Örkən - Hekayə. Fazil SƏNAN

Səhərdən od ələyən avqust günəşi yavaş-yavaş ətəyini yığıb uzaqda görünən dağların arxasında gizlənməyə çalışsa da, hələ də bürküdən nəfəs almaq olmurdu. Maşının qabaq şüşələri aşağı yendirilməsinə baxmayaraq, bir əli sükanda olan Ramil o biri əlindəki cib dəsmalı ilə tez-tez boyun-boğazının tərini silirdi.

Süd rəngli "Jiquli" Yevlaxdan Bərdəyə gedən yola yenicə dönmüşdü ki, Ramil qoca bir kişinin cidd-cəhdlə əl elədiyini gördü. Bir istədi maşını saxlamaya, fikrindən nə keçdisə, maşını qəflətən saxlayaraq geri verməyə başladı. Qocanın yanına çatan "Jiquli" qəfil basılan tormozdan canavar görmüş qoyun kimi asfalt yola mıxlandı. Qoca tez cavan sürücüyə yaxınlaşdı:

- Oğul, qadan alım, maşınım xarab olub, gecə də düşür, mümkünsə, buqisirə qoşaq. Hörmətindən də bu qoca dayın çıxar.

Söykənəcəyə yayxanan Ramil əlindəki dəsmalla özünü küləkləyə-küləkləyə imdad diləyən qocanı bir anlığa nəzərdən keçirərək:

- Dayday, görmürsən bu "Jiquli"dir, traktor deyil, - deyib, - dişlərini ağartdı.

Gözləmədiyi cavabdan güllələnən qoca özünü o yerə qoymayaraq - "Jiquli" olduğunu görürəm, oğul, xətirinə niyə dəyir. "Zaporojets" yüngül maşındı, çəkə bilər, yol da rahatdı. İndi bu qoca dayını yolda qoyacaqsan? - deyərək daha da yazıqlaşdı.

Maşından düşən Ramil əlindəki dəsmalı boynuna sərib, gözü yolun yaxınındakı butkaya sataşan kimi "bir pivə içək, sonra sənin işinə baxarıq, dayday" deyib butkaya tərəf addımladı, qoca da yanınca.

Əlində iki pivə şüşəsi tutmuş Ramil butkadan aralanıb, yolun kənarına yaxınlaşdı:

- Dayday, al, biri sənin, biri mənim, - deyən Ramil pivə şüşəsinin birini qocaya uzatdı, o birisini isə cavab gözləmədən başına çəkdi.

- Sağ ol, oğul, mən içən deyiləm, - deyən qoca razılığını bildirdi.

- Bəs yaxşı, dayday, ürəyin yananda bu istidə nəylə soyudursan yanan ürəyini? - deyən Ramil o biri pivə şüşəsini də birnəfəsə başına çəkdi.

- Ayranla - qoca cavab verdi.

Boşalmış şüşəni ağzından aralayan Ramil:

- Nə ilə?

- Ayranla, oğul.

- O nədir, dayday?

Qoca tez yanındakı "Zaporojets"in qapısını açıb əlində üç kiloluq ağzı krişkalı dolu bir banka və təmiz bir stəkan gətirdi. Bankanın ağzını açıb stəkanı doldurdu və qarşısındakı cavan sürücüyə uzatdı.

- Al iç, gör nə ləzzətli şeydir.

Ramil etiraz etdi, "sağ ol, içmirəm" - dedi.

- Sən mənim canım, al iç, gör nə dadlıdır. Bir gör pivə yaxşıdır, yoxsa bu, - deyən qoca fikrində israr etdi.

- Yaxşı, sənin xətrin üçün içərəm. Ramil stəkanı qocadan alıb başına çəkdi. "Bu nə dadlıdır, dayday. Birini də tök görək" - deyib boşalmış stəkanı yenidən qocaya uzatdı.

- Yaxşı, maşının hansıdır? - Ramil soruşdu.

- Budur, qadan ürəyimə. - Qoca yaxında dayanmış köhnə yaşıl "Zaporojets"i göstərdi.

- Dayday, gəlsənə bu "Zapı"nın pulunu verim aparıb tullayasan zibilliyə, özünü də aparım qoyum evinə, səhər çıxıb bazara bir təzəsini alasan.

Kişinin tutulduğunu görən Ramil əlini qocanın çiyninə qoyub, ürəkdən bir qəhqəhə çəkərək, "dayıcanı, düz sözümdür" - dedi.

