Sadəcə o gün - Hekayə. Nurcan İSMAYILZADƏ

İsmayılzadə Nurcan Gündüz qızı. 2007-ci il 2 yanvar tarixində Ağsu rayonunda anadan olub. Ağsu rayon Aslan Nadirov adına 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir.

 

"Həyat sən planlar qurarkən qarşına çıxanlardır...". Bu cümləni izlədiyim bir filmdə eşitmişdim. Əslində, bu cümlə mənim son bir neçə ayda başıma gələnlərin qısa bir açıqlaması ola bilər. Həyat bizə dərs verməyi çox sevir. Mənə çox şey öyrətdi bu ədalətsiz həyat. Məsələn, insanı illər deyil, yaşadıqları böyüdürmüş. Çox yaxşı anlayıram bunu artıq.

Cəmi 20 ildir həyatdayam... Amma həyat məni elə sınaqlardan keçirdi ki, 20 illik həyatım süjet xətti kimi bir dəqiqədə gözümün önündən keçdi və itdi. İndi isə xatirələrimi yalnız ətrafımdakı insanlar sayəsində öyrənirəm. Amma o gün, sadəcə o gün gözümün önündən, beynimdən silinmir. Həyatımın dönüş nöqtəsi olan o gün... Beynimi sıfırlayan, həyatımı dəyişdirən, yaşamımı alt-üst edən, lənətə gəlmiş o gün. Bəlkə də bu sınağı mən seçmişdim. Bəlkə də mənim bağışlanması mümkün olmayan səhvimə görə olanlar olmuşdu. Beynimdən keçən düşüncələr, o gözəl xatirələr hamısı itmişdi. Qurduğu xəyalları xatırlamazmı insan... Mən xatırlamırdım. Niyə? Niyə axı, gözəl günlərim durarkən mən vicdan əzabımı xatırlayırdım. "Ən dəyərlimi, qardaşımı itirdikdən sonra onsuz da ən böyük qorxumla, təkliklə baş-başa qalmışdım". Ən kədərlisi isə bu cümləni yazdığım günlüyümdən oxumağım idi. Anamın dediyinə görə, ən azından anam olduğunu deyir, qardaşım öldükdən sonra içimə qapanmış və sadəcə qara rəngdə olan günlüyümə içimi boşaldırmışam. Qardaşımla biz çox yaxın idik, yəni olmuşuq. Valideynlərimin dediyinə görə, yəni sadəcə anamın. Bəli, sadəcə, anam. Çünki atam mənə, səhvlərimə, o lənət günə görə komada yatır. Öz başıma gələnləri qoyum kənara, soyadını daşıdığım adamın komada yatmasına səbəbkar mən idim və o insan ayılmayana qədər özümü bağışlamayacaqdım. Çünki beynim məndən intiqam alırmışcasına o günü beynimdə dolandırır. Mənim heç kimi ağlatmaq haqqım yoxdur. Hələ məni dünyaya gətirən qadını heç yoxdur. Oğlunu itirdikdən sonra həyat yoldaşını da itirməsi və bunun səbəbinin digər övladının olması onun üçün acı, böyük bir acı olacağını bilirdim. Amma o məni heç vaxt günahlandırmadı, günahkar sənsən demədi.

Artıq bir aya yaxın müddət idi ki, xəstəxanada atamın oyanmasını gözləyirdik. Mən bir aydır gözləyirdim, amma anam məni də gözləmişdi.

2 ay... Ailəsini çarəsizcə gözləyən bir ana. Gözləri yaşlı, bədəni titrək, hər saniyə nəsə olacağını düşünən ana. Nə qədər acı. Bunların hamısı mənə görə idi. Mən o qadını gözü yaşlı qoymuşdum. Mən o qorxunu yaşatmışdım ona. Sanki beynim o qadının göz yaşlarının acığını çıxarırmış kimi o lənət günü dayanmadan xatırladırdı  mənə. Amma mənim belə ah etməyim düzgün deyildi. Çünki mən də, beynim də yaxşı bilirdi mənim günahkar olduğumu. Düşüncələrimdən anamın səsi ilə ayrıldım. Xoş və titrək səsiylə mənim evə qayıtmağımı istəyirdi. Etiraz etsəm də, bir faydası olmayacaqdı. Ona görə də qəbul etdim. Amma içim rahat deyildi. Tək qoymaq istəmirdim onu bu murdar yerdə. Bir yandan da onu daha çox yormaq istəmirdim. Ona görə də qəbul etdim. Əlifbanı yeni öyrənən uşaq kimi mən də ünvanımızı yeni öyrənmişdim. 20 ildir yaşadığın evin ünvanını unutmaq. Qulağa qəribə gəlir. Amma gülməli də olsa, içində bir buruqluq var. Çatdım ünvanını yeni öyrəndiyim evə. Əşyalarımı götürmək üçün şifonerin qapısını açdığımda başıma bir qutu düşdü. Allahım, bir bu əskik idi. Həyatda sanki başıma gələnlər azmış kimi, sanki ağlım çox çalışırmış kimi bir də bu çıxdı. Ətraf  qutunun içindəkilərlə darmadağın olmuşdu. İçindəkilər həddinən artıq maraqlı idi. Şəkillər və bəzi oyuncaqlarla dolu idi. Şəkillərə baxarkən orda sadəcə iki uşaq görürdüm. Anamla atamın gənclik şəkilləri də vardı. Lakin uşaqlar haqqında bir fikrim yox idi. Qız uşağı mən idim, yəqin ki, ya oğlan? Şəkillərə baxmağa davam edərkən yerdə bir zərf gördüm. Əlimi uzatdım, zərfi götürdüm. Üzərində "canım qardaşıma" yazısı qeyd olunmuşdu. Sanki ağlım o anda dayanmaqla işləmək arasında qalmışdı. Şəkillərdən birini əlimə alıb yenidən baxdım. Gözlərimdən bir damla yaş süzülərkən - Miran, - deyə pıçıldadım. Miran mənim canımdan çox sevdiyim, lakin xatırlamadığım qardaşım idi. Gözlərimin önündə, ovcumun içində şəkli, amma mən onun kim olduğunu bir kağız parçasıyla tanımışdım. Bir şəklə, bir də əlimdəki zərfə baxırdım. Şəkli yanıma qoyub zərfi açdım. Mən yazmışdım bunu qardaşıma. Kağızın hər qatını açdıqca içimdəki həyəcan get-gedə böyüyürdü. Nəhayət, kağızı açdım amma gözlərimi bərk-bərk yummuşdum. Qorxurdum. Oxuyacağım sətirlərdən qorxurdum. Bir şəkildə cəsarətimi topladım. Gözlərimi açdım.  Gözlərimdən bir damla yaş süzülərkən oxumağa başladım. Belə başlayırdı:

