Ağ-qara görüntülü köhnə Bakı məhləsi. Günorta. Statika.
Hardansa uzaqdan "Günorta azanı"nın səsi eşidilir.
Məhlə italyansayağı inşa edilmiş, üçmərtəbəli, assimmetrikdir.
Həyətin ortasında iri, budaqları yenicə budanmamış qovaq ağacı bitib.
Kadrda asfaltı çökmüş, köhnə meşin və taxta qapıları kilidli, adamsız və səssiz görüntülü məhlə ovqatını pozan yeganə müasir detal, qovaq ağacının altına düzülmüş "Formula-1" yarışmasının üstü reklamlı iri beton laylarıdır.
Azan səsinin altında frontal görüntüdə qapıdan çölə çıxan Qoca ilə Qarı kadra qəfil hərəkətlilik gətirirlər.
Onlar kadrda görünənə qədər görüntü statik və ağ-qaradır.
Qarı artırmaya çıxıb, əlindəki xırda-xırda doğranmış ət parçalarını kandara tökür. Həyətin pişikləri həmin andaca ətə doğru cumurlar.
Pişiklərin "qışqırtısı" qarının üzündə xəfif təbəssüm yaradır.
Qoca evin qapısını yaşına uyğun astagəlliklə örtdükdən sonra əlini pencəyinin cibinə salır. Bir müddət ciblərində eşələnərək nəsə axtarır. Axtardığını tapmadığından gözgörəsi sinirlənir. Qocanın həyəcandan əlləri əsir.
Qarının başı pişiklərə qarışdığından qocanın təlaşlandığını görmür.
Qoca hirslə qızılgülləri qarıya uzadıb əlini bu dəfə şalvarının cibinə salır.
Qoca: - Tut görüm, açarları hara qoymuşam!
Qoca axtardığı açarı şalvarın cibində də tapmır.
Qarı gülləri alıb dodaqaltı söylənə-söylənə taxta pillələrlə aşağı enir.
Bir xeyli ciblərində eşələndikdən sonra qoca, nəhayət, açarı qapının açar dəliyində görür.
Qoca qapını açarla bağlayıb tələsik qarının arxasınca həyətə enir.
Natura. Küçə. Rejim. Küləkli gün.
Qarı Qocanın qoluna girib. Onlar dağüstü küçədən üzüaşağı, mərkəzə doğru enirlər. Maşın yolunun ortasıyla uşaqların oyuncaq kimi oynatdıqları iri maşın təkəri onların yanlarından keçib sürətlə üzüaşağı diyirlənir.
Pırpız saçlı bir oğlan uşağı da nəsə çığıra-çığıra təkərin arxasınca qaçır.
Təkər yolun qurtaracağında əylənmiş maşına dəyib dayanır.
Təkər yerində bir qədər fırlandıqdan sonra asfalta çökür.
Pırpız saçlı uşaq təkəri yerdən qaldırmağa çalışır.
Onun buna gücü çatmır.
Qoca ilə Qarı qocafəndi yerişlə yolu keçirlər. Üzlərindən nur yağan cütlüyün geyimləri təzə olmasa da, ütülü və səliqəlidir. Qarının zamanında gözəl və baxımlı, Qocanın isə hörmətli adam olduğu ağayana yerişlərindən sezilir.
Tini burulanda Qarı: - Pulları götürdünmü? - soruşur.
Qoca sinirlənir: - Səninki də ancaq pul olsun! - deyir.
Xəzri get-gedə güclənir.
Qoca başını bulayaraq ayaq saxlayıb qarının başındakı qara örpəyi açıb yenidən bərk-bərk bağlayır.
Qoca: - Bir dənə xəstələnməyin qalıb! Mən sənə baxa bilmərəm e! Özünü qoru!.
Qarı: - Allah məni heç kəsə möhtac eləməsin! Gör nə tez deyinirsən. Hələ xəstələnməmişəm ha, belə deyinirsən. Gör xəstələnsəm nə oyun çıxaracaqsan. Oğluma nə gəlib... sən baxmazsan, o baxar mənə!
Qoca xımır-xımır gülümsünür.
Qoca: - Heç kəs sənə mənim kimi baxa bilməz!
Külək yerdəki toz-torpağı qaldırıb, havada hərlədib fırladandan sonra yenidən qoca ilə qarının üzünə çırpır.
Qoca qarısının yüngül geyindiyinə əməlli başlı sinirlənir.
Qoca iri planda: - Niyə belə nazik geyinmisən? Sənə dedim axı havaya bax, sonra geyin!
