"Köçəri quşların vətəni dəndi..." - Duyğulandıran Qulu Ağsəs poeziyasına - Ay Bəniz ƏLİYAR

 

Nağıl dili yüyrək olur, deyirlər. Bəzən bu dil insan yaddaşını beşik kimi yırğalayar. Bənzətmələri, oxşamaları bir fərqli ruhumuza çökər...

Belə bir deyim ilə tez-tez rastlaşardıq nağıl dünyamızda:

"Gül gülü çağırırdı, bülbül bülbülü...".

Və belə yerdə düşünərsən biixtiyar; yəqin ki, İnsan da İnsanı çağırırmış... Əli ilə, gözü ilə, dili ilə, ruhu ilə çağırar, haraylayar, istəyinə çatıb, özünə yaxın hiss etdirənəcən durmazdı.

İnsan dünyası ikiqatlıdır. Birinci qatındakı həyat uşaqlığımız, gəncliyimiz kimi saf, təmiz, dürüstcəsinədir. Doğulduğumuz kimiyik birinci qatda, olduğumuz kimiyik. İkinci qatı ətrafımızın, yaşadıqlarımızın, çəkdiklərimizin əhvalındadır. Rəngimizi özünə hopdurur, sevincimizin şəklini alır, ağrımızın yükünü daşıyır. Bu qatda həm də olmaq istədiyimiz kimiyik. Amma hər iki qatın öz içindən boş qalan odaları var. Hər birində yolunu gözləyən, sənə ehtiyacı olan, darıxdıran, ruhunu oxşaya bilən, ovuda bilən, sevə bilən, hətta ayrılmağı bacaran insanlar var... Çalışarsan ki, o boş qalan odalara çəkiləsən... Həmin adamlarla  hüzur tapasan... Çalışarsan ki, özünə çəkilmək, hətta özündən qaçmaq istəyəndə həmin odaların qonağı olasan... Daha çox darıxmaq, daha çox sevmək, daha çox gözləmək istəyərsən... Hər bir hissin daha çoxunu yaşaya bilməkdi Həyat...

Bəlkə də, Qulu Ağsəs olmaq, elə ağlı-qaralı bu insanlar içində hər kəsə çata bilməkdi, hər cür ömrü yaşamaqdı.

Bəs bu sətirlərin müəllifi üçün, Qulu Ağsəs üçün nədir yaşamaq?

 

Yaşamaq!

- dünyanın ən zor işi!

Yaşamaq!

- irəli qovaraq keçmişi!

 

Bəlkə də, yaşamaq elə "yorulub oturmaqdı varağın bir küncündə...".

Bəlkə də, yaşamaq elə "əcəl gələndə qarşımda heç nə dayanmasın. Məni elə çağırsın ki, sevgilim yuxudan oyanmasın..." deyə bilməkdi...

Ölüm də elə şairin ruhundan qopan bir səs kimidir, bir az da "...nöqtələr" şeirinə oxşayır. İnsanı heyrətə gətirir, pəjmürdə edir, duruldub durğunlaşdırır:

 

Dilimdən düşmür bir ad,

nöqtələr...

Tanrıdan gözəl cəllad,

nöqtələr...

 

Müəmma varsa, düşündürürsə, demək ki, hardasa qayıdıb bir də oxuyacaqsan...

Həmin nöqtələrin yerinə nə istəsən düşünə, nə istəsən yaza, poza bilərsən. Sənin "nöqtələrin" müəllifin sənə bəxş etdiyi imkandır. İstədiyin sözü seçib o "nöqtələri" xoşbəxt etməyi bacaracaqsan. Ya bacaracaqsan, ya da bir də Qulu Ağsəsi oxumağa cəsarətin çatmayacaq! Müəllifin istəyi də elə budur! Şeiri şeirdən anlayanlar oxusun...

Bəs Qulu Ağsəs üçün dərd nədir?

 

Rəngsizdi, tamsızdı,

ətsiz-qansızdı,

Allahsız, imansızdı,

(Mən çəkən) dərdlər.

 

Nəfsi bıçaqdan iti,

içimi dağıdır, didir,

vecinə deyiləm qəti

(Mən çəkən) dərdlərin.

 

Şair nə gözəl dərd çəkənmiş!

Hətta deyir ki, "...Bir gün "sərgisi" açılacaq, Mən çəkən dərdlərin".

Gözəl dərd çəkən, gözəl dinləyən, gözəl qarşılayandı burda yazının qəhrəmanı... Qıvraq yerişlə, isti, doğma bir diqqətlə səni görər mütləq. Hətta, belə deyim, vurğuyla deyim ki, səni görməzdən gəlməz... Özü kimidir şeirləri də, dərd ortağıdır hər kəsin...

 

Qulu Ağsəsi oxuyanda sanırsan ki, onun şeirlərində gizlətdiyi nəsə var, kilidə düşüb özü də bilmədən, tapmaca kimi açması yox, şifrəsi bəlli deyil... Bunu onunla qarşılaşanda da hiss edirsən... Gizlətdiyi O nədirsə, min ciddi-cəhdlə qoruduğu, hamıdan saxlamağa çalışdığıdır. Bəlkə də, onu Qulu edən də elə Odur! Gizlinində olanları! Ürəyində saxladığını bircə balasına da demir hardasa... Amma bircə balası kimidir Şeirləri də... Ərköyün və qırılğan... "Bunu ancaq sənə deyirəm..." - deyir.