"Canım qardaşım, səni itirdiyim gündən 3 ay keçdi. Ürəyimdəki acı, bədənimdəki sıxıntı, ruhumdakı təklik heç köhnəlməyib. Bilirsən? Anamızla atamız səndən ötrü çox darıxırlar. Mən? Mən necə ola bilərəm ki, hər anımda, hər saniyəmdəsən. Nə yata bilirəm, nə yemək yeyə bilirəm. Mən sənə çox bağlı idim. Həyatda güvəndiyim yeganə insan sən idin və sən də məni tək qoyub getdin. Axı niyə, nə üçün? Sən ki mənim yalnız qalmaqdan qorxduğumu bilirdin. Bunu bilə-bilə məni niyə tək qoydun? Bilirəm, bilirəm bu sənin günahın deyil. Səni vurub qaçan şərəfsiz sürücüdə, bəlkə də məndə idi günah. Bax, mən dəli kimi peşmanam. Xahiş edirəm, qayıt. Mənə hirsləndin, evdən hirslə çıxdın. Yolu keçməyə çalışarkən də maşının həddindən artıq sürəti ilə nə o özünü saxlaya bildi, nə də sən özünü kənara ata bildin. Gözlərimin önündə elə bir vəziyyətə düşdün ki, mən heç vaxt özümü bağışlaya bilməyəcəkdim. Səni qatilin sürücü deyildi, mən idim. Bəzən o həddə gəlib çatıram ki, deyirəm yaddaşım itə də, sənə çəkdirdiklərimi unudam. Sonra özüm öz məntiqsiz istəyimə hirslənirəm. Yox, istəmirəm. Həyatımdan getdin, amma ruhumdan əsla. Heç olmasa xatirələrimdə, ruhumda yaşa. Sürücünü tapdılar. İçkili olduğu məlum oldu. Həbsə atdılar. Mənsə özümü özümə dustaq etdim. Səhvimin heç bir şəkildə bağışlanası tərəfi olmadığını bilirəm. Məzarına gedə bilməmişəm hələ də. Ora getsəm öldüyünü qəbul etmiş olacam. Yox!.. Sən ölmədin. Cismən yanımda deyilsən sadəcə. Yanımdasan sən, məni tək qoymarsan sən.  Sonunda cərrah olmağı bacaracam, deyəsən. Axı bu bizim ən böyük xəyalımız idi. İmtahanlara az qaldı. Əlimdən gələni edəcəm, söz verirəm. Məni dəli edən isə bu məktubun sahibinə, yəni sənə gəlib çatmayacaq olmasıdır. Səni heç özümün belə bilməyəcəyim qədər çox istəyirəm. Səni heç vaxt unutmayacam.

"Sevgilərimlə; Miray".

"Səni heç vaxt unutmayacam" - bu cümlə durmadan beynimdə yanğılanırdı. Susmadan, dayanmadan. Unutmuşdum. Şəklində belə tanımırdım onu. Hər şey alt-üst olmuşdu və anladığım qədəri ilə günahkarı mən idim. Nə etdiyimi bilmirdim, amma bildiyim tək gerçək varıydısa, o da mənim günahkar olmağım idi. O lənətə gəlmiş günün səbəbkarı mən idim. Həyatımdakı hər bəlanın səbəbkarı mən idim. Xəyal dünyamdan telefon zəngiylə ayrıldım. Zəng edən anam idi. Telefonu açdığımda anamın titrək səsiylə qarşılaşdım. Amma bu titrəklik sevincdən idi. Hiss olunurdu.

- Miray, qızım, atan, atan gözlərini açdı - dedi və mənim qulaqlarım dünyadakı bütün səslərə susdu. O an, sadəcə o an vardı. Dərin bir nəfəs aldım. O lənət gündən sonra ilk dəfə idi ki, belə dərindən nəfəs alırdım. Susdum. Saniyələrcə susqunluğun səsini dinlədim. Telefonun qulağımda olduğunu və xətdə anamın olduğunu unutdum. Bu anın xoşbəxtliyini iliklərimə qədər hiss edirdim. Allahım, sənə minlərlə şükürlər olsun. Onu mənə, bizə çox görmədin. Həkimin dediyinə görə, gözlərini açsa yaşayacaqdı. Yox, əgər əksi olsaydı biz onunla vidalaşmaq məcburiyyətində qalacaqdıq. Açmışdı gözlərini, şükürlər olsun. Anam susqunluğuma görə narahat olmuşdu sanki. Yenidən dedi:

- Qızım, eşitdin? Gözlərini açdı. Açan kimi də səni sayıqlamağa, soruşmağa başladı. Tez gəl, Miray. Qızım, yaxşısan? Cavab ver, qorxudursan məni!

- Məni soruşdu, - deyə təkrarladım sevinclə. Cavabında dedi:

- Hə, gözəlim. Qorxub ki, sənə nəsə olub. Tez gəl, biz bir şəkildə sakitləşdirdik. Amma səni görmədən tam rahat olmayacaq.

- Tamam, 15-20 dəqiqəyə ordayam, ana.

Tez paltarlarımı dəyişib xəstəxanaya doğru qaçdım. Çatdım xəstəxanaya. Anam hələ də dəhlizdəydi. Onu görən kimi qaçıb qucaqladım. Dedim: -Nə gözləyirik, girək də yanına. Ana, gəl, həm o məni, həm də mən onu görmək istəyirəm!

Anam qolumu tutdu. Qorxuyla dedim:

- Nə oldu ana?

Analar hər şeyi hiss edərmiş. Bu an həqiqətən bunu hiss elədim. Üzümdəki qorxu ifadəni hiss etdi. Ola bildiyincə gülümsəməyə çalışdı. Yavaşca dilləndi:

- Bilmir.

Üzünə maraqla baxdım. Bunu da his etdi.

- Vəziyyətindən xəbəri yoxdu, - deyərək başını aşağı saldı. Bu səfər də anlayan mən oldum. Üzünə gülümsəməyə çalışdım. Dedim:

- Narahat olma.

Anam üzümə yorğun və dolu gözlərlə baxırdı. Əlavə etdim:

- Ana, niyə girmirik?

İçimdəki maraq sonuna qədər üzümə yansımışdı. Anam dedi:

- Həkim hələ bir saat da səbirli olmağımızı istədi. Özünə gəlməyini gözləyirlər.      Bir az daha səbr, qızım.

Başımla tamam deyib küncdəki oturacaqlardan birinə əyləşdim. Başımı divara söykəyib fikirləşməyə başladım. Mən o içərdəki insanı tanımırdım, amma bu onun mənim atam olduğunun həqiqətini dəyişdirmirdi. Mən onun soyadını daşıyırdım. Onun komada qalmasının da səbəbkarı mən idim. Həyatımız bu qədər alt-üst olmuşkən, düzəltmək də mənim borcum idi.

Həkim otaqdan çıxdı. Fərqinə varmamışdım. Anamın səsiylə dərin düşüncələrimdən ayrıldım. Maraq və narahatlıqla anamla birlikdə həkimin üzünə baxırdıq. Həkim dedi:

- Bildiyiniz kimi, xəstəyə stress yaşatmaq olmaz. Diqqətli olmaq lazımdır. Miray xanım, sizin də həkiminiz mən idim və vəziyyətinizdən aydınlıqla xəbərim var. Atanızın bu vəziyyətdə bunu öyrənməsini məsləhət bilmirəm. Ən azından, bir müddət bundan xəbəri olmasa yaxşı olar. Dedim:

- Narahat olmayın, həkim, mən bir şəkildə onun bu barədə nəsə öyrənməsinə mane olacam. Hər şey üçün təşəkkür edirəm. Biz onu nə vaxt görə bilərik? Bunun üçün səbirsizlənirəm.

Həkimin üzünə çətin bir gülümsəməylə və hədsiz həyəcanla baxırdım.

