Bəzən həftələrlə onların qazanında ət xörəyi qaynamırdı. Kişinin ürəyi hər ət xörəkləri istədikcə arvadı sataşır, qınayırdı ərini: "İndi hardan alım qonşumuz Əşrəf müəllimi ki, bir quzu cəmdəyinin para şaqqasını bölüb versin bizə, günlərlə kefə baxaq? Hardan alım o Sovet hökumətini ki, sən də oturub-durub Əşrəf müəllimdən imzasız məktublar yazıb göndərəsən yuxarılara? Axı Allah var göydə. Hər şeyi görür. Əvvəl-axır bizi çox şeyə həsrət qoymalıydı, sənin o haqsız əməllərinə görə. İndi qalmışıq beş-on manatlıq təqaüdün ümidinə". Arvadı haqlıydı. Ona görə də o dinmir, susur, xəcalət təri alnında tumurcuqlanır, bədənini əzabverici bir istilik bürüyürdü. Azacıq sonra isə hər şey keçib gedir, unudulurdu.
Qonşuluqda bir zamanlar yaşayan və sonralar həmin nankor qonşusunun (haqqında danışdığımız adamın) əlindən köçüb başqa yerə gedən Əşrəf müəllim yüksək vəzifə sahibi idi. Hər həftə, bəzən hər gün onun qapısından cürbəcür sovqat, pay-püş daxil olurdu. Bunların bir çoxunu qonşu Mazan (əsl adı Ramazan idi) müəllim gözlükdən izləyirdi. Qalan vaxtlarda isə arvadı onun bu işini davam etdirirdi - təbii ki, ərinin tapşırığıyla. Beləcə, qonşu Əşrəf müəllimgilə kim gəldi, nə gətirdi, nə apardı, hamısını yerli-yataqlı öyrənirdilər. Və elə bir gün olmurdu ki, Əşrəf müəllimin uşaqlarından biri qonşularına pay gətirməsin. Gələn paydan, sovqatdan yeyib şişən əmək təlimi müəllimi Mazan müəllim yuxarılara bir gecədə bəzən bir neçə imzasız məktub yazmışdı, qonşusu Əşrəf müəllimin əleyhinə. Onun vəzifəsindən istifadə edib rüşvət almasını, evinə rayon yerlərindən bütöv qoyun-quzu cəmdəklərinin gətirilməsini və bir çox görüb-görmədiklərini yazmışdı. Bir neçə gün sonrası Əşrəf müəllimin ev-eşiyində ciddi yoxlama işləri aparılmışdı... Həmin yoxlamadan sonra Mazan müəllim yenə də öz evinin qapısındakı gözlüyü yağır eləmişdi. Bu dəfə də Əşrəf müəllimə iri bağlamaların, sovqatların gəldiyini görmüşdü. Yenə də qonşudan pay alacağını ümidlə gözləsə də, ümidi puç olmuşdu. İndi hər şey tərsinə çevrilmişdi. Əşrəf müəllimin oğlu iri bir ət parçasını atasının buyruğuyla götürüb üçüncü mərtəbədən aşağı düşür, həmin ət parçasını həyətin künc-bucağında veyillənən itə, pişiyə atır, qayıdırdı...
***
"Arvad, ürəyim elə piti istəyir ki, gəl görəsən. Bu gün iki kilo ət alaram, bir yaxşı piti qoyarsan - lap o şəkililər kimi, - yeyib şeytanın dizini qırarıq. Budəfəki təqaüdü də verək ətə-zada, bir adam balası kimi yeyib-içək, görək axırımız hara gedib çıxır. Oğul-uşaq da bir zibil olmadı bizə. Hamısı arvad yedəyində getdi. Özümüz-özümüzə gün ağlamasaq boş şeydir...".
Mazan müəllim arvadından götürdüyü əlli manatı cibində bərk-bərk gizlətmişdi. Avtobusa-zada vermək üçünsə bir manat xırda pulu yox idi, olsa da verməyəcəkdi. Hələ sovet zamanında şəhərdaxili avtobuslara bir qəpik pul verdiyi yadına gəlmirdi; ya arxa qapıdan düşüb qaçmışdı, ya da qırmızı rəngli saxta bir vəsiqəni havadaca saymazyana sürücüyə göstərib aradan çıxmışdı. İndi isə cibindəki təqaüdçü vəsiqəsinə arxayınlaşaraq minmişdi mikroavtobusa. Düşərkən vəsiqəni çıxarıb göstərəcəkdi sürücüyə. Sürücü arxasınca söyər olsa da məhəl qoymayacaq, geri baxmadan aradan çıxacaqdı. Hər halda illərin çoxunu elə bu cür yola vermişdi. Yoxsa aldığı azacıq məvacibin də hər ay bir hissəsini avtobuslara versəydi, hara gedib çıxardı, ümumiyyətlə, bu ana, bu günə gəlib çıxa bilərdimi? Qonşu Əşrəf müllimlə bağlı məsələyə gəldikdə isə Mazan müəllim o vaxt haqlı iş tutduğuna özünü inandırmağa çalışırdı. Düşünürdü ki, axı nəyə görə o, soğan-çörək, Əşrəf müəllim kimilər isə kabab yeməlidir. Dünyanın düz vaxtında düz əməlli yaşamaq qisməti olmayan Mazan müəllim dünyanın bu qarışıq vaxtında da normal insan həyatı yaşaya bilmirdi. Bədəni, canı bəzən günlərlə ağrıyır, sızıldayırdı, amma həkimə getmək, dərman almaq adı gələndə Mazan müəllimin dünyası qaralırdı. Ağrı, sızı da, sanki onun bu biganəliyindən usanıb ara verməli olurdu.
