Essevari fikirlər - Yeddinci silsilə - Alpay AZƏR

Alpay AZƏR

 

Qeybət günah və adi söhbət kontekstində. Məhəmməd peyğəmbər (s.ə.s) deyir, sui-zənn yox, hüsni-zənn et. Bunu təhlil etmək təbii, hədis alimlərinin işidir, amma yaşadığımız ziddiyyətli həyat reallıqlarını nəzərə alanda, həmişə hüsni-zənn etmək elə də asan olmur. Düzdür, nəzəri baxımdan bütün şübhəli, ikibaşlı sual doğuran situasiyalarda hüsni-zənn etmək ("Hər şeyi zatən Allah görür" məsələsi) qəlbə rahatlıq gətirir, ya gətirə bilər, bəlkə də elə peyğəmbər (s.ə.s) buna görə hüsni-zənn etməyi tövsiyə edibmiş. Bir də, axı, hamı Mövlana və Serafim Sarovski ola bilməz, - bu, məsələnin bir tərəfi. Digər tərəfdən, hər xoşagəlməz situasiyada hüsni-zənn edən adam özünü axmaq vəziyyətində hiss edir. "Axı göz görə-görə sən saxtakarlıq edirsən, mən necə sənə inanım?" - az qalırsan qarşındakı münafiqə bunu deyəsən...

Qeybət ümumi olaraq başqasının özü haqda eşitmək istəmədiyi, qulağına pis gələn sözlərdir. Amma məsələ elə orasındadır ki, bəzən bir adamın özü haqda nəyi eşitmək istəmədiyini bilmək olmur. Söhbət o sözlərdən, fikirlərdən gedir ki, onları qeybətə yozmaq da olar, yozmamaq da. Məsələn, ədəbi cameədəki söhbətləri götürək. Tutaq ki, bir neçə qələm adamı çayxanada hansısa nasirin bir romanını müzakirə edirlər və müəllif özü orda olmaya-olmaya başlayırlar romanı yıxıb-sürüməyə. Bu cür söhbətlərə bir tərəfdən, qeybət kimi yanaşmaq olar, çünki yazdığı əsər haqqında eşitdiyi fikirlər müəllifin xoşuna gəlməyə bilər. O biri tərəfdənsə, mətnlə bağlı deyilən ən sərt tənqidi fikir belə nəyə görə qeybət sayılsın? Yəni belə çıxır, müəllif nə yazır yazsın, qələm dostları onu tənqid etməməlidirlər ki, bu, qeybət sayıla bilər? Yoxsa müəllifin həmin müzakirələrdə olması mütləqdir? Məncə, mütləq deyil.

Qeybət hər şeydən əvvəl adamın içindən vulkan kimi çıxmaq istəyən sözlərdir. İnsan qeybət edir və rahatlaşır. O biri tərəfdən, qeybətin günah olduğunu bilənlər, bunun haram, günah tərəfini bir növ, azaltmaqçün özlərini sığortalamağa çalışır: "Dediyim qeybət kimi alınmasın", "Bunu qeybət kimi demirəm", "İkimizin arasında qalsın" (izahı: yəni qeybət kimi yayılmasın ki, axırda gedib sahibinə çatmasın). Dinə bağlı olanlar, adətən belə bir cümlə işlədirlər: "Əgər dediyim qeybətdirsə, savabı ona gedib çatır".

Qəribəsi odur ki, bəzən insan kiminsə eybini elə yumoristik şəkildə açıb deyir ki, sənə elə gəlir, haqqında deyilən adam bunu eşitsə, əsla inciməyəcək, əksinə, özü də qəşş edib güləcək, axırda deyəcək: "Düz sözə nə deyəsən". Halbuki eyni sözləri ciddi tonda desən və bu, gedib sahibinə çatsa, tamam başqa cür reaksiya verəcək.

"Adını çəkməyəcəm, deməli, bir dəfə...", birisi başlayır kiminsə qarasınca danışmağa və əmin olur ki, qeybət etmir. Bəlkə də bu, doğrudan qeybət deyil, çünki qeybət konkret şəxsə yönəlir. Başqa qismən oxşar misallar. "Adını çəkməyəcəm, bəlkə də bilirsən, söhbət kimdən gedir", "Söhbətin kimdən getdiyini bilsən də, ad çəkmə". Bu tipli söhbətlərdə bilmirsən, haqqında danışılan adamın qeybəti edilir, ya yox. Ən azından, qeybət edilməməsinə cəhd edirsən. O biri tərəfdənsə, ehtiyat edirsən ki, müsahibin ad çəkməsə də, söhbətin kimdən getdiyini hər ikiniz anlayırsız.

Bəzənsə qarşındakı adam ad çəkməyə bilmir, bir az tərəddüd edəndən sonra dillənir: "Nə isə... adını deyim də. Onsuz da elə böyük qəbahət iş görməyib," - yuxarıda dediyim vulkan püskürməsi və ya ağır yükdən azad olma baş verir. Düzdür, ola bilər, adını çəkdiyi adam gercəkdən qəbahət etməyibmiş. Amma bunu daha çox özünün böyük qəbahət etmədiyini göstərməkçün dediyi məlum olur. 

