Aşot bir çappa tut arağını başına çəkib burnu ilə sağ qoltuğunun altını iylədi. Sonra da dərindən nəfəs alıb əlilə çənəsini sığalladı.
Qoltuğunun altı tərləmişdi. İt iyi gəlirdi. Amma o, bu iydən ləzzət alaraq oğlu Ayvaza baxıb bic-bic gülümsədi. Sonra o, ikinci stəkanı araqla doldurub oğlunu yanına çağırdı və bir parça donuz ətini dişinə çəkib ağzını marçıldada-marçıldada dedi:
- Sabah Arsaxa yola düşürsən. Oranı türklərdən göz bəbəyi kimi qoruyarsan. Yoxsa anan Silvanın südü sənə halal olmaz. - O bu sözləri deyərək araq dolu ikinci çappanı başına çəkdi və uşaq kimi kövrəldi. Kövrələ-kövrələ oğluna baxdı və birdən ağlına nə gəldisə səndərləyə-səndərləyə ona yaxınlaşdı, sonra da hirslə bildirdi:
- Anan iki oğul doğub. Birinci oğlu dayısına oxşadı. Gedib terrorçulara qoşuldu. Sonra da Sumqayıtda dünyanı bir-birinə qatdı. Axırı nə oldu? Heç nə. Amma mən onun yoluyla getmədim. Gecə-gündüz Arsaxı düşündüm. - Qəhərləndi. Sonra da fəxrlə dedi: - Atam məni Arsaxa yola salanda elə sən yaşda idim. On səkkiz yaşım təzəcə tamam olmuşdu. Bilirsən atam mənə nə dedi?
- Nə dedi? - Ayvazı maraq bürüdü. Gözlərini atasının dodaqlarına dikdi:
- Atam mənə dedi ki, sənin ulu baban Suriyadan Arsaxa gələndə onun da on səkkiz yaşı olub. Sənin baban Andranikin dəstəsində vuruşub. Yüzlərlə türkü qanına qəltan eləyib. Sonra da Fransaya qaçıb.
Aşot fəxrlə bığlarını tumarlayıb Andranikin divardan asılmış portretinə baxdı. Az sonra sevinclə bildirdi:
- Andranik böyük erməni xalqının qəhrəmanıdı. Qəbri Fransadadır. 1991-ci ildə gedib onun müqəddəs qəbrini ziyarət eləmişəm. Qəbri üstündə and içmişəm ki, mən də türklərə qarşı amansız olacağam. Oldum da. 1992-ci ildə atam məni Arsaxa göndərdi. Kəndləri, şəhərləri talan elədik. Xocalıda mən özüm on iki uşağın başını kəsdim. İki gündən sonra general Andranik yuxuma girdi. Yuxuda başımı sığalladı. Sonra da yaxamdan bir orden asıb şirin-şirin gülümsədi.
Ayvaz atasına diqqətlə qulaq asırdı. Atası danışdıqca onun da qəlbində intiqam hissi baş qaldırırdı. Birdən o, qeyri-ixtiyari olaraq dilləndi:
- Ata, mən də general Andranik kimi, sənin kimi qəhrəman olacağam. Mən də türklərə divan tutacağam. Ən azından, yüz nəfər türk öldürməsəm, anamın südü mənə haram olsun.
- Can oğlum, igid oğlum! - deyərək anası Silva gəlib oğlunu bağrına basdı. Silvadan donuz iyi gəlirdi. Düz bir saat bundan əvvəl iki donuz balasını qanına qəltan eləmişdi. Qanına bələdiyi donuz balalarını iri bir tavada qızardaraq stolun üstünə qoymuşdu. Bir azdan qonaqları olacaqdı. Qonaqları olacaqdı deyəndə, Şaumyanla Aşotun qardaşı Artur gələcəkdi. Şaumyan Silva ilə bir məktəbdə işləyirdi. İkisi də tarix müəllimi idi. Və söz yox ki, Ayvaz da Aşotun yox, Şaumyanın belindən gəlmişdi. Amma bunu heç kim bilmirdi. Heç kim bilmirdi deyəndə məktəb direktorunun bu məsələdən xəbəri var idi. Bu xəbər kəndə yayılmasın deyə, Silva məktəb direktorunun da istəyini yerinə yetirirdi.