- 10 dəqiqə sonra tibb bacısının təlimatı ilə onu görə bilərsiniz. Lakin vəziyyətindən tam əmin olmaq və tam yaxşı olduğunu dəqiqləşdirmək üçün iki gün daha müşahidə altında saxlayacağıq. Daha sonra evə göndərə bilərik, - dedi və həkim getdi. İçimdə sevinclə qarışıq peşmançılıq hissi də var idi. Orda yatmasına səbəb olduğum insana bir də yalan danışacaqdım. Məktubda da oxuduğum qədəri ilə qardaşıma da zərər verən mən idim. Nə elədiyimi bilmirdim, amma günahkar mən idim. Nə səhvim olduğunu da soruşacaq qədər cəsarətli deyildim. 20 yaşım vardı, lakin mən o 20 ildə sadəcə o lənətlənmiş günü xatırlayırdım. O da yarımçıq. O günü heç xatırlamaq istəməzdim, amma günahlar cəzasız qalmırdı. Mənim də cəzam o gün idi. Sadəcə, o gün.. Nəhayət, qapı açıldı və qapıda tibb bacısı göründü. Onu da gördüm. Mənə baxırdı. Gözlərindəki sevinci heç bir cümləylə açıqlaya bilməzdim. Üzünə baxdım və heç nə olmamış kimi üzümə böyük gülümsəmə yerləşdirdim. Mənə baxdı, sonra məndən də böyük gülümsədi o halsız bədəniylə. O an gözümdən bir damla yaş düşdüyünü hiss elədim. Həm peşmançılıq, həm də sevincin göz yaşıydı bu.

- "Artıq iç" - tibb bacısının sözünü ağzında qoydum. Qaçdım, atıldım boynuna. O saniyələr mənim xatırladığım həyatımın ən gözəl saniyələriydi. Elə qucaqladım ki, atamı bütün peşmançılığımla,  sevincimlə. Onu qucaqladıqca Mirandan da üzr istəyirdim. Qutudakı şəkillərə baxarkən mənə aydın oldu ki, Miran atama çox oxşayırdı. Atamı qucaqlamırdım mən təkcə. Bir bədəni, iki ruhu qollarımın arasına həbs etmişdim. Bir anlıq özümü elə itirmişdim ki, onu necə sıxdığımı belə unutmuşdum.

- Qızım, - dedi. O an dayandı bütün dünya, susdu bütün səslər. Bir xəstəxana otağında açdım gözlərimi. Sanki boşluğa düşdüm gözlərimi açmağımla. Adımı belə xatırlamırdım çünki. Bir neçə saat sonra, adımı, məni dünyaya gətirən qadını öyrəndim. Anamı belə unutdum mən. Tanıdım onu, tez isindim. Heç məsafə qoymağa çalışmadım. Mən o qadını, mənim ən qiymətli qadını 2 aydır tanıyıram və onun gözlərində hər zaman yaş, hüzün gördüm. Söz verdim özümə gəldiyim anda hər şeyi düzəldəcəyimə dair. İndi də atamı tanıdım. Onun bir kəlməsi məni elə gücləndirdi ki. Qızım dedi mənə. Dünyaları versələr mənə, heç bu qədər sevinməzdim.

- Qızım, Miray. Boğuldum, qızım, burax, - dedi öskürəkləri və çətinliklə olan gülüşləri arasından.

- Miray, bax qızım, kəfəni yırtdım, ölmədim, amma sən məni belə sıxmağa davam etsən, burda, deyəsən, boğulub öləcəm.

Öləcəm... Öləcəm... Öləcəm... Bu kəlmə beynimin içində yanğılanarkən üzümdə hirs və üzüntü qarışıq bir ifadə yarandı. Dolmuş gözlərimlə atamın üzünə baxdım.

- Ata, sən nə danışırsan? Bir daha o kəlməni dilindən eşitsəm nə səni, nə də özümü bağışlayaram. Hər şey geridə qaldı. Bir şəkildə də səhvləri düzəldəcəm və əyriləri doğruya çevirəcəm. Mirana verdiyim sözü də tutacam, - dediyim anda anamın hıçqırıq səsini eşitdim. Anamın üzündə təəccüb duyğusu ağır idi.

- Miran, - dedi anam dodaqlarını çətinliklə arayalarkən. Sanki məndən sən Mirana verdiyin sözləri, anları necə xatırlayırsan deyə soruşurdu.

- Bəli, ana, Miran, - deyə göz qırpdım göz yaşlarımın arasından anama. Hiss edirdim içindəki marağın böyük olduğunu. Amma atamın yanında açıqlaya bilməzdim. Fikrim burdan çıxan kimi qutu məsələsini anama danışmaq idi. Dəli kimi maraqli idi. O lənət günü belə parça-parça xatırlayırdım. Qardaşımın ölümünə səbəbkar olacaq qədər nə ilə hirsləndirmişdim onu. Hər şeyi, hər yaşananı yazmışdım, amma əsas səbəbi yazmamışdım. Yazdığım günlüyümdə də bu haqda nəsə yox idi. Sadəcə, anamdan öyrənə bilərdim əsas həqiqəti, səbəbi. Bunun üçün səbirsizlənirdim, bir yandan da qorxurdum. Həqiqət, hər zaman acı olurdu. Acı həqiqətdən qorxurdum. Amma nə olur-olsun, öyrənəcəkdim. Bundan qaçış yox idi. Heç nəyi bilməsəm də bunu bilirdim. Düşüncələrimdən tibb bacısının səsiylə ayrıldım.

- Xanım, xəstəmizin dərmanlarını gətirdim. Xahiş edirəm çölə çıxın. Narahat olmayın, o yaxşıdı və daha da yaxşı olacaq.

Sözləriylə sanki içimdəki narahatlığı azaltmağa çalışırdı. İçimdən gələn böyük bir səmimiyyətlə üzünə gülümsədim və gözlərimi atamdan ayırmayaraq yavaş addımlarla dəhlizə çıxdım. Atam üzümə baxaraq gülümsədi. İçim, ruhum isindi sanki gülümsədiyi zaman. Mən də ona gülümsədim və qapı örtüldü. Gəlib yerdə, anamın dizlərinin dibində oturdum. Başımı dizlərinə qoydum. Anam narahatlıqla dedi:

- Qızım, yerdə oturma xəstələnərsən.

Üzümdə kədərlə qarışıq bir gülümsəmə əmələ gəldi. Dedim:

- Narahat olma, sultanım. Sənin yanındaykən, dizlərinin dibindəykən mənə heç nə olmaz. Ana, nə olar, sadəcə başımı sığalla, mən də sənə maraqlı gələn sualları cavablandırım. Mənim də sənə suallarım var. Həyatımı bir aydır dərk edirəm. Beynimdə o qədər sual var ki... Amma yalnızca biri, yalnızca bir sual bütün marağında olduqlarımın önünə keçir.

Sözümü yarıda kəsdim. Öyrənəcəklərim mütləq elə-belə olmayacaqdı. Bunu saçlarımın arasındakı anamın əllərinin titrəməsiylə də hiss edirdim. Mən keçmişi öyrənmək istəyirdim. Lakin bu, ürək açıcı olmayacaqdı. Hətta daha ağır olacaqdı. Bu qədər böyük cəzanın arxasında mütləq ağır günah vardı. Mənim günahım, ailəmin acı çəkməsinə səbəb olan mənim günahım. İçimdəki marağın yaxın zamanda sıxıntıya çevriləcəyini o qədər yaxşı bilirdim ki. Anam susurdu. Sanki o da mənim eşidəcəklərimdən qorxurdu.

- Qutu, - deyə girdim dolaşıq mövzunun içinə.

