Şəhidlərimizin unudulmaz xatirəsinə
Müharibə başlayan gündən bəri qızın qulaqları səsdə, gözləri yolda qalmışdı.
Balaca bir qəsəbə idi. O başda haylasan bu başda o səsi eşidərdin, tinin o başındakını da görən kimi tanıyardın.
Qız ilk əvvəl xəbəri eşitdi: bəs Oğlan da səfərbərliyə ərizə yazıb, o da könüllü davaya gedir.
Qızın bu dəfə gözü yolda qaldı. Balaca bir qəsəbə idi. Eni-uzunu nə idi ki? O başdan bu başa beş addımlıq yol idi. Hərçənd ki, oğlangilin evi qəsəbənin o başında, qızgilin evi isə bu başında idi.
Qızın gözləri yolda qalmışdı; oğlan, görəsən, fürsət tapıb onun hirsli-hikkəli, həmişə həyət-bacada gəzib dolanan, hər gəlib-gedənə göz qoyan kəmhövsələ atasının gözlərindən yayınıb onunla görüşməyə fürsət tapacaqdımı?
Qız gözdə-qulaqda idi... Gözləri dörd olub gəzirdi, qulaqları isə hər xırda səs-səmiri, pıçıltını, həniri eşitmək üçün dinşək kəsilmişdi.
***
Oğlan sevinirdi. Səfərbərlikdən bildiriş gəlmişdi. Sabah hərbi xidmətə yollanacaqdı.
Həmin payız gününün özü kimi solğun, sarımtıl Günəş qüruba enirdi. Qəribə idi. Günəş bəzən qüruba enəndə səhər erkən doğulduğu rəngdə, qıpqırmızı olardı. O gün isə solğun, qaramtıl idi...
***
Oğlan qızgilin evlərinin yanından ötüb-keçdi. Sanki adi yol keçənin biri idi. Ona rast gələn tanış-bilişi şübhələndirmək istəmirdi. Gözü qızgilin evinin pəncərəsində qalmışdı. Dörd göz idi. Pəncərələrdən boylanan isə yox idi.
Oğlan nə vaxtdan bəri idi ki, qızgilin hündür, daş hasara alınmış evlərinin başına dörd dolanırdı.
Yaxşı ki, küçədə heç kim gözə dəymirdi. Yoxsa... Oğlanla rastlaşanlar ona söz atar, söz atmayanlar isə qımışardılar... Oğlan isə hələ ki indiyəcən üz-üzə gəlmədiyi, bircə kəlmə söz demədiyi Qız haqqında yadların bədgüman düşünməsini istəmirdi.
Oğlan öz-özünə dodaqaltı, zümzümə etməyə başladı.
- Evləri var, ay gülüm, xana-xana...
Mən kül oldum, ay gülüm, ay gülüm, yana-yana...
Yaxşı səsi var idi. Məktəbdə bədii özfəaliyyət klubunun üzvü idi. Yaxın adamların da toylarında xahiş-minnətlə hərdənbir onu oxudardılar. Qız da onun səsinin heyranı idi.
Hələ ki ucadan oxumadığı bu mahnını isə hər dəfə bu küçədən keçəndə beləcə zümzümə edərdi...
Mahnıya bu dəfə də hay verən olmadı.
***
Yox, yəqin ki, indi evlərində qohum-qardaş sabah əsgər gedəcək oğlanın - onun yolunu gözləyirdi. Burada vaxt itirə bilməzdi. Evlərinə geri dönməli idi. Bəs... Bəs qız hardan biləcəkdi ki, o, iki daşın arasında vaxt tapıb onunla görüşməyə gəlib... İndiyəcən də ona bircə kəlmə söz deməyib...
Birdən... Daş hasarın dibində bir əhəng parçası gördü. Əhəng parçasını əlinə alıb şıltaq oğlan uşaqları kimi daş-divara sürtdü. Əhəng parçası tabaşir kimi sinif otağındakı qara lövhəyə yazılan yazılartək divarda izlər saldı. Dörd tərəfə boylandı. Ətrafda heç kim yox idi. Heç uzaqdan da heç kim gözə dəymirdi.
Daş-divarda ikicə kəlmə söz yazdı: "Məni unutma!..".
