Gəncənin payızında kitab baharı - Əsəd ASLANOĞLU

 

Neqativ fikirlər xəstəlik kimi yoluxucudur, sürətlə yayılır, deyirlər. Məncə, elə gözəl fikirlər də "yoluxucu"dur. Hansının təmsilçisi daha qərarlı, daha güclüdürsə, o qalib gələcək. Sevgi, mərhəmət, dürüstlük, yardımlaşma, mədəniyyət, elm... bu gözəlliklər çox və yerində təmsil olunarsa, yayılmazmı? Yox, bu, sual deyil, aksiomdur. Əlbəttə, yayılar, həm də qarşısıalınmaz şəkildə...

"Yoluxucu" gözəlliklərdən biri də mütaliədir, daha dəqiqi, kitab oxuma ənənəsi. Kitab oxuyanların mütləq əksəriyyəti uşaqlıqdan ailədə gördüyü mütaliə vərdişinə "yoluxanlar"dır. Zaman və şərait uyğunluğu əldə edən kimi belələri yenə mütaliəyə sarılırlar. Bəs kitabdan, mütaliədən uzaq düşənlər? Onları kitaba, oxumağa kim qaytarmalıdır? Əlbəttə, deyə bilərsiniz ki, cəmiyyət. Daha dəqiqi isə bu yük günümüzdə nəşriyyatların, naşirlərin çiynindədir. Hətta müəllif də kitabının çoxsaylı oxuculara çatmasını naşirdən umur. Bu məsələdə isə bizdə kifayət qədər çatışmazlıq var. Müəllifin (qonorar, zaman, şərait kimi) öz problemləri olduğu kimi, naşirin də saymaqla hesaba gəlməz çatışmazlıqları var. Bu bir həqiqətdir ki, müstəqillikdən sonra ölkədə nəşriyyat sistemi dağıdılmış vəziyyətdə idi, yalnız son zamanlar ayrı-ayrı nəşriyyatların sayəsində nisbətən toparlanma görünür. Bu da özlüyündə cəmiyyətdə kitab oxuyanların say artımında müşahidə olunur. Demək, naşir oxucuya möhtac olduğu kimi, oxucu da naşirə möhtacdır.

Etiraf edək ki, bu gün Azərbaycanda mütaliə mədəniyyəti heç də ürəkaçan vəziyyətdə deyil; kitabxanalar lazımi şəkildə yeni kitablarla təmin edilmir, bölgələrdə ixtisaslaşmış kitab mağazaları, demək olar, yoxdur, məktəblərdə ədəbiyyat vərdişləri normal səviyyədə deyil, müasir yazıçılar ədəbi mühitdə aparıcı rol oynaya bilmir, ədəbi tənqid sahəsində əsərlər istənilən kimi təqdim və təbliğ edilmir, televiziyalar kitaba geniş efir vaxtı ayırmır...

Bütün bu problemlər ölkədə nəşr və kitabçılıq işinin sistemsizliyindən doğur. Nəşriyyat işinin sistemləşdirilməsində dövlət dəstəyi qədər, bəlkə naşirlərin birliyinə də ehtiyac var. Bu ehtiyacın həllini yaxın zamanlarda yaranmış "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi öz üzərinə götürüb. Dosent Şəmil Sadiqin sədrliyi altında birlik üzvləri Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının ardınca I Sumqayıt Kitab Sərgisini, bu yaxınlarda - 26-28 noyabr tarixində isə I Gəncə Kitab Sərgisini uğurla təşkil etdi. "Bölgələrə kitabla gəlirik" sloqanı ilə mədəniyyət yaradıcı vasitəsi olan kitabı oxucuya, oxucunu kitaba qovuşdurmaq kimi ülvi bir missiyanı üzərinə götürmüş "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyi yalnız üzvlüyündə olan nəşr evlərini deyil, demək olar, ölkədəki bütün nəşriyyatları, həmçinin əsas kitab mağazalarını da bu işə qatdı. Beləcə, Sumqayıtdakı izdihamlı kitab sərgisindən sonra qədim Gəncəmiz də kitabçıları sevgi və coşqu ilə qarşıladı.

Təbii ki, sərginin belə uğurlu alınmasında "Azərbaycan Nəşriyyatları Assosiasiyası" İctimai Birliyindən başqa, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə İcra Hakimiyyətinin, Gəncə Regional Mədəniyyət İdarəsinin və Gəncə İctimai İştirakçılıq Məclisinin - şəxsən Müzadil Zauroğlunun dəstəyi də böyük oldu. Gəncə Filarmoniyasının böyük və işıqlı Urban zalı üç gün ərzində müxtəlif yaşlı kitab soraqçıları ilə dolub-daşırdı. Ziyarətçilər arasında yalnız gəncəliləri deyil, yaxın rayonlardan - Göygöl, Goranboy, Mingəçevir, Daşkəsən, Şəmkirdən gələnləri də görə bilərdiniz. Bu insanların kitab təqdimatlarına, imza mərasimlərinə həvəslə qatılması xüsusən sevindirici hal idi. Yeri gəlmişkən, I Gəncə Kitab Sərgisində 3 gün müddətində ümumilikdə 38 yazıçı və ziyalı ilə görüş, imza mərasimləri və uşaqlar üçün nağıl saatı təşkil edildi. Bundan başqa, yüzə yaxın şəhid övladı üçün ayrıca tədbir hazırlandı və naşirlərin iştirakı ilə şəhidlərimizin əmanəti olan bu uşaqlara hədiyyələr verildi.