Qoca gördü yox, artıq "dostu" onu fırlayır. İstədi üzüsulu aralana. Elə bir-iki addım atmışdı ki, yenidən "dayday, bir dayan, deyəsən, mənim sözüm xətrinə dəydi" - deyən "dost"unun yanına qayıtdı.

- Oğul, mən dedim ki, mənə kömək elə yolda qalmayım, daha demədim ki, məni doluyasan. Mənim altı oğlum var, elə balacası sən yaşda olar.

- Allah canlarını salamat eləsin. Mən ürəyimdən keçəni dedim. Özün bilərsən. Belədi də, Allah verəndə də bəndə istəmir. O ki qaldı yolda qalmağına, lap dünya dağılsa da səni yolda qoymaram, dadlı ayranın xatirəsi üçün. Yoxsa, xalam bu gecə təkcə yatar? - Ramil əlini qocanın çiyninə qoyub, ərklə qocanı silkələyib güldü. Hətta qoca da öz gülüşü ilə cavana qoşuldu.

- Yaxşı, dayday, trosdan-zaddan bir şey varmı? - soruşan Ramil döş cibindən siqaret çıxarıb yandırdı.

- Var, qadan alım, örkənim var, - deyən qoca tez maşından dəstələnmiş örkəni çıxarıb açmağa başladı.

- Dayday, bunun adına nə dedin? - Ramil qocanın əlində dəstələnmiş ipi göstərdi.

- Buna örkən deyirlər, oğul, örkən! Eşitməmisən, atalar deyib ki, örkən nə qədər uzun olsa da axır gəlib doğanaqdan keçər. Bunu hanada toxuyurlar. Keçmişdə atı, öküzü, dəvəni, indi isə eşşəyi yükləmək üçün işlədirlər. (Qoca axırıncı ifadəsi ilə elə bil ürəyindən keçənlərin hamısını dedi.)

Diqqətlə örkəni nəzərdən keçirən Ramil: "Atalar onu da düz deyib ki, qulaq gündə bir söz eşitməsə, kar olar. Örkən... belə bir ip adı indi eşidirəm. Heç olmasa möhkəmdirmi, dayday?" - dedi.

- Möhkəmdir, oğul, trosdu, - nədi ondan geri qalan döyül.

- Bax, özün bil ha!.. Örkənin harada qırılsa orada da qalacaqsan. Sonra məndən incimə.

Örkənin bir ucunu "Zaporojets"ə, digər ucunu isə "Jiquli"nin arxasına bağlayıb qurtaran qoca dilləndi:

- Oğul, soruşmaq ayıb olmasın, adın nədir?

- Adımı neynirsən, dayday? Maşının nömrəsini bilsən bəsdir. Bu nömrəni kimin yanında desən, o saat biləcəklər ki, Romanın nömrəsidir.

- Deyirəm, məsləhətdirsə tərpənək, - deyən qoca razılıqla gülümsəyib maşına tərəf yönəlmək istəyirdi ki, Ramil əlindəki dəsmalla boyun-boğazını silib:

- Dayday, heç demədin ki, hara aparacağam səni. İstəyirsən elə səni özümlə hərləyim. Qoca vaxtında dünyanın ləzzətindən bir dad. Gör bu dünyada nələr var, - deyə qımışdı.

Qoca bu cavanın danışığından, hərəkətindən bir şey almasa da, əlacının kəsildiyindən bir söz deyə bilmədi:

- Oğul, kanalın dibi ilə gedəndə qarşına döngə çıxacaqdır. Elə həmin döngədə işarə eliyərəm saxlayarsan. Evim pavorota yaxındır.

- Di otur, dayday. Amma roldan bərk tut ha, birdən "Zapı" məni keçər. Onu bil ki, hələ Romanın "Jiqulisi"ni keçən olmayıb, qorxuram sənin "Zapı"n keçə. Gülə-gülə Ramil "Jiquli"sinə tərəf getdi.                                                                                                                                                                                                                                                                                                                                 

Asfaltda gündüzə nisbətən maşınlar seyrəlmişdi. Zülmət qaranlıqda maşınların güclü işıqları sürücünün gözlərinə düşməsin deyə, hər iki tərəf işıqlanma nöqtəsini yaxın məsafəyə salırdı. Ramilin gözü arabir sürət göstəricisinə sataşdı. Sürət göstəricisi 80-100 rəqəmləri arasında qızdırmadan titrəyən adamlar kimi titrəyirdi. Birdən yuxarıdan asılmış güzgüdə gördü ki, arxadan bir maşın lap "Jiquli"yə dirənibdir. Sürəti artırdı ki, arxadakı maşından aralana. Aradan bir az keçmiş gözünün ucu ilə güzgüyə bir də nəzər saldı ki, görsün arxadan gələn maşın necə oldu? Gördü yox, arxadakı maşın onunla dabanbasaraq gəlir. Qəflətən Ramilin beynindən ildırım sürəti ilə "yox, bu biabırçılıqdır ki, bu biabırçılığı üstümə götürə bilmərəm, hər kimdirsə, istəsə məni keçə bilər. Demək, mənlə məzələnir. Yaxşı, noolar? Nənəm sənə qurban, "06", bir gör neynirsən", - fikrinin ürəyindən keçməsi ilə ayağını qaza dirəməsi bir oldu.

