Bir baxış, üç bucaq - Vüsal NURU

 

Şəhriyar Təyyaroğlu kitabını "Təfəkkür-Təxəyyül-İstedad üçbuçağı" adlandırıb. Ona bu kitabı yazdıran Kamal Abdulla sevgisidir. Müəllifin yazıçıya olan heyranlığı, əsərlərinə marağı, səmimi məhəbbəti çırtlayan tumurcuqlar kimi ilk səhifələrdən görünür.

Kitabın dili səlisdir, oxunaqlıdır. Hansı sözün əlindən tutsan, səni qəzasız-bəlasız cümlənin axırına aparır. Bir də görərsən səhifələri çevirirsən, çevirdikcə Xalq yazıçısı Kamal Abdullanın obrazı şüurunda formalaşır, şəkillənir. Tanıdığın adamı bir də kəşf edirsən. Kitabın, məncə, missiyası budur. Oxucunu inandırır ki, yazıçı Kamal Abdullanı bu günə kimi hələ yaxşı tanımamısan. İndi də, bu pəncərədən bax. Kitab yazıçının əsərlərilə tanış olmayan oxucular üçün çox yaxşı bələdçidir. 

Müəllif  kitabda hörmətli yazıçının əsərlərindən seçmə sitatlar təqdim etməklə, Kamal Abdulla təxəyyülünün coğrafiyasını, ədəbi dünyasının fəzasını təyin edir. Bəzən əsərdə oxuyub keçdiyin mətnə bir də qayıtmağın yolunu, səbəbini göstərir. Qayıdıb görürsən ki, yazıçı burda bir Quranlıq söz deyib, eşitməmisən. "Vaxdan qisas almaq üçün onu yaşamaq lazımdır". Müəllif "Sirlərin sərgüzəşti"  əsərindən Hacı Mir Həsən ağa Səyyahın dilindən bu sitatı diqqətə çatdırır. İstər-istəməz əsər haqqında düşünürsən? Sonra da, özünü qoyursan qarşına, soruşursan; bəs, sən zamandan necə qisas alırsan? Müəllif "Sirlərin sərgüzəşti" əsərindən rəngbərəng biçənək çiçəkləri kimi bir çox sitatı, aforizmə çevrilmə statusunu qazanmış sözləri misal seçə bilərdi, oxuyanda görürsən ki, bu məqamda döşə yatanı, sinəyə taxılanı budur; budur ona görə ki, səni düşündürür. Şüurundakı qaranlıq otaqların birinin işığını yandırır. Özün haqqında, zaman haqqında baş sındırırsan; bundan sonra mən zamandan necə qisas alım? Artıq, əlində qisas almağın formulu var. Bu, həm də sənə yaşamağa, həyatın üstünə getməyə stimul verir, həvəs oyadır, gücünü artırır. Dədələrimizin dediyi: "Danış, səni görüm" aforizmini burda xatırlamaq yerinə düşərdi. Bəli, yazıçını da bir cümləsindən tanımaq olar. Şəhriyar da məhz buna çalışıb, ona görə səhifələri çevirdikcə tumurcuqların badam çiçəyinə çevrildiyini görürsən.

Müəllif həm yazıçının əsərlərini yaxşı mənimsəyib, həm də təhlilini incəliklə təqdim edib. Bəlkə də, Şəhriyar gələcəkdə çox yaxşı təhlilçi olacaq. Bu bacarığın bahar nəfəsi əlimizdə olan kitabdan gəlir.

Müəllif  haqlı  olaraq öz kitabını Xalq yazıçısı Kamal Abdullanın ədəbi-bədii, elmi yaradıcılığına bir baxış hesab edir. Bəli, bu da bir baxışdır; Şəhriyarın baxışı. Şəhriyarın baxışında Kamal Abdulla qışqırmır, yaradıcılıq budaqları şaxələnmiş ağacın dinində oturub, dizində yazan müdrik bir adamdır. Yazıçının obrazı belə görünür.

Şəhriyar çalışıb ki, yazıçının heç bir əsəri onun diqqətindən, təhlilindən yayınmasın, ağacı budaq-budaq gəzsin. Qısa da olsa, oxucuda adıçəkilən əsərlər haqqında fikir formalaşsın. Müəllif kitabında buna nail ola bilir.

Kitabın sevindirəcək bir əsas tərəfi də odur ki, meydana atılan bir gənc özünü daha ağıllı, daha istedadlı göstərmək naminə əlinə qələmi balta kimi götürüb, ağacın üstünə getməyib. Qələmini dilək şivriminə çevirib, ağacın budağına bağlayıb.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!