Ərinin bu danlağından məhrəm sevgi duyan qarı dinmir. Ərinin qayğısına qalması qarının xoşuna gəlsə də bunu ona bildirmir. Qocanın illər əymiş sısqa çiyinləri, ağappaq qaşları altından görünən xırda, solğun gözləri birdən-birə qarıya doğma göründüyündən ona qısılır.
Qarı: - Gəl bu gün piyada gedək!
Qoca: - Geçikmərik? - soruşur.
Qarı "Yox!" - deyib ayağını tozlu-torpaqlı asfaltın üstünə qoyur.
Külək axırıncı sözü qarının ağzından qapır.
Qoca əli ilə Qarıya "heç nə eşitmirəm" işarəsini verir.
Qoca ilə Qarı bir-birinin qoluna girib, küləyin altında dinməzcə dar dolanbac küçələri keçirlər.
Qoca darısqal küçələrlə harasa tələsən, maskalı və sinirli insanların içində birdən-birə darıxır. Qolundan boş cuval kimi sallanmış qarısına üzünü tutub yenə də: - Geçikmirik? - soruşur. - Yox da dedim!
Qarı qocadan çox, küləyə sinirlənir.
Qoca: - Bəlkə uşaq üçün oyuncaq alaq? Nə deyirsən?
Qarı dinmir.
Qarşılarına çıxan ilk oyuncaq dükanına girirlər.
Dükanın içi.
Qoca ilə qarı dükanda oyuncaq seçirlər.
Ən yuxarı rəfdə yaşıl rəngli polis maşınını görən qarı üzünü qocaya tutub: - Bunu bəyənər? - soruşur. Qoca da maşına baxıb gülümsünür.
Qoca: - Əlbəttə, bəyənər! - deyir.
Qoca satıcıya yaxınlaşıb maşını ona göstərməsini istəyir.
Qoca: - O, maşına yaxından baxa bilərəm?
Satıcı: - Lap sürə də bilərsən, əmi!
Qoca: - Allahın verdiyi ömrü daha sürə bilmirəm, a bala, o xırda maşını necə sürəcəm!
Qarı: - Qaramat-qaramat danışmaq elə sənə qalıb da deyirəm! Nə olub e sənə maşallah!
Satıcı oyuncaq maşını qocaya uzadır.
Qoca əli ilə oyuncaq maşını sığallayır.
Sonra Qoca maşını qarıya uzadır.
Qarı maşını alıb öpür.
Küləkli küçə.
Qoca ilə qarı oyuncaq maşını alıb dükanın qapılarından çölə çıxırlar.
Qoca oyuncaq maşının yaşıl bantlı qutusunu sinəsinə sıxıb.
Pillələri düşəndə Qocanın ayağı sürüşür, az qalır yıxıla.
- Qocalırsan ha, Səfərov! - Qarı gülə-gülə ərini sancır.
Qoca: - Qocalıb eləmirəm!
Onlar yolu keçib dayanacaqda dayanmış "London taksisinə" əyləşirlər. Maşının yan şüşəsindən görünən cökə ağacları külək altında beli donqar adamları xatırladır.
Qoca ilə Qarı arxa oturacaqda yan-yana əyləşiblər. Qoca qarının əlini bərk-bərk tutub.
Qoca: - Düşəndə diqqət elə ha, oyuncaq yadımdan çıxmasın!
Qarı: - Mənim yadımdan çıxmaz!
Qoca: - Məktəbə girməyi yadındadır?
Qarı: - İndiki kimi!
Qoca: - Birinci kursda onu Lənkərana apardılar. Çay yığmağa. Sən də hər gecə səssiz-səssiz ağlayırdın. Unutmamısan? Özüm də ondan ötrü bərk darıxırdım! İlk dəfəydi evdən gedirdi axı.
Qarı: - Məni demirsən! On altı yaşına kimi yanımda yatırtmışdım. Anasının quzusudur da balam!
Qoca: - Orda bir qız da sevmişdi, deyəsən! Qubalı qızı!
Qarı: - Qızıl sırğa aldığım qızı deyirsən?
Qoca: - Deyirəm, bəlkə onlar lap yaxın olublar. Bildin də necə? Uşaqları ola biləcək qədər yaxın olublar da. Belə lap yaxın olublar e. Ər arvad kimi, yaxın. Ola bilər də! Niyə susursan? Sən bizim dövrümüzə baxma. İndikilər azaddırlar. Hər şey ola bilər!
Qarı: - Həyat sənin üçün türk serialı deyil! Mənə yalandan ümid vermə! Uşağı olsa deyər də mənə! Özünə fikrin getməsin, o məndən heç nəyi gizlətmir.
