Ayçil adlı bir qız evdəkilər ilə heç yola getmirdi. Günlərin bir günü o, asfaltı qızılı yarpaqlarla örtülmüş balaca bir şəhərin balaca küçəsində bikef gəzirdi. Küçənin tinində yerləşən gözəllik salonunun qarşısından keçəndə ayaq saxlayıb dırnaq ustasının pəncərəyə yapışdırdığı reklamı oxumağa başladı: A4 vərəqində qırmızı caynaqları olan bir qartal qaşının birini qaldırıb pəncərədən ona baxırdı. Şəklin altında bir yazı da vardı: "Dünyanın ən qəşəng dırnaqlarını düzəldən dırnaq ustasının salonu".
Qız salona girib ustaya dedi:
- Mənə dünyanın ən uzun dırnağını düzəldə bilərsiniz?
Usta soruşdu:
- Nə qədər uzun olsun, zürafənin boynu qədər?
- Yox, daha uzun.
- Çin səddi qədər?
- Yox, ondan da uzun.
- Nil çayı qədər?
- Bir az da uzun.
Ustanı lap fikir götürdü, dırnaq bıçağını itiləyə-itiləyə göy üzünə baxdı və dedi:
- Yerin Ayı dövrə vurduğu vaxt qədər nə uzun ola bilər ki?! Bu mümkün olan işdir, ancaq baha başa gələr, - söylədi.
Ayçil dedi:
- Yatağımın altında bir balon 50 qəpikliyim var.
- Olsun, keç əyləş. Gör sənə necə dırnaq düzəldəcəyəm, qartal caynağından möhkəm, ekvator xəttindən uzun dırnaqların olacaq.
Ayçil əllərini ustanın masasına qoydu, qulaqcıqlarını taxıb rahatca əyləşdi. Hər şey hazır olandan sonra usta dedi:
- Qalxa bilərsən, dırnağını yavaşca tıqqıldadan kimi o istədiyin qədər uzanacaq.
Sehrli dırnaqlarına qovuşan qız həyətdəki skamyada oturub onları yoxlamaq istədi. O, ətrafa baxıb, kimsənin olmadığına əmin olduqdan sonra dırnağını skamyanın taxta söykənəcəyində tıqqıldatdı. Dırnaq uzanmağa başladı, qız onu digər skamyanın altında yatan qara itin qulağına kimi uzadıb iti qıdıqladı. İt dərhal arxaya çevrildi, ancaq bunu kimin etdiyini bilməyib, qarşı tərəfə hürdü. Qız gülməkdən keçindi. O, kefi kök evə gəldi. Səhər tezdən qardaşının yataq otağının qapısının altına dırnağını uzadıb onun telefonunu götürdü və həyətdəki it damına qoydu. Sonra ata-anasının əşyalarını qarışdırdı. Bir az keçmiş evdə səs-küy qopdu.
Qardaşı acıqlandı:
- Bu dəqiqə telefonumu qaytar.
- Mən necə götürə bilərəm ki, sənin telefonunu? Sən qapını arxadan bağlayırsan.
Oğlan fikirləşdi: "Doğrudan da. Gedim bir də axtarım telefonumu".
Qız əllərinə baxıb xısın-xısın güldü. Sonra onun dırnağı qonşu həyətdəki çiyələk bağına uzandı. Bağban quşlara hirslənib deyinəndə Ayçil gülə-gülə çiyələkləri bir-bir ağzına ötürürdü. Beləcə, o öz dırnaqları ilə hər gün bir macəra yaşayırdı. Bir axşam ulduzlar göylər çəmənində sayrışanda qızın ağlına bir fikir gəldi: "Niyə axı mən indiyənəcən dırnaqlarımı ulduzlara uzatmamışam?!". O, ən parlaq ulduzu seçib onu qoparmaq istədi. Birdən ulduz qızcığazın dırnağından yapışıb onu göyə qaldırdı. Ayçil qışqırmağa başladı:
- Başım fırlanır, ürəyim bulanır, kömək edin, yerə endirin. Ay! Vay!..
Yer üzündən göy üzünə baxanda qızcığaz ora-bura qaçan quyruqlu ulduza bənzəyirdi. Ulduzlar onun yerdəki əməllərinin şahidi olduqları üçün çox qəzəbli idilər. Onlar bu dəcəl qıza yaxşıca dərs vermək istədilər: əvvəlcə onu daş planetə göndərdilər. Qız burada bərkləşmiş torpağı dırnaqları ilə qazıb yumşaltmalı idi. O, haldan düşənəcən bütün planeti uzun dırnaqları ilə şumladı. Sonra onu okean planetə göndərdilər; o, dənizlərin dibindəki par-par yanan mirvariləri çıxarıb göy üzünə düzməli idi. Uzun dırnaqları ilə səhərdən axşamacan göyə muncuq tikdi. Lakin qəzəbli ulduzların hirsi bununla da soyumadı. Qız heç də yaxşı olmayan bu əməlindən dərs götürsün deyə, onu ən əzablı planetə yolladılar: bu kədərli planetdə heç bir iş yox idi, hava daim mısmırığını sallayıb dururdu və səma da tez-tez gözlərindən yaş çiləyirdi. Bu qəmli planet qızın gözlərini o qədər nəmləndirdi ki, o, hönkür-hönkür ağlamağa başladı. Ancaq böyük və parlaq ulduzlar həmişə mərhəmətli olur. Onlar qıza ibrət verməyi dayandırdılar:
Başı daşdan-daşa dəymiş qız ulduzlardan üzr istədi:
- Daha dırnaqlarımla heç kimi narahat etməyəcəm. Hamıya hər şeyi etiraf edəcəm, ancaq məni öz evimə qaytarın, xahiş edirəm.
Ulduzlar Ayçili dırnaqları ilə birgə dünyaya yolladılar. Evə qayıdan kimi qızcığaz hamını bərk-bərk qucaqladı və aldığı dərsi heç zaman unutmadı, qızı görən usta gülümsəyib soruşdu:
- Necədir, xoşuna gəldimi dünyanın ən uzun dırnaqları?
- Yox, sənə qaytarıram onları. Bir də heç kimə bu cür - ayrılıq qədər uzun dırnaqlar düzəltmə.
İllüstrasiya: Salvador Dali
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!