Uzun illərdir ki, təhsil aldığım məktəbdə müəllim işləyirəm. Təhsil aldığım deyəndə, son yeddi ili bu məktəbdə, əvvəlki illəri isə doğma rayonumuzda oxumuşdum. Orta məktəbi bitirən ili də universitetə daxil oldum. Beş ili tələbə-fəhlə kimi başa vurdum. Universitet təhsilini bitirəndə artıq dörd ildən çox iş stajım var idi. Filoloq kimi məktəbimizə döndüm. Müəllimlərimlə müəllimlik etmək həqiqətən zor iş imiş. Qeyri-iradi onların yanında özünü yığışdırır, sözünə-söhbətinə, hərəkətinə diqqətli olursan.
İxtisasımla bağlı sözə, sənətə, yaradıcı söhbətlərə dərslərimdə daha çox yer ayırmağa çalışıram. Gəldiyim qənaət budur ki, pis şagird, pis uşaq yoxdur, müəllimin, pedaqoqun vəzifə məsuliyyəti daha çoxdur. Hər kəsin öz dili var ki, bunu tapdınsa, demək, istəyinə çatarsan. Şagirdlərimi çox sevirəm deyə, hər birinin özünü, sözünü, xasiyyətini, ailə vəziyyətini öyrənməyə, hər birinə bacardığım qayğını göstərməyə çalışıram.
...Bütün dünyanın Qadınlar bayramı kimi qeyd etdiyi 8 Martdan bir gün keçirdi. Beşinci sinifdə dərsdə idim. Bu şagirdlərlə söhbətim elə ilk dərs dediyim gündən "alınmışdı". Uşaqlar fənnə böyük maraq göstərir, fəal müzakirələr aparırdılar. Aralarında gələcəkdə ədəbiyyat müəllimi, hətta şair, yazıçı olmaq istəyənlər də tapılmışdı. Uşaqlardan bayramı necə keçirdikləri, analarını necə təbrik etdiklərini soruşdum. Cavablar məni çox sevindirdi. Kimisi analarını hədiyyə ilə, gül-çiçəklə təbrik etdiyindən danışır, kimisi isə sadəcə şeirlə, rəsmlə, lap elə boş öpüşlə sevindirdiyini deyirdi. Hər biri elə şövqlə danışırdı ki, analara olan bu istəyin İlahi bir sevgi olduğuna inanmamaq olmurdu.
Həmişə hazırcavablığı ilə seçilən Muradın mövzunun elanından sonra lal-dinməz, bir az da qaş-qabaqlı oturması diqqətimi çəkdi. Son cərgələrin birində oturan Murada yaxınlaşmağım da onun halında təfavüt etmədi. Arxa tərəfə keçib diqqətlə onu süzdüm. Yox, deyəsən, məsələ ciddi idi. Mən elə ordan sözü Murada verdim və anasını necə təbrik etdiyini soruşdum. Murad könülsüz ayağa durub susdu, bir kəlmə belə kəsmədi. Mən sual-cavabla onu danışdırmaq istədim:
- Murad, 8 Mart bayramında ananı təbrik etdinmi?
- Xeyr, müəllim, etmədim.
Mən qarışıq bütün sinif Murada diqqət kəsildi. Mən irəli keçib, Muradla üzbəüz dayandım. Onun çöhrəsi tutulmuşdu, sanki gün üzünü qara buludlar örtmüşdü. Qüssəli gözlərini hamıdan gizlətməyə çalışırdı. Partaya dayadığı barmaqlarının titrədiyini görüb, dərhal vəziyyəti dəyişmək istədim:
- Murad, əyləş. Yəqin, yaxşıca yeyib yatmısan.
Bütün sinif gülüşdü və nəzərlər Muraddan mənə zilləndi. Muradın yerində oturub titrəyən əlləri ilə alnını silməsi, köynəyinin yaxasını boşaltması nəzərimdən qaçmadı. Zəng səsinə könülsüz reaksiya verən yəqin ki, elə Muradla mən oldum. Uşaqlar hay-küylə çantalarını götürüb sinifdən çıxdılar. Üzümü Murada tutub ön partada, mənimlə üz-üzə oturmasını xahiş etdim. Çox ciddi bir səbəb olduğunu tam yəqin etmişdim.
- Murad, nə baş verir? - soruşdum.
- Heç nə, - dedi.
Sakit halda, qayğı dolu səslə ona tərəf əyildim.
- Məndən niyə gizlədirsən? Görürəm ki, halın özündə deyil.
Murad yaşarmış gözlərini əllərinin arxası ilə silib, süni təbəssüm qatdığı sifətini azacıq mənə tərəf çevirib titrək səslə mızıldandı:
- Müəllim, düz deyirəm, heç nə gizlətmirəm.
- Deməli, mənə etibar eləmirsən. Olsun, qoy sən deyən olsun, - deyib portfelimi yığışdırmağa başladım.
Murad gözləmədiyim halda hönkürtü ilə ağlamağa başladı. Mən tez yerimdən durub ona yaxınlaşdım, onu özümə tərəf çəkib başını sığalladım. Murad sakitləşmək bilmirdi.
- Anam yoxdu, müəllim, yoxdu. Başqa kişi ilə çıxıb getdi, bizi atdı. Məni və balaca bacımı evdə qoyub başqasıyla qaçdı. Heç bizimlə görüşmədi də. Kimi təbrik edəydim müəllim?