- Afərin, oğlum! - Aşot növbəti çappanı doldurub dilləndi: - Biz yeddi rayonu işğal elədik. Hələ görüləcək işlərimiz çoxdu. Hələ ki Bərdəni, Tərtəri, Goranboyu, Ağcabədini yerlə-yeksan eləməmişik. Bu müqəddəs vəzifəni siz yerinə yetirəcəksiniz. Vaxt gələcək, sənin oğlun da öz yaşıdları ilə birlikdə Tauzu, Qazaxı, Gədəbəyi... ələ keçirəcək. Və biz "Böyük Ermənistan" quracağıq. Bunu mən görməsəm də, sən görəcəksən, oğlum! - Aşotun sevincdən gözləri yaşardı. Sağ gözündən bir damla yaş süzülərək əlində tutduğu araq dolu stəkanın içinə düşdü.
- Bu yaxşı əlamətdir, - Silva özündənrazı halda gülümsəyərək yan otağa keçdi. Az sonra ətəyi dizlərinə çatan sarı bir don geyinib geri qayıtdı. Aşot arvadını ilk dəfə görürmüş kimi heyrətdən ağzı açıla qaldı. "Sarı gəlin" - deyərək pıçıldadı. Əlləri əsdi. Araq dolu stəkanı birtəhər başına çəkib Azərbaycan dilində oxumağa başladı:
"Səni mənə verməzlər sarı gəlin". - Silvanı gülmək tutdu. "Əlbəttə, verməzlər". - Nazlandı.
Elə bu zaman həyətdə səs eşidildi. Gələn Şaumyan müəllim idi. Onun içəri girməsilə Aşotun "ura" - deyə qışqırması bir oldu. Şaumyan müəllim xoflanan kimi oldu. Bir anlıq ayaq saxlayıb Aşotun "ura" - deyə qışqırmasının səbəbini anlamağa çalışdı. Sonra da key-key Aşotun üzünə baxıb sakitcə stola yaxınlaşdı. Stul çəkib oturdu və burnunu çəkib başını aşağı dikdi.
Aşot ona yaxınlaşıb ağzının suyu axa-axa dedi:
- Müəllim, niyə qaşqabaqlı oturmusan?
O, cavab vermək əvəzinə başını qaldırıb Ayvazın üzünə baxdı və qəhərlənən kimi oldu.
Çox keçmədi ki, Şaumyan müəllimin qaş-qabağı açıldı. Araq dolu stəkanı sol əlinə götürüb sağ əlini Ayvaza tuşlayıb danışmağa başladı: - Oğlum, sabah Arsaxa gedirsən. Unutma ki, sənin damarlarında... - Dayandı. O "sənin damarlarında mənim qanım axır" - demək istəyirdi. Silvanın öskürməsilə özünü ələ alıb sözünə davam elədi: - Sənin damarlarında erməni qanı axır. Ermənilər ali irqə mənsubdurlar. Bunu unutma. İnanıram ki, səsin-sorağın Bərdədən, Tərtərdən, Ağcabədidən... gələcək. "Böyük Ermənistan" dövlətinin yaranmasında sənin də payın olacaq. - O, sözünü bitirən kimi Aşot yenidən "ura" deyərək ayağa qalxdı, sonra da gəlib Şaumyan müəllimin boynunu qucaqladı, üzündən öpdü və fəxrlə bildirdi: - Sən mənim qardaşımsan. - Şaumyan müəllim yenə də özünü itirən kimi oldu. Yenə də onu bu vəziyyətdən Silvanın öskürməsi xilas elədi.
Məclis gecəyarıya kimi davam elədi. O gecə ilan vuran yatdı, amma Ayvaz yata bilmədi. Yuxusu ərşə çəkilmişdi. Səhərin açılmasını gözləyirdi. Gözləyirdi ki, tezliklə Arsaxa yola düşsün. O da atası kimi ad-san çıxartsın, qəhrəmanlıq göstərsin. Onun da adı general Andranik kimi tarix kitabına düşsün. Ayvaz həm də düşünürdü ki, onu Baş nazir Paşinyan mükafatlandıracaq. O, "Cıdır düzü"ndə araqdan içib yallı gedəndən sonra demişdi ki, Bərdəni, Tərtəri, Ağcabədini... türklərdən azad eləyəndən sonra rahat nəfəs alacağam. - Paşinyanın "Cıdır düzü"ndəki çıxışı Fransanın televiziya kanallarında dəfələrlə göstərilmiş və sevinclə qarşılanmışdı. Hətta bu barədə Paşinyana təşəkkür məktubları da göndərilmişdi. Livandan bir molla isə Paşinyana belə bir teleqram vurmuşdu: "Çox hörmətli və sevimli Baş nazir! Şuşanın "Cıdır düzü"ndəki rəqsinizə böyük maraqla tamaşa elədim və dahiyanə çıxışınızı dinlədim. Hətta Şuşi məscidlərində saxlanılan donuzlara da sevinclə baxdım, ürəyim dağa döndü. Eşq olsun erməni qardaşlarımıza. Ürəyim sizinlə birgə döyünür. Biz qardaş erməni xalqı ilə fəxr edirik. Böyük hörmətlə: İmam Cəfərpur".