***
Balaca qəsəbəyə şəhid gəlməsi xəbəri tez yayıldı. Deyəsən, şəhidi dəfn edirdilər. Maşınların aramsız siqnallarının, sirenaların adamın canına üşütmə salan səsləri arasında izdihamın, cavanların gur səsləri açıq-aydın eşidilirdi: "Şəhidlər ölməz, Vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!".
Qız gen-geniş evlərində özünə yer tapa bilmirdi. O pəncərədən bu pəncərənin qarşısına keçib qəfəsdəki quş kimi çırpınırdı.
Yaxşı ki, evdə tək idi... Gah hönkürüb ağlayır, gah da hıçqırıb ürəyini boşalda bilirdi.
***
Atası ilə anası hüzr yerinə getmişdilər. Evə də birgə qayıtdılar. Ananın gözləri yerindən çıxırdı. Atanın gözləri isə dolmuş bulud idi.
Ana ovunmaq bilmirdi: - Yazıq bacılığım! (Şəhidin anasını nəzərdə tuturdu). Boğazlarından, əyin-başlarından kəsə-kəsə kişini məcbur edib bankdan da pul götürtmüşdü, borc-xərc həyətlərində oğluna ayrıca xudmani bir ev tikdirmişdi ki, gəlin gətirəndə qoy cavanlar ayrıca sərbəst yaşasınlar.
Atanın xanımına təsəllisi dərindən bir ah çəkib köks ötürməsi oldu. Əllərini dizinə çırpdı. "Erməni kimi bədxah, mərdimazar qonşunun qapısı haqdan bağlansın!..".
***
Sonra elə bil atanın yadına qəfildən nəsə düşdü. Səsini qısıb: - Divarın yanından keçəndə gördüm, - dedi, - hansı nadürüstsə yazıb: "Səni sevirəm...". Gözdə-qulaqda ol! Handa bir igid oğlanlar bu gün davada vuruşur, şəhid olur, qazi olur. Bir nadürüst isə ilin-günün bu vaxtında qızımıza eşq izhar edir...".
Kişi nəsə fikirləşib: "Əşi, bəlkə də, quru sözdü də... Bəlkə də, ağlıkəsməzin biri yazıb. Eşq, sevgi nədir, heç özü də bilmir...". Elə bil öz sözlərindən arxayınlaşıb: - Qızı göndər, yaş əsgi götürüb gedib o sözləri pozsun... - dedi.
***
Şəhid oğlanın bacısı ilə qız dəfndən bir neçə gün sonra görüşə bildilər. Rəfiqə olan subay qızların gücləri ona çatdı ki, əvvəlcə qucaqlaşıb bir-birlərinə sarılaraq için-için ağladılar. Yaxşı ki, evdə heç kim yox idi. Səssiz-səmirsiz, dodaqlarından bircə kəlmə də söz çıxmadan xeyli danışdılar... Bu lal danışığından sonra yenə də bir-birini qucaqladılar... Əvvəlcə oğlanın bacısı qızın, sonra isə qız rəfiqəsinin qurumuş göz yaşlarını əlləri əsə-əsə sildi.
Nəhayət, oğlanın bacısı: - Evimizə əşyalarını gətirəndə cibindən bir məktub çıxdı, - deyə boğula-boğula dilləndi. - Anama yazmışdı, şeir idi... Sonra da özünü ələ alıb: - İstəyirsənsə o şeiri sənə də oxuyum, - deyə qızın sanki yüz illərin qarısının bürüşmüş üzünə baxdı və cavabını gözləmədən o şeiri oxudu:
Ağlama, anam, ağlama,
Bir mehriban qucaqdayam.
Elə bil ki, evimizdə,
Doğma, isti ocaqdayam.
Tələsib gəlmə yanıma,
Səndən ötrü darıxsam da.
Burda gül taxırlar yaxama,
Vətən gülü -
Adı da ki, Xarıbülbül...
Nə var boyanıb qanıma...
Məktubu çatdırar sənə,
Məni oxşayan mələklər,
Döyülsə qapı diksinmə,
Axşam olsun, ya da səhər...
Qızın dodaqları səyridi.
- Bəs... Bəs mənə...
Bacı özünü ələ alıb: - Yox, təkcə bu məktub idi, - dedi.
Qız başa düşdü ki, rəfiqəsi sanki ona təsəlli vermək üçün bəlkə də ömründə ilk dəfədir ki, dilinə yalan gətirir.
2021
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!