Ağ dəvəni düzdə saxlamaq - Elşad Barat Həcərin kitabı haqqında yazır

Neçə saatdır ki, Həcərin (Həcər Paşayevanın) "Ağ dəvə düzdə qaldı" adlı kitabını oxuyuram. Kitabdakı hekayələr, esselər, povestlər adamı qoynuna alıb lap uzaqlarda harasa bir yerə aparır. Əlindəki kitabın vərəqləri arasında yoxluq içində var olmaq iddiasına düşürsən.

Çəkinmədən deyə bilərəm ki, bu kitab son dövr ədəbiyyat adına yazılmış ən anlamlı nəsr əsərlərindən ibarət topludur. Hekayələrin içində qəflətlik, romantika, kökə qayıdış, sevinc və kədər var. Hadisələr bir-birini qarabaqara izləyir. Mətndə qırıqlıq yoxdur. Keçid nöqtələrində belə möhkəm bağlılıq var. Bir çox əsərlərin sonu oxucunu təəccübləndirə bilir.

Mətnin allahı müəllifidir. Müəllif nə qədər ədalətli, mərhəmətli, həyat dolu olarsa, mətn bir o qədər ruhlu alınar. Mən Həcər xanımı illərdir tanıyıram, ona həmişə "Həcər ana" deyərək müraciət etmişəm. Bu gün isə bu kitabı oxuyanda görürəm ki, Həcər ana təkcə mənim deyil, bütün gənc ədəbi nəslin anasıdır. Əsərləri ilə gəncliyə nələrsə öyrədə bilən, yol göstərən mətnlər müəllifidir. Açığını deyim ki, bu əsərlər məni də oxucu kimi təəccübləndirdi.

Məsələn, götürək "Bizim qonaqsanmı" hekayəsini. Bu hekayədən bir neçə misal çəkmək istəyirəm. "Növbəti yoxuşu dırmaşanda maşın sonuncu dəfə nəfəsini dərib dayandı" və ya "Yaqubun pırpız qaşları döyüş buğaları kimi baş-başa gəldi". İlk cümlədə müəllif maşına acıyır, sanki yazığı gəlir maşına. Həm də onun maşınlıq qeyrətini ifadə edir. İkinci cümlədə isə Yaqubun daxili hirsini müəllif poetik dildə verir, qaşları buğalar kimi baş-başa gələn şəkildə təsvir edir, bu deyim yenidir. İndiyə qədər bir çox yazıçılar qaşları düyünləndirirdisə, Həcər eyni situasiyanı başqa ifadə tərzi ilə verə bilib.

Hekayənin digər yerində belə bir ifadə var: "göydəndüşmə qonaqlar". Bu ifadə həm qonaqpərvərliyi, həm də Fazil kişinin daxili dünyasını özündə cəmləyir.

Eyni hekayədə ləzgi ləhcəsinin ustalıqla verilməsi də müəllifin təcrübəsindən, dünyagörüşündən xəbər ötürür.

Kitabda yer alan "Ağ dəvə düzdə qaldı", "Nakaut", "Atası ölməyib" adlı povestlər, "Səs eləməyin", "Vəsiyyət" kimi hekayələr və digər əsərləri oxuyanda Həcərin yazıçı peşəkarlığını görmək olur. Mətnlər diridir. Obrazlar ruhludur. Cümlələr arasında həyat var. Həyatın hər üzü var.

Bu kitab haqqında çox yazmaq, çox danışmaq olar. İnanıram ki, bu mətnlər bir gün dərsliklərdə öz yerini tapacaq, ciddi ədəbi nümunələr kimi dillərdə gəzəcək və ən əsası bu mətnlər öz müəllifini əbədi yaşadacaq.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!