Mizan-tərəzi vaxtı
Mömin bir müsəlman nəql edir, varlı-hallı kişi övladlarını yanına çağırıb vəsiyyət edir ki, "mən öləndən sonra dəfn edəcəksiniz ha, yanımda bir nəfər də diri adam basdırın ki, o qaranlıq dünyada tək qalmayım". Balaları özlərinə "əl atırlar" ki, "ay kişi, Allah eləməsin, sən bu dünyadan gedəsən, elə bir şey olsa, biz necə yaşayarıq? Bir də ki, hansı adam razılaşar ki, ölməmişdən onu sənin yanında qəbrə qoyaq?".
Kişi dillənir:
- Hər şey puluynan deyil, nə qədər istəsə verin, gətirin mənim yanımda basdırın! Özünə də başa salın ki, qorxub-eləməsin, bütün mərasimi cah-calalla keçirəcəksiniz.
Məxləs, bir gün kişinin vaxtı gəlir, Əzrayıl canını alır. Aparıb basdırmamışdan əvvəl balaları düşür əl-ayağa ki, "bəs atamızın vəsiyyətini yerinə yetirməliyik".
Cənazə ortalıqdaykən, haray salıb cındırından cin hürkən kasıb bir adam tapırlar. Əlbəttə, adam əvvəlcə razılıq vermir. Rəhmətliyin balaları dil-ağız edirlər ki, "biz sənə istədiyin qədər var-dövlət, pul-para verərik, atamızın yanında yatmağa razılıq ver. Nə olacaq, evdə yatma, bir az da qəbirdə yat".
Adam fikirləşir ki, belə kasıb yaşamaqdansa, razılıq versin, heç olmasa, ailəsi var-dövlət içərisində yaşayar. Elə də olur. Onu da ölənlə bir yerdə diri-diri basdırırlar torpağa. Adamlar qəbiristanlıqdan çıxan kimi, kişi güc-bəla ilə yuxarıdan bir deşik açıb başlayır hava almağa.
Bir də görür ki, inkir-minkirlər əllərində bir toppuz gəldilər, istədilər ölən kişini sorğu-suala çəksinlər. İnkir-minkirlər baxdılar ki, ölünün yanında biri yatıb. Dedilər, gəlin, əvvəlcə bunu sorğu-sual edək, görək, o dünyada nə hoqqalardan çıxıb, nə yuvanın quşudur və diri-diri burada nə gəzir? İnkir-minkirlərin ən bədheybəti qışqırdı ki, "a kişi, sən ölməmiş buralarda nə işin var?". Kasıb adam ağlaya-ağlaya əhvalatı danışır və deyir ki, o dünyada it kökündə yaşayırdım, ona görə də bu dünyaya gəlməyə razılıq verdim. Bircə eşşəyim vardı, indi onun üçün darıxıram.
İnkir-minkirin biri bağırdı:
- Eşşəyini yaxşı ki, yadıma saldın. De görək, gündə o yazıq heyvana neçə şallaq vururdun?
Kişi gördü ki, bu həna o hənadan deyil, yalan danışsa, toppuz dəyəcək kəlləsinə, dedi ki, "İnkir-minkir ağa, gündə eşşəyə on-on beş şallaq vururdum". İnkir-minkirin gözləri bərəldi və qışqırıb zəbanə çəkdi:
- Ey adəm, deməli, eşşəyə sən ömür boyu zülm vermisən!
Sonra əlində qamçı tutan inkir-minkirə əmr etdi ki, "bu kişini şallaqla! Ölən kişi ilə haqq-hesab qalsın sonraya. Onsuz da o ölüb, heç yerə qaçan deyil...".
Kişini o ki var şallaqladılar, dedilər: "sabah gəlib davam edərik". Sonra çıxıb getdilər.
Onlar gedən kimi kişi qəbirdən çıxıb dabanına tüpürərək qaçmağa başladı. Yolda varlı mərhumun övladları qabağını kəsib soruşdular: "Hara qaçırsan, a kişi, bəs bizim var-dövlət, pul-para nə oldu?".
Kişi cavab verdi:
- Mən eşşəyə gündə on-on beş şallaq vurmuşdum, o dünyada hamısının əvəzini çıxdılar! İndi görün, əyri-üyrü yollarla var-dövlət qazanan mərhum atanızın başına nələr gətirəcəklər?!
Yorğan-döşəkdə qaldı...
