İtkin - Hekayə. Şirxan ARANLI

 

Vətən müharibəsi qurtaran gündən Hicranın gözləri yollarda qalmışdı. Sevgilisi Qorxmazın yolunu gözləyirdi. Onlar bir-birlərini orta məktəb illərindən sevirdilər. Bir il əvvəl Qorxmaz hərbi xidmətə gedəndə Hicranla əhd-peyman etmiş, söz vermişdi ki, əsgərlikdən gələn kimi toylarını edəcək. Hələ üstəlik, birgə xatirə şəkli çəkdirib hər ikisi telefonunda saxlayırdı.

Qorxmaz alı təhsilli olduğundan bir illik hərbi xidməti başa catmağa bir necə gün qalmış müharibə başladı. Qorxmaz da başqa əsgərlərimiz kimi döyüş cəbhəsinə atıldı. Bir müddət Tərtər, Ağdərə istiqamətlərində döyüşdü, müharibənin ilk günlərindən cəsur bir döyüşçü, kəşfiyyatçi kimi özünü tanıtdı. Hərbi rəhbərlik tərəfindən şifahi və yazılı təşəkkürnamələr aldı.

Qorxmaz imkan olduqca Hicranla danışırdı. Sonuncu dəfə Muğanlı kəndinin azad olması uğrunda döyüşdüklərini dedi. Sonra əlaqə kəsildi. Müharibə qurtarana qədər, eləcə də sonra ondan xəbər-ətər olmadı. Əvvəllər Hicran o qədər narahat olmurdu. Fikirləşirdi ki, müharibədir, yəqin, imkan olmur, danışa bilmir. Müharibə qurtarandan, gedənlər qayıdandan sonra artıq qız ciddi narahat olmağa, onu soraqlamağa başladı. Rayon qəzetində müxbir işlədiyindən şəhidlərimiz və qazilərimiz haqqında qəzetdə tez-tez gedən məqalələri çox vaxt o hazırladığından həm də Qorxmazı soraqlayırdı. Bir dəfə eşitdi ki, qonşu kənddə müharibədən gələn bir nəfər Qorxmazla bir yerdə döyüşüb. Hicran arayıb həmin əsgəri, - Valehi tapdı. Valeh bildirdi ki, Qorxmaz qorxu bilməz, çox bacarıqlı kəşfiyyatçı idi. Komandirlər ən ağır, ciddi vəziyyətdə kəşfiyyata onu göndərirdilər. Axırıncı dəfə Muğanlı kəndi istiqamətində kəşfiyyata getdi. Həmin gün mən döyüşdə ağır yaralanıb qospitala düşdüm, daha Qorxmazdan xəbərim olmadı, kəşfiyyatdan gəlib-gəlmədiyini bilmədim. Sağalandan sonra isə məni səhhətimlə əlaqədər arxa cəbhəyə göndərdilər, döyüşə buraxmadılar.

Hicran Qorxmazdan bir xəbər öyrənmək üçün hətta bir dəfə hərbi çağırış məntəqəsinin rəisinin də yanında oldu. Lakin buradan da bir səhih məlumat əldə edə bilmədi. Beləcə, bütün bu görüşlərdə Hicran gizli nisgilinə son qoya bilmirdi.

Bir gün redaktorun tapşırığı ilə girovların dəyişdirilməsi barədə dövlət məlumatını əks etdirən yazı hazırlamalı oldu. Yazını hazırladıqca Qorxmazın girov düşməsi, onun dəyisdirilməsi ilə bağlı ümid qığılcımları ürəyində közərməyə başladı. O, Qorxmazı heç vaxt şəhid hesab edə bilmirdi. Ona görə də onun girov düşməsi və azad olunacağı ümidi ilə yaşayırdı.

Artıq müharibənin qurtarmasından bir ilə yaxın vaxt keçmişdi. Gedənlər gəlmiş, şəhid olanların cənazəsi gətirilmiş, girovların azad olunması prosesi də son mərhələdə idi. Adamların gözləri yollardan yığılırdı. Hicran iradəsinin və məhəbbətinin gücünə güvənib nə qədər dözümlü olsa da, hərdən qara fikirlər ürəyinə yol tapır və tez də bu hissləri özündən qovurdu. Bütün bunlar ona əzab verir, sarsıntı keçirirdi. Üstəlik, anasının ona qarşı münasibətində də müəyyən dəyişikliklər hiss edirdi . Nigaranlığına başqa narahatlıq da əlavə olunmuşdu.

İndi artıq ətraf cevrəsində Hicran üçün maraqlananlar, ona gözü düşənlər meydana çıxırdı. Yəqin, onlar belə düşünürdü ki, Hicranın istədiyi olsa da, artıq aylardır ondan xəbər yoxdur, gedər-gəlməzə gedib, qız da oturub onu gözləyəsi deyil ki?!