 

Quş quşla ötmür, balası,

Şair şairlə dilləşmir.

Quş budaqda oxuyur,

şair varaqda.

 

Deyir:

 

Bir də unutma,

Mən kimsəsizliyimdən bənzərsiz oldum...

 

Bəzən də sənə elə gəlir ki, müəllif şeir əvəzinə məktub yazır. Ya da belə deyək, məktubu şeir "dilində" yazır. Əvvəl özü oxuyur, sonra sənə verir ki, sən də oxuyasan. Yavaş-yavaş yayılsın, budaqlansın, köklənsin, yetər ki, paylaşılsın və dünyanı gözəlləşdirsin. Oxuyursan, o yazanda sənə demək istədiyi, istəyib də deyə bilmədiyi şeiri-məktubu oxuyursan. Şəhərindən yazır, ağrısından yazır, duyğularından, kövrək yerindən yazır... Nə qədər anlaya bilirsənsə o boydadır Şeiri də! Onu oxuyursan, şeir kimi, məktub kimi. Sevinir, onu anladığını anlayıb sevinir. Onu anlayırsan, ancaq həm də özün üçün oxuyursan axı. Anlayırsansa, demək, Şeir alınıb... Bəzən Qulu Ağsəs kimi sevgidən çarəsizliyə keçən hisslərin insanlarda necə əks olunduğuna da yanırsan... Şeir də, məktub da səni özündən alıb aparır, düşürsən öz hayına... O da yaşının Şeirini yaza bilir, Şeirinin yaşı olmasa da... Deyir:

 

Lənət şeytana!

ya gərək iyirmi il qabağa gedəsən,

ya gərək iyirmi il geri,

Hanı,

hardan alım qırx yaşın sevgi şeirini?

Və birdən gülə-gülə, qımışa-qımışa, kirimişcə deyir, özü də sözünü bu dəfə də kəsə deyir:

 

...Başımın üstündə az ağla,

ev dolub, batıram,

Mən heç çürük dişimi çəkdirmirəm...

səni hara atıram?!

 

Belə yerdə oxucunun da üzündəki kölgə yazağzı yağan qar kimi əriyib tezcənə gedir... Sözə qəlbində inam yaranır, insana inam doğur sözdən... Qulu Ağsəs, bax, bunu da bacarır... Bəzən deyirlər ha, filankəs özünü "yandırdı", özünü ələ verdi sanki... Bax, şair də şeirlərində özünü "ələ verir". "Görsən, üşüyürsən, yandır özünü..." - sözə möhür kimi damğa qoyanda ta o yanası qalmır üşüməyin də, darıxmağın da, sevməyin də...

Dünyanın bütün yerlərində qəriblik də, yetimlik də müharibələrin, sonu bitməz davaların törəmələridir... Dünyanın hər yerində ağrının rəngi boz-bulanıqdır, səması tutqundur... Oğulları torpaq uğrunda canını fəda edən bir yurdun əzəli və əbədi yaşamaq haqqı vardır. Əgər bir ata müharibəyə 4 oğul yollayırsa, demək ki, o oğullar dönməsə belə, Vətəni yaşadacaq oğullar doğulacaqdır. Şeir də yaddaş kimidir... Qan yaddaşıdı, tarixin özüdür bu yerdə...

 

Allahverdi kişi də oğlanlarını oda-alova atdı:

həkim oğlu düşməni iynələdi -

qayıtdı,

çoban oğlu otardı -

qayıtdı,

qalayçı oğlu sındırdı -

qayıtdı,

müəllim oğlu isə...

indiyəcən düşmənə hesab dərsi keçir...

 

Bir şeiri də var Qulu Ağsəsin, "...Şuşam" şeiri... Həyəcandan dili-dodağı əsən şeirdi, söz kəkələməyə düşür misralarda. Həyəcan metastaz verir. Tüklərin biz-biz olur, Şuşanın özündən də ağır dərdinə bu vaxta qədər necə dözdüyünü, ya da əksinə, dözə bilmədiyini, ağrıdan ikiqat olaraq necə əriyib yox olduğunu hiss edirsən. Vurnuxursan, əllərinlə boğazını haqlayırsan, nəfəsinin daraldığını, qaraldığını görəndə özünü qələmə, varağa çırpırsan. Şuşanın qulağına pıçıldayırsan, daşından, qayasından qopub gələn nə varsa, var. Səni sən edən Vətən dərdi avazımış çöhrəni Şuşa kimi sığallayır. "28 bəlaya gəlmiş il"dən sonra Ağdamı oxşaya-oxşaya Şuşaya varırsan:

 

...Bir də xoş gördük,

əyil qulağına söz deyim, Şuşam:

Da-rıx-mı-şam!..

  

Burda içində yatan boz qurd ulayır, səsi qulağına düşür... Əlini saçlarına, üzünə çəkirsən, vallah, elə çəkirsən ki, sanki bu iyirmi səkkiz ildə heç əllərin saçına, üzünə dəyməyibmiş belə... İçində büküb bələyib gizlətdiyin, doyunca qoxlamağa belə ürək etmədiyin çağadı bəlkə də Vətən... Nə gözəl demisən, şair, -

 

"Başının ağrısı -

alnında şırım açan kotanlardı,

Köçəri quşların vətəni dəndi...".

 

Hər şeirin bir ovuc dəndir, sözü bağı-bağçası bilənlərə...

Bəhərini Tanrı versin! Şairliyini Tanrı bağışlasın, Qulu Ağsəs!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!