Ayvaz səhərə yaxın yuxuya getdi. Yuxuda gördü ki, "Cıdır düzü"ndə rəqs eləyir. Baş nazir Paşinyan da, Fransa prezidenti Makron da oradadır. Amma o, nədənsə, qaş-qabaqlı görünür. Elə bu zaman Makron ona yaxınlaşıb deyir ki, nə olub, qardaşım? Dəryada gəmin batıb? - Paşinyan da uşaq kimi hönkürərək cavab verir ki, görmürsənmi, Şuşi əldən gedib. - Necə yəni əldən gedib? - Makron geri çevrilib Şuşa şəhərinə tərəf baxmaq istəyəndə arxasına bir güllə dəyir. Makron əlilə arxasını tutaraq yerə yıxılır. Hamı ona tərəf baxaraq gülməyə başlayır. - Yuxunun şirin yerində anası onu dümsükləyərək yuxudan oyatdı. - Qalx, oğul, bir azdan yola düşəcəksən. Gecikmək olmaz. Arsax səni gözləyir. - Ayvaz gərnəşib yerindən durdu.
***
Ayvaz göz açmağa imkan tapmırdı. Səngərdən başını qaldıra bilmirdi. Mayor Qriqoryan ratsiya ilə bağıraraq deyirdi: - Türklər başımıza od yağdırır. Bəs ruslar harada qaldı? Niyə onların cavabını vermirlər? - Bir az da gözləyin. Nikol Paşinyan neçə gündür ki, telefondan asılı qalıb. Fransaya, Moskvaya zəng eləyib hərbi kömək istəyir. Hətta o, Cibuti Respublikasının prezidenti ilə də danışıb. Somaliyə, Şri-Lankaya da zəng eləyib. Hələ ki səs-səmir yoxdur. - Mayor Qriqoryanın bağırmaqdan üz-gözü turp kimi qızarmışdı. Nə edəcəyini bilmirdi. Nə edəcəyini bilmədiyinə görə də Paşinyanın ünvanına söyüşlər yağdırırdı: - Köpəkoğlu, bizi aldatdı. Deyirdi ki, siz hücuma keçin. Bir neçə günə Bərdəni də, Tərtəri də ələ keçirəcəyik. Amma nə oldu? Əsgərlərin çoxu dovşan kimi qaçmağa başlayıb. Bizi iti qovan kimi qovurlar. - Mayor Qriqoryan başını əllərinin arasına alıb uşaq kimi hönkürdü. Sonra göz yaşlarını silib bir siqaret yandırdı. Ayvaz nə fikirləşdisə ona yaxınlaşdı və titrək səslə bildirdi: - Cənab mayor, biz gücümüzü 1992-93-cü illərdə bütün dünyaya nümayiş elətdirdik. Bəs indi külək hardan əsdi? - Mayor Qriqoryan ona tərs-tərs baxıb dedi: - Onda biz tək deyildik. Böyük qardaşlarımız olmasaydı, Arsaxın bir çöpünü də ələ keçirə bilməzdik. Dünyanın bütün erməniləri tökülüb gəlsəydi, Ağdamın bir kəndini də ələ keçirə bilməzdik. - Bəs indi nə oldu? - Ayvazın dodaqları əsdi. - Axı mən söz vermişdim ki, kəndimizə qəhrəman kimi qayıdacağam. - Mayor Qriqoryanı gülmək tutdu: - Ay oğul, gör hələ kəndinizə sağ-salamat qayıda biləcəksənmi! İndi qəhrəmanlıq vaxtı deyil. Canını birtəhər qorumağa çalış! - Ayvazın ürəyi nanə yarpağı kimi əsdi. Qurduğu xəyallar bir andaca tarmar oldu. Hətta Livandan gəlmiş polkovnik İbrahim Sönməzin də canına qorxu düşdü. Dodaqaltı mızıldanaraq dedi ki, uzun illərdir türklərə qarşı müharibə aparıram. Yüzlərlə türk öldürmüşəm, neçə-neçə maşın karvanına hücumlar təşkil etmişəm. "Qara ilan" ləqəbini mənə havayı verməyiblər. Qarşıma çıxanı ilan kimi sancıb öldürməkdən həzz alıram. İndi isə əlim-qolum bağlanıb. Son bir həftədə 150 nəfərdən çox silahdaşımı itirmişəm. Belə də