Onun udquna-udquna dediklərini anlamaq iqtidarında deyildim. Güc-bəla bir-iki addım atıb taqətsiz halda stula çökdüm. Muradın ağlamağı səngisə də, mən sərsəri kimi ətrafa boylanır, sakit ola bilmirdim. Daralmış nəfəsimə həyat vermək üçün titrəyən barmaqlarımla boynumdakı qalstuku boşaltsam da, köynəyin üst düyməsini açmaq gücündə olmadığımı başa düşdüm. Muradın bu halı həyatımın o dəhşətli məqamlarını xatırladıqca ürəyim param-parça olub ağzımdan çölə tökülmək istəyirdi...
Qaçqınlığımızın ikinci ili idi. Qaçaqaçdan, köçhaköçdən ayılıb özümüzə gələndə dərs ilinin yeddi-səkkiz ayı ötüb keçmişdi deyə, bir ilim də it-bata düşdü. Düşdüyümüz rayonda mərkəzdən uzaq kənddə köhnə idarə binasının bir tərəfini "səliqəyə" salıb yaşamağa başladıq, əgər buna yaşamaq demək olardısa. Məktəbimiz köhnə olsa da tarixi olan məktəb idi. Müəllim sarıdan bəxtimiz gətirmişdi. Müəllimlərimiz hər bir şagirdə, xüsusən biz qaçqınlara xüsusi qayğı ilə yanaşırdılar. Oxumağa həvəsim böyük idi.
İndiyə kimi yadımdadı. Altı ay olardı ki, məktəbə gedirdim. Mart ayının 7-si idi. Oxuduğum dördüncü sinifdə "Ana dili" dərsi keçirdik. Hər yerdə sabahkı bayrama - Beynəlxalq Qadınlar gününə hazırlıq gedirdi. Sinif rəhbərimiz Ruqiyyə müəllimə şagirdləri bir-bir qaldırır, ana ilə bağlı ürək sözlərini deməyi tələb edirdi. Kimsə şeirlə, kimsə ürəyindən keçən sevgi dolu sözləri bir-birinə calayıb bəzəkli cümlələrlə necə təbrik edəcəyini bildirməyə çalışırdı. Növbə mənə çatanda həvəssiz ayağa qalxdım. Məndən də ana ilə bağlı ürək sözlərimi söyləmək tələb olunanda səsimi çıxarmadım. Müəllimə məni dilləndirmək üçün gülə-gülə sual etdi:
- Hə, bəs sən ananı necə təbrik edərsən?
- Mən atamı təbrik edəcəm, müəllimə, - güclə eşidiləcək səslə dilləndim və başımı aşağı dikdim. Uşaqlardan bir neçəsi gülüşsə də müəllimənin acıqlı baxışlarından dərhal kiridilər. Ruqiyyə müəllimə mənə yaxınlaşıb yanbayan durdu və zarafatyana səslə:
- Kimi çox istəyirsən: atanı, yoxsa ananı? - sual etdi.
- Atamı - dedim. Müəllimənin, hətta əksər uşaqların belə təəccüblü nəzərlərini üstümdə hiss edirdim. Həyəcanlı idim deyə, pencəyimin ətəyini bərk-bərk dartışdırırdım.
- Bir də sual verim: atanı çox istəyirsən, ananı? - Müəllimənin səsində az da olsa hökmü hiss edib cəld cavab verdim:
- Atamı, - dedim.
- Atanı istəmək yaxşıdır. Bəs ananı, onu istəmirsən? - Müəllimə təbəssümlə dilləndi.
Qəhər məni boğurdu, nəfəs ala bilmədiyim üçün bir-iki ağız öskürdüm.
- Anamı mən körpə olanda ermənilər öldürüb, heç xatırlamıram, - deyə bildim.
Saniyələr bir-birini əvəz edirdi və birdən hıçqırtıyla ağlamağa başladım. Müəllimənin: - "Can, can!" - deyib, məni sinəsinə sıxmasından halım lap pis oldu. Oturub başımı partaya dayadım və için-için ağlamaqda davam etdim. Üzüntülü dəqiqələr bir-birini əvəz edirdi. Sinifdə milçək vızıltısını belə eşitmək olardı. Nə yaxşı ki, zəng çalındı. Qeyri vaxtlar zəngdən sonra səsləri divarlarda, pəncərə şüşələrində əks-səda verən uşaqların nəfəslərini belə dərmədən səssiz-səmirsiz sinifdən çıxdıqlarını hiss etdim. Ruqiyyə müəllimə təkrar-təkrar məndən üzr istədi və çox sonralar, onunla müəllim yoldaşı kimi işə başlayanda: "- Şagirdlərimi bu cür suallarla bir daha heç vaxt sınağa çəkmədim" - deyib üzrxahlıq da etdi...
Bütün bunları xatırladıqca Muradın öz sısqa, cılız çiyinlərində nə böyük, nə ağırlıqda yük daşıdığını təxmin edirdim. Paradoksal bir vəziyyətlə üz-üzə idim: hər iki halda anasızlıq mövcud olsa da, fərqlər ölçüyəgəlməz dərəcədə böyük idi.
Başım beynim dolmuş, düşüncələrim dolaşmışdı. Bütün anaların ayaqları altında cənnətin olmadığı şübhəsi varlığımı bürümüşdü.
Ciddi-cəhdlə Muradı sakitləşdirməyə çalışsam da, bunun uğursuz olacağını da anlayırdım. Ağlayıb boşalmağını gözlədim ki, bəzən göz yaşları insana rahatlıq, dinclik gətirir.
"Ən güclü məlhəm zamandır" - deyib Muradın boynunu qucaqladım. Çəkdiyi ağrı-acıların, əzabların, sinəsinə çəkilən çalın-çarpaz yaraların da vaxt, zaman kimi bir məlhəmə ehtiyacı olduğuna inanırdım.
Bakı
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!