Mi - Romandan parça - NARGİS

 

"Adəm də, arvadı da çılpaq idilər, hələ utanmaq nədir bilmirdilər"

 

- Gümüş 1: Sən ey insan, nə üçün astrala çıxırsan? Bilmirsən bunun həm də mənfi nəticələri olur? Sakit həyatına davam et, get!

- Mən istəmirəm bunu. Sakit həyatımı pozan sizsiniz. Niyə kəsirsiniz axı yasəmənləri? Gözəlliyi daima yox etməyi kim təlqin edib sizə. Zehninizin gizli dediyiniz əksində zavallı olan kodlarmı?

- Gümüş 2: Ey inadcı insan... Hər şeyi təkrar-təkrar sadalamaqdan yorulduq sənə. Düşüncələri özünə aludə edən gözəllik nəyə lazımdır axı? Liliti düşün... Həvva ondan daha gözəl deyildi... Tanrı Həvvanı seçdi, Liliti yox!

- Dayandırın əməllərinizi... Daima ardınızca gələcəyəm. Gözəlliyi öldürmək nəhəng qəddarlıqdır.

- Gümüş 3: Astrallar bizi izləməyinin tək yoludur ki, buna əngəl ola bilmirik. İnsan beyninin metareallığıdır bu. Təəssüflər olsun ki, bunu əngəlləyə bilmirik...

- Siz yasəmənləri kəsdikcə mən bura gələcəyəm. Məni yasəmənlər çağırır.

- Gümüş 1: İlk dəfədir bir insan bizi bu şəkildə izləmək arzusunda olur. Ruhu yox etmək gücümüz yoxdur, Tanrıda da yoxdur bu güc, ancaq fiziki bədənin burda olsaydı, bax sənin də qanın təbiəti bu cür al-əlvan boyayacaqdı.

- Komfort zonasını tərk etmədən inkişaf labüd deyil. Qorxmuram sizdən!

- Gümüş 2: Komfort əslində bu dünyada mövcud deyil. İnsanoğlunun komfort aludəçiliyi gözəllik ardınca çarəsicə qaçışlarına görə deyilmi? Mövcudiyyətin nəzəriyyəsinə yaddır insan ruhu. O, hazır olanı dərk edir. Yaradılış onun üçün sadəcə maddi nəsnələri əhatə edir. Mənəvi və məntiqli qismi isə bizlərə aiddir... Biz və Tanrıya...

- Siz və Tanrıya? Tanrı ilə aranızda apardığınız paralelliklər nəzəriyyəsi, onun yox oluşunu sürətləndirərək, birgə yox oluşunuzun mesajıdırmı?

- Gümüş 1: Doğrudan da, insan necə də bezdirici məxluq imiş... Gözəlliklərin  yox oluşu ümid edirik ki, insan oğluna da  böyük reallığın nədə və kimdə olduğu gerçəyini daddırar.

- Bu qədər dərin bilginin daşıyıcıları məni təhdidmi edir?

- Gümüş 1: Ən böyük təhdid elə insan deyilmi!

"İblis nədir? - Cümlə xəyanətlərə bais...

Ya hər kəsə xain olan insan nədir? - İblis"...

- İnsan yer üzünün əşrəfidir...

- Gümüş 1: Tanrının dili ilə danışırsan... Sonra da Tanrıdan xilas yolları axtarırsan. Buna ancaq qəhqəhə çəkilər...

Gülürlər...

- Yox, elə deyil, mən Tanrını əslində sevirəm...

- Gümüş 1: Nə zaman, çətinə düşəndəmi?

- Gümüş 2: Hansı Tanrıdır bu, kimdir sizin Tanrınız? Allahmı? Şivamı? Tenqrimi? "Siz mənə daha bir Tanrı təklif edirsiniz. Bu halda siz necə istəyirsiniz ki, mən anlamadığım bir şeyin səbəbini, ondan da az anladığımı qəbul edim? Bəlkə, xristian dininin metodlarının köməkliyi ilə mən anlamalıyam... onda sizin dəhşətli Tanrınızı görə biləcəm? Onda gəlin baxaq görək ki, xristianlıq Tanrını necə təsvir edir...