Qoca: - Ola bilər də! Bəlkə utanıb demir!
Qarı: - Ola bilməz. Çünkü oğlun da sənin kimi əfəldir!
Qoca: - Mənəm əfəl?
Qarı: - Mən olmasaydım sən də heç vaxt ailə qurmayacaqdın. Sərbəst addım ata bilmirdin. Qorxağın biriydin! İndi də beləsən. Ölümdən qorxursan!
Qoca: - Özüm üçün qorxmuram e. Sənin üçün qorxuram ay xanımça. Mən ölsəm kim baxacaq sənə? Qazın kartını belə sayğaca vura bilmirsən. Mən olmasam soyuqdan donub ölərsən e...
Qarı: - Kim baxacaq? Oğlum!
Qarının bu sözlərindən sonra qocanın "gözləri yol çəkir"...
Qoca: - Düş, bir az da gəzişək, sən Allah, ürəyim sancdı!
Çöldən baxış. Taksi əylənir.
Qoca ilə Qarı taksidən enib küləkli havada bir qədər gəzişirlər.
Oyuncağın qutusu Qocanın əlindədir.
Qoca ilə Qarı kiçik xiyabana çatıb skamyada otururlar.
Qoca: - Bəlkə sənə qonaqlıq verim?
Qarı: - Xeyir ola? Pensiyanı artırıblar?
Qoca: - Yox. İndicə xatırladım ki, səninlə restoranda sonuncu dəfə on dörd il qabaq olmuşuq.
Qarı: - Daş düşəydi o günə! Yadımdadır! Lap yaxşı yadımdadır. Üçümüz getmişdi.
Qoca: - Hansı restoran idi?
Qarı: - Şeydanın restoranı. Səkkizinci mikrorayonda.
Qoca: - Onun səhərisi günü apardılar da uşağı!
Qarı: - Həri... həri... Düz deyirsən... gəl girək bir yerə. Nəsə yeyək. Bizimki ancaq ölməmək üçün nəsə yeməkdir! Mən də acmışam!
Qoca ilə Qarı yolu adlayıb yaxınlıqdakı kafeyə girirlər.
Qoca ilə Qarı boş masa arxasına otururlar.
Onların masasına ofisiant yaxınlaşır.
Ofisiant menyunu mizin üstünə atıb gedir.
Qarı: - Qanacağını yeyəsən! Elə bil gədə konkadan açılıb!
Qoca eynəyini gözünə taxıb menyunu bərkdən oxumağa başlayır.
Qoca: - Düşbərə, xingal, qutab!
Qarı: - Mən qutab yeyərəm. Hövsan soğanıyla.
Qoca: - Hövsan soğanıyla? Gecə yata biləcəksən, sonra? Sənə həkim deməyib ki, acı olmaz? Yandırar e mədəni!
Qarı: - Qələt eləyir həkim! Onlar hardan bilir Hövsan soğanı nədir? Hövsan soğanı acı olmur ki! Qənd kimi olur!
Qoca: - Yaxşı onda mən də qutab yeyərəm!
Qoca üzünü bir kənarda dayanıb onlara baxan ofisianta tutur.
Qoca: - Yaxınlaş, mənim balam!
Ofisiant onların mizinə yaxınlaşır.
Qoca: - Bizə altı dənə qutab gətir oğlum, dördü ət qutabı olsun, ikisi göy. Qatıq da gətir! Bir də Hövsan soğanı varsa, gətir!
Ofisiant: - Dayı qutab bizdə kətədir ha, Bakı qutabı deyil. Siz o qədərini yeyə bilməzsiz, məncə! Bəlkə az-az gətirim? Bir-bir!
Qarı: - Kətə nədir, a bala? Biz səndən qutab istəyirik. Bir də Hövsan soğanı!
Ofisiant: - Hövsan soğanı biz də olmur, ay ana. Hövsanda olur. Qutab isə iridir. Qoy hərəsindən bir dənə gətirim dadına baxın. Yeyə bilsəniz yenə gətirərəm!
Qoca: - Yaxşı, bala. Sənin adın nədir?
Ofisiant: - Zaur!
Qoca: - Mənim də sənin boyda, eynən sənin kimi bir oğlum var. Necə yaşın var, a bala?
Ofisiant: - İyirimi üç!
Qoca: - Onun otuz səkkiz yaşı var!
Ofisiant: - Dayı, məni yaman qocaltdın ha!
Qoca: - Təki qocalasan, a bala. Qocalmaq böyük xoşbəxtlikdir!
