Bir ukraynalı uşaq Ukraynadan təxliyə olunanlara qoşularaq ağlaya-ağlaya Polşaya gəlib çıxmışdı...
İnternet xəbərlərindən
Yol bitmir ki. Atasız yol belə uzun olurmuş. Anasız lap uzun. Qabaqda gedən qadın uşağının ayağını ovxalayanda mənim də ayağım ana əli istədi. Özüm ovxaladım, olmadı. Ana əli istəyirmiş. Hardan alım ananı? Öldürdülər. Atam da anamı dəfn edəndən sonra məni şəhərdən çıxan adamlara qoşub, özü döyüşməyə getdi. Qəhr olsun uşağlığı. Mən axı niyə uşaq oldum?! Böyük olsaydım, çıxardımmı ölkəmdən?! Bu adamların üzünə necə baxacam?! Polyak uşaqları mənə güləcək. Vətənini qoyub, bizə sığınmağa gəlib deyəcəklər!..
Əslində, elə buna görə ağlayıram. Anamın ölməsindən çox, evimizin yanmasından çox, atamdan ayrılmağımdan çox, Vətəni tək qoyub gəlməyim yandırır məni. Mən burda tək qalıb ağladığım kimi, o da orda ağlayır... Şəhərimizin küçələrində ölmüş adamların yaralarından axan qan deyil ki! Qan deyil. Bizim Ukraynanın adamının qanı çıxmaz indi. O küçələrdə axan Ukraynanın göz yaşlarıdır...
Bizim qanımız qırmızı ola bilməz. Bizim qanımız sarıdır... Mənim bənizim kimi. Olyanın saçlarının rəngi kimi. Bayrağımızdakı sarı kimi...
Olya... Sən indi hardasan? Sənin də bənizin saralıbmı? Məktəbimizi vurdular, Olya. Xadimə həyətdə yıxılmışdı. Qanı axmırdı, Olya. Atamdan soruşdum, dedi faşistlərin acığına bizim qanımız axmayacaq. Qanımız axsa, ölərik axı. Amma ölmürük. Atam dedi ki, gündüz ölənlərin hamısı gecə dirilib, Kiyevi qorumağa gəlirlər. İnanırsan, Olya?! Ölülər də vuruşur orda...
Olya, demə ki, Kiyevdə qalıb Molotov kokteyli düzəldənlərə yardım edirsən... Ürəyim partlayar axı, Olya. Atam məni aldatdı. Dedi ki, sən əgər təxliyə olunanlara qoşulub Polşaya getsən, anan da dirilib Kiyevin müdafiəsinə gələcək...
Ona görə gəldim bura, Olya...
Demə ki, barrikadadasan, demə ki, Molotov kokteyli düzəldirsən... Noolar demə...
- Niyə ağlayırsan, oğlan? Qorxursan? Acsan? Bəs atan-anan hardadır?
- Mən ağlamıram! Ukraynalılar ağlamaz! Biz... Biz... Mən gəlməzdim, əgər anam dirilib Kiyevin müdafiəsinə getməsəydi... Üüüüü-ühü.... Üüüüüüü...
- Ağlama, nə olar, ağlama... Gəl səni qaçqınlar şöbəsinə təqdim edim...
- Mən qaçqın deyiləm!.. Mən bura müvəqqəti gəlmişəm... Ordumuz Kiyevdən rus faşistlərini qovan kimi geri dönəcəyəm...
- Çantan ağırdır? Nə var içində? Ver, kömək edim...
- Olmaz. Orada bizim ailənin sənədləri var. Mənim dərs kitablarım var... Bir də... Bir də Üüüüü-ühü..... Üüüüüüüü...
- Bənizin də sapsarı olub... Yəqin, acsan... Qorxma...
- Yox! Qorxmuram! Ukraynalı qorxmaz!.. Bənizimin saralması bizim bayrağın yarı rəngidir... Yarısı da göylərdədir... bax, ora - göylər... gömgöy... Çantamda bir də bilirsən nə var?! Ukrayna bayrağı!
O, çantasını açdı, sarılı-göylü bayrağı çıxarıb köksünə sıxdı və daha bərkdən ağlamağa başladı. Sərhəddəki bütün insanlar ona qoşulub ağlayırdılar.
Az sonra o dikəldi. Bayrağı yuxarı tutub qəhərli-qəhərli oxumağa başladı:
He ne vmerla Ukraїni i slava, i volə,
He nam, brattə molodiії,
usmіxnetğsə dolə...*
Ukrayna-Polşa sərhəd keçid məntəqəsindəki minlərlə adam bir ağızdan oğlanın dediklərini avazla təkrarlayırdı...
Danışırdılar ki, balaca qəhrəmanımızın sinif yoldaşı Olya oğlanın anasını gecə, həqiqətən Kiyevin müdafiəçiləri arasında görübmüş.
07.03.2022
* - Ukraynanın himninin sözləridir.
Mənası: Ukrayna hələ məhv olmayıb, hünərli və iradəliyik,
Gənc qardaşlar, biz həm taleyin gülüşünü bölüşəcəyik...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!