Gələnlər Hicranın anasının yanına gəlir, xeyir xəbəri onun anasından eşitmək istəyirdilər. Əslində, elçilərin gəlməsi anasının da ürəyindən idi. Çünki gözəl-göycək, savadlı qızının özü demiş "evdə qalmasına, qarıyıb qartımasına" razı ola bilməzdi. Odur ki, hər dəfə elçilər gedəndən sonra Hicran işdən gələndə tez onu yanlayır, ürəyini açırdı:

- Qızım, bu gün bazarkom Həmzənın arvadı gəlmişdi, səni oğluna istəyir.

- Ana, cavablarını ver getsinlər, mən ərə getmirəm.

Yeddi gün sonra ana yeni xəbərlə qızını "muştuluqladı":

- Qızım, bu axşam optavoy Çapoçunun adamları bizə gələcək.

- Ana, denən gəlməsinlər.

- Qızım, qonşumuz Çöpçü Sənəmin oğlu Vəliqulu da urusetdən gəlib, özü də ki, çox böyük varı-halı, əlinin dalı da gətirir, qabağı da. O gün səni görüb bəyənib o da elçi göndərmək istəyir.

- Denən göndərməsin.

- Ay qızım, hər gələnə yox deyirsən, başa düş ki, qızın da bir istənilən vaxtı var, sonra gec olur.

- Narahat olma, ana.

Ana bir qədər fikrə gedəndən sonra qəfildən yadına düşəni də dedi:

- Kəndimizin aşağısında olan yetim Mələyin oğlu Aqil müharibədən gəlib, deyirlər, sinəsi medalla doludu. Anası evlənmək üçün səni isnad edib, oğlu nə desə yaxşıdır? Deyib o qızın istədiyi oğlan mənim cəbhə yoldaşım olub, kimə istəyirsən get, ancaq ona yox. Mən cəbhədaşımın istədiyinə yiyə cıxa bilmərəm.

- Mələk xalaya denən oğluna "sağ ol"umu çatdırsın.

Günlər keçdi. Bir gün yenə anası Hicranı yanına çağırıb dedi:

- Qızım, özün savadlı, oxumuş qızsan, bilirsən ki, analar övladının, xüsusən qız övladının xoşbəxtliyini istəyir, mən də elə. Neçələrin dedim, razılaşmadın, indi öz doğmaca dayın oğlu Qulam sənə elçi göndərmək istəyir, səhər anası zəng eləmişdi. Özün bilirsən ki, onun Bakıda dördotaqlı evi, bahalı maşını, benzin kolonkası, xülasə, nəyi istəsən var. Qardaşım oğlu olduğuna görə demirəm, keçməli yer deyil. Öz dərdini çəkə bilməyən, üstəlik də, anasının yersiz təkliflərindən təngə gələn Hicranın əsəbləri tarıma çəkildi:

- Ana, hec kimə, eləcə də qardaşın oğlu səy Qulama gedən deyiləm. O dediyin var-dövlət də onun özünün deyil, rəis qardaşınındır.

Qızının sərt cavabı anaya toxundu:

- Bura bax ey, qardaşımın olanları da onun deyil, nə fərqi?! İkinçisi, sənə necə adamları deyirəm hamısı da varlı-hallı, yox deyib durursan. Fikrin nədir? Yoxsa o istədiyin oğlana - Qorxmaza görə heç kimə getmirsən? Görürsən, bir ilə yaxındır müharibə qurtarıb, gedənlər gəlib, gəlməyənlərin də qutuda meyitini gətiriblər. Qorxmazın nə öldü, nə qaldı xəbəri var, o, itkindr. Otuz ildir itkin olanlarımız var, onlardan xəbər cıxdı ki, ondan da çıxa?!. İtkinin nəyini gözləyirsən, özü yox, barmağında nişan üzüyü yox.

Hicran artıq dözə bilmədi:

- Ana, Qorxmaz mənim üçün itkin deyil, O, cismən yoxdur, özü nişan üzüyü ilə bərabər ürəyimdədir. Sevən bir ürəkdə iki nəfərə yer ola bilməz. Xahiş edirəm bir də mənə belə sözlər demə, yoxsa özümü...

Ana diksinib tez qızının ağzını qapadı:

- Yaxşı, qızım, yaxşı, belimizi qırma, bir də demərəm. Bir daş altda, bir daş üstdə. Səbirli, dözümlü ol, qızım, Allah kərimdir.

Bununla da söhbət bağlandı. Ancaq hələ də Hicranın gözləri yollarda qalıb...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!