Qayınanamdan yaman qorxurdum. Arvadın boz sifətini görəndə canıma üşütmə düşürdü. Niyə? Ailə işimə qarışırdı, gündə qızını qızışdırıb evimizə dava-dalaş salırdı, dözürdüm, bu bir. Anamı, xalalarımı, bibilərimi qatırdı bir-birinə, ondan-buna, bundan-ona deməklə ara qarışdırırdı, bu iki. "Xalqın kürəkənləri qaz vurub, qazan doldurur, mənim kürəkənim quruca maaşa baxır, acından ölür" deməklə məni qohum-qonşu yanında hörmətdən salır, abrımı tökürdü, bu üç. Saymaqla qurtaran deyil. Balalarımın xatirinə ailəmi dağıtmaq istəmirdim, "qayınanam bu gün-sabahlıqdır" düşüncəsi ilə birtəhər dözürdüm. Belə-belə, ömrümün yarısı ah-vayla keçdi...
Bir gün eşitdim qayınanam düşüb yorğan-döşəyə. Dedilər vəziyyəti ağırdır, "o tərəflikdir". Sevincimdən nəzir-niyaz payladım. Amma büruzə vermədim, qayınanamın yanına gedib, başladım yaltaqlanmağa:
- Ay arvad, qorxma, xəstəlikdir də, keçib gedər. Nə lazımdır de, yerin deşiyindən tapım, gətirim. Hələ ki sağam, qoymaram sənə bir şey ola.
Qayınanam çənəsi əsə-əsə dilləndi:
- Sənin heç nəyin mənə lazım deyil! Get, qohum-qardaşı yanıma çağır.
Ağzım nə idi onun əmrini yerinə yetirməyəydim! Hamıya xəbər verib yığdım qayınanamgilə. Elə ki, qohumlar cəm oldu, qayınanam dilləndi:
- Mən ölürəm. Kimə nə vermişəm, gedin gətirin.
O, yastığın altından bir siyahı çıxarıb, "verdiklərimi bax, bura yazmışam, gizlədib eləməyin" - deyə gözlərini qıydı.
Hamı mat-məəttəl bir-birinə baxdı. Əlacları ona qaldı ki, qayınanamın göstərişinə əməl eləsinlər. Elədilər də. Kimi qayınanamın pay verdiyi paltarlıq parçaları gətirdi, kimi xrustal qab-qacağı, kimi də borc pulları geri qaytardı. Qayınanam bununla kifayətlənməyib özünün geyim paltarlarını da üst-üstə yığdırdı. Sonra iki yekə xrustalı bir-birinə vurub sındırdı. Baldızım qışqırdı:
- Ay arvad, neynirsən, dəli olmusan?
Qayınanam onun sözünə məhəl qoymadı, geyim paltarlarını da cırıq-cırıq eləyib yanan peçə atdı.
Qayınım dözə bilmədi:
- Paltarlarını niyə yandırırsan, ay arvad?
Qayınanam qışqırdı:
- Mən öləndən sonra nəyimə lazımdır?!
Bacanağım başladı dil tökməyə:
- Ay ana, elə hər xəstələnən ölür ki? Allah qoysa bu gün-sabah sağalıb durarsan ayağa. Paltarsız gəzəcəksən?
Bu sözlər qayınanamın qulağına girmirdi. Elə hey sındırıb-yandırırdı. O, son kibrit çöplərini də yandırıb dilləndi:
- Vəssalam! İndi o dünyaya rahat köçə bilərəm!..
Bədbəxtlikdən düz bir həftədən sonra qayınanam sağaldı. Amma yorğan-döşəkdən qalxa bilmədi. Çünki əyninə geyməyə bircə paltarı da qalmamışdı...
Misralar kimindir?
Qəzet redaktoru Salman Mütrif oğlu redaksiyada lövbər salıb yazı-pozu ilə məşğul idi. Qapı döyüldü, Ədəbiyyat şöbəsinin müdiri kabinetə daxil oldu. Masanın üstünə bir hekayə qoyub dilləndi:
- Salman müəllim, istedadlı gənc yazıçılardan birinin əsəridir. Oxumuşam, pis deyil, məsləhət bilsəniz, çapa verərik.
- Yaxşı, biz də oxuyarıq, görək nə yazır?! - deyə redaktor Mütrif oğlu təşəxxüslə bildirdi.
Şöbə müdiri otaqdan çıxan kimi, Salman müəllim hekayəni oxumağa başladı. Gördü paho, şöbə müdirinin gənc yazıçı adlandırdığı Naşükür bəy ölkədə nə qədər vəzifə sahibi var, hamısını biabır-rüsvay edib. Axırda da iki misra ilə fikirlərini belə tamamlayıb:
"Vicdanı sönük başçıların qəfləti ancaq,
Etmiş, edəcək milləti əllərdə oyuncaq".