Kimsə bəzən feysbukda ad çəkmədən dostluğunda olan adamı tənqid edən status yazır. Status yazan öncə fikirləşir, ad yazsa, adamı incidə, xətrinə dəyə bilər. Eyni zamanda ona elə gəlir ki, bununla qeybətə yol vermiş olacaq. Amma elə də olub, statusda ad çəkilib və adı çəkilən buna şərh olaraq yazıb ki, qeybətimi edirsən ha. Status yazansa ona cavab verib: "Qeybət niyə? Arxanca danışmıram ki? Açıq şəkildə yazıram və sən oxuyursan". Bu tipli məsələlərdə mən daha çox status yazanı haqlı bilirəm, amma o biri tərəfdən, xətrə dəymək, incitmək məsələsi ortaya çıxır, hərçənd, ad çəkilməyəndə belə, statusu oxuyub bunu yüz faiz özünə aid olduğunu bilən adam yenə də incik qalır. ))

Bəzənsə insan əksinə, özü haqda qeybətə, ondan xəbərsiz istəmədiyi sözün deyilməsinə razı olar, nəinki o sözü şəxsən özü eşitməyə. 1988-ci il idi, Ermənistandan qovulmuş azərbaycanlı qaçqın uşaqlardan biri Vahid (şərti ad) bizim sinfə (səkkizinci sinfə) qəbul olmuşdu. İlk günlər bu oğlanın üzü heç gülmürdü, sinif rəhbərimiz bizə tapşırmışdı ki, onunla mehriban olaq, biz də müəllimin dediyini edirdik. Bir dəfə tənəffüsdə sinfimizdəki Şamil (şərti ad) həmin qaçqın şagirdin yanında olmasını hiss etmədi, gülə-gülə "Yeraz Vahidin danışmağı da komediyadı" dedi, bunu deyən kimi Vahid heç nə demədən sərt baxışlarını ona dikdi. Şamil qəfil susdu, utandığından qızardı, biz də susduq və o söhbət bir müddət sonra unuduldu... İndi fikirləşirəm ki, Vahid o zaman daha çox özündən xəbərsiz onun haqda "yeraz" sözünün işlədilməsinə razı olardı, nəinki bir neçə nəfərin yanında eşitməyə.

 

***

Qədər və üsyan. İman gətirmişlər belə, cavan yaşda yaxınlarını, əzizlərini itirəndə, qədərə tabe ilə Allaha xəfif, bəzən sərt, həm də gizli üsyanın arasında var-gəl edir. Qədərə tabe və üsyan arasında hərəkət bir növ ziqzaqvaridir. İmanı güclü olan daxili üsyanın kəskin həddə, - özüçün müəyyən etdiyi qırmızı xətt deyək buna, - keçdiyini hiss edəndə, tez Allahın qədərinə tabe olmağa can atır. Vaxtsız hesab etdiyi itkinin ağırlığını hiss edəndə, yenidən "Axı niyə də, niyə?" kimi suallar içində baş qaldırır. Bəzən üsyan edən özünü inandırır ki, o, heç də Yaradana asilik etmir. "Yox e, o, ölməməliydi axı. Elə də ağır xəstə deyildi. Axı, birdən-birə necə oldu ki... Bəlkə, etiraz heç də üsyan deyil?". İnsan etiraza bir növ, Allahla özü arasında olan məhrəm ərkyana münasibətdən doğan əməl kimi baxıb Onun mərhəmətinə sığınır. Eyni zamanda imanlı insan qəlbində yüngülvari gəzişərkən, "Deyəsən, Allaha üsyan edirəm" qənaətinə gəlir, tez də düzəliş edir öncə dediyinə: Başa düşürəm e, alnımıza nə yazılıbsa, o da olacaq... amma yenə də...".

 

***

"Qara tarix" statusunun ləğvi. 44 günlük müharibədən öncə biz yutubda erməni əsgərlərinin torpaqlarımızı işğalıyla bağlı kadrlara yarıxoş, yarıməcburi baxanda özümüzü, söyürdük. "Bu qədər də acizlik olar? İllərdi o qədər torpaq itirmişik, acizik, heç nə edə bilmirik, işğalla faktiki barışmışıq" - yanıb-tökülməyimizi bu cür ifadə edirdik. "Belə götürəndə, biz axı, neyləyə bilərdik? Ermənistanın arxasında o boyda dövlətlər dayanmışdı", - bunlar içimizdəki ağrını azaltmaq, özümüzə təsəlli verməkçün tez-tez dediyimiz sözlər idi. İndi isə çox güman, ermənilərin çoxu həmin kadrlara baxa bilmir, hətta müşahidə etmişəm, azərbaycanlıların onların yutubdakı videolarına yazdıqları lağ, təhqir dolu şərhlərinə belə reaksiya vermirlər, səbəb aydındır, - sarsılıblar.