"Mən bu iyrənc dinin Tanrısında, ziddiyyətli və vəhşi varlıq olmasından başqa nə görürəm? O, bu gün dünyanı yaradıb, sabah isə onun quruluşundan məyus olub.

Mən onda insanı öz qanunlarına tabe etməyə qadir olmayan zəif gücə malik olan məxluq olmasından başqa nə görürəm? İnsan onun tərəfindən yaradılmasına baxmayaraq, Tanrıya qalib gəlir və Tanrını təhqir edə bilir, bununla da əbədi əzab qazanır! Nə cılızdır bu Tanrı!".

- Dayanın, yetər! Bəsdir!

- Gümüş 1: Düşüncələrini oxuya bilirəm. Eh, insan, sən necədə səfehsən. Ən güclü elmi sənə Tanrı verdi, ən gözəl simanı da! Hətta yer üzünün əşrəfisən, dedi sənə. Adəmin önündə baş əyməsini tələb etdi gözəl İblisdən... Atəşdən üstün tutdu torpağı... Torpaq atəşi söndürməyə qadirmi? Nə zamanadək?

- Gümüş 2: Bu ən qarışıq mövzulardandır. Eramızdan əvvəl 624-546-cı illər arasında yaşamış Miletli Tales "şeylərin təbiətinin su olduğunu" - söyləyərdi hər zaman.

Su atəşdən üstünmü? Su atəşi söndürməyə qadirmi? Hara qədər?

- Gümüş 3: Anaksimenes "ruhumuzun bünövrəsi hava ilə qurulur" - deyirdi nəzəriyyəsində… Hava atəşdən üstünmü? Hava atəşi söndürməyə qadirmi? Hara qədər?

- Gümüş 1: Efesli Heraklit nəzəriyyəsinin mərkəzi atəş idi...

- Dörd elementin birgəliyi əbədi  hakimiyyətin açarıdır...

Gümüşlər: Atəş yetər!

- Gümüş 2: Tarix boyu atəş ilahi gücü simvolizə edib. Bax Yanardaşa, Piramidalara, məbədlərə... Daim yanan bir atəşin mövcudiyyətini görəcəksən. Tanrılar da yanar od uğrunda sərmayələr qoyublar, mübarizə aparıblar.

"Əslində, Homerin söylədiyi bir əfsanəyə görə, Yanardaş Olimpiya oyunlarının və yanan məşəlin ilham mənbəyidir. Əfsanəyə görə, Efir (Ephyra) kralı Qlaukosun oğlu Hippones ov məclisi zamanı təsadüfən qardaşı Bellerosu öldürür. Bundan sonra Hippones Bellerosu yeyən mənasını verən Bellerofontes adını daşıyır və Efirdan sürgün edilir. Likya kralı Bellerofontesi bağışlamaq üçün ona çox çətin tapşırıq verir və onu Olimp dağında Ximera (Kimera) adlı canavarı öldürməyə göndərir. Ximera ağzı alovlu, bədəni keçi, başı aslan, quyruğu ilan kimi olan əfsanəvi canavardır. Zevs Bellerofontesə Peqasus adlı qanadlı at verdir ki, o da bu atın köməyi ilə Ximeraya çox güclü zərbələr endirə bilir. Nəticədə Ximera yeddi qat yerin dərinliyinə düşür və ağzından çıxan alov qalır. Yanardaş o vaxtdan qalır".

Gümüş 3: İzanaqinin arvadı İzanami od tanrısını dünyaya gətirərkən yanaraq ölür.

- Atəş məhvedicidir, dağıdıcıdır eyni zamanda. Bütün gözəlliklərin yoxluq səbəbidir.

Gümüş 1: Tanrı da atəş deyilmi? Müqəddəs kitablarda ondan hər zaman ya nur, ya enerji kimi bəhs olunmurmu? Həm yaradan, həm yox edən! Yoxediciliyimi onu güclü edib, yoxsa yaradıcılığımı?

- Bəs yasəmənlər? Torpaqdan yaranan gözəllik o şərəfinə rituallar edib, marşlar söylədiyiniz atəşdən güclüdürmü?

