Essevari fikirlər - Altıncı silsilə - Alpay AZƏR

Alpay AZƏR

 

Zamana toxunmaq ehtirası. Mən Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dördüncü kursunda oxuyanda, bir il Ermitajda təcrübə keçmişəm. Biz nəhəng, dördbucaqlı gil lövhələrin qarşısında dayanıb qədim Aşşur çarlarının qonşu ölkələrə hərbi yürüşləri haqda mixi yazıları səslə oxuya-oxuya tərcümə edirdik. Bəzən tək olanda, ətrafıma baxırdım görüm, işçilərdən kimsə yoxdu, - gil lövhələrin bəziləri Ermitajın elmi əməkdaşlarının olduğu otaqda saxlanılırdı, onlara əllə toxunmaq olmazdı, - gizlicə barmağımın ucuyla yazıların olmadığı hissəyə toxunub, gözlərimi yumaraq bir neçə saniyə o dövrü təsəvvürümə gətirirdim: Urartu hökmdarlarına qalib gəlməsiylə öyünən Aşşur, Babil çarları öz taxtlarında oturub əmrlər verir, saray katibləri qamışdan düzəldilmiş çubuqlarıyla onları gil lövhələrə yazır, mənsə gah çara, ətrafında ona təzim edən əyanlara, gah da başını qaldırmadan əmr, fərman yazan, sonra yaş gili ağızlarının havası ilə qurudan katiblərə baxıram.

Dünyada minlərlə kitabxana, o kitabxanalarda milyonlarla saralan, hərflərinin rəngi solan qəzet nüsxələri var. Artıq məşhur qəzetlərin çoxu elektronlaşdırılıb, çıxan yazılar saytlara, disklərə köçürülüb. Yüz illər sonra o qəzetlərin əksəriyyəti məhv ediləcək, amma sözsüz ki, onlardan eksponat kimi muzeylərə də göndərəcəklər. Muzeylərə gələn adamlar o qəzetlərə şüşələrin üstündən baxacaq, onlar heç gizlicə belə, qəzetlərə əlləriylə toxuna bilməyəcək. Mən yüz illər sonra fəaliyyət göstərəcək muzeylərin administrasiyalarına səslənirəm: "Qəzetlərin hər birindən beş-altı nüsxə ayrıca rəflərdə saxlayın, yanlarına isə belə bir bildiriş qoyun: "Qəzetlərə əllə toxunmaq olar!". İcazə verin, muzeyə gələnlər o qəzetlərin səhifələrini bir-bir çevirib içindəkilərə baxsınlar, yazıları oxusunlar, barmaqlarını kağızın üstündə gəzdirsinlər, gözlərini yumub, parklarda skamyalarda oturub həvəslə qəzet oxuyan adamları təsəvvürlərinə gətirsinlər. Qoyun əşyalar zaman bələdçiləri kimi yüz, min illər əvvələ toxunmaqçün bizə həmişə xidmət etsinlər.

 

***

Xoşbəxtliyin çalarları. Antarktidadan başqa, qitələrin hamısında olmuş, çoxlu ölkələri, o ölkələrdəki şəhərləri, kəndləri, başı daima qarlı dağ yüksəkliklərini, səhraları, cəngəllikləri, meşələri gəzib ayfonun son modeliylə çəkdiyi şəkilləri feysbukda, instaqramda paylaşan, bir sözlə, həyatdan artıqlamasıyla ləzzət alan 36 yaşlı bir iş adamı tanıyıram, məşhur şirkətlərdən birinin rəhbəridir.

Bir dəfə Şəkiyə gedəndə, təsadüfən həmin şirkətin bir işçisiylə kupedə tanış olmuşdum. Əlli yeddi yaşlı bu kişi müdirinin tam əksiydi: Bakı, Gəncə və Zaqataladan başqa, gördüyü yerlər SSRİ dönəmində hərbi xidmətdə olduğu Moskva, bir də işlədiyi şirkətdən iş tapşırığına görə göndərildiyi Tbilisi olmuşdu.

