Suzanbağı Günəşin ən ərköyün və tərs, inadcıl övladı idi. Günəş onu lal axan çayın dibindən tapıb üzə çıxarmışdı, qızılı köynəyindən keçirib öz balası eləmişdi. Suzanbağı arada günəşə peşmançılıq yaşadırdı; tovuzquşu hörümçəyi suzanbağının sağına-soluna keçib onu yoldan çıxarır, ətrafında tor hörüb onu günəşdən təcrid edirdi. Buna suzanbağı özü rəvac verirdi. Hörümçəyin qeyri-adi gözəlliyi suzanbağını sehrləmişdi: hörümçək sanki belinə rəngli kəmər qurşamışdı və bununla da öyünürdü. O da suzanbağına vurulmuşdu, suyun üzərində ürək formasında görünən yamyaşıl bitkinin sinəsindəki naxışa bənzəyən ağ çiçəklər hörümçəyin ağlını başından almışdı... Bu sevginin arxasında nəsə xoşagəlməz bir niyyət gizlənirdi. Suzanbağı isə sevgisində təmənnasız idi...
Günəş bu izdivaca heç razı deyildi. Suzanbağı lilli suyun içindən üzə çıxmışdı, bataqlığa müqavimət göstərə-göstərə gözəlliyi ilə suyun üzünə hakim olmuşdu. İndi sanki qara dəlikdə çırpındığı günləri büsbütün unutmuşdu. Günəşi eyninə almırdı. Tovuzquşu hörümçəyi isə bu gözəlliyi tora salmaq istəyirdi, çünki suzanbağının cazibəsi onun hüsnünü kölgədə qoyurdu. O öz gözəlliyi ilə öyünə bilmirdi. Hörümçək işini o qədər məharətlə görürdü ki, suzanbağı ətrafında tor hörüldüyünü hiss etmirdi.
Suzanbağı səxavətlə çiçəklərini hörümçəyin ixtiyarına vermişdi. Hörümçək xəbiscəsinə bu gözəlliyi buxovlayır, onu hamıdan gizlətməyə çalışırdı. Arada al dil ilə suzanbağının başını qatırdı:
- Sənə çətir hörürəm ki, günəşin istisi səni yandırıb külə döndərməsin. Burada ikimiz asudə yaşayarıq. İstəsən, quş olarsan, quşlar kimi civildəyərsən, mən də sənə züy tutaram. Bax, cibimdə tütəyim də var.
Tovuzquşu hörümçəyi böyründən əcaib bir çubuq çıxarıb suzanbağıya göstərdi. Suzanbağı düşündü ki, axı onun səsi yoxdur, necə oxuya bilər? Yaxınlıqdakı şam ağacının budağında bir dələ oturmuşdu və bu həngaməni kənardan seyr edirdi. Hörümçəyin suzanbağıya torba tikdiyini anlayırdı və nə yolla olur-olsun, ona mane olmaq istəyirdi. Uzun-uzadı düşündükdən sonra qolaylanıb iri bir qozanı hörümçəyə atdı. Qoza hörümçəyin belindən dəydi, qəfil zərbədən qıvrılıb böyrü üstə düşən hörümçəyin sapları qırıldı. Dələ sevincək əllərini bir-birinə sürtdü: "Bəs bilmirdin ki, başqasına quyu qazan özü düşər? Di get, ağlın başına gəlsin!".
Hörümçəyin fəryadı suzanbağının qəlbini qana boyadı, ona necə kömək edəcəyini bilmədiyindən yerindəcə çırpınmağa başladı, ləçəkləri qopub suyun üzərinə səpələndi. Şam ağacının budaqlarından bir çığırtı qopdu:
- O səni məhv etmək istəyir, Suzan. Onun kələklərinə aldanma. Sənin gözəlliyin onu məhv edir, o istəyir ki, ondan başqa gözəl olmasın. Sən ona mane olursan, başa düşürsən?
Suzanbağı ərtafa boylandı və budaqda sərvaxt oturmuş dələni gördü. İncik halda dedi:
- O yazıq deyil? Niyə belini qırdın?
Dələ qeyzləndi:
- Bəs sən yazıq deyilsən? O sənin ətrafında tor qurur, səni günəşdən, bütün dünyadan gizlətmək istəyir. Görürsən, günəş də səndən küsüb, daha sənin tərəfə şüa saçmır. Sən uzun mübarizədən sonra palçığın içindən boy atıb suyun üzərinə çıxmısan. O isə heç bir əziyyət çəkməyib, işi-gücü ona-buna tor qurmaqdır. Bəs öz əziyyətinə heyifin gəlmir? O yaxşı dost deyil, Suzan!