Çox sevindirici və təsirli məqamlardan biri də sərgi ziyarətçilərindən neçə nəfərin eyni sualı verməsi idi: "yenə də gələcəksinizmi?". Bu sual Gəncə kimi böyük bir şəhərin sakinlərinin kitab həsrətinin ifadəsi idi. Şablon kitab təbliğatçılığından uzaq, səmimi və mədəni mühit idi onları təkrar görüşə tələsdirən. O soyuq payız günlərində insanların simasında sanki bahar günəşinin işığı vardı. Onlar mütaliəyə, kitaba "yoluxma"nın sevincini yaşayırdılar. Yalnız onlarmı? Yox, elə naşirlər, kitabçılar, hətta kitablar da...

I Gəncə Kitab Sərgisi, sadəcə, sərgi-yarmarka rolunu oynamadı. Təqdimatlar çərçivəsindəki seminar xarakterli görüşlərdə dinləyicilər gözəl məqamlara şahidlik etdilər. Bu mənada "Füyuzat" jurnalının baş redaktoru Mübariz Yunusun Azərbaycançılıq ideologiyasının təbliği, dosent Şəmil Sadiqin təhsil və doğru seçimlər, təlimçi Orxan Şahbazın düşüncə mövzulu seminarı, araşdırmaçı-yazar Müzadil Zauroğlunun "Cavad xan oğlu Uğurlu xan hekayəti" kitabının imza mərasimi xüsusilə yaddaqalan oldu. Mübariz Yunusun "MİMTA Yayımları" çərçivəsində baş tutan görüşündə "Füyuzat" jurnalının bədii-publisistik üslubda milli vətənpərvərlik, həmrəylik mövzuları üzərində söhbətlər aparıldı, tarixdən günümüzə qədər vətən uğrunda fədakarlıq göstərmiş böyük şəxsiyyətlər, şəhidlər misal gətirilməklə təsirli anlar yaşandı. Cəmiyyətdə milli birlik və bərabərlik, faydalılıq prinsiplərinə söykənən bu qəbildən maarifləndirici görüşlər nə qədər çox olsa, bir o qədər təqdirəlayiqdir, həmişə də rəğbətlə qarşılanacaq. Bunu Gəncə sərgisindəki dinləyici auditoriyasından da açıq görmək olurdu.

İnanıram ki, "Bölgələrə kitabla gəlirik" şüarını hələ çox eşidəcəyik. Bütün bölgələrimiz bu şüardan öz nəsibini alacaq. Çox keçməyəcək işğaldan azad olunmuş Qarabağımızın da hər şəhərinə kitab, mədəniyyət işığı ilə gedəcəyik. Artıq bu işlərin təməli atılıb, real işlər görülür. Belə ki, hər kitab sərgisində "Qarabağa kitabla gedək" layihəsi çərçivəsində həm nəşriyyatlar, həm də müəlliflər 30 illik erməni işğalı dövründə Qarabağın məhv edilmiş kitab fondunun, kitabxanalarının bərpası üçün kitablar hədiyyə edirlər. Bu kimi layihə və tədbirlərlə istər Qarabağımızın, istərsə də digər bölgələrin mədəni-mənəvi irsi olan kitabxanalarını işlək hala gətirə bilər, mütaliə mədəniyyətini ölkəmizin hər yanına yaymağa müvəffəq olarıq.

Kitab və oxu(t)maq ülvi anlayışlardır. Bəlkə də kitab bəşəriyyətin ən böyük ixtirasıdır. Təbii ki, belə ülvi bir missiyanın təbliği də asan olmayacaq. Amma bəzən bir missiyanın yerinə yetirilməsi yolundakı zövq az qala mənzilə çatmağı zövqü qədər olur. Çətinliklər nə olur-olsun, "yolda tapdıqlarını yola dəyişməmək" anlayışını unutmayaraq kitabı oxucuya qovuşdurmaq missiyasını sona qədər yerinə yetirəcəyimizə inanıram. "Birlikdən dirilik doğar" deyib babalarımız. Bir olduqca maneələr də asanlıqla dəf olunacaq. Mütaliəniz bol, təfəkkürünüz işıqlı olsun...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!