Şahin işdən yenicə qayıtmışdı, yolda arvadına zəng vurmuşdu ki, çatıram, yeməyi qoy qızsın. Metronun basırığı, avtobus tıxacı sıxıb suyunu çıxarmışdı. Evə tükləri yolunmuş quş kimi gəlib çıxmışdı. Qapıdan içəri girəndə gördü ki, arvadı Bülbülxanım telefonda bir cəh-cəh vurur ki, gəl görəsən. Beyninin qapağı atmadımı?
- Aaz, bəs demədimmi mən çatınca yeməyi qızdır? - Səsi qalın divarı deşib qonşuya yetdi.
Bülbülxanım necə diksindisə, az qaldı telefonun dəstəyi əlindən düşsün.
- Uy bismillah! Ədə, qorxdum ki. Aclıqdan çıxmısan? Bir içəri gir, əynini dəyiş, əl-üzünü yu, özüvə gəl, o vaxtacan yeməyin də hazır olar.
Arvadı ərini sakitləşdirib telefonun dəstəyinə tez-tələsik bu sözləri hüdülədi:
- Qumruş, qurban sənə, kişi işdən gəlib, çay-çörəyini verim, sonra danışarıq.
Dəstəyi atmağıyla ərinin üstünə çımxırmağı bir oldu:
- Ədə, yüz dəfə demişəm ki, mən telefonla danışanda üstümə bağırma. Bir mədəniyyətin olsun. Deyəcəklər, buna bax, gör əri üstünə necə qışqırır.
- Əri özünü o yerə qoymadı, gödəkçəsini çıxarıb stolun başına atdı, əl-üzünü yumaq üçün vanna otağına keçə-keçə: - Yaxşı, bəsdir görək, yeməyi gətir, - dedi.
- Mən hələ sənin kimi kəmhövsələ adam görməmişəm. İt kimi adamı qapırsan, noolub?
- Az ey, danışığıva fikir ver. Ərlə bu tonda danışmazlar, - kişi səsini qaldırdı.
- Pah, yaxşı görək. Ər olan bəndə arvadla belə rəftar eləməz, Şahin müəllim.
Qarnı acından quruldayırdı, söz güləşdirməyin yeri deyildi. Süfrə arxasına keçdi. Yemək gəlhagəldə qapının zəngi çalındı. Bülbülxanım yambızlarını oynada-oynada dəhlizə cumdu.
- Gəl, gəl Qumruş, qayınanan səni yaman çox istəyirmiş. Yaxşı yemək bişirmişəm, gəl otur. - Bülbülxanımın cingiltili səsi Şahinin beynində bir dövrə vurub qulağından çıxdı.
"Qumrudu, yumrudu, nə zibildi, vaxt tapdı gəlməyə. Qoymazlar bir tikə zəhrimarımızı yeyək də". Dodaqucu deyindi. Qumru artıq yemək süfrəsinin başında idi.
- Az, bayaq söhbətimiz yarımçıq qaldı axı, - çiyinlərini oynatdı. - Uşağı məktəbdə bütün günü ələ salırlar. Siz bizə kömək edin də, noolar. Uşağın adını dəyişdirmək istəyirik.
Şahin təəccüblə Qumruya baxdı:
- Qonşu, uşağın adını nöş deyişirsüz?
- Bilirsiz necədi, Şahin qardaş, o vaxt uşaq anadan olanda ona nənəsinin adını qoyduq, Bildirçin. Mən razı döyüldüm e, yoldaşım dirəşdi ki, yox e, anamın adını qoyaq. İndi də uşaqlar məktəbdə qızı dolayırlar, yazıq uşaq gəlib evdə ağlayır. Deyir mama, bu nə addır mənə qoymusunuz? Hamı məni ələ salır, məktəbə gedə bilmirəm.
Şahini gülmək tutdu:
- Uşaq düz deyir də. Bildirçin... Yox bir qaşqaldaq. - Dediyinə özü də qəhqəhə çəkdi.
Bülbülxanım ərinə göz ağartdı. Qumrunun yanaqları pörtdü, bilmədi nə desin.
- Həri, düz eliyirsüz. Gedin dəyişin uşağın adını. Əgibdü, sabah adam arasına çıxacaq, sevib-seviləcək, uşağa travma yaşatmayın.
Qumru ürəkləndi:
- Elə ona görə gəlmişəm də, Şahin qardaş. Siz bizə necə kömək edə bilərsiniz?
Bülbülxanım İcra Hakimiyyətində müvafiq şöbədə çalışırdı, adların dəyişdirilməsi məsələləriylə də həmin şöbə məşğul olurdu.
- Narahat olma, Qumruş. Sabah uşağı da, sənədlərini də götür, gəl İcraya. Həll edərik, - Bülbülxanım yemək gətirə-gətirə dedi.
- Yaxşı, uşağa bir sovremenni ad da tapmaq lazımdır, ay bacı. Bilmirik nə ad qoyaq.
Şahin ürəyində fikirləşdi ki, işə düşmüşük də, adı da biz tapaq? Onu da gedin özünüz həll edin də. Bu dəm Bülbülxanımın ağlına nə gəldisə, sevincək dedi:
- Gəlin püşk ataq. Qızın özünü də çağır, kağızlara üç-dörd dənə ad yazaq, püşk ataq, qız hansını götürsə, o adı qoyaq. Necədi?
Bu təklif Qumrunun ağlına batdı, yerindən ozanlar demiş, qalxubani uru durdu, getdi Bildirçini gətirməyə.
