Müdir havası - Ssenari. Atababa İSMAYILOĞLU

 

I kadr. Üçmərtəbəli inzibati bina. Bahalı minik maşını gəlib onun qapısında dayanır. Şux qamətli rəis xüsusi ədayla maşından düşür. Sürücü maşından onun paltosunu götürüb dalınca gedir.

II kadr. İdarədə rəisin otağı. Uzun iclas stolu. Bayaq maşından düşən rəis başda oturub. Özünəməxsus şəkildə sözə başlayır:  

- Mən çox danışmayacağam. Sizə məlumdur ki, əvvəlki rəis buranı söküb-dağıdıb. Məni buranı düzəltməyə göndəriblər. Bu gündən hamı mənim havamı oynayacaq.

Hamı birdən:

- Baş üstə, rəis.

- Mənim havamı bilirsiniz?

Hamı bir-birinin üzünə baxır. Rəis:

- Mənim havam çətin deyil. O kinoda necə deyirlər?

Hamı birdən:

- "Heyvagülü".

Rəis maqnitofonun düyməsini basır. "Heyvagülü"nün havası otağı bürüyür. Hamı rəisin başına toplaşıb rəqs edir. Nəsə gurultu eşidilir. Həmin inzibati bina. Üçmərtəbəli binadan iki mərtəbə qalıb.

III kadr. İki mərtəbəsi qalmiş inzibati bina. Yenə həmin bahalı maşın gəlib dayanır. Bu dəfə ondan başqa bir rəis düşür. Sürücü onun portfelini götürür.

IV kadr. Əvvəlki kabinet və həmin adamlar. Təkcə rəis dəyişib. Rəis sözə başlayır:

- Mən çox danışmayacağam. Sizə məlumdur ki, əvvəlki rəis buranı söküb-dağıdıb. Məni buranı düzəltməyə göndəriblər. Bu gündən hamı mənim havamı oynayacaq.

Hamı birdən:

- Baş üstə, rəis.

- Mənim havamı bilirsiniz?

Hamı bir-birinin üzünə baxır. Rəis:

- Mənim havam çətin deyil. O kinoda necə deyirlər?

Hamı birdən:

- "Süleymani".

- Rəis maqnitofonun düyməsini basir. "Süleymani"nin havası kabineti bürüyür. Hamı rəisin başına toplaşıb rəqs edir. Nəsə gurultu eşidilir. Binanın ümumi mənzərəsi. İkimərtəbəli binadan bir mərtəbə qalıb. Bu dəfə maşından başqa bir rəis düşür. Sürücü onun portfelini götürür.

V kadr. Əvvəlki kabinet və həmin adamlar. Təkcə rəis dəyişib. Rəis sözə başlayır:

- Mən çox danışmayacağam. Sizə məlumdur ki, əvvəlki rəis buranı söküb- dağıdıb. Məni buranı düzəltməyə göndəriblər. Bu gündən hamı mənim havamı oynayacaq.

Hamı birdən:

- Baş üstə, rəis.

- Mənim havamı bilirsiniz?

Hamı bir-birinin üzünə baxır. Rəis:

- Mənim havam çətin deyil. O kinoda necəydi?

Hamı birdən:

- "Vağzalı".

- Rəis maqnitofonun düyməsini basır. "Vağzalı"nın havası kabineti bürüyür. Hamı rəisin başına toplaşıb rəqs edir. Nəsə gurultu eşidilir.

VI kadr. Bina yerləyeksan olub. Ətraf mənzərələrdən bilinir ki, bura həmin inzibati binadır. Bu dəfə maşından başqa bir rəis düşür. Sürücü onun portfelini götürür. Sürücünün o biri əlində maqnitofon var. Rəis xarabalığın önündə dayanır. Rəis:

- Mən çox danışmayacağam. Sizə məlumdur ki, əvvəlki rəis buranı söküb- dağıdıb. Məni buranı düzəltməyə göndəriblər. Bu gündən hamı mənim havamı oynayacaq.

Həmin adamlar xarabalığın içərisindən qəbirdən qalxan kimi çıxırlar. Hamı birdən:

- Baş üstə, rəis.

- Mənim havamı bilirsiniz?

Hamı bir-birinin üzünə baxır. Rəis:

- Mənim havam çətin deyil. O kinoda necəydi?

Hamı birdən:

- "Zəminxara".

Rəis maqnitofonun düyməsini basir. "Zəminxara"nın havası ətrafı bürüyür. Hamı rəisə tərəf gəlmək istəyir. Nəsə gurultu eşidilir.

"Zəminxara"nın sədaları altında böyük bir katlavan görünür.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!