Bu dünyada çox şey mümkün idi. İllərlə ət yemədən yaşamaq elə də müşkül deyildi. Amma məsələ, bayaq dediyim kimi tamam başqa idi...
Avtobus son dayanacağa yaxınlaşanda içəridə cəmisi dörd sərnişin var idi. Mazan müəllimi bu çox sevindirirdi. Deməli, onun sürücüyə pul vermədən düşdüyünü görən olmayacaqdı. O, özündən əvvəlki iki nəfərin düşməsini gözləyib özü də düşdü və təqaüdçü vəsiqəsini sürücüyə baxmadan havaya qaldırıb uzaqlaşmaq istədi. Bu an sürücü arxadan qışqırdı:
- Ağsaqqal, gediş haqqını niyə vermirsən?.. A kişi, eşitmirsən? Dədənin maşını deyil, ay dayı, pulunu ver... Ay kişi, karsan, eşitmirsən?
Mazan müəllim son sözlərdən od-alova döndü. Qəzəbini qılınc kimi sıyırıb sürücünün üstə şığıdı: "Axmaq kopayoğlu, sən mənə kar deyirsən?! Bu saat bütün zəmanənin heyifini səndən çıxacağam, dayan bir! - Mazan müəllim avtobusa minib sürücüylə üz-üzə dayandı: "Sür, kopayoğlu, indi sənə göstərərəm kimliyimi!" - dedi və təqaüdçü vəsiqəsini sürücünün gözləri qarşısında silkələyərək ona hədə-qorxu gəldi. Sürücü onun qalstukuna, əlindəki vəsiqəyə baxıb udqundu. Deyəsən, qorxub, ehtiyatlandı. Birdən yaman yerə ilişmiş olar, qəpik-quruşun güdazına gedərdi. İt yiyəsini tanımayan bu qarışıq zəmanədə haqsızlıqlar onsuz da az deyildi... Qəfil arxadan səs eşidildi. Bayaqkı dörd nəfər sərnişindən biri idi. Cavan bir kişiydi. Sol ayağı bir qədər axsayırdı. Mazan müəllimlə sürücünün çəkişdiyini görüb ayaq saxlamışdı. O, bir qədər yaxınlaşıb sürücüyə dedi: "Utanmırsan, atan yaşında kişini təhqir edirsən?.. Al, bu da sənin gediş haqqın. Bəlkə bu adamın heç pulu yoxdur?".
Sürücü yazıqlaşdı: - Əmoğlu, axı mən də yazığam. Özün ki, vəziyyətimi görürsən. Axı bu maşın suyla işləmir. Axı mənim də balalarım var. Bu gün sentyabrın biri məktəbə göndərmişəm oğlumu, kitablarının hamısını almağa pulum çatmayıb, bəs neynim mən? Əlacım ona qalıb ki, bir kəndir götürüb asım özümü".
- Az danış, yaramaz, utanmırsan hələ bir danışırsan da. Sür dedim sənə. Sür, bu saat göstərərəm sənə, görək, kar mənəm, yoxsa sən! - Mazan müəllimin qəzəbi hələ də soyumamışdı. Haraya gələn adamın sözləri də bu qəzəbin üstə neft kimi calanmışdı. Mazan müəllim inadkarlıqla sürücüdən onun göstərdiyi istiqamətdə sürməsini tələb edirdi. Sürücü özünü itirmişdi.