- Sən məni evə yolladığında, dolabdan paltar götürmək üçün qapısını açarkən, dolabın yuxarısından bir qutu düşdü başıma. İçindəkilər ətrafa səpələnərkən aralarında bir zərf gördüm. Qutuda şəkillər də var idi. Amma ordaki bir uşağı tanımadım. Kağız parçasıyla öyrəndim şəkildəkinin Miran olduğunu. Sonra zərfi açıb içindəkiləri oxudum. Mən yazmışdım qardaşıma. Ona verdiyim sözü tutacağımdan, cərrah olacağımdan bəhs edirdi. Bir də Miranın ölümündə mənim də günahım olduğundan. Ana, mən hər anımı, hər saniyəmi unutdum. Amma o günü, sadəcə, o günü unutmadım. Yarımçıq da olsa xatırlayıram. Sadəcə o günü. Mənim səhvim nə idisə o günə səbəbkar olan da o idi. Mənə görə oldu olanlar. Ancaq nə olduğunu bilmirəm. Nə yalan deyim, dəli kimi qorxuram eşidəcəklərimdən. Qorxunun əcələ fayda olmayacağını da bilirəm. Sənin sualını cavablandırdım mən. Ana indi növbə sənindi. Mən nə etmişəm? Ana, mənim günahım nə idi?

Sual dolu gözlərlə anama baxarkən, anam gözlərini divara zilləmişdi. Gözləri də olduğu qədər dolmuşdu. Bir az toxunmağa çalışsam, oturub hönkür-hönkür ağlayacaqdı.

- Ana, - dedim pıçıltıyla. Anam gözucu belə mənə baxmırdı.

- Ana, - deyə təkrarladım bir neçə dəfə. Dediyim kimi anam belə qorxurdu verəcəyi cavabdan. Mən də əmin idim verdiyim sualın cavabını heç sevməyəcəkdim.

- Ana...

Bu dəfə gözlərim çox dolmuşdu. Anam kimi, bir az toxunsanız başlayacaqdım ağlamağa. Bir şəkildə özümə gəlməyə çalışdım.

- Ana, bax mən də hiss edirəm bu sualın cavabı ağır olacaq. Amma keçmişimi bilmək haqqımdı. Yalvarıram sənə, dodaqlarını arala və nəsə de mənə. Ana, bu bizim fürsətimizdi. Sonra danışmağa nə fürsətimiz qalacaq, nə də mənim cəsarətim... Ona görə, ana, çətin də olsa danışmalıyıq. Ana...

Gücsüz idim. Ancaq anamı fikirləşməliydim. Gözlərimin içinə baxırdı yaxşı olum deyə. Olmasam belə yaxşı görünəcəkdim. İçimdəki fırtınaları ona göstərsəydim itəcəkdik, yox olacaqdıq hamımız birdən. Ona görə gülümsəməliydim. Üzr istəyirəm, ana. Sənə yalan danışıram, mənə hər necəsən sualını verəndə. Yaxşı olmasam da, amma sənə tərsini deməliyəm. Miranın gedişi səni bu qədər sarsıtmışkən mən də sənə daha da pis olmağın üçün səbəb verə bilməzdim. Bir daha üzr istəyirəm. Sənə cavabını çətinliklə verəcəyin bir sual verdiyim üçün. Amma dərdi bilməsəydim dərmanını tapa bilməzdim. Anam gözlərini divardan ayırmırdı. Bu daha ağırı oldu. Anamın dolan gözlərindən yavaş-yavaş yaşlar süzülməyə başladı. Özümü itirdim o an. Əllərini ovuclarımın içində gizlətdim. 

- Ana... Nə olar, belə eləmə. Allah mənə lənət eləsin. Nə olar, dolmasın o gözlərin artıq. Yalvarıram sənə.

Anam o an üzünü mənə çevirdi. Dedi:

- Qızım, əsla özünə lənət oxuma. Miran getdi onsuz. Sənə nəsə olsa, səncə, mənim yaşamaq üçün bir səbəbim qalar? Sən də bunu eləmə.

Yenə gözlərini divara doğru çevirdi. Yavaşca dodaqlarını araladı. Həqiqəti öyrənməyə saniyələrim qalmışdı.

- Keçən il... - dayandı. Dərindən nəfəs aldı.

- Düzdü, Miranı itirdiyimiz bir il olmadı, amma keçən ildə qaldı. Sizin bir-birinizə olan bağlılığınız insanları hər zaman heyrətə salırdı. Bir-birinizdən ayrı nəsə eləməzdiniz, bir-birinizdən sirriniz yox idi. Uşaqkən belə fikirləriniz eyni idi. Böyüyəndə kim olacaqsan sualına, ikiniz də "həkim" deyirdiniz. Olacaqdı da mütləq. Çox çalışırdınız bir yerdə. Stomatoloq olmaq idi Miranın planı.

Dayandı birdən göz yaşlarını silərkən.

- Mənsə cərrah, deyəsən, - deyə əlavə elədim. Anam gülümsədi acı içində.

- Sənsə cərrah.

Üzümə baxmırdı.

- Bilmirəm fikir vermisən, ya yox, bizim evin ən yaxınında dəniz var. Uşaqlığınız da orda keçib. O qədər çox sevərdiniz ki, oranı. Bir də bizim evdən bir saat uzaqlıqda bir göl var, orda balıq tutmağı çox sevərdiniz. Meşəlik kimi bir yer idi. O qədər sakit yer idi ki, insanın ruhu dincəlirdi. Bir az böyüyənə qədər biz aparırdıq sizi. Sonra isə özünüz gedirdiniz. Sən bilmirdin yolu. Hətta bir dəfə Miransız getməyə çalışmışdın, amma yolu azmışdın. Hər zaman gülüşərək gələrdiniz ordan. Lakin o gün... - susdu.

 

Artıq cümləsinə davam edərsə, mən də, anam da yaxşı olmayacaqdıq. Yaraya yenidən duz basmaq kimi olacaqdı əslində. Amma nə baş verirsə versin, bu yara qanamalı, keçmişin dəftəri də yenidən açılmalı idi. Çünki qaçmaq çıxış yolu deyildi. Yaralar qanamazsa sağalmazdı. Ona görə də mən bu yaranı qanatmalıydım.

- Ana... - dedim diqqətli üzünə baxarkən. Amma o mənə baxmırdı. Gözünü heç bir şəkildə divardan ayırmırdı. Sonra yenidən başımı dizlərinə söykədim və sanki saçlarımı sığalla deyirmiş kimi anamın əllərini saçlarıma qoydum.

- Ana... Davam elə... Nə olar. O gün nə oldu?

Anam dərindən nəfəs alarkən dodaqlarını araladı yavaşca. Səsi olduqca gücsüz çıxırdı.

- Lakin o gün hər kəsi, hətta məni də təəccübləndirən şəkildə dalaşaraq girdiniz qapıdan içəri. Miranla ilk və son dəfə dava etdin. Həqiqəti öyrənmişdi. Dəli kimiydi. O, əsəbi evdən çıxandan sonra...

Susdu, susdum. Artıq davam etməsinə ehtiyac yox idi.

Anlayırdım onu. Necə ki, mən qardaşımın ölümünü (məktubda yazdığı qədəri ilə) qəbul etməmişdimsə, anama da çətin gəlirdi oğlunun ölüm həqiqətini qəbul etmək. Susdum... Birlikdə susduq. Sanki o an bütün xəstəxana susdu. Rahatlamaq üçün gözlərimi yumdum. Amma beynim məndən hər tapdığı fürsətdə intiqam almağı unutmurdu. O lənət gün yenə canlandı gözümdə, sonra Miranla olan şəkillərimiz... O an özümə o qədər lənət oxudum ki, heç unutmaram.