Yol boyu mənə nişan, kiçik, böyük toy, ad günlərindən həvəslə danışdı. "Oğlumu iyirmi yaşında evləndirdim. Onuncu sinifdə oxuyanda soruşdum ki, ay bala, instituta girmək istəyirsən? Dedi, yox, papa. Onda dedim ki, məktəbi qutar, get əsgərliviyi çək, gəl, bizim şirkətə səni işə düzəldəcəm, sora da bibinqızı S. ilə evləndirəcəm. Oğlum da dedi, başüstə. Həə, əsgərliyini çəkdi, gəldi, düzəltdim bunu elə bizim firmaya, şofirlik işinə. Sonra da balaca bacımın qızıyla evləndirdim. İndi bir oğlu var, bu yaxınlarda qızı olacaq". Daha sonra həvəslə özünün 50 illiyini balaca restoranda keçirməyindən danışdı. "Çox adam çağırmadım, üç qardaşımı arvadlarıynan, iki bacımı yeznələrimlə, iki dostumu, onnar da arvadlarıynan, bir də oğlum gəlinim, onda hələ oğlu olmamışdı. Bir də qızım, kürəkənimlə. Hardasa iyirmi nəfərlik xudmani bir məclis oldu, canlı musiqi. Yemək də lülə, tikə, basdırma, plov, salatlar, içkilər öz yerində. Vobşem, o gün mən necə lazımdı ləzzət aldım".

Xülasə, söhbət bunun müdirindən, onun dünya səfərlərindən düşəndə, başladı, nə başladı: "Əşi, yekə kişidi, bu gün-sabah qırx yaşı olacax, buna deyən lazımdı, nə itin azıb o dağların başında, cunqlyada (cəngəllik). Allah eləməmiş, dağın başından sürüşüb yıxıldın dərənin dibinə. İrağ olsun, heç meyidivi tapan olmayacax, qartallar gəlib olan-qalan ətivi yeyəcək. Ya cunqlyada qabağıva şir çıxdı, neyniyəssən?" - "Elə yerlərə gedəndə, üstündə həmişə tüfəng olur", - demişdim. - "Əşi məsəlçün deyirəm də. Şir olmasın, fil olsun. Filə tüfəng gülləsi neyniyəcək? Fil elə bircə dəfə bunun üstünə qışqırsa, əli əsəcək, tüfəng düşəcək əlindən, fil bunu tapdalıyıb yerə yapışdıracax. Düz demirəm?" - bunu deyib gülmüşdü. Mən də bunun gülməyinə gülmüşdüm. O isə öz aləmindəydi: "Demirəm e, bütün ili Bakıda olsun, heç yerə getməsin. Yoo, ildə bir dəfə, iki dəfə ailəsini də götürsün, getsin Qusara, Qubaya, lap elə Parijə, İspaniyaya, necə lazımdı dincəlsin orda. Yoxsa dəvəyə min, o da qaça-qaça rezki (qəfildən) şıllaq atsın, tullasın bunu səhranın ortasına". Söhbətin bu yerində hər ikimiz xeyli gülmüşdük.

Mənə maraqlı gələn cəngəllikləri, səhraları, qarlı dağları gəzən otuz altı yaşlı iş adamının, onun Rusiya və Gürcüstandan başqa heç bir ölkədə olmayan, xeyir işlərində iştirakdan zövq alan əlli yeddi yaxşı işçisinin xoşbəxtliyi eyni səviyyədə duymaları, həyatdan eyni cür ləzzət almaları idi. Əminiydim ki, bu adam yetmiş, səksən yaşına çatanda da eyni şeyləri deyəcək. Və bu yaşlara gəlib çıxanda, yenə ad günləri keçirəcək, keçirməsə belə, oğlunun, qızının, nəvələrinin xeyir işlərində ağsaqqal kimi iştirak etməkdən həzz alacaq və nəvələrindən biri tutaq ki, Kolumbiyaya səyahət etmək istəyəndə, onu danlayacaq: "Ay uşaq, başın xarab olub? Kolumbiya nədi? Gedərsən, azarsan, qabağıva şir çıxar...".