Suzanbağı uzun-uzadı fikrə daldı. Sanki yuxuda idi, dələnin sözləri onu ayıltdı. Amma ürəyində hələ də tovuzquşu hörümçəyinə inam qalırdı. Dostunun hiyləgər təbəssümü gözünün önünə gəldi. Hörümçək hər dəfə suzanbağının ətrafında dolaşanda suyun üzündə dümələnə-dümələnə o tərəf-bu tərəfə üzən qazlar çığırtı qoparırdılar. İndiyə qədər heç onların hay-küyünə fikir verməmişdi. Hətta bir dəfə qazlar hörümçəyə hücum çəkmişdilər. Onda suzanbağı hiddətlənmişdi: "Bir bunların harınlığına bax! Üstümüzə xoruzlanırlar. Buna görə o, qazları heç sevmirdi. Onlar suyun üzərində görünəndə qaşqabağını sallayırdı.
İndi onlar qol-qabırğası qırılmış halda bir kənarda uzanıb qalmış hörümçəyə baxıb sevinirdilər. Suzanbağı onlara acıqlanmaq istəsə də dələnin sözlərini xatırlayıb fikrindən vaz keçdi.
Ana qaz suzanbağıya tərəf üzüb nəvazişlə dilləndi:
- Sən dostunla düşmənini tanımırsan. Bu ziyanəvərin səni gözü götürmür. Sənin yaraşığını, gözəlliyini həzm edə bilmir. Ona görə də səni aldadıb tora salmaq istəyir. Sən də sadəlövhcəsinə ona inanırsan. O, haqlı cəzasını alıb. Ona ürəyin yanmasın. Bax, sənin kəmərini də oğurlayıb, heç xəbərin olmayıb.
Suzanbağı baxdı ki, belindəki yaşıl kəməri yoxdur, donub qaldı. Bu necə ola bilərdi? Hörümçək bunu necə etmişdi?
- O, çoxbilmişdir. Heç Herkules İppolitdən kəməri oğurlayanda belə cəsarətli deyildi. Gör səni necə hipnoz edib ki, kəmərini belindən açanda bunu hiss etməmisən, - Ana qaz canıyananlıqla dilləndi.
- O, dərrakəli axmaqdır. Belələrinə gicəbic deyirlər. Ağlı müəyyən yerə qədər işləyir, anlamır ki, Günəşin uşaqlarına qalib gəlmək olmaz, - ata qaz müdrikcəsinə əlavə etdi.
Suzanbağı o qədər saf, təmiz qəlbli idi ki, tovuzquşu hörümçəyinin ona xəyanət edə biləcəyi ağlının ucundan da keçməmişdi. Bataqlıqdan çıxan bu sular sonası öz gözəlliyinə də laqeyd idi, əksinə, tovuzquşu hörümçəyinin gözəlliyini ürək genişliyi ilə tərif edirdi. Xəbis hörümçək isə onu məhv etmək üçün ağlında cürbəcür planlar qururdu.
Günəş dələyə təşəkkür etdi:
- Çox sağ ol, dələcan. Sən mənim suzanbağımı böyük bir fəlakətdən xilas etdin.
Dələ heç nə olmamış kimi budaqda kürəyi üstə uzanıb əllərini başının altına qoymuşdu.
- Bu nə sözdür, Günəş qardaş? Buralarda vəziyyətə mən nəzarət edirəm. Mənim icazəm olmadan kimin həddi nədir, cızığından çıxsın? O dəqiqə cəzalandıraram! - bunu deyib quyruğunu yellədi.
Günəş razılıqla gülümsədi.
Bütün keçmişi suzanbağının gözü önündən gəlib keçdi; lilli suyun dibində gözünü açanda dünyanın eləcə sudan ibarət olduğunu zənn etmişdi, amma onunla birgə doğulan instinktləri ona pıçıldayırdı ki, sən hələ suların bətnindəsən, sənin doğuluşun suyun üzünə çıxanda baş verəcək. Suzanbağı su ananın bətnində mübarizə aparmağa başladı, ətrafı palçıq və çay daşlarıyla dolu idi, kürəyini bu daşlardan birinə dayaq verib sürünməyə başladı və əldə etdiyi bu kiçik uğur onu sevindirdi. Həyat suyun üzündə ilğım kimi sayrışırdı. Su öz yaddaşını balasına ötürmüşdü, bu yaddaş onun üçün yol xəritəsi idi, sularda yaşayan bütün canlılar bu xəritədən istifadə edirdilər. Balıqların, su ilanlarının işi asan idi, onların həyatı suyun dərinliklərində keçirdi, suzanbağı isə uzun bir yol qət edərək suyu yarıb gün işığına çıxmalı idi. Tale onun zərif çiyinlərinə olduqca ağır yük qoymuşdu. Bu, həyatın əlifbası idi; yaşamaq üçün mübarizə aparmalısan, əks halda arzuların, ümidlərin suyun dibində qalacaq. Suzanbağı bu həqiqəti hələ suyun dibində ikən dərk etmişdi.