- Həqiqət... Onu bu qədər dəli edən həqiqət nə idi? - deyə pıçıldadım. O an nə qədər qorxaq olduğumun fərqinə vardım. Pıçıldamışdım... Bəlkə anama eşitməz də cavablamaz deyə düşündüm. Öyrənəcəklərimdən qorxurdum.

- Sən... - deyə yavaşca dilləndi. - Qızım, sən narkotika bağımlısı idin. Komada qaldığın müddətdə qanın təmizləndi. Bədənin qurtuldu bu zəhərdən, - dedi. Amma bu dəfə də mən ona baxmırdım.

- Nə? - deyə qışqırdım.

- Ana, sən nə danışırsan. Eşidəcəyim hər şeyə hazır idim. Amma bu qədəri yox, ana.

Qalxdım ayağa. Bütün səslər susmuşdu. Bir tək anamın dediyi cümlə yanğılanırdı beynimdə. Gözlərimi yumdum, xatırlamağa çalışdım. Mən xatırladığım tək şey isə o gün idi. Lənətə gəlsin ki, sadəcə o gün qalmışdı mənə. Sonra olacaqlar isə məndən ixtiyarsız baş verdi. Gözlərim qapandı və bədənim yerə sərildi. Anamın qışqırığını, tibb bacısının gəlişini və ətrafımızdakı insanların bizə tərəf gəldiklərinin səsini eşitdim. Bir neçə saniyə sonra da səslər tamamilə susdu.

Gözlərimi açdığımda isə bir xəstəxana otağındaydım. Qoluma qoşulan sistem və anamı gördüm yanımda. Elə boş baxırdım ki, ətrafa, sanki yeni doğulan və heç nə anlamayan körpə kimi. Sonra yavaş-yavaş anladım. Anamla söhbətim yadıma düşdü və ağlamağa başladım. 

- Ana... - deyərək ağlayırdım. Anamın gözləri də dolu idi. Lakin bir şəkildə göz yaşlarını tutmağa çalışırdı.

- Mən olmuşam ki... Miranın qatili də mən olmuşam, xatirələrimin də qatili mən olmuşam ki.

Özümü tamamilə itirmişdim. Bildiyim tək şey günahkar olmağım idi. Bu səhvimin bağışlanası tərəfi yox idi. Mən həyatı qınayırdım mənə bu qədər acı çəkdirdiyi üçün. Amma əslində özümü qınamalı idim. Mənim adımın mənası Ayın ən parlaq halı demək idi. Mən isə o Ayın işığını öz əlimlə söndürmüşdüm. İndi yolumu aydınlatmaq üçün bir kirbit çöpü belə tapmırdım. Mənim günahlarımın qurbanı ailəm oldu, xəyallarım oldu. İndi isə ağlamaqdan başqa bir şey bilmirdim. Anam dedi:

- Miray, qızım yaxşısan?

Anamın üzündəki narahatlıq və kədəri izah etmək üçün kəlmələr yetməzdi.

- Yaxşıyam, ana.

Bir aydır eyni yalanı təkrarlayırdım. Bu gün də olduğu kimi də.

- Ana, mən bir az yata bilərəm? - dedim titrək səslə.

- Əlbəttə, qızım, yat sən. Dincəl. Bu qədər stresi sənə yaşatmağa haqqım yox idi. Danışmamalıydım. Bağışla, qızım.

Tutduğu bütün gözyaşlarını axıtmağa başladı. Onu elə görüncə mən də ağlamağa başladım. Qollarımı açdım. Gözlərimlə - ana, gəl məni qucaqla, - deyirdim. Anam göz yaşlarını sildi və yanımda oturdu. Qollarını mənə elə möhkəm sarıdı ki, həqiqətən də cənnətin qoxusunu çəkdim ciyərlərimə.

- Ana...

Yavaşca ayrıldım ondan.

- Necə? - deyə yavaşca dilləndim.

- Nə necə, qızım?

Gözlərini qaçırdı.

- Ana, anladığını bilirəm. Gözlərini qaçırma. Mən necə bu yola düşdüm, Miran necə bunu öyrəndi və mənimlə atamın keçirdiyi qəza necə oldu?

Bu dəfə də mən gözlərimi qaçırdım.

- Qızım, gözlərimin önündə huşun itdi. Sənə bunları bu qədər tez danışmağım böyük bir səhv olduğu halda, sən hələ davamını istəyirsən. Yox, Miray. Hələ tezdi, həm də çox tezdi. Sən indi yat, gözəl qızım, düşünmə bunu.

Qapıya doğru yönələrkən, əlini tutdum. Dedim:

- Ana, hər bəlanın səbəbkarı mənəm və sən sadəcə həqiqəti mənimlə bölüşdüyün üçün üzr istəyirsən. İstəmə, ana! Qurban olum, nə ağla, nə də məndən üzr istə. Əsl günahkar mənəm, ana. Hər səhvimi də düzəltməyə çalışacam. Amma qurban olum, sil o göz yaşlarını. Hər şey yaxşı olacaq, ana. Söz verirəm sənə.

- Hər şey yaxşı olacaq, qızım. İndi isə yat, qızım. Yat dincəl.

Göz yaşlarımı əlləri ilə sildi və otaqdan uzaqlaşdı. Sonra gözlərimi yumdum. Nə qədər yatdığımı bilmirdim, amma yatdığım müddətdə sadəcə kabus gördüm. Gözlərimi açacaq qədər taqətim qalmamışdı.

Yenə bir kabusun içinə həbs olmuşkən, bu dəfə yerimdən sıçradım. Özümü sakitləşdirməyə çalışdım. Sonra yenidən yumdum gözlərimi. Çox yorğun idim. Gördüm kabuslar məni yatmağa peşman etmişdi, amma dəli kimi yuxum gəlirdi. Ona görə də gözlərimi yumub, yenidən yatmağa çalışdım. Amma yuxular məndən əl çəkmirdi. Bu dəfə gördüyüm yuxu məni təəccübləndirmişdi. Qaranlıq otağın içərisindəydim. Birdən bir parça işıq düşdü otağın içinə. Otağın aydınlanan qismində Miranı gördüm. Qaçdım yanına, qucaqlamaq istədim. Amma o qoymadı məni, uzaqlaşdırdı.

- Miray, gözəlim, mənə verdiyin sözü tut. Dik durmağa çalış. Unutma, anamızla, atamız sənə əmanətdi. Əgər özünə zərər versən, acısını onlar çəkəcək. Ona görə qalx ayağa. Səhv etmiş ola bilərsən, düzəltməyi də bacaracaqsan. Özünə gəl, gözəlim.

Sonra otaqdakı işıq söndü və mən qaranlıqda qaldım. Tam bu zaman açdım gözlərimi. Oyandım, Mirana toxuna bimədiyim yuxumdan. Siz heç səsini xatırlamadığınız insanın səsini yuxunuzda eşitdiniz? Mən eşitdim. Dediyim kimi, cismi mənimlə olmaya bilərdi, amma ruhu daim mənim dəstəkçimdi, nə olur-olsun. Yavaşca otağın qapısını açıb çölə çıxdım. Anam elə mənim otağımın yanındakı skamyada oturmuşdu. Məni görən kimi yorğun bədəni yerindən sıçradı.

- Qızım, yaxşısan? Nəsə problem var? - deyə narahatlıqla üzümə baxdı.

