum, hekayəni çap edəcəyəm və nəşriyyatım sənə bu hekayə üçün 25 min manat qonorar ödəyəcək. Bu pulu sənə bir daha belə şərəfsizlik etməməyin üçün verirəm. Üçüncü təşəkkürüm isə bu günlər ərzində yanımda olan, məni tək qoymayan sevimli həyat yoldaşıma, mənim üçün bütün qəhrəmanlardan gözəl, bütün hisslərdən ülvi olan Tamarayadır. Əzizim Tamara, zəhmət olmasa, qalx, nə yaxşı ki, səni tanımışam, nə yaxşı səninlə evlənmişəm. Nə yaxşı ki, gözəl oğlumun anasısan.

Tunar danışdıqca Tamara – yataq otağında əli-qolu bağlı tapdığım qız ayağa qalxdı, gülümsədi, Tunara öpüş göndərdi.

Yanıldığımı dəqiq bilirdim, mən Tamaranın dediyi kimi parabeyin qəhrəman idim. Ən əsası isə nəyin həqiqət olduğunu bilmirdim. Düzü, Tamaranın gülüşlərinin süni olduğuna, onun necə böyük kədər daşıdığına, məcbur edilərək təqdimata gətirildiyinə özümü inandırmışdım. Bəlkə də, yanılmışdım, axı mən Tunarı təqib etdiyim gün o da məni görmüşdü. Təsadüflər: blokun qapısının o qədər gec bağlanması, Tunarın açarları düşürməsi, əvvəldən mənə gələn çağırışlar, xilas kodları - bəlkə, hamısı Tunarın planının bir parçası idi? Sadəcə məni qəhrəman olduğuma inandırmaq istəmişdilər?

Bəs Tamaranın danışdıqları? Başına gələnlər, uşaqlıqdan çəkdiyi əziyyətlər, ata-anasının ölməsi, yaxud öldürülməsi, bənzər cinayətlər, maşına qaz sızdırılaraq boğulma, bəlkə, eyni üsulla, Tamaranın özünün də yuxuya verilib bataqlıq dediyi otağa gətirilməsi... 10 qadın... Həqiqətənmi, bu qadınlar təqdimatdan sonra pulla satılırdı? Yoxsa hekayənin təsir gücünü artırmaq, məni daha çox cəlb etmək üçün uydurulmuşdu?

Tamaranın oyunun bir parçası olub-olmadığı mənim üçün sirr olaraq qaldı. Dəqiq olan isə bu idi ki, mən qəhrəman olduğuma inandığım gün bir heçə çevrildim. Tunarın şöhrətinə şöhrət qatdım, ona elə bir məşhurluq gətirdim ki, bundan sonra hər yerdə onun adı çəkiləcək, məhsulları alınacaq, mənasız təqdimatları başqa ölkələrdə də keçiriləcək. Qısası, bu mübarizədə Tunar qalib gəldi.

Hər şey bitdi. Təqdimat da bitdi, mən də bitdim. Sanki ağır bir savaşdan çıxmış kimi yorulmuşdum. Elə bil qollarımı kəsmişdilər, güllələməmişdilər məni. Gəzməyə, addımımı atmağa taqətim yox idi. Birtəhər yola çıxdım. Taksiyə mindim, bir saat taksi ilə, sonra metro ilə yol getdim. Getdiyim yolu qayıtdım, başqa taksiyə mindim, eləcə gəzdim şəhəri. Ən sonda dağüstü parka gəldim. Xiyabana, şəhərə baxdım. Bütün şəhərə tüpürdüm. Aldadılmış, sındırılmış, əzilmiş mən çarəsiz qalmışdım.

Gecə 3-4 idi. Piyada gələrkən yolun qırağında bir maşının saxladığını gördüm. Uzun, qara, nömrəsiz bir maşın. Zülməti maşının faralarının işığı yarırdı. Sağa verdi, arxa qapı açıldı, maşından bir qız düşdü, özünü yolun qırağına verib qaytardı. Ağlaya-ağlaya bir neçə dəfə qaytardıqdan sonra su verdilər, ağzını yuyub:

- İstəmirəm, istəmirəm, nolar buraxın, - qışqırdı, -  kömək edin, - deyə bağırmaq istəyirdi ki, kök kişi bir əli ilə ağzından, bir əli ilə saçından tutub maşına dartdı.

- Gəl, Lolita, gəl, zarıldama bəsdir, - dedi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!