Birinci misradakı "başçıların" sözü Mütrif oğlunu əsəbiləşdirdi, düşündü ki, "bu gədə lap ağ edib! Yəqin, icra başçılarını nəzərdə tutur. Hamını özümlə düşmən edə bilmərəm ki!". Odur ki, birinci misradakı "başçıların" sözünü pozub, belə yazdı: "Vicdanı sönüklərin qəfləti ancaq...".
Səhəri gün qəzeti oxuyan bir ədəbiyyatşünas alim redaktor Salman Mütrif oğluna zəng vurub təəccübünü bildirdi:
- A kişi, siz nə etmisiniz, o boyda yazıçının misrasını niyə dəyişdirib bu günə salmısınız?
Redaktor Mütrif oğlu cavab verdi:
- Əşi, Naşükür bəy cavan yazıçılardandır. Adından da məlum olduğu kimi, naşükürün biridir! Ölkədə vəzifə sahibi qalmayıb, hamısına sataşıb. Hələ onun hekayəsini çap eləmişəm, gərək sevinsin...
Professor əsəbiləşdi:
- Ay Salman müəllim, Naşükür bəy kimdir? Həmin misralar Hüseyn Cavidindir ey, başa düşdün?!
Gün ərzində redaktora yüzlərlə belə zəng vuruldu. Zəng vuranlar bilmirdilər ki, Mütrif oğlu ömründə Hüseyn Cavidi oxumayıb. "Yazıq" haradan biləydi ki, misralar kimindir?
Qorxuram
Heç nədən qorxmuram. Qəzetdən, tənqiddən, dedi-qodudan, söz-bezdən qorxmuram. Yuxusuzluqdan, əziyyətdən, kasıblıqdan qorxmuram. Vəzifəsizlikdən, vəzifədən çıxmaqdan qorxmuram. Bircə şeydən - müsəlmanların öz dillərini unutmalarından qorxuram.
O gün həyətə çıxmışam, qonşuluqda yaşayan müsəlman uşağı məni görüb deyir:
- Zdravstvuyte!
Soruşuram, bala, sən russan?
Cavab verir:
- Net.
Deyirəm, bəs mənə niyə rusca salam verirsən?
Deyir:
- Otets, mat po-russki qovoryat...
Heç kimdən qorxmuram, heç nədən qorxmuram. Xəstəlikdən, həkimlərdən, yıxılıb qolumu-qıçımı sındırmaqdan, yalançılardan, rüşvətxorlardan, yaltaqlardan, ikiüzlülərdən qorxmuram. Bircə şeydən qorxuram: Müsəlmançılığı itirməkdən. Bəzi müsəlman müğənnilər gül kimi mahnılarımızı qoyub başqa ölkələrin mahnılarını oxuyurlar, eybəcər şəkildə "rəqs" edirlər, ilan kimi qıvrılıb-açılırlar. Adama deyərlər, bala, sən müsəlmansan, yoxsa moltanı? Hər ölkənin, hər millətin mahnıları gözəldir, buna sözüm yox. Sənə nə düşüb ki, onların mahnılarını oxuyursan, özü də necə deyərlər, qolunu-qıçını sındıra-sındıra? Belə mahnılara daha çox qulaq asırlar, kasetlər çox satılır, eləmi? Bəs bilmirsən ki, bu da bir siyasətdir? İstəyirlər ki, müsəlmançılığa bu tərəfdən də zərbə vursunlar? Yəni müsəlman olduğunu sənə unutdursunlar! Bax, mən də elə ondan qorxuram. Qorxuram ki, bir tikə müsəlmançılığımız qalıb, onu da unudaq!
Heç nədən qorxmuram. Ölümdən, o dünyada qurulacaq mizan-tərəzidən, cənnət-cəhənnəmdən, Qıl körpüdən qorxmuram. Amma bir şeydən qorxuram: Müsəlmanların vətəni, torpağı unutmalarından. Kimi dindirirsən, deyir "xaricdə yaşamaq istəyirəm". Nə var axı, bu xaricdə? Xaricdə yel əsib, qoz tökülüb? Adam da vətənini, ana dilini, ana laylasını unudar?
Xülasə, mən heç nədən, heç kimdən qorxmuram. Bircə müsəlmanların dilimizi bərbad hala salmalarından, ana laylası kimi mahnılarımıza yad xallar qatmalarından, milləti unutmalarından qorxuram. Vallah-billah, qorxuram!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!