- Yox, ana, yox. Narahat olma. Sadəcə yeni oyandım və ətrafa baxmaq istədim. Ana, bax çox yorğun və gücsüz görünürsən. Sən keç yat içəridə bir az. Mən burdayam. Nəsə olsa biləcəm.

Anam hazırlaşırdı ki, yox desin. Ağzını açmağına imkan vermədən içəri saldım və yatağa uzandırdım. Dedim:

- Dünyanın ən gözəl anası indi qızına etiraz etmədən burda bir az yataraq dincələcək.

Saçlarını oxşadım. Sonra isə otaqdan çıxdım. Yavaşca xəstəxana bufetinə endim. Kökə və qəhvə alıb geri qayıtdım. Heç kim yox idi. Birdən atamın nəyəsə ehtiyacı olar deyə, tez qayıtmağa çalışdım.

Yenə həminki oturacaqda oturdum. Dəhliz təəccübləndirici şəkildə bomboş idi. Yavaşca anamın yatdığı otağın qapısını aralayıb içəri baxdım. Yatmışdı. Həm də elə yatmışdı ki, dünya dağılsa xəbəri olmazdı. Onu bu hala gətirdiyimə görə hər an özümə lənət oxuyurdum. Səbəbkar mən idim. Nə olur-olsun, hər şeyi düzəldəcəkdim.

Yavaşca otağın qapısını örtərək otaqdan çıxdım. İndi də qarşı otaqda olan atama baxmaq üçün qapını araladım. O da yatmışdı. Qapını örtüb çıxmaq istərkən atamın səsi buna mane oldu. "Yox qızım, bu halda olmaz. Səni apara bilmərəm. Nə olar, qulaq as mənə. Olmaz, qızım. Qulaq as mənə. Sən yaxşı deyilsən, gedə bilmərik, qızım. Yox, tək gedə bilmərsən. Miray, özünə gəl qızım", - deyə sayıqlayırdı soyuq tər içində. O gün... Ağlımdan çıxamadığı kimi də yenidən canlandı. Susdum. Qapının kənarından atama baxdım. Yanına getməyə belə çəkinirdim. Sıçradı bir an yerindən. Sonra özünü sakitləşdirib yenidən yatdı. Bu xasiyyətim atama bənzəyirdi. Kabus görəndə mən də belə edirdim.

Qapının kənarındakı məni görmədi. Mən də yavaşca qapını örtüb, otaqdan  çıxdım. Yavaşca skamyada oturdum. Gözlərimi yumdum, yenə o gün... Açdım yenə sadəcə o gün. Lənətə gəlsin ki, o gün canlandı gözlərimdə. Artıq nəfəs ala bilmirdim. Ən ağırı da buna yol açan mən idim. Atamın kabuslarının, anamın bitkinliyinin, Miranın ölümünün səbəbkarı mən idim. Gəldi yuxuma Miran. Şəkildə tanıdığım ən qiymətlim, mənə yol göstərirdi. Mənim borcum da onun göstərdiyi yolda irəliləmək idi. Dərindən nəfəs alıb, özümə gəlməyə çalışdım. Beynimdə plan qurdum və o yolda ilk addımımı atmaq qərarına gəldim.

Anamla bir dəfə söhbət edərkən, ünvanım kimi tələbə olduğumu da öyrəndim. Sən demə, ikinci kurs tələbəsiydim. Amma bu olanlara görə bir neçə ay idi ki, universitetə getmirdim. Özümü bir şəkildə hazırlamalı idim və verdiyim sözləri tutmalı, məhv etdiyim həyatı yenidən inşa etməliydim.

Fikirlərimdən atamın səsi ilə ayrıldım. Tez yanına getdim. Su istəyirdi, amma su dolçası uzaqda olduğu üçün götürə bilmirdi. Mən də tez ona bir stəkan su uzatdım.

- Qızım, çox sağ ol. Neynirdin çöldə? Anan hardadı bəs, qızım? - deyərək üzümə sual dolu ifadəylə baxırdı. Bütün suallarına cavab verdim.

- Ata, sabah evimizə gedirik. Səni evdə görməkdən ötrü çox darıxmışdım.

Evdə atamı heç görməmişdim. Əslində, görmüşdüm, amma xatırlamırdım. Qorxurdum onun yanında çox qalmaqdan. Hər an keçmişdən sual verəcəkmişdə, yalanımız gerçəkliyinə qovuşacaqmış kimi gəlirdi mənə. Amma onun sağlamlığı üçün müvəqqəti olaraq gerçəkləri gizlətmək lazım idi. Ona görə də qaçırdım atamdan.

Ertəsi gün...

- Miray, qızım. Al bu çantaları maşına qoy, gəlirik biz də, - səsləndi anam.

Bu gün xəstəxanayla vidalaşırdıq axır ki. Burdan uzaqlaşmaq məni çox sevindirirdi. Tez evə çatmaq istəyirdim. O qutuda hələ baxılası çox şey var idi. Mütləq ki, evə çatan kimi otağıma qapanıb, qutunun içini dərindən araşdırmağa başlayacaqdım. İnşaAllah hər şey yaxşı olacaqdı. Sanki həyat mənə qarşı az da olsa yumşalmışdı. Hal-hazırda atama yalan deməyimdən başqa problemim yox idi. Təbii ki, yaşananlar öz yerində yetərincə ağır idi. Ancaq bir az olsun hər problemi həll edəcək gücüm və ümidim var idi.

Artıq evə çatmışdıq. Ancaq bunun fərqinə varmayacaq qədər düşüncəli idim. Anamın səsi böldü düşüncələrimi.

- Qızım, çatdıq.

Düşünməkdən dəli olacaqdım. Planımı hazır etmişdim beynimdə. Dediyim kimi, içimdə ümid qığılcımı var idi. İndi isə sıra o qığılcımı bir atəşə çevirməkdi. Amma bu anın tapşırığı atamın maşından enməsinə kömək etmək idi. Yavaşca atamın maşından enməsinə kömək etdim. Atam başını qaldırıb evə baxdı və gözləri doldu. Sanki o boyda kişi oturub hönkür-hönkür ağlayacaqdı. Başını mənə tərəf çevirdi:

- Kaş o gün bu həyətdən çıxmasaydıq, qızım. Özümə görə yox, sənə görə qızım. Tək qorxum sənə nəsə olmasıydı. Mirandan sonra sənə də nəsə olsaydı mənim yaşamaq üçün səbəbim qalmazdı. Kaş o gün. Miranın bu qapıdan çıxmasına izn verməzdim, - dediyi anda gözündən bir damla yaş süzüldü. Dünya başıma yıxıldı sanki o an. Yenə o gün rahat buraxmadı məni. Beynim məndən intiqam alırdı anlayırdım. Səsimi çıxartmayacaqdım. Buna haqqım yox idi. Cəzam bu idisə, çəkməli idim.

Atamı bu halda görərkən xatırlamadığım uşaqlığıma döndü sanki.

- Yox, ata, qurban olum, belə eləmə.