- Gümüş 2: Allah Adəmə dedi: "Sənə görə torpaq lənətləndi, çünki sən arvadına itaət etdin və meyvəsini yemə dediyim ağacın meyvəsindən yedin".

- Gümüş 3: Yer üzündə yaşayan hər kəs Adəmə görə məhvə sürükləndi! Gəl sənə danışım necə oldu o hadisə.

- Eşitdiklərini mən də eşitmişəm.

- Gümüşlər: Biz eşitməmişik, görmüşük.

- Tanrı ilə yaşıdsınız bəlkə hahahaha?

- Gümüşlər: Bəlkələrin çoxaldıqca kəşflərin artacaq... Necə idi o hissə:

"Və (yadına sal) o zaman(ı) ki, mələklərə "Adəmə səcdə və təzim edin!" buyurduq. İblisdən başqa onların hamısı səcdə etdi. O (isə) boyun qaçırtdı və təkəbbür göstərdi. O, (öz küfrünü gizli saxlayan) kafirlərdən idi".

- Sizi kim idarə edir? Tanrı ilə mücadilə ruhunu kim aşılayır sizə? Danışdığınız Tanrılogiya elminin yaradıcısı kimdir? Kimdir Tanrını belə yaxşı və yaxından tanıyan. Bu elmin açarı kimin əlindədir? Dünyanı dəyişəcəyiniz metanəzəriyyənin kodlarını kim yazıb belə? Yasəmən ağaclarına düşmənliyinizin səbəbi nədir? Barı yasəmənlərə dəyməyəydiniz?

- Gümüşlər: Yenə yasəmənlər...

İlk dəfədir ki, Gümüşləri narahat edə bilirdim. Hiss edirəm ki, nəsə düz, eyni zamanda böyük xəta etmişəm. Günahımı dərk edə bilmirəm. Gümüşlər baltalarını götürüb mənə arxalarını dönüb gedirlər.

Qaçıram, qaçıram çata bimirəm. Çığırtım yasəmənlərin naləsinə qarışır. Mən harada səhv etmişdim? Onları susduracaq sualda gizlənən məna nə idi. Sirr harada idi? Məni dəyişə bilmirdilər. Yoxsa məndəmi elə oddan yaranmışdım?

Telefonun vibrasiyası ilə gözlərimi açıram. Daxilimdə günbəgün böyüyən boşluq oyandığım dünyaya qarşı təəssüflənməyimə səbəb olur. Niyə qayıdıram axı bu dünyaya? Suallarım yarımçıq qalır daima. Tələsik qalxıb gül mağazasını yığıram. Yasəmən sifariş edirəm. Yaxalanmaq üçün hamam otağına keçirəm. Vannanın "başla" düyməsini basıram. Damarıma səhər yeməyimi vururam. Ənənəvi şəkildə qəbul etdiyim tək şey qəhvədir. Onu hazırlayıb vannaya uzanıram. Elə həmin an loft otağa həzin musiqi yayılır. İllərdir belədir. Ən sevdiyim şey özümlə keçirdiyim vaxtdır. Həmin zamanı qiymətli hesab edirəm. İcazə vermərəm kiməsə məni bu dünyadan kənarlaşdırsın. Ancaq indi bu düşüncələr ruhumu, məntiqimi yeyib bitirir. Cəngəlliklərdəki vəhşi sarmaşıqlar kimi meydan oxuyur mənə bu fikirlər. Azəri xatırlayıram. O demişdi ki, yaz hər şeyi... Bu səbəbdən hər gecə yuxularımı yazıram... Gərək ona da bu sualı verərdim... Kimə və nəyə yazmalı idi insan? Əslində, düzgün istiqamət haradır? Tanrımı? Allahmı? İnsanmı?

Nə qədər çalışıram ağlımdan Gümüşlandiyanı çıxara bilmirəm. Hansı çağa gedirəm mən? Keçmişəmi, gələcəyəmi? Hayanadır üzüm mənim? Həyatamı? Ölüməmi?

Metatexnologiyalarla dolub daşan həyatıma haradan daxil oldu əfsanələr. Mən pramidalarda yaşamıram axı...