Mazan müəllimin sürücüdən əl çəkmədiyini və təqaüdçü vəsiqəsini hədə vasitəsi kimi tərpətdiyini görüncə, həmin cavan kişi də əlini cibinə aparıb ordan daha cəlbedici, qırmızı cildli bir vəsiqə çıxararaq sürücüyə və Mazan kişiyə göstərdi: "İndiki belə oldu, hər ikiniz mənimlə gedəsi olacaqsınız. Polis bölməsində hər şeyə aydınlıq gətirərik. Sür" - sürücüyə əmr elədi. Buna bəndmiş kimi sürücü maşını işə saldı. Bu an Mazan müəllimin əhvalı dəyişdi. Üzündə bir qorxu ifadəsi canlandı. Sakitcə düşüb uzaqlaşmaq istədisə də cavan kişinin qəzəbli baxışları altında mütiləşdi. Onun əlindəki qırmızı vəsiqənin bir ayrı şey dediyini hiss edib susdu. Avtobusun hərəkətə gəldiyini görüncə həmin kişiyə xahişlə "Qardaşoğlu, bəlkə boşlayaq getsin! Bir iş idi oldu də, daha bunu böyütməyin nə mənası var ki! Sən özün də uşaq deyilsən, bilirsən ki, zəmanəmiz xarab olub, bizi yaman günə qoyub. Neylədiyimizi, nə danışdığımızı da bilmirik. Bizi aparıb o polis bölməsində biabır eləmə, sən Allah!".
Sürücü dodaqaltı deyinirdi: "Yaman yerdə axşamlamaq buna deyirlər dəə. Guya ki, nahar eləyib bir tikə çörəyimi zəhərlənəcəkdim... Mərdümazarı axtarmaqnan deyil ki!" Sürücünün bu sözünü Mazan müəllim eşitdisə də, yanındakı adama baxıb dinmədi. O adam da sürücüyə bir daha qəzəblə avtobusu sürməsini təkid elədi və onun göstərdiyi istiqamətdə hərəkət edən avtobus az sonra həmin adamın təkidiylə də dayandı. Həmin adam avtobusdan düşərək sürücüylə Mazan müəllimə qəzəblə baxıb:
- Düşün! - dedi... - Arxamca gəlin!
Mazan müəllimin ayaqları yerimirdi. Kişi donub qalmışdı. Öz-özünə deyinirdi: "Səni lənətə gələsən, a şeytan, bu nə iş idi, düşdüm?! "Az işdən çox iş çıxar" burda deyiblər. Bu tünbətün oğlu sürücü beş manata görə məni nahaqdan işə saldı!.. Yoox, ay Ramazan, sənin özündə də az yoxdur. Bu uzun illər boyunca çox istəsən də xasiyyətini dəyişdirib zamana uyğunlaşdıra bilmədin. Axı sənə qonşun Əşrəf müəllimin nə pisliyi keçmişdi? Yazıq kişi sənin ailəni də öz külfəti kimi saxlamırdımı? Əgər sən düz adam idinsə onun göndərdiyi payı niyə fərəhlə qəbul edir, çox rahatca, öz halal malın kimi aşırırdın, sonra da oturub kişinin əleyhinə yuxarılara şikayət məktubu yazırdın. Əgər, doğrudan da, sən halallıq, düzgünlük tərəfdarıydınsa, kişilikdən, vicdandan dəm vururdunsa, niyə yazdığın məktubların altında öz imzanı qoymurdun?.. Sənə hər nə olursa, yenə də azdır. O boyda insafsızlıqdan, çörəkitirənlikdən sonra yenə də gözlükdən qonşunu izləyib, ondan pay umurdun. Amma sənin payın küçə itlərinə atılırdı...". Bunu da öz gözləri ilə görmüşdü Mazan müəllim. Səbrini basa bilməyib bir gün yenə də gözlükdən baxanda qonşunun oğlunun əlində bir iri bağlamayla həyətə düşdüyünü görüncə saymazyana onun arxasınca o da həyətə düşmüşdü. Gördüklərindən çox sarsılmışdı. Qonşunun oğlu təzə quzu ətinin parçalarını sahibsiz itlərə, pişiklərə atır, Mazan müəllimə baxıb, sanki qisasçılıq hissləriylə gülümsəyirdi...
Sürücü də özünü danlayırdı. Digər tərəfdən də arxayın idi; elə bir suçu yox idi. Sadəcə, o, öz haqqını tələb eləmişdi. Amma gərək atası yaşında olan bu kişini təhqir etməyəydi. Bir buna görə onu suçlaya bilərdilər.
Nə Mazan müəllimin, nə də sürücünün tanımadığı yad, cavan kişi onları bir qədər özüylə aparıb yol kənarındakı bir yeməkxanaya çıxardı. Sonra qapını açıb gülə-gülə onları içəri dəvət elədi. Keçib bir stol arxasında əyləşdilər. Mazan müəllimlə sürücü hələ də bir şey anlamırdılar. Yad adam hələ də onlara bir söz demirdi və bundan sonra nə etmək istədiyi də bir o qədər bəlli deyildi. Bir azdan o, bir siqaret çıxarıb odlamamışdan əvvəl qonaqlarına da təklif elədi. Kimsənin siqaret istəmədiyini görüncə, ofisiant qadını çağırdı. Qadın ona yaxınlaşanda gülə-gülə dedi: "Ha indi, gözuu yiim, o şəkili aşpaza de ki, bizə üç dənə yaxşı piti versin". Sonra Mazan müəllimdən gülə-gülə soruşdu:
- Bilirəm, sürücülərə içki qadağandır, bəlkə biz, adama bir yüz-yüz vuraq?!