Məxləs, püşk atdılar, boyu uzun Bildirçin xanım əlini atıb bükülü kağızlardan birini götürdü, açdı. Qızın payına nə düşsə yaxşıdır? Göyərçin!
Qız duruxdu, döyükdü, sağa-sola devikdi, bilmədi daha neyləsin. Bülbülxanım qayıdasan ki, qismətdən artıq yemək olmaz. Göyərçin gül kimi addır. Qoy qızın adı elə Göyərçin olsun. Şahin də arvadının sözünə qüvvət verdi:
- Hə də, Bildirçin olmasın, Göyərçin olsun. Pulları çin-çin olsun, sevdiyi gülçin olsun.
Öz aramızda qalsın, Göyərçin adını kağıza Şahin yazmışdı. Bir tikə yeməyi ona haram edən Qumrudan o da belə əvəz çıxmışdı. Tərslikdən təzə Göyərçin də həmin kağızı götürmüşdü.
Həyat bəzən adamla belə zarafatlar edir.
Çərxi-fələk fırlandı, növbəti dəfə Göyərçinin bəxtinə Durna çıxdı. Bu karusel ancaq quşlar üçün fırlanır. Karuseldən düşən Durna xanım oğlu Qağayıya elçi düşmüşdü. Qağayı da Göyərçini harda görüb aşiq olmuşdu? Deyim də harda. Quşxanada!
Yox e, səhv başa düşməyin. Qağayı su quşlarının məskunlaşdığı qoruqda çalışırdı. Quşçuluq üzrə gənc və perspektivli mütəxəssis idi. Göyərçingili yayda ailəvi istirahət üçün İstisuya gedəndə atası onları Qoruğa aparmışdı. Elə ordaca Qağayı quşu gözündən vurmuşdu. İndi də anası Durnanı Göyərçin üçün elçi salmışdı.
Durna uzunboy, arıq, çiyinləri batıq qadın idi, tez-tez ayağının birini qoyub birini götürürdü. Göyərçinin gələcək qayınanasına heç quşu qonmadı. Durna zəhmli baxışlarıyla qızı əzirdi. Göyərçin süfrəyə çay gətirəndə əlləri əsdi, az qaldı, padnos əlindən düşsün. Qumru özünü yetirib padnosu qızının əlindən aldı. Qız utandığından qaçıb arxa otaqda, əndərunda gizləndi.
Qızın atası pırtlaşıq saçları, tüklü qulaqları, uzun burnu, qayır-qayır qaynayan xırda, yumru gözləriylə bataqlıq quşuna oxşayırdı. Uzun ayaqları stolun altına yerləşmirdi. Danışanda bağıra-bağıra danışan bu nataraz görkəmli kişinin adı da elə Bağır idi.
- Gəlmisüz, lap əcəb eliyib gəlmisüz. Qonağ Allah qonağıdu. Xoş gəlmisüz! Çayıvızı içün, soyutmuyun.
Durna diksindi:
- Aa, bu kişi nöş qışqırır? Burda kar-zad var bəgəm?
Qumru ərinin eyibini ört-basdır elədi:
- Yoo, bizim kişinin danışığı belədir, narahat olmayın.
Sonra da ərinin dizini çimdiklədi: Bir az yavaş danış də, noolub? Meşədəsən?
Bağır bu dəfə lap gül vurdu:
- Noolub begəm? Söhbetdü əliyirik də.
Durna öz-özünə pıçıldadı: - Vəxsey, bu nə səsdü, elə bil drelnən divar deşirlər.
Birbaşa mətləbə keçmək lazımdır. Durna özünü toparlayıb sinəsini irəli verdi:
- Yaxşı, bizə şirinçay vərirsüz, ya yox?
Qumru Bağıra baxdı, Bağır bu dəfə fağır görkəm alıb çubuq barmaqlarını şaqqıldatmağa başladı. Araya ürəküzən sükut çökdü. Qumru kişini dümsüklədi: - Ədə, cavab vər də.
Durna baltadimdik əriylə baxışdı. Bu tosqun kişinin adı müəllifin yadından çıxıb, qoy elə adı Baltadimdik qalsın. O da aralığa bir-iki kəlmə atdı:
- Day uşaqlar alışıb-vərişiblər, bizlik bir iş yoxdu ki, Bağır qədeş. Xeyir-dua vərginən.
Bağırın səsi qəfil şimşək kimi guruldadı:
- Allah xeyir vərsün!
Süfrədə stəkan-nəlbəkilər cingildədi. Boğazı qırmızı lentli armudu stəkanların növbəsi çatdı. Biz də deyək: Allah mübarək eləsin!
Göyərçinin "həri"si verildi. Həmin axşam Qağayı ilə Göyərçin bulvar gəzintisinə çıxdılar. Karuselin yanından keçəndə Göyərçin sevgilisinə sığınıb, - bəlkə minək, - dedi. İri plakatda "Quşlar üçün karusel" yazılmışdı. Qağayı yaxınlaşdı ki, bilet alsın. Gördü heç bilet alan yoxdur.
- Bu karusel pulsuzdur, cavan oğlan.
Ətrafa baxdı, bu sözləri kimin dediyini müəyyən edə bilmədi. Əl-ələ tutub xoşbəxtcəsinə karuselə doğru addımladılar.
...Səmanın ənginliklərində süzürdülər. Xəzər dənizi ayaqlarının altında idi.
Karusel sürətini azaldıb dayandı. Oturacaqlar boş idi, sərnişinlər havaya qanadlanmışdılar...
23 dekabr 2021-ci il
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!