 

***

Yaxşı, yoxsa pis insan? Mənə Sankt-Peterburq Dövlət Universitetində dərs deyən müəllimlərimdən biri o qədər yaxşı insan idi ki, onun kurs, diplom işlərinin müdafiəsində, elə başqa məsələlərlə də bağlı dekan, imtahan komissiyasının sədri, rəhbərlik qarşısında ifrat mütiliyi ilə adamlara ancaq yaxşılıq etməyini, ifrat abırlı olmağını, zarafatcıllığını tərəzinin iki gözünə qoysaydılar, dediyim naqis cəhətləri çox yüngül gələrdi. Mən Bakıdan Sankt-Peterburqa təzə gələndə, sənəd-sünəd işlərini yoluna qoymamışdım deyə, hələ yataqxanaya köçməmişdim, gah dostumun qardaşıgildə qalırdım, gah da atamın dostunun tanışlarının evində. Bir dəfə müəllimim dərsdən sonra mənə dedi ki, əgər qalmaq yeriylə bağlı problemin olsa, gəlib bir müddət bizdə qalarsan. Ev məsələsinə görə keçirdiyim sıxıntını yadıma salmaq istəməmişdi, nə idisə, təklifi də utana-utana etmişdi. O qədər yaxşı adamıydı ki, indinin özündə də elə bilirəm, onun rəhbərlik qarşısında hərəkətləri yaltaqlıq yox, məhz mütilik, qorxaqlıq idi, mütiliksə mənə görə yaltaqlıqla müqayisədə o qədər də naqis cəhət deyil.

Bir dəfə akkad dilindən uzun şeir tərcümə edirdik, bir sətrin tərcüməsində müəllimimiz qəfil dayandı. Şalvarının cibindən əl dəsmalını çıxardıb alnının tərini sildi, biz tələbələr təəccüblə bir-birimizə baxdıq. Qrupda bir qız, üç oğlan idik. Elə bildik, müəllimimiz şeirdəki sətri tərcümə edə bilmədiyinə görə pərt olub. Birdən o dilləndi: "Mən sizdən, xüsusilə, Alyonadan üzr istəyirəm. Mən bunu tərcümə etməkdə doğrudan çətinlik çəkirəm". Axı, o, hansı sözdə ilişib qalmışdı? Üstəlik, qırx iliydi aşağı-yuxarı eyni şeyləri tək, ya tələbələrlə bir yerdə oxuyub tərcümə edirdi. Sifətimizdəki təəccüb artıq yox olmuşdu, sirli-sirli bir-birimizə baxırdıq. Axırı, müəllimimiz dilləndi: "Hə, söhbət burda "çılpaq qadın" sözlərindən gedir". Bizi gülmək tutdu, bu, o vaxtlar idi ki, Rusiya televiziyalarında artıq erotik filmlər göstərirdilər, parklarda, skamyalarda oturan cütlüklər az qala öpüşməkdən o yana keçirdilər. Müəllimimin abır-həyasında Sovet tərbiyəsindən daha çox, fitrət öz sözünü demişdi, istənilən halda onun "çılpaq qadın" söz birləşməsini uzun tərəddüd və həyəcandan sonra deməsi bizə çox qəribə gəlmişdi.

İmtahanlarda tələbələrə qarşı haqsızlıq edən başqa bir əzazil, ədalətsiz bir müəllimimizsə hərdən mühazirələrdə zarafat edib bizi güldürürdü. Bilirdik ki, o, semestr imtahanlarında illərdi başqa qrupların başına açdığı oyunu bizim də başımıza açacaq. Amma bizi güldürəndə, həmin an tələbələrdə ona qarşı azacıq da olsa, rəğbət, simpatiya yaranırdı. Gözlədiyimiz kimi, imtahanda bizə qarşı çox haqsızlıq etdi, üçə danışana iki, beşə danışana üç və çox az tələbəyə dörd yazdı, qızlı, oğlanlı ağlayanlar oldu həmin gün. Bu misalları "Yaxşı, ya pis insan - nisbi anlayışlardır, hər şey situasiyada insanın göstərdiyi davranışdan asılıdır" tezisinin bəzən əsassız olduğunu göstərməkçün çəkdim.

