Tacın qaytarılması. Romandan parça - Səyyad ARAN

 

"Şuşa Qarabağın tacıdır"

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

- Aaaaauuuuu...

...Qurd səsiydi...

Çox da uzaqdan gəlmirdi...

Gecə gündüz kimi işıqlıydı. Heç bir əziyyətsiz hətta iynə saplamaq olardı.

Daha bir ulartı eşidildi. - Aaaaooooıııı...

- Qart canavardı. Dəstək verir. Bir yerdədilər. İnsan iyini duyublar. Çoxdular...

Füzulidən olan Fazil çoxbilmişlik elədi. Yerli şəraiti yaxşı bilən, Birinci Qarabağ müharibəsinin veteranı kimi onu dəstəyə bir neçə gün idi bələdçi götürmüşdülər. Özü israr etmişdi. Hərbi rəhbərlik: - Xeyri olar, - deyə razılıq vermişdi.

Hamı hər ehtimala qarşı yan-yörəsinə boylandı. Əlbəttə, qurd-zad gözə dəymirdi. Əsgərlərin reaksiyası şərti refleksvari bir hərəkət idi.

Dəstənin hərəkət ritmi əvvəlki qaydasındaydı. Səbirli, ehtiyatlı, inamlı.

- Hərdənbir buralara ova gəlirdik. Bu yerlərə demirəm, seyrəklik olan tərəflərə. Allah o günü göstərməsin ki, meşədə tək olasan. Yoxsa qorxudan zəhrin yarılar, o dünyalıq olarsan.

- O dünyalıq olandan sonra hardan biləcəksən?

- Əşşi, məsəlçün deyirəm dəə... Qoyasan hər şeyə mız qoyalar...

Fazilin cırnaması, sinəsinə-başına qapaz vurması əsgərlərin sümüyünə düşürdü. Komandirdən sonra ən yaşlı o idi. Tipik kəndistan nümayəndəsiydi. Sadəlövh, xıltsız, bababozu, ürəyi açıq, hamıya inanan, bütün əsgərlərə "əmioğlu" deyən - elə onun özünə də həmin xitabla müraciət edirdilər - böyük qardaş!

Bu dəfə qurdların bir neçəsi ağız-ağıza verib ulaşdılar. Səs dalğa-dalğa cəngəlliyə yayılaraq hamının içindən keçib getdi. Əsgərlər bir-birinə baxıb gülümsədilər. Görünür, canavarlar yaxınlıqlarında çoxlu adam olduğunu hiss etmişdilər, onu da anlamışdılar ki, hücum etsələr, dişləri qana batmayacaq.

Kimsə təəccübünü, bəlkə də həyəcanını gizlədə bilmədi:

- Bu nədi, əə?

- Özümüzünkülərdir. Narahat olmayın - kimsə mənalı şəkildə münasibət bildirdi. Bilənlər başa düşüb gülümsədilər, bilməyənlər fikrə getdilər.

Çətinliklə irəliləyirdilər. Əvvəlcə ağac budaqlarını, kolluqları əlləri ilə aralayır, sonra ayaqlarının altına baxaraq ehtiyatla addım atırdılar. Komandir əlində kompas hamıdan öndə gedirdi.

Xəbərdarlıq eləmişdilər ki, dabanlarını, pəncələrini usdufca yerə bassınlar. İti qələmələr, qurumuş ağac budaqları botinkaları nə qədər möhkəm olsa da, bıçaqdan betər barmaqlarını doğrayar, nəticədə həmişəlik şikəst olarlar. Əsgərlər bu xəbərdarlığa bacardıqları qədər əməl etməyə çalışırdılar.

Bəlli yol, cığır yox idi, əvvəlcədən mövcud olan bir yolla getmirdilər, yolu özləri "çəkirdilər" - çınqılsız, qırsız, bitumsuz.

Uzun illər insan ayağı dəyməyən bu yerlər sıx meşələr, çay yataqları, qayalıqlardan keçirdi.

Azərbaycan ordusu dərin planlama əməliyyatı  nəticəsində  Şuşaya 3 istiqamətdən  hücuma keçmişdi. Birinci istiqamət Xankəndi-Şuşa yolunu bağlamaq idi. İkinci istiqamət Laçın-Şuşa yolunu bağlamaq idi. Üçüncü istiqamət  Daşaltıdan Şuşaya qalxışı yerinə yetirmək və şəhərə girişi təmin etmək idi.