Mazan müəllim çaşqınlıq içərisində gülümsədi, amma bir söz demədi. Yad adam bunu razılıq əlaməti sanıb ofisiantdan yarım litr araq gətirməsini də xahiş etdi və yalnız bundan sonra üzünü qonaqlarına tutub dedi: "Bu beş günlük dünyada insanların bir-birini didib-parçalamasına dəyərmi, qardaşlar?.. Özü də nəyə görə, nəyin üstündə!.. Hər şeyin tarazlığı, sanki pozulub. İndi nə böyük qanırlar, nə kiçik. Bilmirəm, hər şey pulun hakim qüvvəyə çevrilməsindən irəli gəlib, ya yox! Hər halda indiki yaşam tərzimiz heç ürəkaçan deyil. Sizinlə bağlı, inanın ki, elə bir qərəzli məqsədim yoxdur. Sadəcə, nahar vaxtı olduğundan tək nahar eləmək istəmədim. Həm də istədim ki, barışdıram sizi. Axı nəyə lazımdır bir-birimizə xox gəlməyimiz, kələk gəlməyimiz. Mən özüm Qarabağ müharibəsi əliliyəm. Sol ayağım dizdən aşağı protezdir. Sizə göstərdiyim bu vəsiqə də əlillik vəsiqəmdir, buyurub baxa bilərsiniz. İnsanların bir-birinə olan soyuqluğu, biganəliyi, bir-birini alıb-aldatmağı sarsıdır məni. Axı dərd içində olan bir millətin övladları bu cür olmamalıdırlar!.. Müharibənin od-alovunu görmüş, neçə-neçə ölümlərin dişindən sıyrılıb çıxmış mən, - sonuncu dəfə üstümə qancıq it kimi atılan qorxunc ölümün dişlərində sol ayağım dizdən aşağısı qopub qaldı, - bu gün həyatdakı nankorluqların, pisliklərin, alçaqlıqların şahidi olduqca müharibədə ölmədiyimə təəssüf edirəm. Burda baş verənlər müharibənin özündən daha dəhşətlidir... Qanınızı qaraltmaq istəmirəm. Amma məni anlayan, dərd qanan bir insanı hər zaman arayır, axtarır, ürəyimi boşaltmaq istəyirəm. Bu həyat məni dar bir köynək kimi sıxır...
Mazan müəllimlə sürücü hələ də çaşqınlıqla bir-birinə baxırdılar. Düşdükləri bu qəribə aləmdən hələ də baş aça bilmirdilər.
...Sonra başları yeyib-içməyə qarışdı. Arada Mazan müəllim ayaqyoluna getmək bəhanəsilə stoldan qalxdı. Ömründə ilk dəfə iç dünyasına qəribə bir nur, bir paklıq hakim olduğunu hiss edir və özünü bəxtiyar sanırdı. Elə bu hisslər onu ayağa qaldırmışdı. O, ofisiant qadını xəlvətə çağırıb yemək haqlarının nə qədər olduğunu soruşdu və qırx səkkiz manat ödəyib yenidən yoldaşlarının yanına qayıtdı. Təzədən iştahla yeyib-içməyə başladı. Bu Şəki pitisi, doğrudan da, ürəyincə olmuşdu. Əslində, bir az əvvəl baş verənlərdən yaxa qurtarmaq üçün cibindəki son manat pulu da verməyə hazır idi. Amma indi şükür ki, hər şey yaxşılığa doğru gedirdi.
...Sürücü Mazan müəllimi düz yaşadığı binanın yanında düşürüb kefi kök halda yola düzəldi. Mazan müəllimin əhvalı yaxşı idi. Arvadının yanına əliboş qayıtmasına baxmayaraq, elə bil ki, mənən zənginləşmiş, saflaşmış, durulmuşdu. Hər halda ürəyi xoş duyğularla, xoş hisslərlə dopdolu idi və bu ona çox-çox rahatlıq bəxş edirdi. Elə beləcə liftə yaxınlaşaraq düyməni basdı. Sonra nə fikirləşdisə liftin açılmasını gözləmədən pillələri qalxmağa başladı. Ardınca liftin qapıları açılsa da ona minən olmadı. Mazan müəllimin arxasınca çaşqınlıqla baxan bir adam kimi, sanki lift təəccüblə qaşlarını, çiynini dartıb tez də şaqqıltıyla qapılarını bağladı və növbəti sərnişini yorğun-yorğun dayanıb gözləməyə başladı...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!