Dönən ruh - Hekayə. Miraslan BƏKİRLİ

 

Kirpiklərimdən elə bil daş asılmışdı. Nə yata, nə də oyaq qala bilirdim. Beynimin içində bir uğultu vardı, elə bil zəhlətökən su nasosunun səsiydi. Televizorun düyməsini basdım və düşündüm ki, nə səs olur-olsun, bircə bu uğultu - vızıltıya oxşayan səs olmasın, bəlkə ondan sonra yuxuya gedə bildim...

- Bilirsənmi ki, özünə qəsd eləmisən? Onu da bilirsənmi özünə qəsd edənlərin yeri haradı? Sənin...

- Kimsən, məni günahlandırırsan?! Mən özümə qəsd etməli olsam, indi ölmüşdüm.

- Sən ölmüsən. Diri olsan məni görərdin. Danışan sənin ruhundu. İstəsən də hələlik bir şey görə bilməyəcəksən.

- Mən, deyəsən, yuxu görürəm. Hərdən belə oluram...

- Onda oyan, görüm oyana bilirsənmi... Gördün, oyana bilmirsən, bundan sonra heç vaxt nə yatacaqsan, nə də oyanacaqsan.

- Məndən nə istəyirsən?

- Etirafını.

- Ondan sonra nə olasıdı?

- Ruh kimi hər şeyi görəcək, heç nəyi duymayacaqsan - bütün dünyasını dəyişən insanlar kimi.

- Bəs Cənnət, Cəhənnəm deyilən məkan? Belə çıxmırmı ki, ölənlər eləcə hər şeyi görən, heç nəyi duymayan nə varlıq, nə də yoxluq olur. Amma indi mən nə heç nə görmür, heç nə də duymuram.

- Sullara cavab verənə qədər belə də olacaq.

- Mən indi əzab çəkməyə başladım, amma sən deyirdin heç nə duymayacaqsan.

- Bəli, bu qəbir əzabıdı.

- Ondan necə qurtarmaq olar?

- Sullara cavabınla.

- Sən hər şeyi bilirsənsə, verəcəyin sualların da cavabını bilirsən.

- Yox, hər şeyi bilən Odur.

- Anladım. Mən özümə qəsd eləməmişəm, əcəlimlə ölmüşəm.

- Can insana Allah əmanəti kimi verilir və əmanəti qorumalısan. O əmanəti nəinki qorudun, illərlə ona əzab verdin.

- Mən ürəyimə hökm edə bilməzdim ki... Onu sevdim, o da məni tərk etdi. Düşündüm ki, unudaram, amma nəinki unutdum, günü-gündən ona daha çox bağlandım. Ondan sonra hər şey mənə mənasız göründü. Dünya dediyimizin məndən ötrü bir qara qəpik qədər qiyməti olmadı.

- Nədən könlünü almadın?

- Onun qəlbinə Şeytan girmişdi. Könül evinin qapısı mənim üzümə bağlanmışdı. Onun da ürəyi məndə idi, biz bir yerdə olanda Cənnətdəki kimi olurduq.

- Allahdan onun qəlbinə rəhm gəlməsini, sənə dönməsini istədinmi?

- Hə, çox, lap çox, amma illər keçdikcə ümid dediyimiz güvənim nazilib-nazilib hörümçək toru qədər incəldi, ondan sonra da mən bura gəldim.

- Bəlkə günahın vardı, səhvin oldu, bəlkə incitdin, üzdün, bezdirdin onu.

- Günahsız, səhvsiz bircə Yaradandı. İncitmiş olsam da heç onun üzülməsini istəmədim, bezdirsəm də bircə üzrxahlıqlarım ilə bezdirmiş oldum. Çox əyildim onun, daha qoğrusu, məhəbbətin qarşında və sonra anladım ki, bu məni onun qarşısında daha da "ucuzlaşdırdı". Amma buna da peşman deyiləm, bu mənim alın yazımdı, o yazının da qarşısında boynum tükdən incədi... Yaxşı, mən ölmüşəmsə, bu beynimdəki vızıtı nədi?

- Sualları mən verirəm.

- Heç olmasa üzünü göstər mənə, soluğum genisin.

- Bircə özünü görə bilərsən - meyitini. O da hələ yox...

- Mən çoxmu bu əzabda qalacam?

- Dedim, sualı mən verirəm.

- Onda nə istəsən soruş, tez cavab verim, canım qurtarsın bu əzabdan.

- Sən hələ bilmirsən əzabdan qurtaracaqsan, yoxsa daha dözülməz əzab içində olacaqsan.

- Cəhənnəm əzabını deyirsənsə, mən ona layiq deyiləm. Çünki insanlara və insanlığa bütün varlığımla qulluq eləmişəm, heç bir...

- "Günahım yoxdu" - deyəcəksən.

- Yox-yox, günahsız Mələklər olur, insan dediyin varsa, günahı da var. Amma mən heç bir insan övladına pislik etmək istəməmişəm.

- Sən heç düşünmədinmi ki, ən böyük günahın özünəqəsd etməyin olub.

- Mənim günahım sevdiyim insanın ayrılıq xiffətini çəkməkdisə, ona görə Cəhənnəm əzabına da dözməyə...

- Xiffət edirsən, sənin məhəbbətinə qiymət verməyən üçün ölməyin özü...

- Sənin başqa sualın yoxdu? Ölmüş insanı bircə istəyinə görəmi mühakimə edirlər?

- Əlbəttə yox, bu, min bir sualdan biridi hələ. Sənin...

- Mən əzab çəkirəm, nəfəsim daralır, boğuluram...

Yuxudan ayıldım, elə bildim qəbirdəyəm, bir də baxdım divandayam, televizorda verilişlər sona çatıb, ekran eləcə cimbildəyir. Yadıma düşdü ki, çaydanı doldurmaq üçün kranın altında qoyub suyu da açıq saxlamışam. Qalxıb kranı bağladım, zəhlətökən vızıltı kəsdi. Birdən yuxunu xatırladım, tüklərim ürpəşdi. Bir dolça soyuq su içəndən sonra soyunub yatağa girdim. Sanki kirpiklərimdən asılan daşlar daha da ağırlaşmışdı, yuxu ilə gerçəklik arasında yenə həmin səs gəldi:

- Dedim, ölübsən, inanmadın. İndi min suala cavab verməyin qalıb.

Mən nə yatmışdım, nə oyaq idim. Qalxmaq istəyirdim, ancaq heç tərpənə də bilmirdim. Amma hiss edirdim ki, nəfəs alıram.

- Mən ölməmişəm, nəfəs alıram.

- Sən ruh kimi dünyaya yenidən qayıdacaqsan, onunla görüşəcəksən və evlənəcəksiniz...

Mən çox xoşbəxt idim. Ayağımı torpağa toxundurub bir təkanla göylərə qalxır ordan göyərçin gözü ilə yamyaşıl ormana, çəmənə baxırdım. Talada bapbalaca bir ev vardı, mən ora dönəcəkdim onun yanına. Bilirəm ki, o orda məni gözləyir. Həmişə arzu elədiyi "xudmani" evi hündürdən - buludların yanından görürdüm. Mən ona dönürdüm, ruh kimi.

 

Qəbələ, Girvə kəndi

05.09.21


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!