Ay hərdənbir buludların arxasında itirdi. Bu zaman yer-göy zülmətə qərq olurdu. Cığırı, izi səhv salmamaq üçün döyüşçülər astadan qarşıdakı yoldaşlarının adlarını çəkirdilər cavab alanda əmin olurdular ki, bəlli istiqamətdən aralanmayıblar, düz gedirlər. Yoxsa yolu azıb düşmənin üstünə çıxardılar.

Hərəkət məhdudiyyəti get-gedə çətinləşirdi. Həm qatı qaranlıq, həm də sıx duman dəstəni bada verərdi. Hətta kor adamlar da belə yeriməzdilər. Kim sürüşüb yıxılsaydı, onu axtarıb tapmaq ən ümidsiz bir iş olardı. Əsgərlər bir-birinin  ətəyindən, kürəklərindəki yük çantasından yapışmışdılar. Komandirdən əmr gəldi. "Hamı öz yerində dursun. Hərəkət dayandırılır".

Sükut qulaq batırırdı. Deyəsən, yaxınlıqda düşmən əsgərləri qalmamışdı. Bəlkə də bir azdan onların yerinə kimlərsə gələcəkdi, ya da növbə dəyişikliyi olacaqdı. Amma səs-səmir duyulmurdu. Heç uzaqdan da texnika səsi eşidilmirdi. Hər iki tərəfdə ölü sükut hökm sürürdü. Bəzən əsgərlərə elə gəlirdi ki, qulaqları batıb, kar olublar. Yumruqlarını qulaqlarına vururdular. Qulaqları ağrıyırdı, bunu hiss edirdilər, amma eşitmirdilər. Görməkdən isə söhbət gedə bilməzdi. Hamı "baxar kor" olmuşdu.

Bir azdan bədirlənmiş Ay yenidən dünyanı nura bələdi. Hamının qırışığı açıldı. Həyat eşqi, qələbə həsrəti təzədən əsgərləri səfərbər etdi. Nə qəribədir, deyəsən, qulaqları da açıldı. Gülümsəyərək bir-birlərinə baxdılar. Yenə hamının dadına Fazil yetdi: - Sən ölmüyəsən, dedim ta dünyanın axırıdır. Elə bildim Məlikməmmədin düşdüyü quyunun dibindəyəm. Mənim qardaşdarım heylə döyül haa... İşıq, sənə qurban olum.

Qurdların növbəti xorundan sonra əsgərlər komandirlərinin üzündə qəribə bir məmnunluq və təbəssüm gördülər. Çox intizarda qalmadılar. Onların marağını hiss edən komandir özü izahat verdi:

- "Qurd ağzı mübarək olar" - deyib babalarımız. Bu, yaxşı əlamətdir. Əməliyyatımız uğurla bitər, inşallah!

Hamı çox xoşnud oldu. Dəstədəkilər komandirin sözlərini başdan-ayağa bir-birlərinə ötürdulər.

Əməliyyat sirrini yalnız uzun şərid kimi uzanıb gedən bu kolonun xüsusi təyinatlıları bilirdilər. Ərgünəşin ətəklərindən başlayaraq ən öndə dəstə komandiri tez-tez əlindəki kompasa baxaraq Azərbaycan əsgərlərini Şuşaya aparırdı. Əməliyyat olduqca məxfi hazırlanmışdı. Xüsusi Təyinatlı Qüvvələrin ən say-seçmə döyüşçüləri seçilmişdilər.

Azərbaycan Silahlı Qüvvələrinin Şuşaya hücumu üçün cənub-qərb və şimal-şərq istiqamətində iki güclü birlik yaranmışdı. Düşmən mövqelərinin arxasına sızma əməliyyatından öncə Quru Qoşun qüvvələrinin aldadıcı manevr döyüşləri başlandı. Erməni qüvvələri parçalandı, çaşqınlıqdan lazımsız yerə güllələri dağa-daşa səpələdilər. XTQ qüvvələri onları bir-bir dənləyib axırlarına çıxdılar. Sağ qalanlar canlarını götürüb qaçdılar. 

Düşmən hərbi kontingentini və döyüş texnikasının əsas böyük hissəsini Azərbaycan Ordusunun motoatıcı qüvvələri ilə döyüşmək üçün səfərbər edərək Şuşa yaxınlığındakı Şuşakənd və Daşaltı istiqamətlərində toplamışdı.

