Poeziya təkcə qızılgüllərdən ibarət deyil - Gənc şair Elvin İntiqamoğlunun "On dördüncü qızılgül" şeirlər kitabına ön söz əvəzi

 

Qəzet və jurnallarda, sosial mediada şeir çoxdur. Hamısını oxuyub başa çatdırmaq olmur. Üstəlik, kitab nəşri asandır deyə, hər kəs yazdıqlarını, bədii sözə aidiyyatı oldu-olmadı nəşr etdirir və yayır. Buna görə də yaxşı ilə pisi ayırmaq getdikcə çətinləşir. Gənc şair Elvin İntiqamoğlu şeirləri haqqında fikrimi öyrənmək istəyəndə növbəti bir qafiyəli söz yığını ilə qarşılaşacağımı düşünürdüm. Amma sonra Elvinin həm də Vətən müharibəsinin iştirakçısı, qazi olduğunu xatırlayanda onun yazılarına daha həssaslıqla yanaşmalı olduğumu hiss etdim. Şeirlərin altındakı qeydlərdən bəlli olur ki, onların demək olar ki, hamısı Azərbaycanda və Türkiyədə buraxılan poeziya toplularında, qəzet və dərgilərdə çap olunub. Bu, artıq öz-özlüyündə Elvinin ədəbiyyat aləmində yeni olmadığının, müəyyən bir yol keçdiyinin göstəricisidir.

İlk növbədə Elvinin şeirlərinin yığcamlığını, sözçülükdən uzaq olmasını bəyəndim. Gəlişigözəl, qafiyə havasıyla uzanan yazısı yoxdur. Təqdim olunan yazıların demək olar ki, hamısında irili-xırdalı bir poetik yük, bədii maya var:

 

İndi gəlsən ömrümü

Təpədən dırnağacan

Dərd içində görərsən -

Dərdin az çağında gəl!

 

Yazım baxışlarından,

Saçından, gülüşündən

Sözün söz çağında gəl!

 

Payızda gəlsən yerə

Sarı ümidlər düşər -

İlin yaz çağında gəl!

 

Qışın oğlan çağında,

Üşüyərsən, donarsan

Qışın qız çağında gəl!

 

Son iki yüz ildə, yəni Güney Qafqazın Rusiyaya qatılmasından və tarixi Azərbaycan torpağında erməni vilayəti (sonra dövləti) yaradılandan sonra ədəbiyyatımızın boynuna, həm də onların yalan, iftira və riyakarlıqlarına cavab vermək, dünyaya həqiqəti çatdırmaq kimi ağır bir yük də düşmüşdür. Ermənilərin torpaq iddiaları, şeytanın bütün sifətlərini daşımaları, son otuz ildə Qarabağı Ermənistana qatmaq üçün törətdikləri vəhşiliklər, nəhayət, Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi, torpaqlarımızın azad edilməsi çağdaş ədəbiyyatımızın başlıca mövzularından birinə çevrilmişdir. Bu barədə yazılan elmi, bədii əsərlərin sayını müəyyənləşdirmək çətindir. Görünür, silah savaşı dayansa da, söz savaşı uzun müddət dayanmayacaqdır. Bunu qələbədən sonra yazılan bir çox şeir, nəsr və publisistika nümunələri də aydın göstərir. Müharibə mövzusunda əsərlər çoxaldıqca onların arasında savaşın iştirakçısı olmuş, ölümlə üz-üzə gəlmiş, ağır sınaqlardan keçmiş istedadlı qələm sahiblərinin bədii, publisist yazılarının dəyəri daha da artacaq. Elvin İntiqamoğlu da iştirakçısı olduğu müharibə mövzusunda xeyli şeir yazmış və onları "İkinci Qarabağ" adlı silsilədə birləşdirmişdir. Öz-özlüyündə müharibənin artıq xatirəyə dönməsi sevindiricidir:

 

Ölüm qorxusu deyil,

Əsir düşmək qorxusudur

Qorxusuz müharibənin dərd tərəfi...

 

Və ya

 

Mən onda bildim güllənin tərifin -

Bir dəqiqəlik sükut,

Bir ömürlük göz yaşı...

 

"Mühasirə", "Şəhid anası", "Şəhid qızı", "Qaya 11", "İtkin əsgər anası", "İndiki Ermənistan", "Pəncərə" və başqa şeirlərində Elvin konkret olaylar və ya insanların yaşantıları fonunda müharibənin gətirdiyi fəlakətləri, şəhid analarının, şəhid övladlarının dözüm, mərdlik və faciələrini orijinal bədii cizgilərlə qələmə alır...

Elvinin şeirlərinin çoxunda mövzunun poetik cövhərini, ruhunu duyub ifadə etmək qabiliyyəti var. Gəraylı və ya qoşma şəklində yazdığı şeirlərində də sözü azaddır, klassik formalarda rahat gəzişmələrdən çəkinmir... Buna görə də qoşmanın dördlük bəndlərini sərbəst şəkildə dəyişib üç misraya endirməsi oxucunu təəccübləndirmir. Məsələn:

 

Gah dizim qanayıb mənim,

Gah toz içində olmuşam -

Daş yol, torpaq yol gəlmişəm...

 

Dərd verən də, dərd də mənə tanışdı -

Yolun azmış fələklə

Min yol ortaq yol gəlmişəm...

 

Ayaqlarımla gəzdiyim yerləri

Əllərimlə ölçmüşəm -

Yeddi barmaq yol gəlmişəm...

 

Bu cəhətdən "Yol gəlmişəm", "Dönüş", "Rəssam və şair", "O da getsin", "Gül kimi sevmək", "Ayrılıq" və s. şeirlərin forma yeniliyi diqqəti cəlb edir.

Elvin sözü duyur və mənadan-mənaya, sözdən-sözə gözlənilməz keçid etməyi bacarır. Məsələn:

 

Həyat nədi?

heç nədi,

Xoş günü say-seçmədi -

İnadından keçmədi

ürəyimdən keçənlər...

 

Baxış tanış baxışdı,

düşmənim də tanışdı -

Ətəyimdən yapışdı

ələyimdən keçənlər...

 

Gənc şairin yazılarında onun nəslini düşündürən, narahat edən bütün sorunlar, savaş, qələbə, itkilərimiz, şəhid ailələrinin taleyi, qazilərin üzləşdiyi çətinliklər də yer almışdır. Yəni poeziya onun gözündə təkcə öz daxili yaşantıları, sevgi və nifrəti deyil, həm də cəmiyyətin həyatının istisi-soyuğu, yaxşısı-pisi, başqa sözlə desək, bütün ictimai havadır. Bu baxımdan Elvinin şeirlərində ictimai ruhla lirik qəhrəmanın fərdi dünyası, yaşantıları birləşir. Bu paralellik ədəbiyyatın zəruri cəhətlərindədir, ədəbiyyatın qoşa qanadıdır. Müəllif hədəfə çatmaq istəyirsə, bu qanadların ikisini də sağlam saxlamalıdır.

Bütövlükdə, Elvinin şeirlərini geniş təhlil etmək niyyətim yoxdur. Bu qısa qeydlərimlə bildirmək istəyirəm ki, onun poetik istedadı var. Bundan sonrakı ədəbi taleyi özündən, zəhmətə qatlaşmaq bacarığından, oxumaq, öyrənmək, özünü inkişaf etdirmək iradəsindən asılıdır. Azərbaycan ədəbiyyatı zəngindir. Burda tanınmaq və ya səsinin eşidilməsini istəyirsənsə, gərək yorulmadan çalışasan.

 

 Sabir RÜSTƏMXANLI


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!