Mən indi 1992-ci ilin mayında Şuşanın, 1993-cü ilin aprelində Kəlbəcərin işğalıyla bağlı ermənilərin yutubda yerləşdirdiyi videolara həvəslə baxıram, çünki o hadisələr artıq "qara tarix" statusundan çıxıb tarixə qovuşub. Mən indi Melkonyanın Kəlbəcərin işğalı vaxtı sevinə-sevinə avtomatla göyə güllə atması kadrlarına hardasa neytral gözlə baxıram, hərçənd, həmin epizodda yeniyetmə oğlan nəvəsini erməni əsgərlərinə vermək istəməyən azərbaycanlı nənəyə qulaq asanda gözlərim dolur. (Nənəni "Bizim əsgərlər gəlib sizi qıracaq" dediyinə görə güllələmişdilər, bunu ermənilər, təbii, öz kameralarına çəkməmişdi.) Əcaib səslənəcək, sanki Melkonyan heç düşmən deyilmiş. Şuşa indi bizdədir deyə, 1992-ci ilin mayında şəhərin işğalına rəhbərlik etmiş general Arkadi Ter-Tadevosyanın o vaxt şəhərə hücum əmri verməsi kadrlarına indi xarici sənədli film kimi baxıram. Söhbət həmin anda keçirdiyim hisslərdən gedir, aydın məsələdir ki, mən melkonyanların, ter-tadevosyanların, onların ideoloqları olmuş balayanların düşmənimiz olduğunu yaxşı bilirəm. Bir sözlə, otuz ilə yaxındır çiyinlərimizin üstündə yük olub bizi aşağı sıxan o hadisələr indi bizim götürə biləcəyimiz kitablarda öz əksini tapır.

 

***

44 günlük müharibə və instinktiv qadın təəssübkeşliyi. Səhv etmirəmsə, 44 günlük müharibənin əvvəlləriydi. Ermənistanın baş naziri Paşinyanın arvadı Anna Akopyan bir neçə erməni qadınla hərbi formada işğalçı əsgərlər arasında ruh yüksəkliyi yaratmaqçün Dağlıq Qarabağa səfər etmişdi. Bu səfəri saytlar geniş işıqlandırmışdı. Bundan bir müddət sonra bizimkilərdən kimsə Anna Akopyan başda olmaqla erməni qadınlarını "Qarabağdan Ermənistana qayıdandan sonra" başlıqlı yazı ilə hamilə vəziyyətdə (Azərbaycan əsgərlərindən hamilə qalmalarına işarə) fotoşopla düzəldilmiş şəklini feysbukda yayımlamışdılar. Şəklin altında şərhlər-reaksiyalar həmişəki kimi müxtəlif idi: lağlağı, qınama, haqq qazandırma və s. Diqqətimi daha çox çəkən məqam bir xeyli azərbaycanlı qadının bunu edənləri şiddətli qınamaları, profil sahiblərindən bu şəkli təcili yığışdırmalarını tələb etmələriydi. "Bu nə biabırçılıqdı!", "Adımızı batırmayın, ayıb olsun bunu edənlərə!", "Əsgərlərimiz ora seksual ehtiyaclarına görə getməyiblər, torpaq azad etməyə gediblər!" və s.

Azərbaycan qızlarının, qadınlarının təlaşını, hiddətini təhlil edəndə, belə bir nəticəyə gəldim. Onlar bir növ, öz həmcinslərinin virtual zorlanmasına qarşı öz hiddətlərini bildirmişdi, bu səbəbdən, onların diqqətini işğalçı orduya mənəvi dəstək verən qadınların milliyyəti yox, məhz qadın olmaları çəkmişdi və qəribə səslənsə də, bizim qızlar altşüur səviyyəsində erməni əsgərlərinə mənəvi dəstək verən həmcinslərinə münasibətdə istər-istəməz "həmrəylik" prinsipindən çıxış etmişdilər.

 

***

Con Qolsuorsinin "Forsaytlar haqda saqa" silsiləsindən olan ilk iki romanı oxuyanda belə bir qənaətə gəldim. Əsər eyni zamanda həm (süjet xəttinin ətalətliliyi ilə bağlı) darıxdırıcı, həm də maraqlı ola bilərmiş və bu, heç də məntiqsiz səslənmir.

 

***

Azərbaycan tərcüməçilərində bir kompleks var. Qərb yazıçılarının əsərlərini rus dilindən Azərbaycan türkcəsinə tərcümə edəndə, mətnin sonunda sadəcə "Tərcümə etdi: Filankəs Filankəsli" yazırlar. Yəni rus dilindən tərcümə etdiklərini yazmırlar. Halbuki, bəzən ikinci dildən uğurlu tərcümə heç də mətnin dəyərini azaltmır, onun orijinallığına ciddi xətər yetirmir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!