XTQ Şuşa-Laçın yolundan əvvəl, yüksəlikdə olan erməni postunu ələ keçirdi. Bu, 1553 yüksəkliyi idi. Bu yüksəklik ələ keçiriləndən sonra Daşaltı tam olaraq Azərbaycan Ordusunun nəzarətinə keçdi. Əgər bu yüksəklik ələ keçirilməsəydi, əsgərlərmizin hərəkət fəaliyyəti düşmən tərəfindən daim nəzarət altında qalacaqdı. Şuşa əməliyyatının tez və uğurla başa çatması çox ciddi şəkildə uzana bilərdi.

Əsas tapşırıqlardan biri də düşmənin təminat yolunun bağlanması idi. Ermənistandan Laçın yolu ilə mütəmadi hərbi texnika və canlı qüvvə yardımı gəlirdi. Ona görə də Laçın-Şuşa-Xankəndi yolu nəyin bahasına olur-olsun, bağlanmalı idi.

Yüngül silahlarla yola düşmüşdülər. Tarixi-memarlıq şəhəri olan Şuşaya ağır texnika və artilleriya ilə girmək Ali rəhbərlik tərəfindən məsləhət görülməmişdi. Həm də seçdikləri istiqamətdən ağır texnika ilə gəlmək mümkün deyildi. Üstlərində tapanca, avtomat, bıçaq var idi. Şuşanı qəfil hücumla, əlbəyaxa döyüşlə almaq əmri verilmişdi. Tapşırıq hamıya aydın idi. Şuşanın qədim siması qorunmalı, köhnə şəhərin tarixi görünüşünə xələl gəlməməli idi.

Səssiz yeriyirdilər. Bircə ayaq altında qalıb çırtıltı ilə sınan quru budaqların, saralmış xəzəllərin xışıltısı eşidilirdi.

Birdən kiminsə: - Oy!.. Zibilə qalasan! - deyib sızıldadığı eşidildi.

- Nə baş verdi? - Bölmə komandiri təşvişlə arxaya boylandı.

- Deyəsən, İbadətin ayağına qələmə girdi, - kimsə İbadətdən betər sızıldayaraq dilləndi. Elə bil öz ayağına girmişdi. "Allah, sən saxla". 

- Yardım edin! - komandir əmr verdi.

Tibbi personal dəstənin axırında idi. İbadət: - Onlar gələnə qədər qanım axıb qurtarar, - dedi. - Kömək edin, ayağımı botinkadan çıxarım. Özüm özümə əlac edəcəm. Bilirəm...

Dostları köməyə tələsdilər. Botinkanı dartıb çıxartdılar. Tez kaskanı başından götürüb ayağındakı patavaları dartıb çıxartdı. Qana bələnmiş ayağı qızıl balıq kimi titrəyirdi. Kaskanın içində patavanın birini yandırdı, külünü yarasının üstünə qoydu. O biri ilə yaralanmış ayağını sarıdı. Yoldaşları yanan əskinin ətrafında dövrələmə durdular ki, kənardan baxanda işıq görünməsin. Bütün dəstə dayanmışdı. İbadətin rəngi qaçmışdı. Kərim yavaşca soruşdu:

- Çox ağrıdır?

- Yox, qorxuram general məni geri göndərər. Şuşanın qapısının ağzından geri dönmək... ölərəm...

- Deyəsən, həkimlər gəlirlər.

İbadət intizarla dostlarına baxırdı. Birdən onlar da geri qayıtmağı məsləhət bilsələr...

Bayaqdan mərd, mətin görünən İbadət qorxuya düşdü. Bölmə komandiri indi əsas söz sahibi olacaq. Böyük komandir İbadətin vəziyyətini soruşsa, onun cavabı həlledici ola bilər...

Üzünü bölmə komandirinə tutdu. Çəkinə-çəkinə dedi:

- Nazim, qardaşımsan, indi həkimlər gəlib yaramı dərmanlayıb sarıyacaqlar. Dəstədən ayrılmaq istəmirəm. Güllə dəyməyib, yaralanmamışam. İndiki vəziyyətdə belə şeylər adi haldır. Həm də "Yaşma" adıma yaraşdırmaram. Bunu sənə izah etməyim artıqdır... Yeriyə biləcəm. Narahat olma... Söz verirəm ki, heç kimə yük olmayacam.