Gün işığıyla Ay şüası hələ çox yuxarıda idi, yuxarı boylananda suyun səthində arabir onların zəif nişanələrini görürdü. Boyu onu o işığa doğru çəkirdi, nazik, yaşıl damarlarında qanı qaynayırdı, hiss edirdi ki, gövdəsi ətrafa şirə buraxır və bu şirə onu suyun təzyiqindən qoruyur. Özü də bilmədən maneəsiz boy atması üçün müdafiə çənbəri yaradırdı.
Tovuzquşu hörümçəyi şəriksiz gözəlliyi ilə ətrafa meydan oxuyurdu. Lakin bu gözəllik sanki yarımçıq idi, onda nəsə çatmırdı. Çılpaq gövdəsi qollarını saxlamaqda aciz idi, hörümçəyin qolları çox idi deyin, beli ağırlığa tab gətirməyib sağa-sola əyilirdi. Bu da onun əndişəsini artırırdı, lakin taleyilə barışmaqdan özgə əlacı yox idi. Hər gözəlin bir eybi olar, deyiblər. Bu da hörümçəyin yeganə eybi idi ki, gözəlliyinə azca kölgə salırdı.
Suzanbağı suyun üzərində ada kimi dikələndə tovuzquşu hörümçəyi əvvəlcə təəccüb etdi, nə baş verdiyini anlaya bilmədi. Bitki günbəgün boy atıb ağ çiçəklərini ətrafa düzdükcə hörümçəyi həsəd hissi bürüdü, anladı ki, daha heç kim ona nəzər salmayacaq, hamı suzanbağının tamaşasına duracaq. Suzanbağı yaşıl gözəlliyi ilə suyun üzünü bəzəməkdə idi. Onun paxıllıqdan, kindən və dünyanın bu kimi xəbis işlərindən xəbəri yox idi. O, dünyanın gözəlliyini bir az da artırmaq istəyirdi.
Suzanbağı dünyaya gözünü açanda ilk dəfə Günəşi gördü. Günəş onu salamladı:
- Dünyaya xoş gəldin, sular sonası!
Bu söz ona xoş gəldi, canına qəribə bir istilik yayıldı. Günəşə gülümsədi.
- Mən sənin atanam, Su isə anandır, sən bizim sevimli övladımızsan, - Günəş nəvazişlə dilləndi.
Onun Günəş kimi güclü, Su kimi təmiz anası vardı, suzanbağı valideynləri ilə qürur duydu.
Günəş onu o biri övladlarından daha çox istəyirdi, çünki çiçəklər torpaqda bitmişdi, suzanbağı isə Sudan olan övladı idi, çətinliklə doğulmuşdu və gözəlliyi də hamıdan artıq idi.
Tovuzquşu hörümçəyi uzun-uzadı düşündükdən sonra suzanbağı ilə dost olmaq qərarına gəldi. Məqsədini yalnız bu yolla həyata keçirə bilərdi. Suzanbağı böyründə qəribə bir məxluq görüb sevindi, sadəlövhcəsinə ona mehribanlıq göstərdi. Hörümçək şirin dilini işə salıb onu söhbətə çəkdi və beləcə, dostlaşdılar. Suzanbağı: - Sən yanımda olanda darıxmıram, - dedi.
Hörümçək bu sözdən məmnun oldu. Onun suzanbağının rəngli kəmərinə gözü düşmüşdü, onu necə oğurlamağın yolları haqda düşünüb-daşınırdı. Bir gün gecə yarıdan keçəndə suzanbağı şirin yuxuda ikən onun kəmərini oğurlayıb belinə taxdı. Suyun güzgüsündə bir xeyli özünü süzdü. Özündənrazı halda gülümsədi. Bu kəmər hörümçəyin gözəlliyini birə beş artırdı. Ay bu oğurluğa şahid oldu.
Suzanbağı öz gözəlliyinə arxayın idi deyin, heç belindəki kəmərin yoxa çıxmasını da duymadı. Amma tovuzquşu hörümçəyinin bir az da gözəlləşdiyinin fərqinə vardı, düşündü ki, vaxt keçdikcə təbiət onun da hüsnünü cilalayır. Amma şam ağacındakı dələ, suzanbağının dövrəsində halay vuran qazlar, göydəki Günəş və Ay hər şeydən xəbərdar idilər.
Suzanbağının xəyalları suya düşmüşdü, özünü aldanmış, kimsəsiz hiss edirdi. Günəş atalıq qayğısını ondan əsirgəmədi, şüa əlləriylə başına sığal çəkdi:
- Heç o xəbis, özündənmüştəbeh hörümçəyə görə bu qədər qəm çəkməyə dəyərmi? O səni bizdən ayırmışdı, sənin gözəlliyini qarət etmək istəyirdi. Dələnin fərasətinə əhsən! O ziyanvericinin cəzasını verdi. Ətrafına boylan, gör sənin nə qədər qardaş-bacıların var!
Suzanbağı başını qaldırıb çəmənliyə sarı boylandı, rəngbərəng çiçəklər ona əl yelləyirdi...
12-14 fevral, 2022-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!