dərd olar? - Ağır-ağır köks ötürdü. Fikirlər beynini oyurdu. Nə edəcəyini bilmirdi. - Ayvaz onu başdan-ayağa süzərək öz-özünə düşündü: "Aradan çıxmaq vaxtıdır. Əgər İbrahim Sönməzi söndürüblərsə, gör onda bizim axırımız necə olacaq!" - Onun bu fikrini, deyəsən, "qara ilan" ləqəbli İbrahim Sönməz də hiss elədi. - Ayağını bir addım kənara qoysan, əlimdəki bu avtomatla kürəyini aşsüzənə döndərəcəyəm. - Ayvaz ağlamsındı. Sonra da İbrahim Sönməzin ayaqlarını qucaqlayıb dedi: - Mən də sənin balanam. Son nəfəsimə kimi yanında olacağam. - İbrahim Sönməz gülümsədi. Gülümsəyə-gülümsəyə Ayvazın başını sığallayıb dedi: - "Qara ilan"ın balası da qara ilan kimi öldürməyi bacarmalıdır. - Ayvaz onun dediklərini başını tərpətməklə təsdiqlədi və sevinclə "Qara ilan" ləqəbli İbrahim Sönməzə baxdı.
***
Ayvaz gözlərini açanda özünü çarpayıda gördü. Başında uğultu vardı. Həm də qulaqları cingildəyirdi. "Mən hardayam?" - Səsi güclə çıxdı. - Çarpayını səngərə kim gətirib? Bəs polkovnik İbrahim Sönməz hanı? - Sən qospitaldasan. - Şəfqət bacısı bildirdi. - Səhərə kimi "Qara ilan" deyə sayıqlamısan. Sənin dediyin həmin o qara ilan ləqəbli İbrahim Sönməz əlli nəfər Livan ermənisi ilə birlikdə əsir düşüb. O biri döyüşçülər isə səni yaralı qoyub qaçıblar. Səni bura bizim əsgərlər gətiriblər. Gələn kimi də əməliyyat olunmusan. - Nədən? - Ayvazı qəhər boğdu. Elə bu zaman tibb mayoru Səmədov palataya daxil oldu və şəfqət bacısına baxaraq "Bizi tək buraxın", - dedi.
Tibb mayoru Səmədov Ayvaza yaxınlaşıb bildirdi: - Qorxma, sağalacaqsan. Ancaq... - Susdu. Ayvazın səsi güclə çıxdı: - Ancaq nə? - Sualın cavabını gözləmədən bir də soruşdu: - Həkim, qadan alım, mənə düzünü deyin. Taleyim necə olacaq? Mənə nə edəcəksiniz?
Tibb mayoru Səmədov onun gözlərinin içinə baxıb dedi:
- Biz əsir düşən əsgərlərə toxunmuruq. Yaralı əsgərləri də müalicə edirik. Səni də ölümdən xilas elədik. Ölməsən də, ölümdən betər günə düşübsən.
Ayvaz eşitdiklərinə inanmaq istəmirdi. İnanmaq istəmədiyinə görə də bir də soruşdu:
- Mənim taleyim necə olacaq?
- Sən yaşayacaqsan. Amma heç vaxt ata ola bilməyəcəksən.
- Niyə? - Təəccübləndi və təəccübdən dodaqları səyridi.
- Çünki erkəkliyinə qəlpə girmişdi.
- Necə? - Gözünün yaşını sıxaraq zarımağa başladı. - Deməli, mən evlənə bilməyəcəm. Heç vaxt uşağım olmayacaq və mən də gələcəkdə oğlumu Arsaxa göndərə bilməyəcəyəm. - Ayvazın erməni dilində dediyi bu sözləri tibb mayoru Səmədov başa düşmədi. Ona görə də üz-gözünü turşudub palatadan çıxdı.
Ayvaz öz-özünə deyinməyə başladı. Deyinə-deyinə dəli olmaq dərəcəsinə gəlib çatırdı. Az sonra səsinin tonunu aşağı saldı. Gözlərini yumub bir müddət susdu. Və birdən güclə eşidiləcək bir tərzdə dilləndi: "Arsax ermənilərin ən gözəl uydurmasıdır. Çünki biz adam deyilik, erməniyik".
İndi o, erməni olmağından utanırdı.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!