Hə... Əsas məsələ bu idi: heç kimə yük olmamaq. Döyüş şəraiti deyildi. Hələ ki, yol gedirdilər - cəngəllikləri yara-yara. Ehtiyatlı olmaq lazım idi. Amma İbadəti də qınamaq olmazdı. İş olanda olur... Bu, ehtiyatsızlıq da deyildi. Qəzavü-qədər idi.

Eləydi... Amma hamının nigaranlığı o idi ki, yürüş ləngiyə bilər, qrafikdə nəzərdə tutulmuş vaxtda lazım olan məkana yetişə bilməzlər, əməliyyat pozular.

Bir nəfəri geri göndərmək elə də problem deyil. Amma İbadətin yanına kimi qoşacaqsan? Heç kim getmək istəməz. Şuşanı almağa gedirlər! Neçə ildən bəri gözlənilən gün gəlib. Bu qələbədə iştirak etmək ilahi sevinc, şəhid olmaq da cənnəti satın almaq deməkdir. Belə səadətdən kim özünü məhrum edər? Kimə desən, Allah göstərməsin, intihar edər. Durduğun yerdə qana düşərsən. Hələ İbadətin mənəvi durumu. Belə açıq deyər ki, özüm qayıdıram. Heç kəs mənimlə getməsin. Yoxsa özümü vuraram. Qurdlara yem olmaq bundan min pay yaxşıdır.

Azərbaycan ordusu mühüm strateji əhəmiyyəti olan ərazilərini - Suqovuşanı, Cəbrayılı, Hadrutu, Füzulini, Zəngilanı, Qubadlını azad etmişdi. Ən vacib rayonlardan biri Ağdam idi. Ermənilər əsas zərbəni ordan gözləyirdilər. Azərbaycanın Ali Baş Komandanı və Ordu rəhbərliyi uzaqgörənlik edərək Füzulinin yuxarısındakı meşəlikdən təzə cığır açaraq Şuşa üzərinə gedirdilər. Şuşa namus, qeyrət məsələsiydi, nəyin bahasına olur-olsun, alınmalıydı. Həm də bacardıqları qədər az itkiylə. Bu müharibədə ən prinsipial, baş məqsəd Şuşanın fəthiydi.

Düşmənlər buradan yol olmadığını bilirdilər. Keçilməz cəngəllikləri Azərbaycan ordusunun yararaq Şuşanın sıldırım qayalıqlarına çıxacağına inanmırdılar. Qayalar sürüşkən və dümdüz idi. Heç alpinistlər dırmaşa bilməzdilər. Ancaq qərar məhz belə idi və nəyin bahsına olur-olsun, tapşırıq yerinə yetirilməliydi. Hamı məhz bu ovqatdaydı. İkinci bir fikir, plan-filan yox idi. Bütün dəstə bu məqsədə köklənmişdi.

Tibbi personal İbadətin yarasını özü demişkən, necə lazımdı  qaydasına qoydu. Pəncəsini yerə basanda ayağı azca ağrısa da, bu ağrı o ağrıdan deyildi. Gülümsəyərək Nazimə baxdı:

- Ağrımır, qardaş! Yeriyə bilərəm.

Elə bil raport verirdi. Nazim əsgərini başa düşdü: - Allaha şükür!

Yenə qurdların ulartısı meşəni başına götürdü. Sirli, vahiməli xor nə qədər qorxulu olsa da, bu dəfə əsgərlərin tükü də tərpənmədi, artıq öyrəncəliydilər.

Fazilin replikası qulaqları dırmaladı.

- Ayə, bu qurdlar bizim nəyimizdi? Söz dilimin ucundadı e...

- Tüpür yerə, görəcəksən.

- Ehhh... Məzə qılmayın... Bilən desin. Ürəyim partladı.

Kimsə saymazyana replika atdı.

- Atanın əmisi nəvələri.

Hamı içindən gələn qəhqəhəni boğmaq üçün ağzını tutdu. Çoxu ağzıüstə yerə sərildi. Neçəsinin üz-gözünü tikan, qurumuş ağacların yerə tökülmüş sərt budaqları  qanatdı... Hər halda səs eləmək lazım deyildi, baxmayaraq ki, düşmən eşidə bilməzdi. Hər halda... Bir də gördün külək səsi götürüb apardı. Ehtiyatlı oğulun anası ağlamaz. Hərbin öz qayda-qanunu var.