Yenə atamı boğacaq qədər möhkəm qucaqladım. Atam da bərk-bərk qucaqlamışdı məni. Sonra bir də gördüm ki, anam da bizi qucaqlayır. Yanımda bir boşluq qalmışdı. Miranın boşluğu. Dolmayacaqdı bu boşluq. Doğrudur, mən onu xatırlamırdım. Nə qədər çalışsam da, xatırlamırdım. Amma and içə bilərdim ki, o sevgini hiss edirdim ürəyimdə. Nə qədər qəribə olsa da xatırlamadığım qardaşımın sevgisini ürəyimdə hiss edirdim və o hiss etdiyim sevgiyə and içirəm ki, mən verdiyim sözü tutacaqdım. Artıq səhərisi gün mənim üçün fərqli başlayacaqdı. O boşluq dolmayacaqdı bəlkə, amma o boşluğu dolduracaq insana verdiyim sözü tutacaqdım. Həyat oyununa 0:1 geridə başlamışdım, bəli. Bu mənim zövq üçün etdiyim xəta idi. Amma o oyunun qazananı mən olacaqdım. Bir gün Miranın yanına getdiyimdə də ona verdiyim sözü tutmuş bir şəkildə gedəcəkdim.

Atamı yavaşca otağına doğru apardıq. Bir qolunda anam, bir qolunda da mən.

- Mən hal-hazırda dünyanı qucaqlayıram, - deyə pıçıldadı atam birdən. Üzümdə o qədər böyük təbəssüm yaranmışdı ki, bu sözün altında, kəlmələr kifayətsiz gəlirdi izah etməyə.

Atamı yatağına uzandırdıqdan sonra otağıma yollandım. Başıma düşdüyü üçün əsəbləşdiyim, amma indi dəyərini izah edə bilmədiyim qutunu götürüb yerə oturdum. Şəkillərə bir-bir diqqətlə baxaraq, bəzilərini ayırırdım. Çərçivəyə yerləşdirərək, otağıma asacağım bir neçə şəkil ayırırdım. Əslində, ayırmağa çalışırdım. Amma hamısı gözəl idi. Sanki birini qoyub, o birisini saxlasam haqsızlıq olacaqmış kimi gəlirdi mənə. Nə gözəl anlarım olubmuş mənim. Bunları xatırlamamaq o qədər ağır idi ki. Həm də səbəbkarı sən olduğun halda.

Şəkillərə o qədər baxdım ki, nə zamandır yerdə oturduğumun belə fərqində deyildim. Bəlkə də saatlar keçmişdi, bəlkə də dəqiqələr. Bildiyim tək şey mənim üçün zamanın durmağı idi. Başımdakı ağrılar məni incitsə də, dərman içməyə qalxmayacaq qədər, ətrafdakılardan xəbərsiz idim. Qutunun içindəkiləri qarışdırarkən bir daha zərf gördüm. Amma bu, məktub zərfinə bənzəmirdi. Bunun həcmi böyük idi və içi dolu idi. Zərfi qarşıma qoydum. Açmağa çalışdığım anda anam içəri girib dedi:

- Qızım, yemək hazırdır. Gəl yeməyini ye tez, dərmanlarını içməlisən.

Mənsə yenidən qarşımdakı zərfə döndüm. Açdım və qarşıma hardasa 35-40 şəkil töküldü. Amma bu şəkillər qutudakılar kimi deyildi. Bu şəkillərdə yeganə mən var idim. Şəkillərin hamısı uzaqdan çəkilmişdi. Mənim. Mənim o zəhəri alarkən çəkilən şəkillərim, daha doğrusu, şəkillərimiz idi. Yanımda bir qız vardı. Gözlərim böyümüş şəkildə zərfin içindən çıxanlara baxarkən, bir şəklin arxasında yazı olduğunu gördüm. "Mən gördüm bacımın nələr etdiklərini. Sən də görməlisən, Miran. Bacın həyatını necə ayaq altına atır, görməlisən. İstəyirsən ağlını başına qoy onun, istəyirsənsə də ALLAHına qovuşdur, orda çəksin cəzasını. Mənim sənə qarşı edə biləcəyim yaxşılıq bu qədər idi". Yazı tamamilə belə idi. Şəkilləri qarışdırmağa davam edərkən göz yaşlarım istəksizcə boşalırdı gözlərimdən. "Necə?" sualımın cavabını almışdım. Həm də heç gözləmədiyim şəkildə.

- Miray, qızım, gəl artıq, səni gözləyirik.

Anamın səsləyişini duydum. Duydum, amma cavab vermədim, verə bilmədim. Nitqim tutulmuşdu sanki. Sadəcə dəli kimi ağlayırdım. Miranın ölümünə necə səbəb olduğumun cavabını alırdım. Özümə sözün əsl mənasında yazığım gəlirdi. Mən hansı ağılla bu yola düşmüşdüm, həqiqətən anlamırdım. Mən necə ailəmin üzüləcəyindən çəkinməmişdim, anlamırdım. Mən necə Allahımdan qorxmamışdım, anlamırdım. Mənim etdiyim sadəcə səhv deyildi, təəssüf ki... Ən qiymətlimin ölümünə səbəbkar idim mən. Özünü unutduğum, amma sevgisini unutmadığım qardaşımın bir tərəfdən də baxanda qatili mən idim.

- Qızım, yaxşısan? Nə oldu qızım?

Suallar bir-bir yığılarkən üstümə, mənim də ağlımda bir sual var idi. Həqiqətən nə olurdu? Nə olmuşdu? Qalxmağa çalışarkən, bir adam buna mane oldu. Anladığım qədəri ilə həkim idi.

- Nə oldu mənə? - deyə pıçıltı çıxdı ağzımdan. Danışacaq qədər güclü hiss etmirdim özümü. Hər nə qədər güclüyəm, bacaracam desəm də, mənim özümə ən böyük etirafım o qədər də güclü olmamağım idi.

Yaşananlar həqiqətən də məni çox yormuşdu. Amma nə olur-olsun, özümə gəlməli idim. Ailəmi narahat etməyə haqqım yoxdu. Nə qəribədir, xatırlamadığım ailəmin ən böyük cəfası mən olmuşam ki.

- Ana, nə oldu? Mən niyə burdayam? Siz niyə mənim başıma toplanmısınız? -deyə suallarımı dayanmadan sıralarkən, ağladığımın fərqində deyildim.

- Qızım, sil göz yaşlarını. Belə olma, qurban olum. Biz də anlamadıq. Səni səslədim, amma cavab vermədin. Otağına gəldiyimdə isə yerdə gördüm səni. Huşunu itirmişdin.

Anam suallarımın hamısını cavablandırdı. Həkim araya girərək dedi:

- Miray xanım, uzun müddət ac qalmısınız və beyniniz stress altındadır.     Özünüzə diqqət edin. Sizə bir neçə vitamin yazıram. Qəbul etməyinizi də tövsiyə edirəm.

Sonra ayağa qalxdı. Dərmanların adını yazdığı kağızı stolun üstünə qoydu və atamla əl sıxışıb getdi.

- Ana, üzr istəyirəm. Nə olar məni bağışla. Sizi çox qorxutdum.

Ağlamağa davam edirdim.

- Qızım, ağlama özünə gəl. Məni belə daha çox qorxudursan.

Sildi göz yaşlarımı. Mən dünyanın ən gözəl ailəsinə sahib idim. Həqiqətən onlara qarşı belə bir şeyi necə etmişdim, anlaya bilmirdim. O an ağlamağımı kəsdim. Dərindən nəfəs alaraq içimdəki boğulma hissini keçirməyə çalışdım.

- Ana, sən mənə universitetin tibb fakültəsinə qəbul olduğumu demişdin. İkinci kurs tələbəsi olduğumu və bir neçə aydır universitetə getmədiyimi demişdin. Məncə, mən artıq yetəri qədər geridə qaldım. Sizə, ona verdiyim bir söz var və mənim o sözü tutmaq vaxtım gəldi. Mən hansı universitetdəyəm? - deyə heç gözləmədiyi şəkildə sözə girdim. Artıq gözləyəcək zamanım yox idi.