Qarı: - Uzatma daha, gətir görək o kətə nədir?
Ofisiant gedəndən sonra qarı ağır-ağır ayağa qalxıb qocaya yaxınlaşır. Əvvəlcə əlini ağzına aparıb isladır. Sonra islaq əliylə qocanın papağının altında pırtlaşmış saçlarını sığallayıb yatırdır.
Qarı: - Uşağım haqqında hər yerdə danışma, gözə gələr!
Qoca qarının əl təmasından xoşhallanır.
Qoca: - Birdən Marusya-zad çıxar ha bir qıraqdan. Çox göyçək eləmə məni. Alar sənin əlindən! Qalarsan tək!
Qarı: - Kül olsun o Marusyanın da başına, sənin də başına. Üzünə gülən kimi əldən gedirsən. Adam içindəyik də, deyirəm səliqəli olasan!
Qoca: - Çox sağ ol, əlin ağrımasın!
Qarı keçib yerinə oturur.
Qoca mizin üstünə qoyulmuş çörəkqabından bir dilim çörək götürüb dişləyir.
Çeynəyə çeynəyə üzünü qarısına tutur.
Qoca: - Görəsən, bizim gədə bu "Rokda" nə görüb?
Qarı: - Rok nədir?
Qoca: - Nə bilim. O da bir cür musiqidir. Bizim muğam kimi. Bircə təsəllim odur ki, indi hamı belədir, çönüb. Sərdarın oğlu da bizim uşaq kimidir! O da dünən oğlundan şikayət edirdi. Yəqin, dəb belədir, biz qanmırıq. Qocalmışıq da!
Qarı: - Balam müasirdi də! Qurban olum ona! Uşağım italyan artistlərinə oxşayır!
Qoca: - Bəsdir, sən Allah! Öymə oğlunu! İtalyan ha.
Qarı: - Gecikmirik?
Qoca: - Yox!
Qarı: - Hava bu gün tez qaraldı elə bil! Nə qədər qalıb vaxta?
Qoca: - Hələ var! Tələsmə!
Ofisiant iri kətə gətirib mizin üstünə qoyur.
Kətələr Qoca ilə Qarının xoşuna gəlməsə də, onlar ofisiantın xətrinə dəymirlər.
Hər ikisi dinməzcə qarşılarına qoyulmuş yağlı kətəni dişləyib aram-aram yeyirlər.
Küçə. Natura. Külək səngiməyib.
Küçəyə çıxandan qarının ayaq barmaqları donur. Bununla belə Qocanı hirsləndirməmək üçün üşüdüyünü ona demir. Qarı bir müddət getdikdən sonra ayaq saxlayır. Qoca da ona görə dayanır. Qarı əyilib əlləri ilə ayaqlarını ovxalayır. Qoca da bir azdan ona qoşulur.
Qoca Qarının soyuqdan donan ayaqlarını ovxalayır. Onlar ətrafı sanki görmürlər. Yoldan keçənlər onlara qəribə bir maraqla baxırlar.
Qoca ilə Qarı şəhər küçəsi ilə gedirlər.
Qoca dükan vitrinlərinə baxır.
Qoca: - Köynəyi var?
Qarı: - Keçən həftə Astaradan aldıq!
Qoca: - Soruşuram da!
Qarı: - Kafeyə niyə girmişdin? Düzünü de!
Qoca: - Son günlər adam içində darıxıram. Bilmirəm mənə nə olub?
Qarı: - Taksi nə vaxtdan adam içi olub a kişi?
Qoca: - Hava əməlli-başlı soyudu ha!
Qarı: - Kül olsun mənim başıma! Kürkünü təpçiləyib atmışdım çiyninə axı. Keçən səfər görürəm qolları yenə didilib. Buna bax e... Görürsən sən Allah? Yaddaşıma ox batıb da. Görürsən? Deyirəm axı nəyi isə unutmuşam. Səndən də mənə bir imdad yoxdur ki. Key Balaxanımsan. İynə-sap götürüb, kürkünün qollarını təpçiləyəcəkdim! Yadıma niyə salmamısan?
Qoca sinirlənib qarının əlini əlindən çəkir.
Qoca sürətlə təkbaşına yoluna davam edir.
Qarı da kiçik addımlarla qocanın arxasınca qaçır.
Qoca: - Ovcumun içini iyləmişdim Mən nə bilim sənin beynində hansı fikirlər dolaşır? Sənə bir iş tapşırdın heç nə. Adamı yarıtmırsan ki. ...Bəlkə sabah tikəsən?
Qarı: - Sabah qar yağacaq! Uşağa soyuq olar! Kül olsun mənim başıma!