Əvvəlcə Fazilin nə dediyini anlamadılar. Hamı bir-birinə baxdı. "Nəyi soruşur?". Heç kimdən səs çıxmadı.

Fazil daha da cinnəndi...

- Ehh!.. Ruslarınkı ayıdır, almanlarınkı qartaldır...

Yaxasını, başını didişdirdi, papağını iki-üç dəfə başından götürüb tərini sildi təzədən keçəlinə keçirdi, elə bil qaynayan qazanın köpünü alırdı.

Bayaq "Özümüzünkülərdir!" deyən astadan dilləndi: - Totem.

- Ay sənə quzu kəsim, komandir,  hə, hə, onu soruşurdum.

Aydınlıq gətirən XTQ-nin zabiti idi.

Fazil həm də dəstənin məzəsiydi. Sükut uzun sürəndə, döyüşüçülər darıxanda hamı onu axtarırdı. Demirdilər bir anekdot danış, söz de. Sadəcə baxıb gülümsəyirdilər. Fazil də fitini bilirdi. Heç kimi qırmırdı. Ağzı açılan kimi təptəzə bir anekdot hamının əhval-ruhiyyəsini ala buluda qaldırırdı. Hər kəs öz-özünə indicə eşitdiyi anekdotu ya bərkdən, ya da ürəyində təkrar edib yenidən uğunurdu. Gərilmiş yayı elə ustalıqla yumşaldırdı ki...

- Ay dədəmizin, babamızın totemi! Gəl düş qabağa, düz-əməlli yolla gedək, əziyyətmiz az olsun. Bu aralığı siz hamıdan yaxşı tanıyırsız. Axırda  da sənə iri bir qoç kəsərəm, dərisini də soyaram. Razı olmaram ki, o qoçu tüklü yeyəsən. Sonra da üzündən öpüb hörmətlə yola salaram.

Kimsə canavarın əvəzindən dilləndi.

- Sonra da sənin o keçəl başını  üzüb o biri dostlarıma ərməğan apararam.

Bütün eşidənlər uğunub getdi. Fazili tanıyanlar bir daha onun keçəl olduğunu xatırlayaraq qurdun ağzında başını təsəvvür edib qəşş edirdilər.

Fazil zərrə qədər də alınmadı. Əksinə, əcdadının rəmzinə hüsn-rəğbətini bəyan etdi:

- Qurbandı ona! Yırtıcı olsa da əsl kişidir. Yoxsa ermənilər kimi?

Əhval-ruhiyyə tam qaydasındaydı. Sıra əvvəlki ahənglə irəli yürüyürdi.  

Bir azdan sanki ilahidən səda gəldi. Komandirin xoşbəxtlikdən titrəyən səsinə qəhər də qarışmışdı. 

- Qardaşlar! Şuşanın qala divarlarının ətəyindəyik! 

 

***

Bura qədər XTQ üzvləri çox çətin mərhələlər adlamışdılar. Xüsusən Füzulidə ermənilərlə üzbəüz bir neçə açıq döyüşlərdə qabaq-qabağa gəlmişdilər. Bunlardan ən ağırı Soltanlı kəndində olmuşdu. Füzulidə o qədər istehkam qurğuları tikmişdilər. Böyük bir ərazi alınmaz qalaya çevrilmişdi.

Ətrafa qatı zülmət  çüküb. Göz-gözü görmür. Fəhmlə hərəkət edirdilər.

Hərdən Komandirin səsi gəlirdi: - Hündürdən danışmayın. Alışqanları söndürün!

Kor kimi yeriyirdilər. Aramsız xırda yağış başlamışdı. Hərdən çəpəki damcılar əsgərlərin gözünə düşürdü. Əlləri avtomatın qundağında və tətiyində olduğundan gözlərini deşən damcıları rədd etmək üçün başlarını tez-tez silkələyirdilər.

Dərənin ortasında bir ağac var. Əsgərlər dövrələmə onun altına sərələniblər. Duman olduğundan görünməmələri hamını arxayın edib. Havanın açılmasına hələ xeylaq var. Həm də gecdir. Ona görə fürsətdən istifadə edib yatanlar, mürgüləyənlər də var. Komandir bir söz demir.

Uzun səngərlər qəbirlərə oxşayır. Amma heç kimdə vahimə oyatmır. Artıq vərdiş eləyiblər. Belə mənzərələr dinc həyatda qorxuludur. Hər halda qazılmış torpaq adamda xoş hisslər doğurmur. O saat qəbir, dəfn gəlir xəyalına.