- Mən artıq dərslərimlə məşğul olacam. İtirəcək zamanım yoxdu. Ana, bu haqda məlumatları mənimlə paylaşmalısan.

Anama sual verirdim, amma ağzını açmağa imkan belə vermədən mən danışırdım.

- Yaxşı, qızım. Yanındayam hər qərarında. Nə istəyirsənsə soruş cavablandırım, - deyə baxdı üzümə.

- İlk sualım odur ki, sənin kimi bir ananı qazanacaq qədər hansı böyük savab etmişəm? Həyatım bu qədər səhvlə doluykən, sən mənə nəyin mükafatısan? - deyərək qucaqladım, həyatımın ən gözəl qadınını. Daha sonra universitetimin yerini öyrəndim. Müəllimlərimi öyrəndim. Həyata 0:1 geridə başlaya bilərdim, amma qazanmaq sırası məndə idi.

2 həftə sonra.

- Ana, artıq nə zaman atama həqiqətləri deyəcəyik. Bax artıq mən də universitetimə davam edirəm, o da çox yaxşıdı. Ana, artıq atamdan həqiqətləri gizlətdikcə çox pis oluram. Yanında oturmağa çəkinirəm. Yanında oturmağı kənara qoy, salam vermək belə ağır gəlir. Ana, gəl gedək danışaq. 

Yemək bişirən anamın başını şişirirdim. Amma bu mövzu da mənim başımı şişirdirdi.

- Qızım, bir az daha səbirli ol.

Anam iki gün əvvəl verdiyi cavabı yenə təkrarlayırdı. Səbr etmək istəmirdim. Atama hər şeyi danışmaq istəyirdim, amma anama görə hələ vaxtı gəlməmişdi. Mən də onun sözünü qırmaq istəmirdim. Çünki o bir ana idi və məsləhət görmürdüsə, mən o işdən xeyir tapmayacaqdım. Ona görə də dediyini edəcəkdim və səbirli olacaqdım.

- Yaxşı, - dedim sadəcə və otağıma getdim.

Yatağımın kənarında olan, Miranın şəklini əlimə alaraq yatağıma oturdum və bərk-bərk qucaqladım şəkli. Dərdləşmək istəyirdim qardaşımla.

- O gün, - susdum və sadəcə o günü xəyal etdim. Çətin olmadı. Onsuz da gözümün önündən silinmirdi.

- Hara getdiyimizi tam xatırlamırdım, amma anam mənə keçmişi danışınca anladım. Atam işdən gəlmişdi. Bizim gölümüzə məni aparmağını istədim, qəbul etmədi, özündə deyilsən, dedi. Niyə dediyini də bilmirdim, amma anladım. Mən sənə söz verməyimə rəğmən, o zəhəri qəbul etməyə davam edirəmmiş. Atamın sözünə qulaq asmadım və çəkə-çəkə maşına apardım və özüm də sürücü kreslosuna oturdum. Maşının sürəti həddindən artıq çox idi. Dörd yola girdiyimiz zaman soldan gələn bir Tır və ikisinin bir-birənə girməsi.. O qəza çox dəhşət idi. Sadəcə o gün vardı, sadəcə o gün. Hər şeyi yoluna qoymaq üçün çox çalışıram. Sənə andım olsun, Miran, hər şeyi düzəldəcəm, - deyə qorxduğum, etirafını etməkdən qorxduğum sadəcə o günü ilk dəfə Miranla bölüşmüşdüm.

- Qızım!

Anam səsləyirdi.

- Nə oldu, ana? Buyur, - deyə getdim yanına. Əlində bir qutu var idi.

- O qutu nədir, ana?

Bir anama, bir də əlindəki qutuya baxaraq ağlımdakı sualı vermişdim.

- Gəl atanla danışaq, açarsan qutunu.

Atamla danışacaqdıq. Hər şeyi deyəcəkdik artıq. Bu çətin olacaqdı, amma çox sevinirdim. Artıq ondan nəsə gizlətməyəcəkdik. Gülümsəyərək başımı salladım və birlikdə atamın yanına getdik. Atam divanda oturub, televizora baxırdı. Tez yanına getdim. Televizoru söndürdüm.

- Qızım, neynirsən? Xəbərləri izləyirdim mən.

- Ata, mən səninlə danışmalıyam, - dedim və sağ tərəfində oturdum. Anam da sol tərəfində oturdu.

- Nə baş verir? Hər şey yolundadı, - dedi səsi titrəyərək. Səbəbini bilmədiyim şəkildə, səsində bir saxtalıq hiss etdim. Amma çox baş aparmadım. O vəziyyətdə deyildim. Birdən, heç nə gözləmədən sözə girdim.

- Ata, mən heç nə xatırlamıram.

Gözlərim doldu və mən yenə də, heç etiraz etmədən, axıtdım göz yaşlarımı. Atam əliylə göz yaşımı silib, heç gözləmədiyim cavabı verdim:

- Bilirəm, qızım.

Üzünə şok olmuş ifadəylə baxdım. Sən demə, anam üç gün əvvəl yavaş-yavaş hər şeyi danışıbmış. Bir neçə gün keçməyini və atamın olanları yaxşıca anlamağını və özünə gəlməyini gözləyib. İçim artıq rahat idi. Ağlamağımı kəsə bilmirdim. Daha sonra üçümüz də bir-birimizi yenidən qucaqladıq. Sonra gözüm anamın əlindəki qutuya sataşdı.

- Ana, ver artıq qutunu açım.

Anam qutunu mənə verdi. Qutuda uşaq oyuncaqları və paltarları var idi. Anam açıqlama etdi.

- Miranla, sənin uşaqlıq əşyalarınız.

İçimdəki ümid qığılcımı artıq böyük bir atəşə çevrilmişdi. Mən o an özümə, ailəm üçün güclü olmağa söz verdim!

Mən Miray! Adımın mənası Ayın ən parlaq halı deməkmiş. Bir neçə ay idi ki, Ay yox idi. Hər tərəf zülmət qaranlıq idi. Amma hazırda Ayın işığı gözlərimi qamaşdırır. Həqiqətən də qaranlığa düşmədən aydınlığın qədrini bilmirik. Həyat sən planlar qurarkən başına gələnlərdir. Bu cümləni mən yaşadım. Hədəf və planlarım başqa, yaşadıqlarım çox başqa. Məndən sizə bir tövsiyə. Rəng koru olmağa ehtiyac yoxdu, həyat göy qurşağı ikən. Unutmayın! Həyat şükür edərək gözəlləşir, lənət oxuyaraq deyil...

Salam, əziz oxucum!

Həqiqətən bu cümləni günün birində istifadə edəcəyim ağlımdan keçməzdi. Amma həqiqətən də həyat sən planlar qurarkən qarşına çıxanlarmış. Mən Nurcan İsmayılzadə (Günar). Xəyalpərəst bir qızam. Ssenarilər, hekayələr qurmağı çox sevirəm. Yazmaq bu həyatdakı ən böyük zövq aldığım iş ola bilər. "Sadəcə o gün" mənim yazdığım ilk hekayədi. Həqiqətən də oxucum oldunuzsa, sizə çox təşəkkür edirəm. Bir xəyalım da sizin sayənizdə gerçəkləşir. Yanımda olub, mənə dəstək olan hər kəsə sonsuz təşəkkür edirəm. Qismət olsa, digər hekayələrdə görüşmək ümidilə!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!