Qoca ayaq saxlayır.
Qarı da dayanıb tövşüyə-tövşüyə qocaya söykənir.
Qoca: - Yadımda heç nə qalmır daha. Uşaqlığı ən kiçik xırdalıqlarına qədər yadımdadır. Yeddi yaşına qədər cəmi üç diş çıxarmışdı. Üçüncü dişini çıxaranda sən iri əsgər qazanında hədik bişirmişdin. Yadındadır? Mərcisi də yox idi ha. Mərci mədəsində qaz yaradır deyə, qazana atmamışdın. Ona yeddi yaşına qədər süd verirdin. O da yadımdadır. Xatırlayırsan da? Beş yaşı olanda artıq qazet oxuyurdu. Sonra nə etdiyini isə heç cür xatırlaya bilmirəm. Elə bil başıma iynəylə hava vurmusan. Lok-lok lokkuldayır. Heç nə yadıma düşmür. Heç üzü də düşmür. Şəkillərdə də elə bil yaddır. Özü deyil. Necə oldu bəs bizim bu uşaq? Hara getdi, görəsən? Ona nə oldusa sonradan oldu. Elə bil gədənin şəkli də dəyişdi e.
Qarı: - Danışdığından utanırsan heç? Görəndə necə baxacaqsan oğlunun üzünə? Sən həmişə belə daş ürəkli olmusan. Uşağım quzu kimidi. Evə tort-zad da alır. Hamı kimi işə gedir-gəlir.
Qoca: - Sözə baxmır da hərdən!
Qarı: - Nə olsun baxmır. Hamı belədir də. Sən özün cavan vaxtı sözə baxırdın?
Qoca heç nə deməyib yoluna davam edir. Qarı da arxasınca gəlir.
Qoca ilə qarı artıq bizə tanış olan günorta çıxdıqları həyətlərinə qayıdırlar.
Tövşüyə-tövşüyə bir ayaq-bir ayaq taxta pillələri qalxıb qapının ağzında dayanırlar.
Qoca tövşüyə-tövşüyə açarı cibindən çıxarıb evinin qapısını açır.
Divarda Qoca ilə Qarının oğlu olduğu təxmin edilən gülərüz oğlanın hərbi geyimli şəkli görünür.
Kamera şəklə "aksent" etmir.
Qoca ilə Qarı girişi mətbəx olan birotaqlı mənzilə girirlər.
Qarı əlində tutduğu gül dəstəsini mətbəx mizinin üstündə dayanmış çini güldanın içinə qoyur.
Qoca qazın üstündəki qəhvədandan güldana su tökür.
Döşəmədə güldandan tökülüb artıq saralmış gül ləçəkləri görünür.
Qarının əlində tutduğu gül dəstəsinin təzə olmaması ancaq indi görünür.
Əlləri əsdiyindən qoca oyuncaq dükanından aldığı maşının qutusunu heç cür aça bilmir.
Qarı qutunu ondan hirslə alıb açır.
Qarı oyuncaq maşını qutudan çıxarıb Qocaya uzadır.
Qoca maşını alıb sevinə-sevinə güldanın böyründəki taxçanın üstünə düzülmüş o biri oyuncaqların yanına qoyur.
Qoca pencəyini çıxarıb yaprıxmış divana çökür.
Qocanın əlləri əsir. O, titrək barmaqlarıyla gözlərini ovuşdura-ovuşdura: - İçəri soyuqdur! - deyir.
Qarı qocanın sözlərinə məhəl qoymayıb otağa girir.
Qarı işığı yandırır.
Qarı: - Mənim gözəl balam mənsiz darıxmayıb ki? - soruşur.
Və çevrilib qorxa-qorxa mətbəxdə oturmuş qocasının üzünə baxır.
Qoca donuq səslə qarıdan: - Geçikməmişik? - soruşur.
Bomboş otağın sükutu sanki qocanın qulağında cingildəyir...
İşıqları zəif yanan otağın açıq qapısından qocaya sevgiylə baxan Qarı qocasına cavab vermir.
Qarının gözləri dolur.
Qarı ağlaya-ağlaya zümzümə edir:
- Saçı uzun Burla xatın
Bu balamı qəndə qatın.
Qoca ayağa qalxıb qəhvədanın altını yandırır.
Otağa yanan qazın xışıltısı yayılır...
Qarı mətbəxə qayıdıb divana oturur.
Qarı başını aşağı salır.
Qoca qəhvədanın altında oynaşan alova baxa-baxa: - Görəsən, saat necədir - pıçıldayır...
Son
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!