Yağış daha da şiddətlənir. İndi selləmə yağır. Kim hansı mövqedəydisə - elə ermənilər də - hamı yağışın şıdırğı səsinə uyaraq olduğu yerdəcə də qalıb. Görən, fürsət quşu kimin çiyninə qonacaq - kim birinci görüb atəş açacaq - yəni öldürəcək. Çox adi səslənir. Ancaq nəticə hamıya aydındır. Müharibədir. Baş leytenant Mahmudovun gündəliyindən: "Çalışıram ki, yatmayım. Amma keçən gecə də yatmadığımdan kirpiklərim daş kimi gözümün üstünə sallanırdı. Özümü saxlaya bilmirəm. Xırda bir kolun altına soxuram bədənimi. Guya yağışdan qorunuram. - Gözümün acısını alım bir az, - çavuşa deyirəm.

Bir şey olsa, möhkəm silkələ məni, tez ayılım.

Gözlərimi yumanda o qədər xoşbəxt oldum ki... Sanki dünyanın yükünü çiynimdən atdım".

Müharibədə hər saniyənin öz hökmü və yeri var. Olduğumuz ərazi qatı, bulanıq dumanın içindədir. Dəhşətli küləkdən dağın qarşı tərəfinə keçmək olmur. Şaxta iliyə qədər nüfuz edib insanı mələdir. Zirvədə olduğumuzdan ətraf ərazilərdən gələn atışma səslərini yaxından eşidirik. Hərdən səmaya atılan ərazi işıqlandıran işıqları görüb raket zənn edirəm, yavaş-yavaş, səssiz, yana-yana yerə düşdüyünü görüncə zənnimdə yanılıram.

Yağış kəsib. Bədənimiz alt paltara qədər suyun içindədir. Əməlli-başlı üşüdürük, titrəyirik, nə qədər edirik dişlərimizin şaqqıltısını kəsə bilmirik. Heç kim utanmır. Hamı eyni vəziyyətdədir.

Cəbrayılın mərkəzindən, Zəngilan istiqamətindən də artilleriya mərmiləri yağış kimi yağır. Daldalandığımız mövqelərdən çıxa bilmirik. Mərmilər düşərkən ayrılan qəlpələr yaxın məsafədən başımızın üstündən keçib gedir. Dua edirik ki, qarşı tərəfdən bizi görməsinlər, ərazi işıqlandıran fişənglər bizim tərəfə düşməsin. Səngərlərə yatıb növbəti əmrləri gözləyirik. Tərpənmirik. Yüksəklikdə olduğumuzdan ətrafda baş verənləri yaxşı görürük. Var gücümüzlə görünməməyə çalışırıq. Olduğumuz yeri görsələr, sağ-sol vursalar, bir nəfər də buradan çıxmayacaq. Bizim artilleriya bölmələri ilə düşmənin artilleriya bölmələri arasında qızğın atışmalar gedir.

Arxadan da bizi vururlar. Hamı səngərə girib. Heç başımızı da tərpətmirik. Tam hərəkətsiz vəziyyətdəyik. Partapartla hərbi sursat maşını kuzovundakı mərmilərlə birlikdə yanır. Duman bir yana, qara tüstüdən də yer-göy görünmür. Bu vəziyyət işimizə yarayır. Baxmayaraq ki, tam bir cəhənnəmin içində hiss edirik özümüzü. Buna dözmək olar. Təki düşmən hədəfi olmayaq.

Elə bu zaman başımızın üstündə bizim tərəfə atılan, diametri 1 metrə yaxın, uzunluğu 3 metr - arxasında fırlanan pərin olduğu bir raketin üstümüzə gəldiyini görürük. Raket düz qarşımızda dağın ətəyinə girərək yox olur. Təxminən 10-15 saniyə sonra partlayışın dalğasından dağ titrəməyə başlayır. Düşdüyü yerin ətrafında 100-150 metr radiusda ərazini bir anda şum halına salır. Növbəti raket mövqe tutduğumuz dağın bizə daha yaxın tərəfinə düşüb yenə yoxa çıxır. Növbəti partlayışı nə qədər gözləsək də partlamır, nədənsə. Bir-birimizə baxırıq. "Qurtardı?".