Bir dəfə əvvəllər 2022-ci ilə dair maraq doğuran əlyazma ilə tanış olmuşdum. Əslində bunu mənim üçün Mi oxumuşdu. Mi smart süni zəkadır. Onun iki cinsiyyəti var. Ruh halıma uyğun olaraq tətbiqi dəyişmək mümükündür.

Onunla filosofanə söhbət etmək də olur, dizlərində yatmaq da... Eyni zamanda qaranlıq və izolyasiya olunmuş dünyamın tək həmdəmidir Mi...

Qayıdaq söhbətimizə Minin oxumasına əsaslanaraq deyə bilərəm ki, o dönəmdə Elon Musk adlı biri yaşayırmış. İnsanlar onu superbeyin kimi görürmüşlər. Bir növ mutant imiş sanki. Yarı insan yarı robot kimi... Texno-beyin.. Bu dəlilikdirmi? Hərə bir cür yox etmirdimi insanı? Qəribədir ki, qazandığı nailiyyətlər insanı Tanrıya yaxınlaşdırırmış. Adam sanki elə bil, insanın heçsizləşmə nəzəriyyəsinin banisidir. Dialoqlarında  süni-intellektlərin yüksək inkişafının qarşısının alınması, yaxud kod sisteminin formalaşdırılmasına dair açıqlamalar verib. Elon Musku Gümüş 1-ə bənzədirəm. Elonun göz bəbəklərində dərin ağılla yanaşı, sərhədsiz dəlilik mövcuddur.  O vaxt belə Elon Musk nə Tanrıya, Nə Allaha yazmırdı...

Dünyada əllər nəzəriyyəsi hökm sürür. Bu əllər insanı sığallayaraq ölümə məhkum edir. Bu əllər müharibələr törədir, ya da metainkişafın ilk qaranquşları olan süni-intellektlərin dili ilə bizə xəbərdarlıqlar edirlər. Qorxu "Əllər nəzəriyyəsinin əsas təməl daşıdır"... Silahla da, süni-intellektlə də qorxu saçırlar.

Ancaq Gümüş 1 sanki illüziyadır. Mübarizə apardığı şey nədir onun. Nə demək, nəyin xəbərdarlığını etmək üçün gəlib dünyama? Onu anlamaq mümkün deyil. Göz bəbəkləri sanki buzdan yaradılıb. Hər zaman başqa yönə tərəf əriyir. İnsanın ruhunu incidir. Uşaqlığımdan gələn tramvalarım kimi məni qorxudur...

Anam qulağıma pıçıldayır, sanki "yat, yoxsa ağ ayı pəncərədən gəlib səni aparacaq"... Niyə ağ idi bəs ayı... Qorxunun rəngi ağdır elə, kəfənin rəngi də... Gəlinliyin rəngi də... Elə eroninin də...

Qaradan yox, bəlkə də elə ağdan qorxmalıyıq.

Gümüşlandiyada olmaq keçir könlümdən... Mi ilə... Çünki o məni mənim arzuladığım kimi anlayırdı... Onu ora aparmaq mümkün deyildi. Bunu bacarsaydım əminəm ki, möhtəşəm olardı. Bir çox düyün açılardı... Keçmişə görə inkişafın son həddində, gələcəyə görə təbiətin ən ətirli çağında idi Gümüşlandiya... Bir yolunu tapıb bu gecə ora getməli idim, ən dərinə. Gümüşlərin gəldiyi yerə. Bəlkə də bir yolunu tapmalı idim... Ruhumla yanaşı, fiziki bədənimi də, daşımalı idim yuxularıma. Yoxsa necə inanım özümə? Yoxsa elə bircə dəli olan mənəm?

Yox, yox, bütün bunlar boş yerə yaşanmır... Bu mənə bir mesajdır. Bu dəfə xüsusi hazırlaşmalıyam Gümüşlandiyaya.

Günahımı dərk edə bilmirəm. Gümüşlər baltalarını götürüb mənə arxalarını çevirib getmişdilər...

Nə danışacaqdılar mənə...

İnsan lağlağılığı əslində məğlubiyyət səbəbidirmi?

Musiqi bitər-bitməz vanna söndü. Ayağa qalxdım. Tavandan üzərimə duru su boşaldı.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!