 

***

Qəribə hisslərdən biri, - insan bəzən dadı, dad ləzzətini kiminləsə bölüşür. Bu gün, 2021-ci il mayın 24-ü Yaşıl Bazara gedib nübarlıq ağ və qara tut aldım. Neçə günüydü ağlımda tutmuşdum ki, gedib tut alacam, amma bir hiss məni saxlayırdı: ilk dəfəydi, üç ay öncə dünyasını dəyişmiş atamsız tut yeyəcəkdim. Hər dəfə ağ, qara tutdan alıb evə gələndə, bu meyvəni çox sevən atama mütləq deyirdim: "Tut almışam, gəl sən də ye". Bəzən bir yerdə, bəzənsə ayrı-ayrı yeyirdik, mən tox olub yeməyəndə belə, onun soyuducudan tutu çıxarıb yeməsinə həvəslə tamaşa edirdim, eyni meyvəni xoşlamağımız mənə xüsusi ləzzət verirdi. Bu gün tut alıb tək yeyəndə anladım ki, biz bir yerdə tut yeyəndə, mən aldığım dad həzzini daha da gücləndirirmişəm. Bu gün ağ, qara tutu yeyəndə o ləzzətin çatışmazlığını hiss etdim, üstəlik, ilk dəfəydi, tutla bir yerdə qəhər də uddum.

 

***

Hüzr məclisində gülümsəyən adam: sanki heç kim ölməyib. Hüzrdə bərkdən gülən adam: sanki ümumiyyətlə, bu həyatda ölüm deyilən şey yoxdur.

 

***

Məlumatın enerjisi. Bəzən gündəlik daxil olduğumuz saytın xəbər lentinə baxıb beş-altı xəbər başlığı oxuyuruq. Bir saatdan sonra onların hamısı yaddan çıxır, bizə elə gəlir ki, onlardan biri çox vacibdi, amma heç cürə başlığı və xəbəri yadımıza sala bilmirik. Qəsdən, həm də maraqçün saytın xəbər lentinə girmirik, başlığın özünün gəlib başımızda peyda olmasını istəyirik. Bir saat, iki saat keçir, o isə gəlmək bilmir. Üç saat keçir, yenə eyni vəziyyət, əsəbiləşirik, öz-özümüzə deyirik: "dilimin ucundaydı e", nəhayət, sayta girib xəbər lentinə göz atırıq və onu tezcə tapırıq. Sonucda belə bir nəticə hasil olunur. Bəzən hansısa xəbəri unutsaq da, onun enerjisi bizdən əl çəkmir.

Bir də var, bizdən əl çəkməyən, unutmadığımız məlumatın enerjisi: 44 günlük müharibə zamanı biz azad olunan torpaqlarla bağlı həm Prezidentin tvitlərini, ardınca aşağı-yuxarı eyni xəbərləri Müdafiə Nazirliyinin müxtəlif saytlarda çıxan press relizlərində təkrar-təkrar oxuyurduq. Bu kontekstdə məlumatlar bizi xəyalən azad olunmuş torpaqlara aparırdı, illərdi işğalın yaratdığı yaraya məlhəmiydi deyə, "canlı, panoram xarakterli, dərman kimi sözlər" kimi onları qəbul edirdik. (Onda hələ o yerlərin xarabazara çevrildiyini əks etdirən videoreportajlar görməməmişdik). Beləcə, bizdə bir növ, bildiyimiz məlumata yoluxma prosesi baş verirdi.

 

***

Kontekstindən asılı olmayaraq, bəzi sözlərə o qədər lağ edilir ki, onları axırda qəribçiliyə salırlar. Məsələn, "cahanşümul" sözü. Son vaxtlar gənc yazı adamları yaşlı nəslin vaxtilə bu sözdən bol-bol istifadə etdiklərindənmi, ya istifadə zamanı pafosa vardıqlarındanmı, "cahanşümul" sözüylə tez-tez məzələnirlər. Görünür, bəzi sözlər bu yolla leksikonumuzun arxivinə köç edərək arxaizmə çevrilir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!