- Hər şey yaxşı olacaq. Deyəsən, bizi görmürlər! - tabor komandiri ürək-dirək verir.

İnanmırıq. Hamımız göyə baxıb növbəti raketin gəlişini gözləyirik. Deyəsən, səngidi...

Olduğumuz dağın arxa tərəfini düşmən minomyotu dayanmadan vurur.

Müharibədə təminatın çatdırılması da bir ayrı dərddir. Hansısa mövqeyə yerləşirsən, arxa ilə əlaqə bir az çətinləşir. Gedib-gələn zaman da düşmən gördüsə, işin fırıqdı. Mütləq döyüşə girməlisən. Bəzən yaxınlaşan təminat maşınları da minamyot atışları altında qalır. Ən çox çəkindiyimiz artilleriya atəşlərı idi. Birbaşa üstümüzə düşməyəcəkdisə, sağ qalmağa ümid qalırdı, qolumuz-qıçımız getsə belə. Durduğumuz yerin həndəvərinə düşsə, demək hamımız məhv olacaqdıq.

Günortaya yaxın təminat gəldi. Ərzaq, su dolu çantalar sanki cənnətdən göndərilmişdi. Köhnə, uçuq-sökük bir tikilinin yanında ərzaq təminatımızı almaq üçün növbəyə dururuq.

İki günün yuxusuzluğu əhədimizi kəsir. Yemək yadıma düşmür. Suya ehtiyacımız daha çoxdu. Aclığa dözə bilərik. Amma yuxu ixtiyarımı, gücümü əlimdən alır. Üşüdürəm. Danışa bilmirəm. Dilim söz tutmur. Gücüm get-gedə azalır. Bayaqkı çavuşa deyirəm.

- Yaxşı deyiləm, mənə nəsə olsa, yeməyi götürüb qalxın mövqelərə, uşaqlar ac qalmasın... Özümdən getmişəm. Yuxusuzluqdan. Ola bilər daha nələrsə də demişəm. Yadımda qalmayıb. Bəlkə ürəyimdə demişəm. Ona görə çavuş da eşitməyib. Sonralar mənə elə bu sözləri dedi.

Dayandığımız yerdə təcili tibbi yardım maşını olub. Məni maşına aparıblar, bircə onu bilirəm ki, özümü harasa yıxdım. Sonra heç nə xatırlamadım...

Bir müddət gedəndən sonra "Mən həkiməm" deyən kiminsə mənə dərman, sonra da, "çörəkarası" deyilən içində kotlet, lülə olan bir dürməyi uzatdığını xatırlayıram. Görünür, ac olduğumu deyiblərmiş.

Düzünü deyim ki, düşməni öldürdükcə daha çox öldürmək istəyirsən, bir növ vəhşiləşirsən, müharibənin qaydasıdır, öldürməsən, öləcəksən, öldürüləcəksən.

Generatorları götürüb postdan çıxdıq. Heç nə edə bilmədilər. Şəhidlərimizi 2 saata çıxartdıq, 8 km yol gəldik. Snayper əsgərimizi vurub yaralamışdı gözləyirdilər ki, gedib onları götürəndə ən azı köməyə gələn daha 3-4 nəfəri  də vursunlar.

Ermənilər özləri də etiraf edirdilər ki, azərbaycanlılar nəyin bahasına olur- olsun, yoldaşlarını çiyinlərində həmişə daşıyıb aparırlar. Çöldə qoymurlar, yiyəsiz atıb getmirlər.

Onların postlarında narkotiklər çox olurdu: cürbəcür iynələr, dərmanlar, həblər, spirtli içkilər...

Döyüş olmayanda darıxırdıq. Xahiş edirdik, səngərdə girələnməkdənsə bizi kəşfiyyata göndərsinlər.

Bərk yağışa düşdük. Dəhşətli dərəcədə üşüyürdük. Susuzluğumuz yatmışdı. İndi də aclıq əhədimizi kəsirdi.

Ermənilər minomyotda çox güclüydülər. Dünyada ikincidirlər.

Elə simptomlar var ki...

Kasat mərmilər atırdılar.

Hansısa kəndi xatırladan xarakterik bir tikili, ev, ağac qalmamışdı. Bütün evlər təməlinə qədər sökülmüşdü. Ağaclar dibindən kəsilib aparılmışdı. Hər yer xarabazarlığa çevrilmişdi. Kəndləri xəritə ilə güc-bəla müəyyənləşdirirdik.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!