Maşın az qalırdı ki, qanad açıb uçsun. Bir azdan gözünün ucu ilə güzgüyə bir də nəzər saldı ki, görsün arxadakı maşını "itirə" bildimi. Gördü yox, arxadakı maşın az qalır "Jiquli"nin belinə minsin. Diqqətini yenicə toplayıb arxadakı maşın haqqında fikirləşmək istəyirdi ki, qəfil qarşıya çıxan döngəni gördü. Məsafənin yaxın olduğunu görən Ramil nə arxadakı maşın haqqında, nə də sürətin azalması haqqında fikirləşməyə macal tapmayaraq "Allaha pənah" deyib gəldiyi sürətlə də döngəni döndü. Hazır qəbrin içərisinə düşməkdən təsadüfi salamat qalmış Ramil döngədən xeyli aralanandan sonra sürəti azaldaraq boynundakı dəsmalla əcəl tərini silib güzgüyə yenidən nəzər saldı.

Gördü yox, daha arxadan gələn maşının nə işığı, nə də izi-tozu görünür. Öz-özünə dedi: "Bax, adamın anasını belə ağladarlar. Kül başına, Roma, səni də abqona çıxarmışlar".

Səhər tezdən qapıya çıxan Məsumə maşının arxasında uzanan ipi görəndə məəttəl qaldı və ərinin yatdığı otağa girərək:

- Roma, maşının dalındakı nə ipdir?

Gözünü ovxalayan Ramil "ip nədir? Dəli olmamısan ki?" - deyib yenidən yatağına uzanmaq istəyirdi ki, arvadının "mən dəli olmamışam. Maşının dalına uzun bir kəndir bağlanıb" sözlərinə məcbur olub paltarını geyinərək, qapıya çıxdı. Maşının arxasına bağlanmış ipi görəndə təəccüblə arvadına baxaraq, "bu nədir?" - dedi.

- Mən səndən soruşuram, sən mənim üzümə niyə baxırsan? - Məsumə dilləndi. Sağ əli ilə boynunun dalını qaşıyan Ramil, maşının o tərəf, bu tərəfini nəzərdən keçirib yenidən diqqətlə ipə baxmağa başladı. Dumanlı şəkildə nəsə xatırlayıb, Məsumənin üzünə baxaraq "bu, örkəndir" deyib ürəkdən güldü.

- Örkən nədir, Roma? Nədən ötəri bağlamısan, maşının dalına?

Arvadının sualından nəyisə incəliyinə kimi xatırlamaq istəyirdi ki, qapı döyülməyə başladı. "Məsi, gör kimdir? - Ramil baxışları ilə qapını göstərdi. - Səhər-səhər qoymazlar ki, gözünün bir hovur çimirini alasan, sənöl". Evə doğru addımlamaq istəyirdi ki, qapının açılmağı ilə Məsinin yanında üç nəfər polis işçisinin maşına doğru gəldiyini görcək ayaq saxladı. Polis işçiləri əvvəlcə maşının nömrəsinə baxdı, sonra arxasındakı ipi görcək uzunboylusu üzünü Ramilə çevirdi:

- Maşın sizindirmi?

- Bəli, mənimdir.

Polisin ikisi isə maşını axtarmağa başladı. Biri maşının bardaçokundan tapdığı şprisi yoldaşlarına göstərərək, dilləndi:

- Hər şey aydındır. Qolunuzu göstərin görək? - deyib, Ramilə daha da yaxınlaşdı. Qolunu göstərən Ramilin qollarına vurulmuş iynə yerlərini görən polis işçiləri "bizimlə gedək" deyib birlikdə qapıya tərəf yönəldilər. Üzərində "Polis" sözü yazılmış maşına oturanda Ramil qapının ağzında bir ay bundan əvvəl gəlin gətirdiyi Məsumənin yanaqları aşağı yuvarlanan tər çiçəklər içindəki jaləyə bənzər göz yaşlarını gördü.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!